Bakının ən gözəl qızı sayılırdı.
DƏMİR BƏY: O elə indi də ən gözəldi.
ALXAS: Olsun, olsun. Mən mübahisə eləmirəm. Bilirsən, çoxdan sənə bir sual vermək
istəyirəm, amma heç məqam düşməyib. İnciməzsən ki?
DƏMİR BƏY: Çoxdan istəyirsənsə, bəs niyə soruşmamısan?
ALXAS: Bir az yaxşı çıxmır, bilirsən də mən hər şeyin yerin bilən adamam. Düşünürəm ki,
soruşaram, inciyər. İndi belə xudmani oturmuşuq, deyirəm… İnciməzsən ki?
DƏMİR BƏY: Təsəvvür eləmirəm ki, sən məndən nə soruşa bilərsən, amma xoşuma gəlməsə,
dərhal biləcəksən.
ALXAS: Çoxdankı məsələdi. Üstündən, demək olar, onilliklər keçib. Bilirsən, bir vaxtlar mən
sənin arvadına vurulmuşdum. O vaxt sən onunla heç tanış da deyildin
DƏMİR BƏY: Bunu az qala şəhərin yarısı bilirdi. Doğrudan da, o vaxt mən onunla tanış
deyildim, amma bütün küçə danışırdı ki, Alxas konservatoriyada oxuyan Nərminə adlı bir qıza
vurulub, ona görə də dalbadal bir-birindən səfeh hərəkətlər eləyir.
ALXAS: Bütün küçə deyirsən! Bir yadına sal, kimlər yaşayırdı orda. Onlar nə qanırdılar. Mənim
hərəkətlərim səfeh yox, gözəl idi. Təmiz məhəbbət naminə hünər göstərirdim.
DƏMİR BƏY: Məsələn.
ALXAS: Məsələn? Deyim də. Eh, cavanlıq! Hər səhər mən onu Xaqani küçəsindəki evlərinin
qabağında qarşılayıb konservatoriyanın qapısına qədər ötürərdüm. Sonra da tərsinə.
DƏMİR BƏY: Necə yəni tərsinə?
ALXAS: Yəni ki, dərsdən sonra konservatoriyanın qabağında qarşılayıb evə qədər ötürərdim.
Küçədə mərifətsizin biri ona yaxınlaşsaydı, mən onu elə əzişdirərdim ki, bir də o, ümumiyyətlə
qadın tayfasına baxmazdı. Qız da qaşqabağını tökürdü, amma mən bilirdim ki, ürəyinin
dərinliyində bundan xoşlanır. Qadınlar ümumiyyətlə qoçaq adamları xoşlayırlar.
DƏMİR BƏY: O sənə icazə verirdimi ki, onu ötürəsən?
ALXAS: Düzünü desəm, mən ondan icazə almırdım. Sakitcə arxasınca düşüb gedirdim. Küçə
hamınındır. Amma o bilirdi ki, mən sadiq köpək kimi dalınca gəzirəm. Üstəlik iki-üç gündənbir
ona gül göndərirdim. Bakıda o vaxtlar bunu heç kim eləməzdi, gül çox baha idi. O, evdə
olmayanda buketi aparıb ev qulluqçusuna verərdilər.
DƏMİR BƏY: Nərminə sənin güllərini qəbul eləyirdi? Nəsə heç inanmağım gəlmir.
ALXAS: Qəbul eləyirdi də sözdü! Düzdü, hər dəfə güllərimi pəncərədən vızıldadırdı, amma
mənim vecimə deyildi. Bilirsən də, qadınlarla gərək səbirli olasan. Mən gözləyirdim. Gec-tez
güllər də xoşuna gələcəkdi, səsimi eşidən kimi telefon dəstəyini də atmayacaqdı.
486
DƏMİR BƏY: Deməli hesab eləyirsən ki, qadını ələ almaq üçün gərək zəhləsini tökəsən?
ALXAS: Bəs necə! Sən bunu bilmirdin? Üsul çoxdur, ən sınanmışı isə səbirdir. Qadınların
zəhlələri gedən xəsis kişilərdir. Mən isə xəsis deyiləm və qadınlar üçün xərcləyəndə heç vaxt
pula heyfim gəlməyib.
DƏMİR BƏY: Amma görürsənmi, sənin bu universal üsulun bu səfər işə yaramayıb.
ALXAS: Sənin ucbatından. Səni görüm lənətə gələsən. Həmişə hər yerə soxulurdun. Yox, mən
hər şeyi düz eləyirdim. Tez-gec o mənim necə adam olduğumu biləcəkdi. Çiçək nədi ki? Çiçək
elə-belə şeydi. Mən ona necə məktublar yazırdım. Əminəm ki, oxuyanda ağlayırdı.
DƏMİR BƏY: Afərin, heç ağlıma da gəlməzdi ki, sən elə duyğulu məktublar yazmağı
bacarırsan.
ALXAS: O məktubları kimin yazdığı vacib deyil. Onların altında mənim imzam olurdu, vacib
olan budur. Hələ musiqini demirəm. Qadınlara musiqi hipnoz kimi təsir eləyir. Lyolik Aslanovu
tanıyırdın?
DƏMİR BƏY: Onu tanımayan vardı? Avaranın, yaltağın biri idi. O vaxt kimsə mənə danışmışdı
ki, sən bilyardda onun «Moskviç»ini udmusan.
ALXAS: Əşşi, maşın deyəndə ki, adı maşın idi. Əslində altına təkər bağlanmış köhnə konserv
qutusuydu. Sən inanmazsan, qarşımda diz çöküb yalvarırdı ki, o tələkəni qaytarım geri.
Gülməkdən ölmüşdüm.
DƏMİR BƏY: Sonra noldu?
ALXAS: Bədbaxta yazığım gəldi, qaytardım. Amma vəd aldım ki, bir də mənim yanımda
bilyard oynamayacaq.
DƏMİR BƏY: Bu gün mən çox əcaib şeylər eşidirəm. Sən - Alxas, nə vaxtsa udduğun maşını
könüllü geri qaytarmısan?!
ALXAS: Əlacım nə idi? Məlum oldu ki, maşın onun atasınındır. Atası da o vaxt milis rəisi idi.
Dedim baş qoşmasam yaxşıdı… Hə, nədən danışırdıq? Hə, həmin o Lyolikin əla bir akkardeonu
vardı. Şəhərdə ondan yaxşısı yox idi, özü də zalım oğlu akkordeonda yaxşı çalırdı. Dediyim odur
ki, musiqidən başı çıxırdı. Həmən o Lyolik bir gün mənə dedi ki, sənin yaxşı musiqi duyumun,
gözəl səsin var. Bir az məşq edəndən sonra o mənim oxumağıma heyran qaldı. Sən istedadsan,
dedi, Alxas, əsl belkantosan. Bilirsən belkanto nədir?
DƏMİR BƏY: Heç bilməsəydim də, indi mütləq anlayacaqdım. Yaxşı, bəs sən öz belkantondan
necə istifadə elədin?
ALXAS: Eh, cavanlıq! Gündüz mən zəng eləyib Nərminəyə xəbər verirdim ki, onun şərəfinə
mahnı oxuyacam. Deyirdim, dərhal da dəstəyi asırdım. Sonra, demək olar, hər gecə Lyolik
akkordeonunu götürürdü, birlikdə Nərminəgilin Xaqani küçəsindəki evlərinin yanına gedirdik. O
vaxtlar hələ kondisioner yox idi, bütün pəncərələr taybatay açıq olurdu. Mən başlayırdım
oxumağa.
487
Bir neçə pəncərə və Nərminənin eyvanı işıqlanır. Gecənin sakitliyində qulaqları dələn bir səs
ucalır. Alxas o dövrün populyar mahnısı «Sevgilim»i oxuyur. Gənc Nərminə, əynində xalat
eyvanda görünür. «Yalvarıram sizə, bəsdir! Yetər! Nə qədər olar?» Pəncərələrdə yuxusuna
haram qatılmış adamlar görünür.
ALXAS: Hər şey bir yana, onun atası professor idi, amma özünü quldur kimi aparırdı. Dördüncü
konsertdə o, əlində dəyənək podyezddən sıçradı, pis-pis söyüşlər söyə-söyə bizi qovmağa
başladı. Çatıb dəyənəyi Lyolikin kürəyinə elə ilişdirdi ki… Həmin gecə onu güclü angina tutdu.
Ona görə də biz «konsert»lərimizə düz bir həftə ara verməli olduq. Bəs Nərminənin atası ilə
sənin münasibətin necəydi?
DƏMİR BƏY: Mən onun əlində heç vaxt dəyənək görmədim.
ALXAS: Deməli, onun yanında mahnı oxumamısan. Rəhmətlik bəlkə də yaxşı adam idi, amma
hər dəfə mahnımı eşidəndə yaman cinlənirdi. Nə isə, sən peyda olana qədər hər şey yağ kimi
gedirdi. Yenə kefim pozuldu. Mən səndən nəyi soruşacaqdım?
DƏMİR BƏY: Doğrudan, məndən nəyi soruşacaqdın?
ALXAS: Hə, siz Neft və Kimya İnstitutunun o lənətə gəlmiş ənənəvi istirahət gecəsində tanış
oldunuz. Mən dəqiq bilirəm ki, o vaxtacan sən Nərminə ilə tanış deyildin, səni birinci dəfə orda
gördü. Hər şey gözümün qabağındadır, elə bil dünən olub. Sən qıza yaxınlaşıb bir neçə kəlmə
söz dedin. Cəmi bir neçə kəlmə. Mən üç addımlıqda idim, amma səs-küydən heç nə eşidə
bilmədim. Çoxdan istəyirəm soruşam. Sən onda ona nə demişdin? Yadında qalıb?
DƏMİR BƏY: Nərminəni ilk dəfə gördüyüm o axşamı yaxşı xatırlayıram. Mən ona yaxınlaşdım,
dedim ki, salam, mənim adım Dəmirdir.
ALXAS: Elə bu?
DƏMİR BƏY: Daha nə olmalıdı ki, elə bu!
ALXAS: Deməli, elə sən bu dörd kəlmə sözü deyən kimi bir-birinizə yapışdınız, düz 36 ildir
qopmursuz?
DƏMİR BƏY: Elədir ki var! Niyə təəccüblənirsən?
ALXAS: Nə deyim, vallah mat qalmışam. O axşam sən öz cındır kostyumunda distrofiyalı
xəstəyə oxşayırdın. Onunla da yaralı distrofik kimi rəqs edirdin. Amma mənim əynimdə
amerikan malı təptəzə kostyum, ayağımda tünd sumağı cırıldayan çəkmə vardı. Qalstukumda
saksofon tikməsi, saçlarıma briolinlə sığal vermişdim. Eh, cavanlıq, cavanlıq! Sizin arxanızca
orkestrin qabağındakı meydançaya çıxdım, elə rəqs elədim ki, çalğıçıların ağzı açıq qaldı. Ancaq
o heç mən tərəfə baxmadı da. Düz iki il can qoymuşdum ki, mənimlə adam kimi kəlmə kəssin,
sən gəlib hər şeyi vurub dağıtdın. Cəmi dörd kəlmə söz hər şeyi alt-üst etdi! Hələ bir soruşursan
ki, nəyə təəccüblənirəm? Demək olar ki, sən mənim bütün həyatımı pozmusan. Hələ deyirsən ki,
nəyə təəccüblənirəm?
DƏMİR BƏY: (barışdırıcı tonla) Məncə, sən hər şeyi şişirdirsən. Xırda-para yamanlıqlara
baxmayaraq həyat gözəldir!
488
Sevda əri ilə gəlir. Barmen onları Alxasın masasının yanına gətirir.
SEVDA: Salam. Nə olub?
DƏMİR BƏY: Alxas mənə sənin borc kağızlarını göstərdi. Onun yanında səndən soruşuram. Bu
veksellər doğrudanmı sənindir?
SEVDA: (yüngülləşir) Şükür Allaha! Mən də dedim görəsən nə olub? Eminçikin
oğurlanmasından sonra təsəvvür eləyirsiz, başıma necə qara-qura fikirlər dolur.
ALXAS: Niyə ki, onu qaytarıblar axı. Çalışsanız, pis fikirlərdən qurtularsınız.
SEVDA: Bilirsiniz o əclaflar bu iki sutkada uşağa nə yedirdiblər? Qızardılmış qoyun əti! Uşağın
da qarnı açılıb. Mən indi onun yanında olmaqdansa, restoranda dilxoşluq eləyirəm.
DƏMİR BƏY: Biz səni saxlamarıq. Mən ancaq bilmək istəyirəm ki, bu borc öhdəliklərini sən
imzalamısan, ya yox!
SEVDA: Əlbəttə, mən imzalamışam.
DƏMİR BƏY: Səni buna məcbur eləyən olmayıb ki? Bunu könüllü eləmisən?
SEVDA: Nəinki könüllü, hətta çox böyük sevinclə. O kreditin sayəsində biz əntiqə nəşriyyat,
mətbəə qurduq. Bizdə ən yaxşı redaktorlar, ən yaxşı rəssamlar işləyir. Bu iş mənim bütün
həyatımı dəyişib. Əsas məsələ bu deyil ki…
DƏMİR BƏY: Əlbəttə, əlbəttə… Amma bax bu sənədə görə siz binanızın təmiri üçün 150 min
dollar ödəmisiz. Elədirmi?
SEVDA: Hə, ödəmişik. Təsəvvür eləməzsən ki, binanın estetikası, interyerin orijinallığı yaradıcı
adamlar üçün nə deməkdir. Alxas müəllim bu işdə bizə çox böyük dəstək verdi. (ərinə
müraciətlə) Buna görə ikimiz də ona minnətdarıq.
Əri, razılıq əlaməti olaraq, dinməzcə başını yelləyir.
DƏMİR BƏY: Bəs nəşriyyatınız üçün üçmərtəbəli binanı haradan tapdınız?
SEVDA: Onu bizim üçün Alxas müəllim tapdı. Ata, sən borca görə narahat olursan? Hər şey
qaydasında olacaq. Alxas müəllim söz verib ki, hər şeyi yoluna qoyacaq.
489
DƏMİR BƏY: Bilirəm. Biz onunla indi elə o işlə məşğuluq. Sən hər şeyi çox aydın izah elədin.
İndi mənə hər şey aydındır. Sağ ol. Biz hələ oturacağıq. Sizsə qayıdın evə, uşağın yanına.
Sevda ilə əri gedirlər.
ALXAS: Hə, nədir, gördün hər şey düzdür? Əmin oldun? İşə keçəkmi? Mən istəyirəm ki, sənin
qızın üçün, elə kürəkənin üçün də hər şey yaxşı qurtarsın. Razısan?
DƏMİR BƏY: Nə təklif edirsən?
ALXAS: İki yol var. Birincisi, sən çox xahiş eləyəcəksən, çox yalvaracaqsan ki, mən sənin ailəni
xilas eləyim…
DƏMİR BƏY: Çox, yəni nə qədər?
ALXAS: (fikrində nəyi isə sayırmış kimi dodaqları tərpənir) İyirmi dəqiqə, yəqin ki, bəs elər.
İyirmi dəqiqə kifayət edər ki, sən ömrün boyu mənə nifrət elədiyinə görə, hər dəfə görəndə mənə
xəstəlik yayan tarakan kimi baxdığına görə, nə bilim daha nələrə görə məndən üzr istəyəsən.
Mən sənin yadına salaram nələrə görə. Heç nəyi unutmamışam. Elə üzr istəməlisən ki, ürəkdən
danışdığına, məni ələ salmadığına inanım. Gərək üzündəki istehzalı təbəssümü də yığışdırasan.
DƏMİR BƏY: Onda nə olacaq ki?
ALXAS: Yaxşı olacaq. Mən səni özümə referent götürərəm. Sənə yaxşı maaş verərəm. Hər gün
ofisimə gəlib, mən gələnə qədər poçtu, xidməti kağızları hazırlayarsan. Tərbiyəli adamlar rəislə
necə danışırlarsa, sən də mənimlə elə nəzakətlə danışarsan. Bunları eləsən, ömrünün sonuna
qədər mənim borcumu – 620 min dolları qaytarmaya bilərsən.
DƏMİR BƏY: Hələ mən sənin hər gəlişində royalda «Binqo» da çala bilərəm. İş gününün
sonunda da. İdeyam xoşuna gəlir?
ALXAS: (tərəddüd eləyir) İşdə? Düz başa düşməzlər. Onsuz da ötüşərik. Hə necədi? Razısan?
DƏMİR BƏY: Keçməz.
ALXAS: Aha… Niyə keçməz ki?
DƏMİR BƏY: İzah eləməyə başlasam, sən yenə inciyəcəksən. Keç ikinci varianta.
ALXAS: O heç xoşuna gəlməyəcək. Bax (qovluqdan kitabça kimi tikilmiş sənədlər çıxarır)
Burada notariusda təsdiqlənmiş 4 bağışlama sənədi var, yəni sən öz mənzilini, qarajını, maşınını,
bağını mənə bağışlayırsan. İndi sən bu kağızları imzalayırsan və biz həmişəlik ayrılırıq. Nəzərə
al ki, mənzilinin, bağının, qalan hər şeyin dəyəri 500 min dollara yaxın eləyir. Mən də öz
dilimdən kağız verirəm ki, sənin mənə borcun yoxdur. Budur, bax onu da artıq imzalamışam.
Notarius təsdiq eləyib. Burda yazılıb ki, mən səndən bütün borc məbləğini – 620 min dolları
almışam. Bu sənədi də qoyuram qovluğa. Bağışlama kağızlarını imzalayırsan, mən də bu
qovluğu içindəkilərlə bir yerdə verirəm sənə. Mənimçün qətiyyən sərfəli sövdələşmə deyil,
amma mən buna gedirəm.
490
DƏMİR BƏY: Bir şeyi başa düşmürəm. Necə olur ki, sənin kimi ütük bir işbaz ziyana
düşəcəyini bilə-bilə, belə işə qol qoyur. Nə üçün?
ALXAS: Çünki sənin sayəndə başa düşdüm ki, puldan da üstün bir şey var. Nifrət hissidir o.
Nifrət eləyirəm sənə. Cibində bir quruş pulun olmaya-olmaya sən sovet dövründə də, indi də
özünü elə aparırsan ki, elə bil milyonçu mən yox, sənsən. Hər yerə burnunu soxursan, ləyaqətli,
nüfuzlu adamlarla tay-tuş kimi danışırsan. Onlar buna hələ sevinirlər də. Sənin həqiqətdə kim
olduğunu bircə mən bilirəm. Mən sənin hər şeyini əlindən alandan sonra daha heç vaxt özünə
gələ bilməyəcəksən. Sənin dövranın keçdi. Bax onda sürünə-sürünə gələcəksən yanıma.
DƏMİR BƏY: Birinci variantla müqayisədə ikincisi toya getməlidir. Mənə görə birinci variant
çoxseriyalı dəhşətli yuxudur. Təsəvvür elədim ki, hər səhər sənin ofisinə gəlirəm. Hər gün sənin
üzünü görürəm. Tək elə bu fikirdən ürəyim bulandı. Bağışlama haqqında sənədləri ver bura -
hamısını imzalayacam.
Alxas masanın o başından sənədləri ona uzadır.
ALXAS: Dörd sənədin dördündə də hər səhifədə möhürün altından qol çəkməlisən. Hər sənəddə
beş imza olacaq. Quş qoyulan yerlərdə qol çək.
(Dəmir bəy işgüzarcasına sənədləri özünə sarı çəkir, hər bir səhifəni diqqətlə oxuyaraq
imzalayır)
ALXAS: Nə yaman uzun çəkdi. Hələ çox qalıb?
DƏMİR BƏY: Mənzili bağışlama kağızlarının hamısını imzaladım. Bağın sənədlərində üç
səhifəyə qol çəkməliyəm, qarajla maşınınkına hələ başlamamışam. Cəmi on üç yerdə imza
qoymalıyam. Yaman qəşəng imzalar qoyuram, yadigar avtoqraf da demək olar.
ALXAS: (şübhə ilə) Mən bircə şeyi başa düşə bilmirəm. Sənin bu səfeh zarafatların nə deməkdi?
Niyə elə hey gülürsən? Mən axı bilirəm ki, sən kütbeyin adam deyilsən. Bəlkə qorxudan ağlın
çaşıb? Yoxsa, nəyə qol çəkdiyini hələ anlamamısan? Sən quru yerdə qalırsan, bütün əmlakın
mənə keçir, heç olmazsa bunu dərk eləyirsən? Bu o deməkdi ki, sən də arvadını götürüb,
köçürsən qızınla kürəkəninin üçotaqlı mənzilinə. Onların iki uşağı ilə bərabər hamınız orada
yaşayacaqsınız. Bircə vanna otağı, bircə tualet. Royalın və kitabxananla vidalaşırsan. Ömrünün
sonuna qədər daha nə çaxır anbarın, nə masaj kreslon olacaq, nə də o sevimli qotur itinin üzünü
görəcəksən, çünki orda bunlara yer olmayacaq. Beləcə, ölənə qədər yeknəsək, perspektivsiz bir
həyat keçirəcəksən, heç kəsə güvənə bilməyəcəksən: nə özünə, nə də başqalarına. Amma onu da
bil ki, ətivü yesəm də sümüyüvü atmaram çölə, sənin dəfn xərcini isə öz boynuma götürürəm.
Bilirsən ki, mən sözümün ağasıyam.
DƏMİR BƏY: Nə deyirəm, ürəyin istəyir, buyur götür mən etiraz eləmirəm. Amma belə arxayın
söz vermə. Hər halda məndən iki yaş yarım böyüksən.
ALXAS: Daha o sənlik deyil. Demişəm, eləyəcəm. Qəti şübhən olmasın.
491
DƏMİR BƏY: İnanıram, inanıram. Çünki bilirəm ki, sən dəfn məsələlərinə ciddi yanaşırsan.
İki ay bundan əvvəl qəbirstanlığa getmişdim; əməkdaşımızı dəfn eləyirdik. Orda səliqə-səhmanlı
bir sahə gördüm, tən ortasında da qəşəng bir heykəl ucaldımışdı-qəbiristanlığın yaraşığı idi.
Baxıram-eynən sən, amma qranitdən; ayaq üstə durub, əlində də kitab. Pyedestalındakı yazını
oxuyuram: Alxas Qədimov və doğum tarixi. Ölüm tarixi yoxdu: yəni ki, sağam, qranitdənəm,
ölmək fikrim də yoxdu.
Hər şey yerli-yerində idi, söz ola bilməzdi, bircə yığcam bir şeiri çatışmırdı. Məsələn, belə bir
misra: «Yuxarıda Alxas, altında Qafqaz». Görürsən necə möhtəşəm səslənir? Sən bir insanda
ağıla, dərrakəyə bax-özün, öz gələcək qəbrin üstə heykəlini ucaldasan-əhsən!
ALXAS: (məyuscasına) Əvvəla, heykəl qranitdən yox, mərmərdəndir. Mərmərnən qranit də ki,
tamam başqa-başqa şeylərdi. Özü də heykəl bütöv mərmərdən yonulub… Düzdü mənim
gələcəkdə, nə vaxtsa dünyamı dəyişəcəyimə onun dəxli var, amma məsələ tək bunda deyil…
Bax, hamı deyir ki, Azərbaycanda demokratiyadı. Hanı? Sən bilirsənmi ki, bizim ölkədə,
məsələn, Bakıda öz hesabına özünə heykəl qoymağa icazə yoxdu. Təsəvvür eləyirsən, samballı
bir adam ona məxsus bir sahədə öz puluna bədii heykəltaraşlıq əsəri qoya bilməz! Qadağandır,
olmaz! Niyə olmaz? -heç kim bilmir. Daha hara müraciət eləməmişəm?! Xeyri yoxdur. Ancaq
qəbirstanlıqda, bir də bağında qoya bilərsən heykəlivü.
DƏMİR BƏY: Bağda da qoymusan?
ALXAS: Bağda nəyimə lazımdı? Qohum-əqrəbadan başqa orda kim görəçək onu? Onlar
onsuzda başıma and içirlər. Amma qəbirstanlığa hər gün səhər-axşam xalq ziyarətə gəlir… Bax
sənin yaxşı müşahidə qabiliyyətin var, ancaq heykəlin ayağından aşağıda boş yer olduğuna heç
fikir vermisən?
DƏMİR BƏY: Buna nə müşahidə qabiliyyəti. Heykəldən hasara kimi iki-üç metr yer boşdu
orda…
ALXAS: İki mert yarım. O yeri pulsuz-parasız peşkeş eləyirəm sənə. Səni orda öz hesabıma
basdıracam, yaxşı da ehsan verəcəm. Mənim ayaqlarım altında rahatca uyuyarsan… Hə, nə
deyirsən?
DƏMİR BƏY: Danışdıq. Amma mən bir şeyi başa düşə bilmirəm ki, heykəldə sən əlində kitab
niyə tutmusan?
ALXAS: Bəyəm pisdi? Kitabın nəyi xoşuva gəlmir ki?
DƏMİR BƏY: Sən və kitab. Çox qəribədir, adama birtəhər gəlir.
ALXAS: Eybi yoxdu. Öyrəşərsən; yavaş-yavaş. Özü də dinməzcə öyrəşəcəksən. Səni orda
basdırandan sonra vaxtın çox olacaq… Yenə hər yerə burnuvu soxursan?! Mənin heykəlimnən,
əlimdəki kitabnan sənin nə işin var? Mən axı çox yaxşı başa düşürəm ki, sən bu söhbətlərinlə
verdiyim sualdan yayınmaqçün mənim başımı qatırsan… Çünki sənin yerində olan heç bir
normal adam bu vəziyyəti zarafata salmazdı. Ya, doğrudan, olanlar sənin başını çaşdırıb, ya da
bir kələyin var. Əgər biclik eləyirsənsə çox nahaq! Neçə il əvvəl özün mənə demişdin ki, ən
böyük biclik düzlükdür! Hələ sarsaq bir təmsil də danışdın. Yadındadı o təmsil, nə barədə idi?
DƏMİR BƏY: Bu gün manatın dollara görə kursu neçədir? Bəs avronun manata?
492
ALXAS: (mexaniki) Manata 1 dollar on sent verirlər. 70 avrosent də 1 manatdır. Neynirsən,
nəyinə lazımdı?
DƏMİR BƏY: Bax görürsən? Pulla bağlı olan hər şeyi havada tutursan, amma kiçik bir təmsili
yadında saxlaya bilməmisən. O vaxt sənə Ezopun gözəl bir təmsilini misal çəkmişdim:
«Tülkü min bir hiylə bilir,
Kirpi cəmi bircə dənə.
Tülkü bilən hiylələrə
Üstün gəlir kirpi bilən.»
İndii necə, başa düşdün?
ALXAS: Cəhənnəm olsun, təmsil-zad boş şeydi. Əvvəl meymun idi, indi də tülkü ilə kirpidi.
Rədd elə sən Allah, başım ağradı. Mən soruşuram, sənsə cavab vermirsən. Məncə, sən cavabdan
qaçırsan. Neynək, istəmirsən, cavab vermə.
DƏMİR BƏY: Cavab verirəm. Mən dərddən ağlımı itirməmişəm. Kələk də gəlmirəm. Hər şey
açıq-aşkardır. Bu an mən ağlım kəsəndən üzünü görmək istəmədiyim alverçi Alxasla üz-üzə
oturmuşam… Ağlımın və yaddaşımın üstümdə olduğu bir halımda mənim əmlakımın alverçi
Alxasa keçməsi barədə bağışlama sənədlərini imzalayıram. Vəziyyəti düzmü şərh elədim?
ALXAS: Hər şey düzdür, amma mən alverçi deyiləm, biznesmenəm. Danışığına fikir ver.
DƏMİR BƏY: Biznesmen, kommersant elə adamlara deyilir ki, onlar öz fərasətləri, iş
qabiliyyətləri, ən azı intuisiyaları hesabına pul qazanırlar. Sənsə pulu heç nədən, havadan
qazananlardansan. Sənin fırıldaqlarının ziyanını isə kənar adamlar çəkirlər. Güclü kriminal
əlaqələri olan işbaz mutantlar indi başımıza bəla olub. Sən də onlardan birisən. Allah öz
bəndələrini yaradanda, doğulan hər bir insana xoşbəxtlik şansı verir, sənin kimilərsə o şansı
insanların əlindən alır.
ALXAS: Buyur, sonuncu dəfə sən məni ürəyin istəyən kimi təhqir edə bilərsən. İcazə verirəm.
Onsuz da heç nəyi dəyişə bilməyəcəksən.
DƏMİR BƏY: (səmimi) Niyə mən həmişə sözün düzünü deyəndə sənə elə gəlir ki, səni təhqir
eləyirəm? Razıyam, düz söz acı olur, amma bu heç də təhqir deyil axı. Hə, harda qaldıq? Yadıma
düşdü. Deməli, mən bütün bu kağızları, bəlaya düşmüş yaxınlarıma kömək etmək naminə
imzalayıram. Bu mənim borcumdur. Başqa çıxış yolum da yoxdur.
ALXAS: Hər halda, ağlın tərpənib, şübhən olmasın. Belə şeylərlə mən çox rastlaşmışam. Nələr
görməmişəm bu dünyada. Adam ümidləri tükənənə qədər özünü tox tutur. Elə ki, başına nə
gəldiyini anlayır, bilir ki, heç nəyi qaytarmaq mümkün deyil, başlayır ağzına gələni üyüdüb Dostları ilə paylaş: |