Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri


“Əsli və Kərəm” dastanının süjeti



Yüklə 110,53 Kb.
səhifə29/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   ...   25   26   27   28   29   30   31   32   ...   41
Şifahi xalq ədəbiyyatı

49. “Əsli və Kərəm” dastanının süjeti
Rəmzi-məcazi sistemə bağlılığı olmayan və gerçək məhəbbətin təsvir-tərənnümünə həsr edilmiş dastanlar da geniş yayılmışdır. «Ab­dulla-Cahan», «Məhəmməd-Güləndam», «Lətif şah», «Valeh-Zərni­gar», «Əsli-Kərəm», «Məhəmməd-Səlminaz» və başqa dastanlarda əsasən iki sevən gəncin macəra dolu məhəbbətindən, sevgi sınaqların­dan, ayrılıq iztirablarından, ən nəhayət, vüsal səadətindən poetik söz açılır. Bunlar içərisində zəngin süjeti, təsirli poetikası ilə «Əsli-Kə­rəm» dastanı xüsusi seçilir. «Əsli-Kərəm» elə nadir dastanlardandır ki, onun təkcə yurd yeri və şeirləri deyil, «Kərəm» ünvanlı saz havaları da aşıq repertuarında özünəməxsus yer tutur. «Yanıq Kərəmi», «Kə­rəm gözəlləməsi», «Kərəmköçdü», «Qürbəti Kərəm», «Quba Kə­rəmi», «Əhmədi Kərəm» və başqa bu sıradan olan «Kərəm» ünvanlı havalar «Əsli-Kərəm» dastanından pərvazlanaraq ən məşhur saz ha­va­ları sırasına daxil olmuşlar.
Təkcə Azərbaycanda deyil, ümumən Qafqaz və bir sıra başqa öl­kələrdə çox geniş yayılmış bu dastanın qısa süjeti belədir: Gəncə xanı Ziyad xanla keşiş Qara Məlik övladsızdırlar. Ziyad xanın təklifi ilə on­lar əhdü peyman edirlər ki, övladları olsa bir-birinə adaxlasınlar. Sonra nəzir-niyaz verib acları doyurur, çılpaqları geyindirirlər. Bir müddət­dən sonra xanın oğlu, keşişin qızı olur. İllər keçir, uşaqlar böyüyüb boya-başa çatırlar. Günlərin bir günü ov zamanı oğlan qızı bağda gö­rür. Onlar bir-birini tanıyır və sevişirlər. Oğlanın adı Mahmud, qızın adı isə Məryəmdir. Variantların heç birində əsaslandırılmayan səbəbə görə, bu görüşdən sonra onların hər ikisi öz adını dəyişir. Oğ­lanın adı Kərəm, qızın adı Əsli olur.
Ziyad xan işi bilib Qara Məliyi çağırır, əhdü peymanı yada salır, keşiş toy üçün üç ay möhlət alır, qızını da götürüb qaçır. Kərəm lələsi Sofi ilə onların arxasınca düşür. Obalar, kəndlər, şəhərlər gəzir. Bir neçə yerdə Əslini tapsa da öz sadəlövhlüyündən keşişin yalan söz­lərinə inanıb qızı yenidən əldən qaçırır. Aylar, illər keçir. Nəhayət, bir şəhərdə vəziyyət elə şəkil alır ki, keşiş qızı Kərəmə verməyə məcbur olur. Lakin o, bu gənclərin evlənməsinə ürəkdən razı olmadığından qızına xüsusi gəlinlik paltarı hazırlatdırır. Bu paltarın düy­mələri tilsimlidir. Paltar Əslini boğur, Kərəm nə qədər çalışırsa düy­mələri aça bilmir. Axırda əlacsız qalıb sazı bağrına basaraq saz-sözlə yalvarmağa başlayır. Düymələr bir-bir açılır, son düyməyə çatanda bü­tün düymələr yenidən öz-özünə bağlanır. Kərəm bir neçə dəfə cəhd etsə də hər dəfə eyni vəziyyət təkrarlanır. Bu zaman Kərəm dərin bir ah çəkir. Ahından bir dilim alov çıxır və Kərəm başlayır yanmağa. Əs­linin gözü qarşısında Kərəm yanıb kül olur. Əslinin fəryadına el-ca­ma­at yığışır. Əsli Kərəmin külünü ovuclayıb öz başına sovurur. Külün içində qalmış son qordan Əslinin saçları od alır, o da yanıb kül olur. Onları yanaşı qəbirlərdə dəfn edirlər. Keşişin də boynunu vurub qə­bi­ristanın bir küncündə basdırırlar. Hər yaz çağı Kərəmlə Əslinin qəbri­nin üstündə bir qızılgül, Qara keşişin qəbrinin üstündə də bir qaratikan kolu bitir. Qızılgüllər böyüyür, qalxır, hərəsi bir gül açır. Güllər yaxın­laşıb qovuşmaq istədikdə keşişin qəbrindən bitən qaratikan kolu qə­zəblə bir qol atır. Qol uzana-uzana gəlib iki gülün arasına girir, onları qovuşmağa qoymur.
Əsərdə dini-milli təəssüb o qədər qüvvətli verilmişdir ki, nə Kə­rəm, nə Əsli, nə də onlara kömək edənlər ona qarşı durub bu zənciri qıra bilmirlər. Əsərin sonunda da Əslini boğan, Kərəmi yandıran, hər iki gənci məhv edən din xadiminin tikdirdiyi paltar, bu paltarın tilsimli düymələri olur. Ümumiyyətlə, əsərin bu səhnəsi çox təsirli və ibrətli­dir. Kərəm yanır və aşağıdakı sözləri söyləyir:

Çəkdicəyim dərdlə ələm,


Belə çalınıbdır qələm.
Məndən ibrət alsın aləm,
Yanıram, Əslim, yanıram!
Şübhəsiz ki, burada Kərəmin dilindən deyilmiş «Məndən ibrət al­sın aləm» misrası onun özündən çox aşığın-dastançının mövqeyini əks etdirir.



Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin