müxtəlif səslər çıxarırdı. O, hovuzların yanından keçəndə begemotları görmədi, amma dəqiq
bilirdi ki, onlar hələ burdadırlar – iri, məməli heyvanları gələn həftə köçürəcəkdilər.
Nəhayət, Rauf axtardığı qəfəsə çatdı. İt də onun dalınca gəlmişdi bura. Kərgədan yerində idi. O,
qaranlıqda daş heykələ oxşayırdı; ayaq üstə necə durmuşdusa, eləcə də yatmışdı və astadan
xoruldayırdı. Rauf, səs çıxmasın deyə çox ehtiyatla çamadanı açdı və iki hissəyə ayırıb qoyduğu
tüfəngini tez-tələsik yığdı. Sonra o, gödəkcəsinin cibindən yuxu ampulaları ilə doldurulmuş
patronları çıxarıb lülələrin ağzına verdi. Rauf çox sakit, arxayın görürdü işini, amma görünür, hər
halda, bir balaca həyəcan da keçirirmiş, çünki kolbasanın artığını çamadana qoymağı yadından
çıxarmışdı, yol yoldaşı onu da yeyirdi. Rauf isə bu vaxt artıq tüfəngini qaldırıb kərgədanı nişan
almışdı, gözləyirdi ki, külək bir az da güclənsin, sonra çaxmağı çəksin, amma son anda
qayınatasının sözü yadına düşdü – kişi yaralı kərgədanın yaman təhlükəli olduğunu söyləyirdi,
ona görə də o saat sağ əli ilə qəfəsin yoğun dəmir çubuqlarını və içəri açılan qapısını yoxladı,
arxayın olandan sonra ki, hər şey qaydasındadır, bir az dikəlib iki güllənin ikisini də boşaltdı
kərgədanın yumşaq yerinə. Güllələrin səsi çox bərk çıxmadı, elə bil uşaq tapançasından atəş
açılmışdı. İt yüngülcə səksənib təəccüblə Raufa tərəf baxdı ki, yəni bu nə partıltıdır, gecə vaxtı
salmısan?! Amma kərgədan dik atıldı yerindən, bərkdən xoruldaya-xoruldaya başladı qəfəsdə
hərlənməyə. O, buynuzlu başını aşağı əymişdi, elə bil ona güllə vurmuş düşməni döşəmənin
altında idi, onu axtarırdı. Vaxt çox ləng gedirdi, kərgədan isə hey hərlənir, qəfəsin içində nə
vardısa altını üstünə çevirirdi.
Qəfildən hürməyə başlayan itin səsindən Rauf bərk səksəndi. İt quduzlaşmışdı, başını qəfəsin
dəmir çubuqları arasından içəri soxub, gah vəhşi heyvanın üstünə hürür, gah da zingildəyirdi.
İti sakitləşdirmək mümkün deyildi. Rauf əvvəlcə muşqurdu, sonra fit çalıb çağırdı, amma axırda
əlacsız qalıb özünü birtəhər ələ aldı, iyrənə-iyrənə olsa da, onu tumarlamağa başladı və yaş
tüklərin altında itin bədəninin necə titrədiyini hiss elədi. Bu titrəyiş o saat Raufun özünə də
keçdi. Birdən başladığı kimi, it birdən də kəsdi səsini, durduğu vəziyyətdəcə donub qaldı. O,
gözlərini yerə çökən cəmdəkdən ayıra bilmirdi. Kərgədan yavaş-yavaş qatlanmış qıçlarının
üstünə düşdü. Bu vəziyyətdə başını yırğalaya-yırğalaya bir müddət oturdu, sonra müvazinətini
itirib böyrü üstə yıxıldı.
Rauf isə vaxt itirmədən tüfəngi yerə qoydu, çamadandan mişarı götürüb, dolanaraq, tez-tələsik
“Quşlar aləmi” pavilyonuna tərəf qaçdı. Bu tikilinin sakinləri artıq üç gün idi ki, şəhərin o biri
başındakı cah-cəlallı qəşəng mənzillərində kef çəkirdilər. Xidməti işlərə görə qoyulmuş balaca
qapı, gözlənildiyi kimi, bağlı idi, amma bu, Raufun kefini qətiyyən pozmadı. O, əlini məftil
torun altından soxub cəftəni tapdı və onu qaldırdı. Qapını arxasınca örtməyə macal tapmamış, it
cəld onun dalınca girdi içəri. Rauf inamla pavilyonun bu başından o başına kəsəsinə vurub keçdi
164
və dal divardakı pəncərələrdən birinin qabağında dayandı. Bu pəncərə kərgədanın malikanəsinə
açılırdı, amma çox hündürdə idi, döşəmədən pəncərə altına qədər azı metr yarım olardı.
Rauf skamyanı pəncərənin altına çəkib, üstünə çıxdı, dəmir şəbəkəli tayları açdı. Pəncərədən
baxanda kərgədanın yalnız başı görünürdü; özü kolların arxasında qalmışdı. Amma elə onun
başına baxanda da aydın olurdu ki, binəva heyvan əvvəlki kimi sakitcə uzanıb və “şirin”
yuxudadır.
Ağıl bomboş idi; kərgədanın özündən və onun daşdan yonulmuş yem təknəsindən savayı orda
heç nə yox idi. Ona görə də Rauf ağıla düşməzdən əvvəl, geri qayıtmaq üçün tədbir görmək
qərarına gəldi, çünki ayağının altına bir şey tapıb qoymasaydı, pəncərəyə qalxmaq çətin
olacaqdı. Uzağa getmək lazım deyildi, pəncərədən üç-dörd metr aralı divarın yanında böyük bir
taxta yeşik var idi, elə bu onun karına gələ bilərdi. Amma Rauf skamyadan düşüb, yeşiyə
yaxınlaşanda gördü ki, onun içində nə isə var və bu “nə isə”, demə, quş imiş; özünü gecələməyə
veribmiş bura. Pavilyondakı yeganə lampanın zəif işığında Rauf eşələnməyə başlayan bu quşun
növünü o saat müəyyən eləyə bilmədi, ona görə də balaca səs eşidən kimi dərhal iki-üç addım
geri, təhlükəsiz yerə çəkildi və əlindəki mişarı irəli tutub həyəcan içində gözləməyə başladı. Bu
vaxt yeşiyin için- 320 dən narazı halda qaqqıldaya-qaqqıldaya qəribə iri bir quş çıxdı; o, uzun
dimdikli hind xoruzu boyda olardı. Amma bədəninə yapışmış narın tüklü balaca qanadları və
lümək quyruğu onu daha çox adi cücəyə oxşadırdı. Di gəl ki, xasiyyəti cücə xasiyyəti deyildi. İt
qaçıb onun üstünə atılmaq istəyəndə, o, dəqiqə, nişan almadan itin burnuna bir dimdik vurdu və
cəld öz taxta yuvasına tərəf getdi.
Amma Rauf onu qabaqladı, yeşiyi götürüb mişarla bir yerdə ağıla atdı və sonra özü onların
dalınca pəncərədən aşdı. O, qarşısında iri tabaq boyda bir sifət gördü, ehtiyatla bu sifətin
yanından keçib arxadan kərgədana yaxınlaşdı. Küləyin səsinə baxmayaraq, onun xorultusu aydın
eşidilirdi. Rauf işə başlamazdan əvvəl, yeşiyi pəncərənin altında divara söykədi və onun üstünə
çıxandan sonra əmin oldu ki, əgər kərgədan vaxtından qabaq ayılarsa, qaçıb aradan çıxa bilər.
Hə, indi işə başlamaq olardı, amma Rauf heç cür özünü səfərbər eləyə bilmirdi. Bir də saatına
baxdı, gördü ki, qiymətli dəqiqələr durmadan ötüb keçir. Nəhayət, özünü birtəhər məcbur eləyib,
əli ilə buynuza toxundu: əvvəlcə qorxa-qorxa barmaqlarının ucunu vurdu, sonra cürətə gəlib,
hətta tumarladı da. Amma bu, onun cürətinin son həddi oldu, bundan o yana kişiliyi çatmadı ki,
yatmış heyvanın içində gərilib durmuş qəzəbin vahiməsindən çıxsın. Onda Rauf ağlı köməyə
çağırdı – nəyin, hansı gözəl məqsədin naminə bura gəldiyini xatırlamağa özünü məcbur etdi.
Sonra qayınatası ilə ova getməklərini yaddaşında təzələdi: yuxu güllələri ilə yatırılmış maralların
və çöl donuzlarının necə uzun müddət ayıla bilməmələri gəlib gözünün qabağında durdu.
Bundan sonra ürəyinin qətiyyətli, güclü səsi ilə özünü, öz kişilik ləyaqətini və dözümünü
bütünlüklə, son qətrəsinə kimi bərpa eləməyə çağırdı. Ürəyi yavaş-yavaş toxtamağa başlamışdı
və Rauf da mişarı qaldırıb buynuzun üstünə qoymuşdu, amma elə bu vaxt onun gərgin əsəbləri
yerindən oynadı və o, çığırıb yerindən dik atıldı: hardansa yuxarıdan kərgədanın cəmdəyinin
üstünə şappıltı ilə qara yumaq kimi bir şey düşdü, elə o dəqiqəcə belindən üzüaşağı, Raufa tərəf
yuvarlandı. İtin o hündürlükdə pəncərədən atıla biləcəyi, həmçinin bu bədheybət qıllı yumağın
da məhz it olduğu ona bir az sonra çatdı: qəfəsin təzə qonağı canfəşanlıqla kərgədanı iyləməkdə
idi. Rauf isə yerindəcə donub qalmışdı, key-key baxır, amma heç nə görmürdü.
Qəribədir ki, itin qəfil gəlişi onu ürəkləndirdi; çünki it zərblə kərgədanın üstünə düşdüsə də,
kərgədan nə yuxudan ayıldı, nə də xoruldamağını kəsdi, deməli, kərgədan div yuxusuna getmişdi
və hər cüzi şeydən ötrü ayılan deyildi. Hələ üstəlik də it özünü çox saymazyana aparırdı. Elə bil
qabağındakı kərgədan yox, küçük idi.
Rauf bütün bunları məmnuniyyətlə müşahidə edəndən sonra cəsarətlə mişarı əlinə aldı.
Təcrübəsizlikdənmi, ya buynuzun son dərəcə möhkəm olmağındanmı, əvvəlcə bir şey alınmadı –
165
mişar sürüşürdü buynuzun üstündə, o yana-bu yana qaçırdı. Onun şirmayı üzünü yalnız azca
cızırdı. Nəhayət, min bir əziyyətlə buynuzun üzərində ensiz bir şırım aça bildi və bundan sonra
iş, necə deyərlər, yağ kimi getdi. İt də atılıb-düşməkdən bezikdi, gəlib Raufla üzbəüz şöngüdü.
Qəfəsin içində itdən baxılası heç nə yox idi – kərgədanın sir-sifətindən iyrəndiyinə görə buynuzu
mişarlaya-mişarlaya gözünü yayındırırdı – və bu bir həftəlik tanışlıqları ərzində Rauf ancaq indi
iti əməlli-başlı gözdən keçirə bildi. Bu, tünd boz rəngli köpək, çox güman ki, Qafqaz qoyun iti
ilə həyət itinin “izdivacı” nəticəsində bu işıqlı dünyaya təşrif gətirmişdi. Raufun uşaqlıqda itdən,
pişikdən, ümumiyyətlə, heyvanlardan bir elə xoşu gəlməzdi, amma indi qarşısında şöngüyüb ona
sonsuz məhəbbət və heyranlıqla baxan bu itdə o, nə isə bir yapışıq gördü və təəssüf elədi ki, özü
ilə az kolbasa gətirib. Buynuz öz keçmiş sahibindən həmişəlik ayrılıb yerə düşəndə, Rauf mişarı
keyimiş əlində saxlaya bilməyib buraxdı, kərgədan isə hələ yatmağında idi. Rauf daxilində
təsvirə gəlməyən bir yüngüllük hiss elədi – təhlükə demək olardı ki, sovuşub getmişdi – o, nəinki
dünyadan, hətta özündən də xəbərsiz, uzanıb yatmış bu heyvana (artıq ona kərgədan deməyə
adamın dili gəlmirdi) son dəfə nəzər yetirib pəncərəyə tərəf yönəldi. Rauf “quşlar aləmi”ndə
daha ləngimədi, ondan tez çıxdı və qapını ardınca bağlamazdan əvvəl ətrafa ötəri bir nəzər saldı.
Qəfəslərin üstündə baş-başa vermiş ağacların yarpaqları bayaqkı kimi xışıldayırdı, yorulub əldən
düşmüş gözətçilər də öz komalarında yenə bayaqkı kimi şirin-şirin yatırdılar. Rauf çömbələrək
oturub tüfəngini sökdü və buynuzla, mişarla bir yerdə, hamısını səliqə ilə çamadana yığıb
qapağını örtdü. Duranda o, iti gördü. İt o saat onun baxışını hiss elədi, həyəcanla yerində atılıb
düşdü və sevincək quyruğunu bulayıb zingildədi.
Rauf fikirləşdi ki, it qəfəsdən heç cür çıxa bilməyəcək, çünki qəfəsin döşəməsi quş pavilyonunun
döşəməsindən də aşağı idi, pəncərədən bir az aralı isə kərgədan uzanıb yolu kəsmişdi, bu da
köpəyə qəti imkan vermirdi ki, qaçaraq hoppansın.
O, çamadanını götürüb üz qoydu getməyə. Bir neçə addım atandan sonra dönüb geri baxdı. İt
zingildədi, yəni ona öz razılığını bildirdi. Bütün bunlar gözlənilmədən Raufa təsir etdi və o çıxıb
getmək əvəzinə geri döndü. Quş pavilyonuna çatanacan düz iki yağlı söyüş söydü: bir iti söydü
ki, niyə lazım olmayan yerə burnunu soxur, bir də bu hərəkətinə görə özünü söydü ki, işlərin
yaxşı getdiyi bir vaxtda geri qayıdıb hər şeyi korlaya bilər.
O, çamadanını “Quşlar aləmi”nin girəcəyində qoyub, tez-tələsik ağıla keçdi, iti qarmalayıb
qucağına götürdü, yeşiyin üstünə qalxıb onu pəncərədən aşırdı.
Pavilyonun girəcəyində Rauf yenidən quşa rast gəldi. O, ədəbərkanla çamadanın üstünə qonub
inadla eyni bir nöqtəni dimdikləyirdi:
bilmək olmurdu niyə? Bəlkə elə acından?! Raufun itlə gəlib bura çıxmağına quş qəti əhəmiyyət
vermədi, amma elə ki, Rauf onu təpiklə vurmaq istədi, son anda cəld kənara çəkilib onun
ayağına əməlli bir dimdik vurdu; zalımın dimdiyi demə, biz kimi imiş. Sonra o, tələsik kənara
çəkilmiş itin yanından məğrur bir görkəmlə keçib, kolların arxasında gözdən itdi.
Külək artıq yatmışdı. Hava yavaş-yavaş işıqlaşmağa başlayırdı, göy üzü açılmamışdı, buludsuz
idi.
Rauf əlindəki ağır çamadanla hasarın uçuq yerindən bayıra çıxdı, dalınca düşüb gəlmiş iti qovdu,
quşla olan ikinci münaqişədən sonra tamam zəhləsi getmişdi ondan.
O, qarşıdakı çətin enişi düşməzdən qabaq dayandı ki, bir az nəfəsini dərsin. Hasarın o üzündən it
məhəbbətlə ona baxırdı, amma yaxınlaşmağa cürət eləmirdi.
166
Yəqin, yorulduğundan, gecəni yuxusuz qaldığından aşağı enəndə cığır Raufa iki dəfə uzun gəldi.
Sürüşkən döngələrdə müvazinətini saxlamaqçün o, oleandr kollarından tutmalı olurdu. Yolun
axırına yaxın lap əldən düşmüşdü, amma sonuncu oleandr kolunu keçib öz maşınını görən kimi
bir anın içində bütün əhvalı dəyişdi, sevinc işığının istisi canındakı yorğunluğu çıxartdı.
Küçədə gediş-gəliş çox az idi, hərdənbir böyük sürətlə maşın gəlib keçirdi.
Rauf maşının yük yerini açanda yenə o qəribə quşu gördü və əlbəttə, bu görüş onun kefinə soğan
doğradı. Zalım quş hardan peyda olmuşdu?! O, bir göz qırpımında çamadanın dalınca maşının
yük yerinə tullandı. Rauf bu həyasız quşu elə orda qoyub yük yerinin qapağını örtmək əvəzinə
özünü itirdi, başladı əl-qol atıb söyüş söyməyə və axır ki, birtəhər onu ordan itələyib bayıra saldı.
Quş acıqla qaqqıldaya-qaqqıldaya ayağa durdu, dimdiyini qabağa verib yenə maşının yük yerinə
cumdu. Elə bu vaxt Rauf DAM-ın yolla gəlib-keçən motosikletini görüb, müfəttişlərlə
salamlaşmaq üçün bir dəqiqəliyinə əl saxladı. O, DAM-ın işçiləri ilə həmişə salamlaşardı;
fikirləşirdi ki, bundan adama ziyan dəyməz.
Quş fürsətdən istifadə edib, bu dəfə qabaq tərəfdən maşına yaxınlaşdı; eşidilən səsdən belə aydın
olurdu ki, qabaq təkəri dimdikləyir.
Rauf buna əhəmiyyət verməyib tez maşına mindi, qapısını sakitcə bağladı və quşun yaraladığı
sağ ayağı ilə akseleratoru basıb maşını yerindən tərpətdi.
O, güman eləyirdi ki, ədalət qalib gəlib, həyasız quş daha cəzasını alıb, amma bir neçə metr
gedəndən sonra, dönüb bir yığın qanlı quş lələyi yerinə ayaq üstə sağ-salamat dimdik duran
düşmənini gördü: zalım dayanıb diqqətlə onun maşınının nömrəsinə baxırdı.
“Dəlidir, vallah, dəlidir, elə ona görə də onu təzə heyvanxanaya aparmayıblar” – deyə Rauf
fikirləşdi və qərara aldı ki, qayınatasıgilə gedəndə mütləq ondan quşların arasında ruhi xəstələrin
olubolmamasını soruşsun.
Əsas və çətin iş görülüb qurtarmışdı, indi onu qarşıda yalnız xoş dəqiqələr gözləyirdi.
Raufun əhvalına uyğun olaraq, günəşin ilk şüaları təbiətin təzəcə yuduğu asfaltda, ağacların yaşıl
yarpaqlarında, hətta qonşuları yuxudan oyatmamaqçün onun ehtiyatla açdığı qarajın qapısında
çilçıraq kimi bərq vururdu.
Gur elektrik işığında buynuz son dərəcə fövqəladə görünürdü və əgər Rauf onu şəxsən özü ələ
keçirməmiş olsaydı, heç vaxt ağlına da gəlməzdi ki, şirmayı kimi par-par parıldayan bu ağır əşya
həqiqətən hansı canlı vücudunsa bədəninin bir hissəsidir.
O biri günü gecə Rauf qarajında tək oturub ecazkar iksiri hazırlamağa başladı. O, qədim reseptin
surətini qabağına qoyub, orda necə yazılıbsa, eyni ilə: nəyi isə həvəngdə döyür, nəyi isə bir
qabdan başqasına boşaldır, qatır, qarışdırır, qızdırırdı. Səhər açılanda isə Rauf artıq içi ağzına
qədər kəhrəba rəngli içki ilə dolu yeddilitrlik iri bir şüşə balonu əlində tutmuşdu.
Bir neçə gündən sonra Rauf balonun qapağını açdı və qarajın içi adamın ağlını başından çıxaran
qəribə bir xoş ətirlə doldu. Hətta Raufun başı gicəlləndi və o, təsadüfən salıb sındırmamaqçün,
balonu ikiəlli möhkəm-möhkəm qucağına sıxdı. Bu qeyri-adi ətrin təsiri altında birdən-birə
Raufun başında bir yığın dumanlı fikir və qırıqqırıq xatirələr hərləndi – aydın qavranılmayan,
amma ruhunu oxşayan xatirələr.
167
O, özünün müxtəlif ehtiyaclarını qənaətlə ödəməyə adət etmişdi, odur ki, bu zəka bolluğu ona
maraqlı göründü və o, həyatında ilk dəfə keçirdiyi bu xoş anların ömrünü uzatmağın əsla
əleyhinə deyildi, amma birdən ağlına gəldi ki, balonun içinə dolan hava iksirin yaxşı yetişməsinə
ziyan eləyə bilər. Rauf tez şüşə tıxacla balonun ağzını bərk-bərk bağladı və bu qiymətli sərvətini
qarajın uzaq küncündə yığılmış qab-qacağın arxasında gizlətdi, özünə söz verdi ki, dünya dağıla,
vaxtı çatmayınca ona əlini də vurmayacaq:
düz “yeddi dəfə yeddi gün”, yəni yeddi həftə.
O, qapını bağlayanda qonşu qarını gördü: bu qarı, son dərəcə qıvraq, amma yaman da müzür bir
adam idi. İki il əvvəl, həyətdə qarajların tikintisi başlanan vaxt yer qalmamışdı şikayət məktubu
yazmasın, ağzına gələni döşəmişdi gələcək qaraj sahiblərinin, o cümlədən – Raufun da ünvanına.
Yazırdı ki, bu, qanunsuz işdir və tikinti dayandırılmalıdır. Ona dəfələrlə arayış göstərib izah
eləyirdilər ki, bəs, qarajların tikintisində rayon arxitektura idarəsinin rəsmi icazəsi var, yenə də
tutduğundan əl çəkmirdi.
O vaxtdan bəri qarı Raufla danışmırdı və onun salamını da açıqaşkar ağızucu alırdı. Ona görə də
səhər-səhər birinci özü Raufa “sabahın xeyir” deyib, hələ üstəlik, skamyadan qalxıb qənşərinə
gələndə, o diksindi: “xeyir ola?!” Qarının büzüşüb qırışmış sifətində təkcə gözləri diriydi, o,
xəstə pişiyə oxşayırdı, üzündə inamsız bir təbəssüm var idi.
Rauf fürsətdən istifadə eləyib ona ibrət dərsi vermək istədi:
– Görürsünüz də... – dedi. – Axırıncı komissiya da qarajın qanuni tikildiyini təsdiq elədi. Siz indi
hara, kimə yazacaqsız?
– Hiss eləyirsiz? – deyə qarı soruşdu. Raufun sözlərini o, elə bil heç eşitməmişdi – ətirə bir baxın
ey! Mən ömrümdə belə qoxu, belə ətir görməmişəm. Cənnət ətridir elə bil. Hətta başım hərləndi.
Rauf başını yuxarı qaldırıb burnu ilə havanı içinə çəkdi:
– Hə, aləmdir, – dedi. Ürəyində isə qarını lənətlədi.
– İndi daha iy gəlmir, – qarı təəssüflə dedi. – On dəqiqə bundan əvvəl iy bütün havaya
hopmuşdu. İndiyə kimi əllərim əsir, baxın...
Doğrudan, siz heç nə hiss eləmədiz? Amma mənə elə gəldi ki, o iy sizin qarajdan gəlir.
Rauf tez etiraz elədi:
– Ordan ancaq benzin, bir də yağ iyi gələ bilər. – O, barmağını ağzına salıb islatdı və başı
üzərinə qaldırdı. – Hər şey aydındır, külək karamel fabriki tərəfdən əsir. Arada görünür, bir an
bərkiyib, özü ilə də dediyiniz iyi gətirib. Orda heç olmamısız? O fabrikdə o qədər müxtəlif tamlı,
ləzzətli şeylərin cövhəri var ki...
– O, nə idisə başqa aləm idi, – deyə qarı zəif səslə təkrar etdi və daha Raufa fikir vermədən
yavaş-yavaş çıxıb getdi.
Səhəri rayon prokurorunun müstəntiqi Əsgərov familli bir nəfər Raufa zəng vurdu. Rauf
tanımadığı, ömründə üzünü görmədiyi bu adamdan soruşdu ki, bəlkə o, nömrəni səhv salıb.
Biləndə ki, yox, səsinə təəccüb ifadəsi verdi; onun fikrincə, ömründə istintaq orqanları ilə əlaqəsi
olmayan hər bir ləyaqətli adam məhz belə eləyərdi.
168
Görüş vaxtını razılaşandan sonra Rauf dəstəyi asdı.
Maşınını tinin dalında saxladı; Rauf istəmirdi ki, prokurorluğun qabağında onu görüb-eləyən
olsun. Girəcəkdə oturmuş növbətçi ilə salamlaşandan sonra familini dedi. Növbətçi siyahıya
baxıb onun familini tapdı və içəriyə dəvət elədi.
Qapını döyməzdən əvvəl Rauf qalstukunu düzəltdi və bığına sığal verdi. Bir an duruxandan
sonra barmağındakı qızıl üzüyü də çıxarıb cibinə qoydu; fikirləşdi ki, tanımadığı vəzifə adamına
barmağı üzüklü pis təsir bağışlaya bilər.
Müstəntiqin kabinetində iki podpolkovnik oturmuşdu, amma Əsgərov – o, tünd-boz rəngli
kostyum geymişdi, sarı da qalstuk 326 taxmışdı – Raufu heç bir dəqiqə də qapı dalında
saxlamadı, içəri dəvət edib, yer göstərdi, elə o saat da mətləbə keçdi. O, görüşməkçün ayağa
duranda məlum oldu ki, balacaboy adamdır, özü də qalın qaşlı, xırda gözlü arıq üzü Raufa tanış
gəldi.
Oturanda Rauf gözucu gördü ki, ağsaçlı yekəpər zabit zorla nəzərə çarpacaq bir tərzdə başını
yırğaladı.
– Sizə zəhmət verdiyimizə görə çox üzr istəyirəm, – deyə müstəntiq Raufa müraciət edərək sözə
başladı. Amma Rauf imkan vermədi ona davam eləsin, dedi ki, heç bir zəhməti yoxdur və əgər
orqanın işinə azacıq da olsa köməyi dəysə, xoş olar onunçün və ümumiyyətlə, o, sözünü
ürəyində saxlamağı xoşlamır, yeri gəlmişkən demək istəyir ki, həyatında müstəntiq yanına bu ilk
gəlişi (“ilk” sözünü o, xüsusi vurğu ilə dedi) ona çox yaxşı təsir bağışlayıb.
Girişdəki diqqətcil növbətçidən, idarənin içindəki səliqəsahmandan tutmuş ta bu kabinetdə tanış
olduğu gözəl, son dərəcə istiqanlı adamlara kimi. Rauf haqlı olaraq belə hesab eləyirdi ki, hər bir
işdə tərəfdarların olmağının ziyanı yoxdur, ona görə də sonuncu sözləri deyəndə üzünü
podpolkovniklərə tutdu və ikisi də ona təbəssümlə cavab verdi.
– Məsələ belədir. – Əsgərov sıxıla-sıxıla mətləbə keçmək istədi.
– Avqustun 13-dən 14-ə keçən gecə 35-30 nömrəli maşını Bayılda görüblər. O sizin
maşınınızdır?
– Kül rəngində “Jiquli”? Mənimkidir. Çox güman ki, orda dayanan elə o olub, – deyə Rauf cavab
verdi. – Əgər mən bilsəydim ki, dediyiniz tarix həftənin hansı günü imiş, daha dəqiq cavab
verərdim sizə.
Əsgərov tez təqvimə baxıb dedi:
– 13-dən 14-ə, şənbədən bazar gününə keçən gecə.
– Tamamilə düz buyurursuz, o gün orda dayanan mənim maşınım olub. – Rauf fikirləşmədən
əvvəlki ehtimalını qəti təsdiq elədi.
– Necə məyər?
– Deyəcəm, darıxmayın... Yaxşı, niyə bəs maşını gecə orda saxlamısız?
Axı siz şəhərin o biri başında olursuz?
169
Rauf bu sualın cavabını bir az ləngitdi. O, artıq imkan tapıb Əsgərovu yaxşı-yaxşı gözdən keçirə
bilmişdi, ona görə də qərara gəldi ki, əvvəl fikrində tutduğu niyyətdən imtina etməyi
məsləhətdir.
– Bilirsiz, – Rauf utana-utana gülümsəyib, – mən nərdbazam, – dedi. – Yaxın bir dostum var, o
da nərd xəstəsidir. Rast gəldik bir-birimizə ha, vəssalam, hər şey yaddan çıxır. Bizi saxlamaq
mümkün deyil. Hər dəfə səhərəcən çəkir oyunumuz. İnanmazsız, amma arvadımla hətta buna
görə aramızda xoşagəlməz söz-söhbət olur. Min dəfə başa salıram onu ki, ağlı olan qadın sevinər
ki, əri arvadbaz döyül, karta uymayıb, nərdə salıb meylini, öz milli oyunumuza – qəti təsir
eləmir. Üzr istəyirəm, – Rauf sanki birdən ayıldı, – hə, o gecə mən həmən dostumgildə idim. O,
yaxın olur o yerə, amma onların evinin yanında maşın saxlamaq qorxuludur.
Bilirsiz, qaranlıq bir döngədir, ömründə işıq yandırmırlar.
– Müstəntiqin üzünün ifadəsindən və dostunun dəqiq ünvanını, familini soruşmamasından Rauf
başa düşdü ki, hər şey ona aydındır, heç bir şübhə yeri qalıb eləməyib.
– Maşını yalnız özünüz sürürsüz? – Hiss olunurdu ki, bu sualı Əsgərov elə-belə, rəsmiyyət
xatirinə verir. – Demək istəyirəm ki, oğlanlarınızdan, ya qardaşınızdan, bacınızın uşaqlarından
hərdən maşını götürmürlər ki?
– Yox, – Rauf qəti cavab verdi. – Mənim maşınımın sükanı arxasında ancaq mən özüm
otururam. Bütün dostlarım da bilir bunu – Rauf axırıncı köynəyini çıxarıb verər, deyirlər, amma
Dostları ilə paylaş: |