61. Qurbani və Aşıq Abbas XVI – XVII əsr aşıq yaradıcılığının nümayəndəsi kimi QURBANİ: Şah İsmayıl Xətainin müasiri, onun fəaliyyət göstərdiyi tarixi-ictinai-siyasi və ədəbi mühitdə yaşayan Qurbani aşıq şeirini yeni mərhələyə qaldıran qüdrətli saz və söz ustası olmuşdur. Əsərləri vaxtında qələmə alınmadığından həyatı haqqında çox az məlumat vardır, ədəbi irsinin çoxu bizə gəlib çatmamışdır.
Qurbani Şah İsmayıl Xətainin ölümünə bir neçə şeir həsr etmişdir. Onun “ola” rədifli şeiri şahın ölməsindən doğan kədəri əks etdirir. Şeirdən aydın görünür ki, aşıq özü də bu dəfn mərasimində iştirak etmiş, dərin sarsıntı keçirmişdir.
Qurbaninin “Gərək” rədifli divanisində də tarixi faktlar vardır. O, şahın ölümündən sonra xanədanda baş verən şəri, rüşvəti kəskin tənqid edir. Şeirin sonunda belə bir misra işlədir: “Yaşı yetirdin əlliyə, indi üz tut yüzə sən”. Deməli, Şah İsmayılın vəfatından sonra ona mərsiyyə yazan Qurbaninin 50 yaşı tamam olmuşdur. Buradan aydın olur ki, Qurbani 1474-cü ildə anadan olmuşdur.
İsmim Qurbanidir, kəndim Diri,
Qaradağdan Qarabağa gedirəm.
Buradn da aydın olur ki, Qurbani Qaradağ mahalının Diri obasındandır.
Qurbaninin şeirlərində dövrün, ictimai quruluşun səciyyəsi aydın nəzərə çarpır. O, feodal mühitinin təzadlarını ustalıqla əks etdirir.
ABBAS TUFARQANL: Abbas Tufarqanlı XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşayıb-yaratmışdır. Onun bir sıra əsərlərində Şah Abbasla əlaqədar hadisələr, şah zülmü və özbaşnalığından şikayət motivləri öz əksini tapmışdır. Bu, onun Şah Abbasın hakimiyyət illərində yaşayıb-yaratdığını göstərir. Tufarqanlı Abbas öz dövrünün ustad aşıqlarında olmuşdur.
Abbas Tufarqanlı Cənubi Azərbaycanın Tufarqan kəndində anadan olmuş, buna görə də Tufarqanlı Təxəllüsünü qəbul etmişdir.
Aşığın bir çox şeirlərində təxəllüsü – “Qul Abbas”, “Şikəstə Abbas” və s. şəkillərdə də işlənir.
Aşıq Abbas qüdrətli bir sənətkar olduğundan yaşadığı dövrdə heç bir hadisəyə biganə qalmamış, onu zalım şahların haqsızlığı, saray özbaşnalığı, yoxsulların ehtiyac içərisində yaşaması, ağır feodal müharibələri çox düşündürmüş və aşıq bu hadisələrə öz münasibətini bildirmişdir.
Aşığın şeirlərində biz zəmanəsindən şikayət, narazılıq motivlərinə çox rast gəlirik.
Abbas Tufarqanlı ustadnamələri ilə diqqəti cəlb edir. Bu şeirlərində əxlaqi-tərbiyəvi fikirlər, nəcib hisslər təbliğ olunur, ikiüzlülük, paxıllıq, xəyanət və s. çirkin sifətlər pislənir.
Aşığın gəraylıları da gözəl, səmimi, axıcı və xoşagələndir. Bu şeirlərdə təbiət gözəllikləri həqiqi sənət dilində təsvir olunur.
Onun gəraylılarında qəm-kədər, zəmanədən şikayət motivləri də özünü göstərir.