55. Mərasimlərin təsnifi Mərasim folkloru qədim insanın məişətində rast gəldiyi və dərk etməkdə çətinlik çəkdiyi müxtəlif hadisələrə münasibəti əsasında formalaşan silsilə folklor nümunələridir. Burada erkən düşüncənin ifadə modelləri, etik-estetik dünyagörüş, əxlaq, ritual və etiqadlar öz əksini tapmışdır. Maraqlıdır ki, bu nümunələrdə ilkin ifadə forması pərakəndə, ifaçıya məxsus sərbəstliklə verilmiş, əsas diqqət fikri ifadəyə və mənaya yönəlmişdir. İlkin zamanlarda tam formalaşmamış, lakin zaman keçdikcə müxtəlif şəkildə cilalanan bu nümunələr həm müəyyən ritm, ölçü, ahənglə, həm də adi misra şəklində, poetik qəlib olmadan ifadə edilmişdir.
Mərasimlərdə yalnız lirik nəğmələr oxunmur, inam və sınamalar və s. bu kimi janr və ədəbi formalar da bu kütləvi aktlarda iştirak edir. Öncə onu qeyd edək ki, mərasimlər ən ilkin çağlardan gələn davranış modelləridir. Təbiidir ki, hər çağın müəyyən dəyişiklikləri, adət-ənənələrin zaman-zaman yenilənməsi toplumun birbaşa həyatının tərkib hissəsi olan mərasimlərə də təsirsiz qalmır. Ancaq xalq mentalitetinin mühafizəkarlığı mərasimlərin ciddi dəyişikliyə uğramasına yol vermir. Xüsusilə də ilkin təsəvvürlərdən gələn inam və etiqadlar, sınamalar və s. yüz illərlə öz qüvvəsini cazibəli şəkildə qoruyub saxlayır.
Mərasimlərin dayanıqlığı həm də ona görə bu qədər təməllidir ki, mərasimlər rituallar əsasında formalaşmış, ifadənin təhkiyə, sənət nümunəsi kimi meydana gəlmişdir.
Mərasimlər əsasən iki qismə bölünür: 1. Mövsüm mərasimləri 2. Məişət mərasimləri.
Mərasimlərin araşdırılması üçün qeyd etdiyimiz kimi, mərasimləri ayrıca götürmək məqsədəuyğun deyil. İnam və sınamalar kimi digər davranış və düşüncə tərzlərinə diqqət verilməlidir. Təsadüfi deyil ki, B.Abdulla, A.Xürrəmqızı məhz mərasimləri tədqiqata ilkin olaraq inam və sınamalar əsasında apardığı araşdırmalarla cəlb etmişlər. Tədqiqatçı alim B.Abdulla mərasimləri öyrənmək baxımından sınamaların araşdırılmasının öyrənilməsi vacibliyini belə qeyd etmişdir: “ Xüsusi səciyyəvi yönləri olan sınamalar hər şeydən öncə xalqın düşüncə tərzini, həyata baxış və münasibətini, etik etnoqrafik görüşlərini, adət-ənənəsini, mərasimlərini sistemli şəkildə izləmək baxımından çox dəyərlidir”.