Azərbaycandan başqa heç yerdə görməmişəm ki, bu qədər çox sayda şəxs ölkə prezidenti olmağa
yalnız özünü layiq bilsin.
526
SEYMUR. Bunun nəyi pisdir? Mən həmişə belə hesab etmişəm ki, bu keyfiyyətlər olmadan
siyasətçi uğur qazana bilməz.
NİKOLAS. Şübhəsiz. Bu keyfiyyətlər sayəsində onlardan işin xeyri üçün istifadə etmək olardı.
Lakin əfsuslar olsun ki, söylədiklərimdən savayı, onlarda heç bir başqa məziyyət tapmadıq.
Həddən artıq nadan olduqlarına görə anlamaq iqtidarında deyillər ki, real şəraitdə ən adi şeylər
barədə təsəvvürü olmayan siyasətçiyə yer yoxdur. Onların, demək olar ki, heç biri Svetoniya,
yaxud Makiavelli barədə eşitməyib. Klassik yazıçıların adları onlara heç tanış deyil. Bir də başa
düşə bilmirəm ki, niyə Azərbaycanda müxalifət liderləri həmişə sifətlərinə ciddi ifadə verirlər.
Camaat arasında onların üzündə heç vaxt təbəssüm olmur. Üzlərindən zəhrimar yağır, bilmirsən
düşmənə nifrətdəndir, yoxsa partnyorlara həsəddən. Əslində isə, siyasətçinin üzündən təbəssüm
əskik olmamalıdır. Bütün bunlar bir yana. Həmin adamlar elə əməllər törədiblər ki, təkcə
iqtidarın deyil, xalqın da gözündən düşüblər. Hətta öz partiyadaşları belə, artıq onlara etibar
etmirlər. Yekun sevindirici deyil. Bu gün onların hamısı siyasətdə "zay məhsul"dur. Onların heç
biri lider deyil.
SEYMUR. Siyasət meydanında yer kifayət qədərdir, fəqət illərdən bəridir ki, orada ancaq bu
adamları görürük. Deməli, olan budur, başqaları yoxdur. Vaxtilə Stalin Yazıçılar İttifaqının
sədrinə elə-belə də demişdi: məndə sizin üçün başqa yazıçı yoxdur.
NİKOLAS (təbəssümlə). Elədir. Lakin Stalin bu sözləri deyəndən sonra başqa yazıçılar peyda
oldu. Mən istərdim ki, siz də bizə qoşulasınız. Sizin təmiz adınız çox şey deməkdir. Namuslu,
vicdanlı insan kimi böyük nüfuzunuz var. Bizə qoşulsanız, bu, yalnız işin xeyrinə olar, siz də
uduzmazsınız. İnanın mənə, sizin qarşınızda elə üfüqlər açılacaq ki, heç ağlınıza belə gəlməz.
Skeptik alimlərin proqnozlarına rəğmən, mən bəşəriyyətin nurlu gələcəyə qovuşacağına
inanıram. Sizin əlinizə imkan düşüb ki, bu gün həmin o gələcəyi quranlardan biri olasınız. Bu
barədə düşünün!
SEYMUR. Hər şey elə gözlənilməz oldu ki... Bu gün mən nə qədər yeni şeylər öyrəndim.
NİKOLAS. Başa düşürəm. Verəcəyiniz qərar sizin həyatınızı dəyişə bilər, odur ki, hər şeyi
ölçüb-biçməlisiniz. Ancaq məsələni çox uzatmayın. Sabahadək düşünün. Öz qərarınızı Zəfər
Tağıyevə bildirərsiniz. O, mənə zəng vurar.
SEYMUR. Günü sabah onunla görüşərəm. Sizə yaxşı yol.
NİKOLAS. Salamat qalın.
Seymur qapıya sarı gedir.
NİKOLAS. Cənab Xanlarov! (Seymur ayaq saxlayır). İşimizə dəxli olmasa da, demək istəyirəm
ki, qəbul edəcəyiniz qərardan asılı olmayaraq, mənim sizə hörmətim və dostcasına münasibətim
dəyişməz qalacaq.
Seymur dinməzcə, başını tərpətməklə sağollaşıb çıxır. "Skuadra Adzurra" ilə müxalifət
partiyaları fəallarının birgə ifasında "Nabukko" operasından möhtəşəm xor səslənir. Seymur
qayıdıb Zəfərin yanında əyləşir.
SEYMUR (xorda oxuyanlara baxıb, təəssüflə). Bu ki fonoqramdır!
527
ZƏFƏR. Əlbəttə, fonoqramdır. "La Skala" teatrının xor və orkestrinin ifasında "Nabukko"
operasının lent yazısıdır. Gördüklərin isə yeddi müxalifət partiyasının və "Skuadra Adzurra"nın
fəallarıdır. Hər görüşdə xorla mahnılar oxuyurlar. Görüşlərdə yeddi müxalifət partiyasının,
demək olar ki, hamısının rəhbərlərini xora cəlb edirik. Nə üçün? İş naminə! Sən bilməlisən ki, bu
müxalifət partiyasının yeddisi də bizim tam nəzarətimiz altındadır. Lakin öz aralarında onlar yola
getmirlər. Bu adamları bir masa arxasında əyləşdirmək hər dəfə problemə çevrilir. Biz onlara
tam sərbəstlik vermişik, kimini ayrılıqda amerikalılar maliyyələşdirir, digərlərini Avropa
ölkələri, üçüncüləri isə İranın radikal qruplaşmaları və ya Səudiyyə Ərəbistanı. Bəziləri hətta
ermənilərdən belə pul almağa çəkinmirlər. Biz belə şeylərə əhəmiyyət vermirik.
SEYMUR. Bəs bir halda ki, pulu başqaları verir, siz onlara necə nəzarət edirsiniz?
ZƏFƏR. Çünki hamıdan çox pul verən elə bizik. Onların hamısı birlikdə yalnız bizim
təşkilatımıza tabedirlər. Onlar bizə yalnız birləşmiş monolit qüvvə kimi gərəkdirlər. Hər şey
başlıca məqsədə yönəldilib. Bu yolda çalışır, heç nədən çəkinmirik. Fikir ver, görürsənmi, dirijor
yerində dayanmış şəxs bizim psixoloqumuzdur. Diqqətlə baxır ki, hamı oxusun. Bu adam öz
sahəsində görkəmli mütəxəssisdir və son elmi araşdırmaların nəticələrinə uyğun olaraq iddia edir
ki, müxtəlif baxışlara malik, müxtəlif xarakterli və fərqli tərbiyəyə malik insanlar xorda
müntəzəm olaraq birlikdə mahnı oxumaq sayəsində tədricən bir-birlərinə dözümlü yanaşmağa
başlayırlar. O əmindir ki, müxalifət partiyalarının liderləri xorda birlikdə oxumaqları sayəsində
tədricən bir-birlərinə daha yaxşı münasibət bəsləməyə başlayacaqlar. Hər halda o əmindir ki,
partiya liderləri arasındakı didişmələri dayandırmağa nail olacaq və bundan sonra onlardan təkcə
mitinq və piketlərdə deyil, ciddi birgə aksiyalarda da istifadə edə biləcəyik. Bizim vəzifəmiz
onları birləşdirməkdir, belə olsa, təşkilatımız qəti hərəkətlər üçün çox güclü bir qüvvə əldə etmiş
olacaq. Sən də bu barədə düşün.
SEYMUR. Bugünkü şərait qəti hərəkətlər üçün yararlıdır?
ZƏFƏR (qımışır). Əlbəttə ki, yox. Bu gün Azərbaycan iqtidarı öz qüvvəsinə əmindir. Həm də,
xalq dəyişikliklərə hələ hazır deyil.
SEYMUR. Deməli, əlverişli şərait o vaxt yaranacaq ki, hakimiyyət zəifləsin və xalq
çaşqınlıq içində olsun? Eləmi? Məsələn, gözlənilməz kataklizmlər təşkil etmək – dağıdıcı
zəlzələ, yaxud kütləvi Sibir yarası və ya taun epidemiyası... Yarayar?
ZƏFƏR. Prinsipcə, sən haqlısan. Ancaq zəlzələ, yaxud epidemiya, Allah bilir, nə vaxt olacaq və
ümumiyyətlə olacaqmı. Kimdir onları gözləyən? İstəsək, epidemiya təşkil etmək olar, ancaq bu,
çox çətindir, icazə verməyə bilərlər. Biz siyasi kataklizmlərə üstünlük veririk. Onlar
gözlənilməzdir və daha tez-tez baş verir... Məsələn, Dağlıq Qarabağda müharibəni təzədən
qızışdırmaq. Necədir?
SEYMUR. Gör heç mənim ağlıma gəldi?! Sözsüz, ən əlverişlisi Qarabağda müharibədir! Bundan
yaxşısı ola bilməz! Müharibənin qızğın çağında fürsət tapıb arxadan zərbə endirmək! Afərin,
uşaqlar, hər şey lap məntiqəuyğundur! Yaxşı, mən gedim... Nikolasa söz verdim ki, cavabımı
sabah bildirəcəyəm. Sənin vasitənlə.
ZƏFƏR. Sən də qəribə adamsan. Sabah! Burada fikirləşməli nə var ki? Belə təklifi insan ömrü
boyu bircə dəfə ala bilər. Dərhal razılaş. Nə qədər ki, buradadır, razılığını bildir. Başa düş, ay
avam, sənin istədiyin və hətta heç ağlından belə keçirmədiyin hər şeyin olacaq.
SEYMUR. Haqlısan. Bəzən mən özüm də özümə qəribə görünürəm. Yəqin qocalıqdandır. Təzə-
təzə şakərlər əmələ gəlir. Məsələn, bax, mənim bir əl ağacım var. Adi çəlikdir, qoz ağacından
528
düzəldilib, həmişə əlimdə olardı, amma bu gün yadımdan çıxarıb evdə qoymuşam. Onsuz özümü
bir az narahat hiss edirəm. Qərar qəbul etmək bir yana, heç fikrimi də cəmləşdirə bilmirəm.
ZƏFƏR. Səni başa düşürəm. Siqareti tərgitdikdən sonra düz yarım il belə vəziyyətdə olmuşam.
SEYMUR. Sabahkı görüşə gələndə həmin çəliyimi də özümlə götürəcəyəm. Onda görəcəksən ki,
mən nə qətiyyətli və gümrah olmağı bacarıram. Hə, yadıma düşdü. Bayaqdan səndən soruşmaq
istəyirdim... Hərdən mətbuatda "Fridom haus" və "Hyumen rayts wotç" beynəlxalq təşkilatların
hesabatlarını oxuyuram. Onlara Azərbaycandakı vəziyyətlə bağlı məlumatları təsadüfən sənin
analitik "Turyan"ın təqdim etmir ki?
ZƏFƏR. Əsasən, biz təqdim edirik. Həm də təkcə onlara yox, xaricdə bizim müştərilərimiz
çoxdur.
SEYMUR. Əla! Afərin, "Turyan"! Cəsarətinizə bərəkallah! Bəs necə olur ki, bu əməllərə görə
"Turyan"a "gözün üstdə qaşın var" deyən olmur? Mənim oxuduğum məlumatlar təpədən-dırnağa
yalandır.
ZƏFƏR. Sən də ağ eləmə! Yalan yox, şüurlu dezinformasiyadır... Düzdür, hərdən əndazəni
aşırıq, amma sifarişçilərimiz şikayətçi deyillər. Hələ baxaq görək sən necə işləyəcəksən.
SEYMUR. Yaşayarıq, görərik.
ZƏFƏR. Deməli, sabah görüşürük. Yapon mətbəxi ilə aran necədir? Saşimi, suşi – bunları
bəyənirsən?
SEYMUR. Məmnuniyyətlə yeyərəm.
ZƏFƏR. Mən səni dəvət edirəm. Söhbətləşmək üçün restoran ən münasib yerdir. Sabah saat
ikidə "Mado" restoranında görüşərik. Ofisianta deyərsən ki, mənim yanıma gəlmisən, özü səni
ötürər.
SEYMUR (qətiyyətlə). Xeyr. Biz restoranın girişində, küçədə görüşək.
ZƏFƏR. Nə fərqi var? İstəyirsən, küçədə görüşək. Saat iki tamamda restoranın girişində.
Söhbətimiz konkret olacaq. Sən də gərək fikrini cəmləşdirəsən. Odur ki, sənə gümrahlıq gətirən
çəliyini də götürməyi unutma.
SEYMUR. Unutmaram. Çəliksiz sanki yarı canım evdə qalıb.
ZƏFƏR. Özünü yaxşı hiss edirsən? Elə bil rəngin avazıyıb?
SEYMUR. Sənə elə gəlir. Qulaq as, Zəfər, elə-belə soruşuram, hər ehtimala qarşı: necə bilirsən,
ola bilərmi ki, bu sarı mətbuat sabah da məni "yıxıb-sürüsün"?
ZƏFƏR. Sən nə danışırsan, arxayın ol. Nə sabah, nə birisi gün, nə də başqa heç vaxt. Bundan
sonra sənin barəndə ancaq yaxşı şeylər yazacaqlar. Gen-bol mədh edəcəklər, necə deyərlər,
sabahdan etibarən başlayırıq sənin güclü təbliğatına.
SEYMUR. Yaxşı. Sabaha qədər!
529
Albioninin "Adajio"sundan qəmli melodiya səslənir. Seymurun mənzili. Qonaq otağı. Mənzərlə
Məryəm ağlayırlar.
MƏRYƏM (gözünün yaşını silir). Mən də yaman qəmləndim, ancaq sən özünü bu qədər üzmə,
hələ çox zəifsən. Gültəkin xala xəstə yatmadı. Gözlərini yumub sakitcə, quş kimi bu dünyadan
köçdü. Ailəsinin, yaxınlarının əhatəsində şam kimi bir andaca söndü. Deyirlər, öləndə də
dodaqlarından təbəssüm silinməyib. Mən də istərdim ki, əcəlim çatanda elə onun kimi, rahatca
dəyişim dünyamı.
MƏNZƏR. Sən mənim nə çəkdiyimi başa düşə bilməzsən. Heç bilmirdim ki, ona bu qədər
bağlıyam. Gültəkinin ölümü elə bil ətrafımda tam bir boşluq yaratdı. Bundan sonra yaşamağımın
nə mənası?! İstəyirəm gedib bir küncdə uzanım, gözlərimi yumub ölüm.
MƏRYƏM. Belə danışmaq günahdır! Sənin övladların, nəvələrin, dostların var. Özünü ələ al,
görəcəksən ki, həyat davam edir, ətrafında isə boşluq deyil, səni sevən insanlardır.
Seymur gəlir. Astanada ayaq saxlayır.
SEYMUR. Nə olub sizə?
MƏRYƏM. Gültəkin xala bu gecə rəhmətə gedib... Heç bilmirəm anamı necə sakitləşdirim...
Aman Allah, indicə bayılacaq! Seymur, nə edək?
SEYMUR (keçib Mənzərlə üzbəüz əyləşir). Dərdinizə şərik oluram. Allah rəhmət eləsin.
Ancaq təsəvvür edirəm ki, sizin ölüm xəbərinizi Gültəkin almış olsaydı nə edərdi. (Mənzər
hönkürtüsünü kəsib gözlərini açır). Xahiş edirəm, bir anlıq təsəvvürünüzə gətirin, sizin qəfil
ölüm xəbərinizi eşitsəydi, Gültəkin özünü necə aparardı?
MƏRYƏM. Seymur, sən nə danışırsan?
MƏNZƏR (hələ də zəif səslə, lakin bir az dirçəlmiş halda). Məryəm, xahiş edirəm, mane olma.
(Seymura). Hə, sizcə nə edərdi?
strong>SEYMUR. Deyim də. Əlbəttə, şübhəsiz ki, ürəkdən kədərlənərdi. Amma Gültəkin xala
müdrik insan idi. O, ümidsizliyə qapılmazdı. Çünki Gültəkin xala görüb-götürmüş qadın idi.
Bilirdi ki, bu dünyadan köçən insanlar yaxınlarından və sevdikləri insanlardan heç də əbədi
ayrılmırlar.
MƏNZƏR (bir az istehzalı tərzdə). Gültəkin bunu haradan bilə bilərdi ki? Məsələn, mən belə şey
eşitməmişəm. Seymur, yoxsa siz o dünyaya, cənnət-cəhənnəm barədə mənasız, cəfəng nağıllara
doğrudan inanırsınız?
SEYMUR. Nağıllara, həm də cəfəng nağıllara, təbii ki, inanmıram. Söhbət başqa şeydən gedir...
Gültəkin məsələsinə qayıdaq. Məgər özünüz demirdiniz ki, onunla yola getmək çətin olsa da,
dünyagörmüş insandır? Elə isə, deməli, o bilirdi ki, Tanrı ulduzları, planetləri əbəs yerə
yaratmayıb. Təbiətdə heç bir şey elə-belə mövcud deyil. O cümlədən ulduzlar da. Onların
yaradılışında dərin məna var. Bunu anlamağa yalnız seçilmiş insanlar qadirdir, təkrar edirəm,
seçilmiş və incə duyğulu insanlar. Məni başa düşürsünüzmü?
MƏNZƏR. Burada başa düşülməyəcək nə var ki?
530
SEYMUR. Deməli, siz başa düşürsünüz ki, ilk baxışda faydasız görünən ulduzlar ondan
ötrü yaradılıb ki, yer üzündə ömrünü başa vurub dünyasını dəyişən insanların ruhları o
ulduzlarda qərar tutsunlar. Bu, tamamilə səhih məlumatdır.
MƏNZƏR (hələ də razılaşmaq istəmir). Gültəkin mənə bu barədə heç nə danışmamışdı.
SEYMUR. Yəqin vaxtı olmayıb. Bəlkə də danışmaq istəməyib... O, təbiətən qapalı insan
idi. Bəs mən? Mən sizə nə vaxtsa yalan danışmışam? Gecə vaxtı, əgər fikrinizi cəmləyib
ulduzlara diqqətlə baxsanız, hiss edə bilərsiniz ki, onların çoxundan sizi tərk etmiş yaxınlarınızın
ruhları boylanır; özü də sizlərə sevgi ilə, gələcək görüşünüzə inamla boylanırlar. Əlbəttə,
Gültəkin bütün bunları bilirdi, ona görə doğmaları ilə də vidalaşarkən dodaqlarında təbəssüm
varmış, inanın mənə, siz onunla mütləq görüşəcəksiniz, ancaq hadisələri tezləşdirmək lazım
deyil. Biz hamımız hansısa gözəl bir planetdə nə vaxtsa görüşəcəyik. Bu, labüddür. O vaxta
qədər isə yaşamaq və yaşadığına sevinmək lazımdır.
MƏNZƏR (fikirli halda). İnana bilmirəm, hər şey sizin təsvir etdiyiniz kimidir.
SEYMUR. Gələn dəfə mən sizə bu barədə ətraflı, təfsilatı ilə söhbət açaram, siz də
inanarsınız ki, mənim söylədiklərimə şübhə ola bilməz, onları yoxlamağa ehtiyac da yoxdur. Bu
günlük bu qədər yetər. Axı siz onu son mənzilə yola salmağa gedəcəksiniz.
MƏNZƏR (sanki birdən ayılır). Əlbəttə, mən getməliyəm! Necə də oturub arxayın söhbət
edirəm! Əgər mən orada olmasam, camaat nə fikirləşər? Gedim, geyinim. (Gedir).
MƏRYƏM. Halı xeyli yaxşılaşdı, afərin sənə, anamı xilas etdin.
SEYMUR. Bilirsən buna nə deyirlər? Xilasedici yalan.
MƏRYƏM. Düzünü de. Ruhların ulduzlara köçməsini sən elə bu dəqiqə uydurdun?
SEYMUR. Yox, bunu kimlərsə bizdən çox-çox əvvəl uydurub. Mən isə, sadəcə, vaxtında
xatırladım və yerinə düşdü. İndi bir balaca işim var, çox vaxt aparmaz, sonra gömrükxanaya
dəyəcəm, gedəndə piyada gedəcəyəm, amma "rolls-roys"la qayıdacağam.
MƏRYƏM. Bu maşına görə əsəblərin yaman pozuldu.
SEYMUR. Ola bilər, bir az qanım qaraldı, amma boş şeydir. Əvəzində bu maşın
sayəsində çox mətləblərdən agah oldum. Hələ fikirlərimdəki təbəddülatı demirəm. Əvvəllər
mənə xas olmayan fikirlərə düşmüşəm, elə bu da "rolls-roys"un sayəsindədir. Misal? Buyur. Bu
gün səhərdən, daha dəqiq desək, dünən axşamdan qərara almışam ki, siyasətlə ciddi məşğul
olacağam.
MƏRYƏM. Həqiqətən, sənə xas olmayan bir qərardır! Axı sən həmişə deyirdin ki,
siyasətlə yalnız peşəkarlar məşğul olmalıdır.
SEYMUR. Doğrudur, hələ mən başqa şeylər də demişəm.
MƏRYƏM. Çoxdan demisən, ancaq mənim hər şey yadımdadır. Hansısa yığıncaqdan
gələndən sonra dedin ki, bu, mənlik deyil. Namuslu insan siyasi fəaliyyətlə yalnız o halda
məşğul olmalıdır ki, onun ölkəsi təhlükə qarşısında qalmış olsun.
531
SEYMUR. Məhz elə buna görə də indi qərara almışam ki, dərhal siyasətlə məşğul
olmağa başlayım. Bilirsənmi, dünən hiss etdim ki, dərin yuxudan ayılmışam.
MƏRYƏM. İndi hər yerindən duran siyasətlə məşğul olur. İstəyirsən, sən də ol. Ancaq
mən bir şey başa düşmürəm: təhlükəni nədə görürsən?
SEYMUR. Xalq Cəbhəsinin hakimiyyətdə olduğu vaxtlar yadındadır?
MƏRYƏM. Hərdən qorxulu yuxu kimi xatırlayıram.
SEYMUR. İndi isə təsəvvürünə gətir ki, o vaxtkı cəbhəçilərdən qat-qat ağıllı olan birisi
dövləti dağıtmaq fikrinə düşür, sadə dillə desək, Azərbaycanda "rəngli inqilaba" bənzər bir
iğtişaş yaratmağa cəhd göstərir.
MƏRYƏM. İstəsinlər də. Şükr Allaha, görmüşük bu rəngli inqilabların haralarda baş
verdiyini – zəif, qorxaq rəhbərləri olan respublikalarda. Onlar könüllü olaraq özlərini dilənçi
həyata məhkum ediblər. Allaha çox şükr ki, bizdə belə şey ola bilməz.
SEYMUR. Heç də hamı belə düşünmür.
MƏRYƏM. Bu gün Azərbaycanda kim istəyər ki, firavanlığını itirsin, rahat gün-güzəran
əvəzinə, Xalq Cəbhəsinin dövründə gördüyümüz hərcmərcliyin cənginə düşsün? Anam deyirdi
ki...
SEYMUR. Aydındır. Hər şeyi başa düşdüm, deməli, xalq məni dəstəkləmir.
MƏRYƏM. Dəstəkləyir, dəstəkləyir və söz verir ki, sənə kömək edəcək. Bəs sənin bu
siyasi məşğuliyyətin hansı şəkildə olacaq?
SEYMUR. Əsas məsələ odur ki, nə etmək lazım gəldiyini bilirəm. Amma fəaliyyətə
başlamazdan öncə mən həmfikirlərimi – yazıçıları, rəssamları, kinematoqrafçıları, bütün yaradıcı
insanları bir yerə toplamalıyam. Ən ağıllılarını və cəsarətlilərini. Nələr baş verdiyini onlara
danışmalıyam. Qoy daha susmasınlar. Xalq onların səsini eşitməlidir. Sual var?
MƏRYƏM. Bəli, xalqın sualı var. Misal üçün, xalq bilmək istəyir ki, biz "rolls-roys"u
neyləyəcəyik?
SEYMUR. Sürüb apararıq bağımıza. Qoy orada talvarın altında qalsın. Gələn
qonaqlarımıza göstərərik.
MƏRYƏM. Bu gün bir ətək pulu aparıb gömrük rüsumu verəcəksən ki, maşın talvarın
altında qalıb çürüsün?
SEYMUR. Bəs nə edim? Hər necə olsa, kraliçanın maşınıdır.
MƏRYƏM. Bilirəm, kraliçanındır. Bəs mən? Düzdür, mən kraliça deyiləm, ancaq yenə
də istəyirəm ki, mənim də fikrimi biləsən. Bəlkə onu sataq? Burada pis nə var ki? "Rolls-roys"u
satdığımıza görə bizi heç kim qınamaz. Sənin milyarder dostun da düz başa düşər.
SEYMUR. Bilirsənmi, bu həyatda kifayət qədər ömür sürdüyümə görə, bəzi həqiqətləri
dərk etməyə vaxtım olub. Fikir vermişəm: əgər hansısa bir normal yaxşı insanın xanımı özünün
532
kraliça olduğu fikrini zaman-zaman beynindən keçirmirsə, deməli, bu cütlüyün nikahında hansı
mühüm bir məqamsa baş tutmayıb və bunun da günahı məhz kişidədir.
MƏRYƏM. Bəs elə isə, həmin bu normal yaxşı insan nə etməlidir ki, onun həyat yoldaşı
özünü kraliça hesab edə bilsin?
SEYMUR. Əsl qadın özünü o vaxt kraliça hesab etməyə başlayır ki, həmin bu normal
yaxşı insanın onu sevdiyini və onun yolunda canından belə keçməyə hazır olduğuna inanır.
Budur əsas məsələ! Kraliça, hər şeydən öncə, sevdiyi insanın sevilən qadını deməkdir. Bununla
müqayisədə bütün yerdə qalanlar – irsən əldən-ələ keçən tac da, kənar şəxslər üzərində
hakimiyyət də – bütün bunlar boş şeylərdir.
MƏRYƏM. Sən məni xoşbəxt etmisən, bununla razıyam, amma...
SEYMUR. Bəli! Mən səni hər saat, hər gün həyatımdan belə, çox sevmişəm və sevirəm!
Və sən həmişə mənim üçün bütün dünyanın ən baş insanı olmusan. Əgər sən bunu hiss
etmisənsə, mənə inanmısansa, deməli, elə kraliçasan. Sadəcə, özünün bundan xəbərin olmayıb!
Mən isə bunu həmişə bilmişəm. Bax elə indi də mən sənə kraliça kimi müraciət edirəm.
Ülyahəzrət! Lütfən, məni başa düşün, mənim pulum yoxdur, qürur və ləyaqətimdən başqa
qiymətli heç nəyim yoxdur, amma mən bu maşını mütləq gömrükdən almalıyam! Xatırlayın ki,
bu hədiyyədir! Onu yalnız heysiyyətini itirmiş, mənəviyyatı korşalmış və artıq heç nədən abır-
həya etməyən birisi sata bilər... Sən belə bir insanın arvadı olmaq istərdinmi?! Hə, nə deyirsən?
MƏRYƏM. Yaxşı da, inandıra bildin. Deyəsən, mən özümü artıq kraliça hesab etməyə
başlayıram. Ancaq fikrimcə, bu məsələni təkrar müzakirə etmək... (Seymur ağzını açıb nə isə
demək istəyir, Məryəm imkan vermir). Yaxşı, yaxşı susdum! Qərar qəbul edildi. Xahişiniz təmin
olundu: qoy maşın il boyu talvarın altında qalıb paslansın. (Gedir).
SEYMUR (onun ardınca). Hara gedirsən?
MƏRYƏM. Sən bir az da fikirləş. Mən isə həmişəki kimi, kraliçanın mətbəxinə gedirəm
ki, kralsayağı nahar hazırlayım. Gecikmə.
"Bremen musiqiçiləri"nqdən musiqi. Gömrükxana. Cavan gömrükçülər çay içirlər.
Seymur daxil olur. Əlində əsanın qırıqları var. Qoltuğunda qovluq gözə dəyir...
1-Cİ CAVAN GÖMRÜKÇÜ (sevincək halda). Biz sizi gözləyirdik! (Seymurun əlindəki sınmış
çəliyə baxır). Nə gözəl əl ağacınız varmış! Heyf ki, sınıb. İstəyirsiniz, verin ataq.
SEYMUR. Sağ olun, gərək deyil. Yadigar saxlayacağam. Otuz il mənə sədaqətlə xidmət
edib, ancaq bir saat bundan əvvəl çirkabla toqquşmanın qurbanı oldu.
2-Cİ CAVAN GÖMRÜKÇÜ. Nəyin qurbanı?
SEYMUR. Heç, boş şeydir. Sındı, vəssalam. Olur belə şeylər. Ancaq bu xoşagəlməz
əhvalatdan sonra elə bil ki, qəlbimə bir ağırlıq çöküb.
1-Cİ CAVAN GÖMRÜKÇÜ. Belə şeylər hamıda olur.
533
2-Cİ CAVAN GÖMRÜKÇÜ. Məsələn, mənim hər gün kefim pozulur, amma axşama
yaxın keçir. İşimiz belədir. Fikir verməyin, öz-özünə keçəcək. Yükü almağa gəlmisiniz? Dostları ilə paylaş: |