doğrudanmı sevinəcəksən?..
SEYMUR. Gedəcəyik, mütləq gedəcəyik. (Məryəmə). Jurnalist Taygerin gəlişindən sonra mən
qəti qərara almışam ki, nəyin bahasına olursa-olsun, maşını oradan götürməliyəm. Ancaq necə?
MƏRYƏM. Bunun Taygerlə nə əlaqəsi var?
SEYMUR. Kimlərsə mənin gömrükxanaya getməyimlə bağlı iyrənc şayiələr uydurur. Belə
şayiələrin kökünü kəsmək üçün maşını gömrükxanadan mümkün qədər tez almaq lazımdır. Bu,
yeganə çıxış yoludur. (Telefon zəng çalır, Seymur dəstəyi qaldırır). Salam... Kim? Xeyr,
tanımadım. A-a, salamlar. Nə tez yadına düşmüşəm? Bəlkə hələ bir yüz ildən sonra zəng
vuraydın, maraqlanaydın ki, səsini tanıdım, ya yox. Məmnuniyyətlə. İşlə bağlı deyirsən? Olsun!
Vacib işdir, lap yaxşı. Taparam, bildim, bəli-bəli, tanıyıram. Gecikmərəm. (Dəstəyi qoyur).
SEYMUR. Zəfər Tağıyevdir. Tələbəlik yoldaşımdır. Mən filologiya fakültəsində oxuyurdum, o,
fəlsəfə. Neçə illərdir bir-birimizdən xəbərsizik. İndi zəng vurub. Deyir ki, nəsə vacib işi var.
MƏNZƏR (Seymura). O, nəşriyyatda işləmir? Yox? Bayaqdan unutmuşam deyəm ki, sizə
nəşriyyatdan zəng vurmuşdular. Xahiş etdilər ki, oraya gedəsiniz.
SEYMUR. Nə xoş xəbərdir, sağ olun. Əsas məsələ budur. Sabah əvvəlcə nəşriyyata baş
çəkərəm, sonra Zəfərlə görüşərəm.
519
Binanın üzərinə böyük bir lövhə vurulub: "Motosikletçilər və velosipedçilər idman cəmiyyətinin
klubu". Ariya səslənir: "Metalın uğrunda can verir insan, İblis oralarda sulayır meydan". Böyük
zalın yalnız bir küncü işıqlanır. Yerdə qalan məkan alaqaranlıqdır. Divarın işıq düşən hissəsi
boyunca bir neçə kreslo düzülüb.
SEYMUR (zalda tək oturan şəxsə yaxınlaşır.) Salam, Zəfər. Deyəsən, gecikməmişəm.
Bu vaxt zalın qaranlıq hissəsindən kim isə peyda olur. Kişi olduğu bilinir, amma əynində
əlabəzək qadın libası var, üz-gözünü ənlik-kirşanla bəzəyib. Söhbət edən dostlara yaxınlaşır.
GƏLƏN ADAM. Bəs mənim qrantım hanı?
SEYMUR (tələsik). Mən Qrant-zad tanımıram. Əslində, buranı da ilk dəfə görürəm. İndicə
gəlmişəm.
ZƏFƏR (gələn adama). Əvvəl salam verərlər. Özünüz yaxşı bilirsiniz ki, qrantları xəzinədarla
mühasib paylayır. Onlar da hələ gəlməyiblər.
GƏLƏN ADAM. Mühasib hər dəfə özünü vurur keyliyə, guya Altsgeymer xəstəliyinə tutulub.
İndi gələn kimi deyəcək ki, qrant söhbətindən heç xəbərim yoxdur. Yaxşısı budur, qrantımı ver.
Axı niyə belə simiclik eləyirsən e?
ZƏFƏR (acıqlanır). Rica edirəm, qayıdın düzülün cərgəyə! Cəld olun!
GƏLƏN ADAM. Pa! Nə yaman hirsliymiş! Getdim, getdim (qadınsayağı yerişlə nazlana-
nazlana uzaqlaşır, gedə-gedə donquldanır) Fu! Kobudun biri! Cındır!
SEYMUR (çaşqın halda). Zəfər! Bu nə həngamədir?
ZƏFƏR. Bu, adi iş günüdür – parada hazırlaşırlar. Bir az otursan, özün hər şeyi başa düşərsən.
SEYMUR. Çalışaram.
ZƏFƏR. Sən heç dəyişilməmisən.
SEYMUR. Özümü şux tuturam. Heç də göründüyü kimi deyiləm.
ZƏFƏR. Niyə? A-a, başa düşdüm. Yəqin, qəzetlərdə çıxan məqalələrə görə qanın qaralıb.
SEYMUR. Nə məqalə? Mən heç bir şey oxumamışam.
ZƏFƏR (əlində bir neçə qəzet var). Bizim bütün sarı mətbuat sənə hücuma keçib. Bu dörd
qəzetin hamısında eyni şey yazılıb: yazırlar ki, sən gömrükxanada maşını almaq üçün yaman
hay-küy qoparmısan. Gömrükxana işçilərini təhqir etmisən, ayaqlarını yerə çırpıb tələb etmisən
ki, maşını sənə rüsumsuz versinlər, yəni layiq görüldüyün yüksək fəxri adlara hörmət əlaməti
olaraq səndən rüsum almasınlar...
SEYMUR. Heç yaxşı olmadı. Maraqlıdır, görəsən, bütün bu çirkin uydurmalar kimə lazım imiş?
ZƏFƏR. Görünür, sənin düşmənlərindən kiməsə lazım imiş.
520
SEYMUR. Mənim düşmənim-zadım yoxdur. Yadından çıxıb məgər? Mən şairəm, esseistəm.
Mən siyasətçi deyiləm, vəzifə davası eləmirəm, heç kəsin işinə baş qoşmuram. Evimdə, ya da
bağımda oturub əsərlərimi yazıram. Mənim düşmənim yoxdur.
ZƏFƏR. Deməli, heç dostun da yoxdur. Bizim zəmanəmizdə belə yaşamaq olmaz. İnsan hiss
etməlidir ki, onun arxasında dayanan qüvvələr var. Belə olanda ona batmaq çətinləşir. Sən məni
başa düşdün? İndi deyirsən ki, bizim bu "şanlı" mətbuatı sənin üstünə kimin qısqırtmasından
xəbərin yoxdur?
SEYMUR. Heç təsəvvürüm belə yoxdur. (Əlindəki qovluğu göstərir). İndicə nəşriyyatdan
əsərlərimin ikicildliyinə görə qonorarımı almışam. İyirmi üç mindir. Bu gün gedib maşını
götürəcəyəm. Və mənim guya gömrükxanada azğınlıq etməyimlə bağlı zəhlətökən şayiələrə
birdəfəlik nöqtə qoyacağam.
ZƏFƏR. Sənin qoyacağın bu nöqtəni inanmıram görən olsun. Maşını alsan da, heç kəs bundan
xəbər tutmayacaq. Adının hallandığı xoşagəlməz əhvalat isə insanların yaddaşından uzun müddət
silinməyəcək. Mənə belə gəlir ki, bugünkü qəzetlərdə çıxan məqalələr səni ictimaiyyətin
gözündən salmaq məqsədi güdən kampaniyanın hələ başlanğıcıdır.
SEYMUR. Yaxşı görək! Axı mən kimə və nəyə lazımam?
ZƏFƏR (yenə qəzetlərə işarə edir). Birinci dəfə bunları sənin üstünə kim qaldırıbsa, ona! Mən
bilən, bu, hələ ilk hücumdur. Bundan sonra sənə dinclik yoxdur. Nahaq qımışırsan. Elə bilirsən,
sənin həyatından mənfi faktlar tapa bilməzlər? Deyəcəksən ki, belə fakt yoxdur. Əslində isə,
onlara heç fakt lazım da deyil. Onlar belə faktları özləri uyduracaqlar, hamı da inanacaq. Sənə
elə qara yaxacaqlar ki, özün özünü tanımayacaqsan.
SEYMUR (rişxəndlə gülümsünür). Yaxşı, deyək ki, mən sənə inandım. Lap belə vahiməyə
düşdüm. Ancaq heç olmazsa de görüm, bütün bunlar nəyə lazımdır və əgər bacarırsansa, izah elə
görək, bu naməlum bədxahlar məndən nə istəyirlər?
ZƏFƏR. Mənə elə gəlir ki, sənin varlığın kimlərisə qıcıqlandırır. Çünki həyatda çox şeyə nail
olmusan, məşhursan, heç kəsdən asılı deyilsən, heç kəsə yaltaqlanmırsan. Bu isə çoxlarına
rahatlıq vermir. Özün fikirləş də... Yəqin belə hesab edirlər ki, sən bütün bu əldə etdiklərinə
layiq deyilsən. Görmürsən necə bir zəmanədə yaşayırıq. İncəsənət, ədəbiyyat heç kəsi
maraqlandırmır. Bu gün insanlar yalnız hakimiyyətə və pula səcdə edirlər. Səndə isə bunların heç
biri yoxdur. Sən, bir növ, zəmanənin tələblərinə uyğun gəlməyən baxışların canlı
mücəssəməsisən. Buna görə də səni, azad sənətkar olaraq nüfuzdan salmaq üçün bu işə girişiblər.
Bir də ki, işlərinə yaraya bilərsən. Bu baxımdan istəyirlər qabaqcadan sənin ağzını bağlasınlar ki,
daha üzüyola və sözəbaxan olasan. Baxaq görək sonrakı hadisələr necə cərəyan edəcək.
SEYMUR. Sən dünən mənə zəng vuranda bilirdin ki, bu gün qəzetlər nə yazacaqlar?
ZƏFƏR (bir qədər özünü itirmiş halda). Yo-ox. Əlbəttə ki, yox. Haradan bilə bilərdim?
SEYMUR (saatına baxır). Mən də elə düşünürəm. Ancaq dünən sən mənə dedin ki, hansı
məsələyə görə mənimlə görüşmək istəyirsən. Bayaqdan yarım saatdır oturmuşuq, yalnız məndən
və qəzetlərdən danışırıq. Keç mətləbə. Hansı işi deyirdin?
ZƏFƏR. Bəli, sən haqlısan. İş deyəndə ki, səndən bir xahişim var. Bu mənim üçün olduqca
mühümdür.
521
SEYMUR. De görək nə məsələdir. Əlimdən gələn işdirsə, bacardığımı edərəm.
QARANLIQDAN SƏS (məlahətli bariton). Lifçiyimi qaytar, utanmaz!
2-Cİ SƏS (diskant). Biz lifçik-zad görməmişik! Bəlkə bu əskini deyirsən? Al, qulaqlarına
taxarsan.
ZƏFƏR. Bizim şef-kurator səninlə görüşmək istəyir.
SEYMUR. Elə bu? Kiminlə istəyirsən görüşək.
ZƏFƏR. Özünün dediyinə görə, səninlə tanışdır, özü də lap çoxdan. Xahiş etdi ki, sizi
görüşdürüm. Ciddi bir məsələ barədə səninlə söhbət etmək istəyir.
SEYMUR. Nə olar, etsin də.
ZƏFƏR. Ay sağ ol, elə bil çiynimdən ağır yük götürüldü. Bu dəqiqələrədək hələ də şübhə
edirdim, incimə-e, çünki sən bir az qəribə adamsan...Necə münasibət bildirəcəyin aydın olmur.
SEYMUR. Bu sözləri mənim barəmdə deyirsən?
ZƏFƏR. Başqa kimin barəsində deyəcəyəm. Sənin xasiyyətini hamı bilir də. Odur ki, şübhə
edirdim.
SEYMUR. Dediyin adamın adı nədir?
ZƏFƏR. Nikolas Asparux.
SEYMUR (azacıq düşünür). Adı yaman tanış gəlir. Bakıda yaşayır?
ZƏFƏR. Bakıya müntəzəm gəlir. İnan mənə, Nikolas Asparux zəmanəmizin sözükeçən
simalarından biridir. Sən heç təsəvvürünə belə gətirə bilməzsən ki, bizim şef-kurator necə böyük
nüfuz sahibidir. Dediyinə görə, siz tanışsınız.
SEYMUR. A-a, xatırladım. Mən onunla Rəhbərliyin Ümumdünya Konfransında tanış olmuşam.
1989-cu ildə Baltimorda. Mən həmin konfransın iştirakçısı idim, o isə həmsədri.
ZƏFƏR. Demək istəyirsən ki, sən Rəhbərliyin Ümumdünya Konfransının nümayəndəsi
olmusan?
SEYMUR. Hə də. Oraya bir çox ölkələrdən, o cümlədən də müttəfiq respublikaların hamısında
nümayəndələr dəvət olunmuşdu. Dəvətnamə ilə birlikdə təyyarə biletini də evə göndərmişdilər.
Pasporta vizanı isə yola düşməzdən az öncə aeroportda qoydular.
ZƏFƏR. İşə bir bax. Camaatın bəxti gətirir də. Bəs necə olmuşdu ki, səni dəvət etmişdilər?
SEYMUR. Nə onda başa düşmüşdüm, nə də indi. Dəvət etdilər, mən də uçdum Amerikaya.
ZƏFƏR. Mənə belə gəlir ki, sən hələ indiyədək başa düşə bilməmisən ki, Rəhbərliyin
Ümumdünya Konfransına dəvət edilmək nədir. Heç olmasa başa düşdün ki, söhbət hansı
Rəhbərlikdən gedir?
522
SEYMUR. Şübhən olmasın, bəzi şeyləri hər halda başa düşdüm.
ZƏFƏR. Bəs səndən başqa Azərbaycandan daha kim vardı?
SEYMUR. Üç nəfər. Sonradan onlar Xalq Cəbhəsinin fəalları oldular, hər üçü Elçibəy
hökumətinin tərkibinə daxil edildi. Onu da deyim ki, həmin Konfransa SSRİ-dən gəlmiş bütün
iştirakçılar öz respublikalarına qayıtdıqdan sonra orada demokratik hərəkata başçılıq edirdilər.
Üç il ərzində üç konfrans keçirilmişdi: Baltimorda, Monrealda, bir də Londonda. Mən isə yalnız
birincinin işində iştirak etmişdim... Deməli, Nikolas sənin şef-kuratorundur? Boşuna deməyiblər:
dağ dağa rast gəlməz, insan insana rast gələr. Bəyəm sən harada işləyirsən ki?
ZƏFƏR. "Turyan" Analitik Agentliyində. Şöbə müdiriyəm. Ölkənin bütün sahələrində işlərin
vəziyyəti ilə bağlı hesabatlar tərtib edirik. İqtisadiyyat, siyasət, elm, ictimaiyyət... Bütün
beynəlxalq təşkilatlar, informasiya agentlikləri bizim hesabatlarımızdan istifadə edirlər.
SEYMUR. Maraqlı işdir. Babat pul alırsan?
ZƏFƏR. Otuz beş min. Hələ üstəlik səfər, ezamiyyət, təmsilçilik xərcləri və sair.
SEYMUR. İldə otuz beş min. Yaxşıdır, pis deyil.
ZƏFƏR (incik halda). İldə niyə? Bu, mənim aylıq maaşımdır. Nəzərinə çatdırım ki, çalışdığım
Mərkəzdə mənim maaşım heç də yüksək sayılmır.
SEYMUR (rişxəndlə gülümsünür). Sənin bu "Turyan"ın yaman güclü təşkilatmış. Sevindim.
Yəqin korluq çəkmirsən. Yaxşı, bəs hanı sənin şef-kuratorun?
ZƏFƏR. Nəzərinə çatdırım ki, o, yalnız "Turyan" Agentliyinin şef-kuratoru deyil, Rəhbərliyin
Ümumdünya Konfransının daimi həmsədrlərindən biridir. (Seymur, təsdiq əlaməti olaraq başını
tərpədir). Məndən xahiş etdi ki, səninlə görüşməzdən əvvəl bizim nə işlə məşğul olduğumuzu
sənə təfərrüatı ilə və ən başlıcası, açıq-aşkar izah edim. Bura bizim məşq zalımızdır. (Xidmətçi
oğlanı yanına çağırıb ona nə isə deyir, xidmətçi gedir).
ZƏFƏR (Seymura). Cənab Asparux sənin burda olduğunu artıq bilir.
Bir neçə nəfər adam yaxınlaşıb, boş stullarda əyləşir.
SEYMUR. Bunlar yəqin ki, motosikletçilər və velosipedçilərdir?
ZƏFƏR. Bunlar bizim təlimatçılardır.
SEYMUR. Bəs klubun üzvləri hanı? Motosikletçilərlə velosipedçilər?
ZƏFƏR. Yəqin iş başındadırlar – motosikletlərdə və velosipedlərdə. Xahiş edirəm, fikrimi
yayındırma.
Parlaq işıq yanır. Divarlardan plakatlar asılmışdır: "Bircinsli nikahlar möhkəm ailənin təməlidir",
"Vətənpərvərlik – xalq üçün tiryəkdir", "Sözlərə inan, ancaq qiymətli əşyaları girov götür", "Biz
Azərbaycanın "Skuadra Adzurra"sıyıq".
523
Zala leysbiyanlardan, mavilərdən, transvestitlərdən və biseksuallardan ibarət bir dəstə qaçaraq
daxil olur. Səs-səsə verib "Biz Azərbaycanın "Skuadra Adzurrası"yıq deyə çığırırlar. Kollektiv
surətdə idman hərəkətləri edir, qəribə pozalar alırlar. Natiqlər şüarları uca səslə təkrar edirlər:
"Hər bir ailəyə bircinsli nikah", "Biz bəşəriyyətin avanqardıyıq!" və i. a.
1-ci təlimatçı dəstəyə yaxınlaşır.
1-Cİ TƏLİMATÇI (əlini-əlinə vurur). Stop!"Hər bir ailəyə bircinsli nikah" şüarı ləğv edilir. Onu
başqa bir şüarla əvəz edirik: "Xalq tələb edir ki, bircinsli nikahlar rəsmiləşdirilsin". Yazın!
(İştirakçılardan birinə müraciət edir). Pardon! Bu nə yerişdir? Elə bil ikinci növbədən sonra evə
tələsən sağıcısınız. Sizin yerişiniz tamaşaçıları coşdurmalıdır. Bax belə. (Göstərir). Aydındır?
İndi isə gəlin bir də məşq edək. Hazırsınız? (Əlini əlinə vurur). Başladıq!
SEYMUR. Səndən soruşuram: bu nə hoqqadır?
ZƏFƏR. Məşq edirlər. Birinci ümumşəhər mitinqinə hazırlaşırlar, sonra da seksual azlıqların
paradı keçiriləcək.
SEYMUR (şübhə ilə). Bakıda?
ZƏFƏR. Sivil dünyanın digər şəhərlərindən Bakının nəyi pisdir ki? Əlbəttə, Bakıda. İndi sənin
gördüyün yalnız bir dəstə aktivistdir, parada isə onların həmkarlarından və həmfikirlərindən
ibarət yüzlərlə adam gələcək.
SEYMUR. Yüzlərlə?
ZƏFƏR. Ümidvaram ki, belə olacaq. Bu il Azərbaycanda leysbiyanlar və mavilər hərəkatının
inkişafı üçün bir milyon dollardan artıq vəsait ayrılıb. Bizim vəzifəmiz budur ki, həmin
milyonun hər bir dollarından işin xeyrinə istifadə olunsun.
SEYMUR. Pulu kim ayırıb?
ZƏFƏR. Mütləq biləcəksən... Vaxtı gələndə.
SEYMUR. Qabaqcadan deyə bilərəm ki, bircinsli nikahlar ideyası Azərbaycanda keçməyəcək.
ZƏFƏR. Axı nəyə görə, dünyanın ən sivil və demokratik ölkələrinin bir neçəsi bircinsli nikahları
qanunla artıq rəsmiləşdirdiyi halda, bu, "Azərbaycanda keçməyəcək"? Niyə ABŞ-da,
Hollandiyada, Fransada, İngiltərədə bircinsli nikahlar qanuniləşdirilib, Azərbaycanda isə, sənin
fikrincə, bu, mümkün deyil, hə?
SEYMUR. Niyəsini bilmirəm, ancaq bizdə belə şeyi qəbul etməzlər.
ZƏFƏR. Elə isə mən deyim. Bu halda iki variant mümkündür və hər iki variant bizi qane edər.
Birinci variant daha inandırıcı görünür: İqtidar xalqın tələbinə əməl edəcək, yəni Milli Məclis
bircinsli nikahlara icazə verilməsi barədə qanun qəbul etməyəcək. Bu, bizi qane edir. Belə olsa,
dünyanın hər yerini etiraz dalğası bürüyəcək ki, Azərbaycanda demokratiya boğulur.
SEYMUR. Dalğanı kim qaldıracaq? (Zəfərə baxır). Başa düşdüm: vaxtı gələndə biləcəyəm... Bəs
ikinci variant?
524
ZƏFƏR. İkinci variant az inandırıcıdır. Əgər hakimiyyət xalqın istəyinə zidd gedərək bircinsli
nikahlar haqqında qanunu qəbul etsə, bu da bizim işimizə yarayır. Xalq kütlələri arasında belə
bir fikir formalaşdırmağa başlayacağıq ki, ölkə hakimiyyətində təmsil olunan şəxslər mavilərdən
və lesbiyanlardan ibarətdir. İkinci variant bizi birincidən daha çox qane edir. Yəqin ki başa
düşdün. Yeri gəlmişkən, bircinsli nikahlar probleminə sənin özünün münasibətin necədir?
SEYMUR. Açığını deyim ki, indiyənədək bu barədə heç düşünməmişəm... Lakin hesab edirəm
ki, əgər bir əsl kişi başqa bir əsl kişi ilə evlənmək istəyirsə və o biri kişi də ona ərə getmək
arzusundadırsa, başqalarının bu intim məsələyə müdaxilə etməsinə ehtiyac yoxdur. Qoy kimin
kefi necə istəyir eləcə də əylənsin. Bir şeyi başa düşmürəm, parad-marad nəyə lazımdır? Bu ki
şəxsi məsələdir.
ZƏFƏR. Cəmiyyət tərəfindən qəbul edilmək üçün. Onlar da hamı kimi yaşamaq istəyirlər və
buna nail olacaqlar. Müasir dünyamızda seksual azlıqların nə qədər güclü və nüfuzlu siyasi
qüvvə olduğunu bilsən, çaşıb qalarsan! Dünya ilə maraqlan da! Bəzi ölkələrdə onlar artıq çoxdan
bəridir ki, hakimiyyət orqanlarını, kütləvi informasiya vasitələrini, ilk növbədə də televiziyanı
nəzarətdə saxlayırlar. Avropa İttifaqının parlamentində heç bilirsən, onların nümayəndələrinin
necə böyük nüfuzu var? Bu qüvvəni bizim ölkəmizdə də işə salmaq lazımdır. Zəmanəmizdə əsl
demokratiya seksual azlıqların nümayəndələrinin fəal iştirakı olmadan ağlasığmazdır.
SEYMUR (açıq-aşkar maraqla Zəfərə baxır). Belə çıxır ki, seksual azlıqlar, necə deyərlər, yeni
bir irqdir, bəşəriyyətin inkişaf zirvəsidir.
ZƏFƏR. Bax lap düz tapdın. Məhz yeni irqdir!
SEYMUR. Səni də yeni irqin təmsilçisi saya bilərikmi?
ZƏFƏR. Xeyr, mən sadəcə onları dəyərləndirirəm. Bu, siyasi qüvvədir və biz onlardan mütləq
istifadə etməyə borcluyuq! Onlarla işləmək asandır, bunların əksəriyyəti təhsilli, ziyalı
insanlardır. Açıq deyim, mavilərlə və lesbiyan qadınlarla işləmək bizim müxalifət partiyalarının
fəalları ilə işləməkdən qat-qat asan və xoşdur. Onlar bizim hamilik etdiyimiz müxalifətçilər kimi
acgöz, davakar deyillər. Bizim təşkilat yeddi müxalifət partiyasının fəaliyyətinə nəzarət edir. Bu
gün onlarla növbəti məsləhətləşmələr keçirəcəyik. Bir azdan gələcəklər. Özün görəcəksən.
(Xidmətçi oğlan onlara yaxınlaşır)
XİDMƏTÇİ (Seymura). Cənab Asparux sizi öz kabinetində gözləyir. Mən sizi ötürərəm.
SEYMUR. Zəfər, sən getmirsən?
ZƏFƏR. Səni burada gözləyirəm.
("Toska" operasından Kavaradossinin sonuncu ariyası səslənir. Nikolas Asparuxun kabineti. O,
üzərinə kompyuter qoyulmuş yazı masasının arxasında əyləşib. Seymuru görəndə ayağa qalxır,
onun qarşısına yeriyib gülərüzlə salamlaşır və üzbəüz kresloda əyləşməyi təklif edir).
NİKOLAS (xidmətçiyə). Bizə qəhvə gətirin. (Xidmətçi gedir). Hər şeydən əvvəl soruşmaq
istərdim ki, Baltimorda bizdən ayrıldıqdan sonra Monrealdakı toplantıya niyə gəlmədiniz?
SEYMUR. Nə bilim... Heç fikirləşmədim ki, mənim yoxluğum nəzərə çarpar... Yadımdadır,
Monreal konfransından təxminən bir ay əvvəl Dağlıq Qarabağda hərbi əməliyyatlar başlandı.
Bundan əlavə, bilirdim ki, birinci konfransda olduğu kimi, Monrealda da mən gün ərzində bir
525
neçə dəfə bəzi xoşagəlməz insanlarla görüşüb söhbət etməyə məcbur olacağam. Məsələn,
Oskotski, Starovoytova, Kalugin, nə bilim daha kimlər...
NİKOLAS. Sizin onlardan xoşunuz gəlmirdi? Bilirsiniz, əgər məqsədə doğru hərəkət edirsənsə,
kiminləsə görüşün ürəyincə olub-olmamasının fərqinə varmamalısan. İşin xeyri üçün insanları
əsas iki kateqoriyaya bölmək daha sərfəlidir: gərəkli və gərəksiz.
SEYMUR (gülümsünür). Yəqin ki, həmin o dediyiniz məqsədi mən iyirmi il əvvəl görə
bilməmişdim.
NİKOLAS. Siz konfransda yaxşı çıxış etmişdiniz. Sovet İttifaqında baş verəcək hadisələrin
müfəssəl təhlili çıxışınızda çox gözəl verilmişdi. İki-üç ildən sonra SSRİ-nin dağılacağını o
vaxtlar barmaqla sayılası qədər az adam bilirdi. Siz bundan xəbərdar ola bilməzdiniz, ona görə
də sizin həmin çıxışınızı dinləyəndə ağıla gələn yeganə fikir bu idi ki, bir yazıçı olaraq siz
öncəgörmə qabiliyyətinə maliksiniz.
SEYMUR. Amma orada mən Qarabağ hadisələri mövzusunda çıxış etmək istəyəndə mənə söz
vermədilər. Ciddi tələb edə bilmədim, çünki digər opponentlərin də bu mövzuda çıxışlarına icazə
verməmişdilər.
NİKOLAS. Unudun getsin. O vaxtdan iyirmi il keçib. Biz yenə həmin istiqamətdə işimizi davam
etdiririk. Təkcə vəziyyət dəyişib. Baltimor konfransının keçirildiyi vaxtı yadınıza salın. O dövrdə
bütün müstəqil dövlətlər bir növ, qalaya bənzəyirdi: onları əhatə edən "qala divarları" kənardan
hər cür müdaxilənin qarşısını alırdı. Bu gün isə hər şey kökündən dəyişilib. Dövlətin bütün
proseslərinə beynəlxalq nəzarət artıq onun işinə müdaxilə sayılmır. Müasir dünyada, demək olar,
elə bir ölkə qalmayıb ki, onu tarixən alışdığımız anlamda müstəqil və suveren hesab etmək
mümkün olsun. Düzdür, bəzi ölkələrin rəhbərləri yeni dünya qaydasını hələlik qəbul etmirlər,
lakin bu, müvəqqətidir. Tezliklə onların da müqaviməti qırılacaq. Qarşıda növbəti mərhələ durur.
Bu mərhələ planetimizin bütün dövlətlərini ümumi həqiqi demokratiya məkanında birləşdirəcək
və orada hamı üçün məcburi olan vahid qanunlar və etik normalar qüvvədə olacaq. Sizin buna
necə baxırsınız?
SEYMUR. Maraqla. Axı mən həyatımın bir çox illəri ərzində hər gün "Bütün ölkələrin
proletarları, birləşin" şüarını eşitmişəm. Odur ki, indi heç bir daxili müqavimət hiss etmədən
dövlətlərin və xalqların birləşməsinə dair yeni ideyaları dinləməyə hazıram.
NİKOLAS. Bəs "Bütün ölkələrin proletarları, birləşin" şüarınına sizin münasibətiniz necə idi?
SEYMUR. Bu şüar məni vahiməyə salırdı, amma susurdum. Qəlbimin dərinliklərində ümid
bəsləyirdim ki, bütün ölkələrin proletarlarının birləşməsi heç vaxt baş tutmayacaq.
NİKOLAS (saatına baxır). London reysi saat yarımdan sonra yola düşür. Gələn dəfəki səfərimdə
bu barədə ətraflı danışarık. Ümidvaram ki, mənimlə bir daha görüşmək istəyəcəksiniz.
SEYMUR. Mübaliğəsiz deyə bilərəm: sizinlə söhbət etmək mənə həzz verir.
NİKOLAS. Sağ olun. İndi isə konkret məsələdən danışaq. Əməkdaşlıq etməyə məcbur
olduğumuz müxalifət liderləri barədə öz fikirlərimi sizinlə qısaca bölüşmək istəyirəm. Onların
hamısı radikal əhval-ruhiyyəli pul hərisləridir. İnsanın özünə tənqidi münasibəti adlandırılan
keyfiyyətdən onlar tamamilə məhrumdurlar. Bununla belə, çox şöhrətpərəst və ambisiyalıdırlar.
Dostları ilə paylaş: |