Məktəb kursunun digər bölmələrinin sintaksislə əlaqəli tədrisi. Sintaksis kursunun digər bölmələrlə əlaqəsi zəruridir. Başqa sözlə, bu əlaqə olmadan nə sintaksis kursunu şüurlu surətdə anlamaq, nə də digər bölmələrə aid verilmiş məlumatları möhkəmləndirmək və dərinləşdirmək mümkün deyildir. Əlaqə təlimin zəruriyyətidir. Yəni təbiətlə əlaqələnməli olan, müqayisə edilməli olan anlayışları əlaqələndirmədən, müqayisə etmədən mahiyyəti istənilən səviyyədə dərk etmək qeyri-mümkündür. Əlaqə dedikdə, əvvəlkilərlə sonrakıların qarşılaşdırılması nəzərdə tutulur. Əvvəlkilər sonrakı üçün zəmin yaratmalı, sonrakı isə həmin zəmindən istifadə edərək elmi sistemi tamamlamalı və bütövləşdirməlidir. Yeni mövzunu ilk anlayışlara, daha doğrusu, oxşar anlayışlara istinad etmədən tədris etmək lazımi nəticə verə bilməz. Əgər şagird ismin hal və mənsubiyyət şəkilçilərini bilmir və ya yaddan çıxarmışsa, ismi birləşmələri dərk etməkdə; feli sifət, feli bağlama və məsdər şəkilçilərini tanımırsa, feli birləşmələri tanımaqda, bunları cümlələrdə müəyyənləşdirməkdə çətinlik çəkər. Bu cəhət sintaksisin morfologiya ilə əlaqəli tədrisini zəruri edir. Müəllim fonetikadan heca vurğusu ilə bağlı materialı öyrədərkən vurğu haqqında ümumi məlumat verir və göstərir ki, vurğu sözlərdə hecaların və ya cümlələrdə sözlərin qüvvətli deyilməsindən ibarətdir. Burada məntiqi vurğu haqqında sintaksis bəhsində veriləcək məlumatı öyrətməyin əsası qoyulur. Sintaksis bəhsində sözlərdəki məntiqi vurğudan danışan müəllim, ilk növbədə, şagirdlərin fonetika bəhsində vurğu haqqında aldıqları ilk məlumata əsaslandıqda həm yenini şüurlu mənimsədir, həm də əvvəlkiləri xatırladır, dərinləşdirir və möhkəmləndirir. Müəllim leksikologiya və frazeologiya bəhsinin tədrisində verdiyi məlumatların da bəzisindən sintaksis materiallarının öyrədilməsi üçün zəmin kimi istifadə edir. Məsələn, frazeoloji vahidlər vaxtilə sərbəst birləşmələrlə müqayisə edildiyi kimi, sərbəst birləşmələr – ismi və feli birləşmələr tədris edilərkən bunları frazeoloji birləşmələrlə müqayisə etmək həm əvvəlkiləri yada salır, həm də yeni məlumatı şüurlu surətdə mənimsəməyə kömək edir. Şagirdlər ancaq bundan sonra sabit birləşmələrlə sərbəst birləşmələri fərqləndirməyə alışırlar. Bu cəhətdən sözün həqiqi və məcazi mənası barədə məlumatların yada salınmasının da böyük əhəmiyyəti vardır. Sintaksisin morfologiya ilə əlaqəsi isə bütün mövzuların tədrisində yaddan çıxarıla bilməz. Sintaktik əlaqələri öyrənərkən şəxs, kəmiyyət və hal şəkilçiləri barədə bəzi məlumatları xatırlamadan iş görmək mümkün deyildir. Bütün cümlə üzvləri tədris edilərkən bunların ifadə vasitələrindən bəhs edilməlidir. Bunsuz cümlə üzvləri ilə nitq hissələri, cümlə üzvləri ilə cümlə üzvü olmayan sözlər öyrədilə bilməz. Köməkçi nitq hissələri isə, əslində, sintaksissiz mümkün deyildir. Bunlar cümlə ilə bilavasitə bağlıdır. Köməkçi nitq hissələrini sintaksissiz, sintaksisi isə köməkçi nitq hissələrsiz tədris etmək mümkün deyildir. Tabesiz və tabeli mürəkkəb cümlələrdə bağlama vasitələri, qoşmalı birləşmələrdə qoşmalar, ara söz və ara cümlələrdə modal sözlər yada salınmadan, bu barədə məlumatlar təkrarlanmadan təlimin səmərəli təşkilindən söhbət gedə bilməz. Müəllimin ən böyük məharəti sintaksisdən hər hansı mövzunu tədris edərkən əvvəl öyrətdiyi hansı mövzu ilə, habelə əvvəl öyrədilmiş bölmələrdəki hansı məsələlərlə əlaqəli olduğunu dəqiq müəyyənləşdirməsi və bunları məharətlə əlaqələndirməsi ilə ölçülə bilər. Sintaksisin tədrisində fənlərarası əlaqə. Orta ümumtəhsil məktəblərində hər bir fənnin konkret didaktik vəzifələrindən başqa ümumi vəzifələri də mövcuddur. İlk növbədə, ümumi vəzifələrin həyata keçirilməsində müəllimlər fənlərarası əlaqələrdən düzgün istifadə etməlidirlər. Məktəbin ümumi nüfuzunun yüksəlməsi, şagirdlərin elmi səviyyəsinin kamilliyi, tərbiyə məsələləri, ümümdünya görüşünün formalaşması ancaq birgə fəaliyyət, qarşılıqlı əməkdaşlq şəraitində mümkündür. Söhbət süni əlaqələrdən deyil, özlüyündə əlaqəsi olan məsələlərin müqayisə edilməsindən, qarşılaşdırılmasından gedir. Azərbaycan dili müəllimi mövzular, fəsillər, bölmələr arasında əlaqəni unutmadığı kimi, fənlərarası əlaqənin imkanlarından istifadə etməyi də bir an belə yaddan çıxarmamalıdır. Bu gün təlimin qarşısında duran həlli vacib məsələlərdən biri də fənlərarası inteqrasiyadır. Bu gün bədii, publisistik, elmi-kütləvi mətnlər üzərində dərsin qurulması özlüyündə fənlərarası əlaqəni şərtləndirir. Yəni, bir növ mətnlər vasitəsilə digər fənlərlə əlaqənin rüşeymləri görünür. Buna baxmayaraq, Azərbaycan dili təlimi qohum fənn kimi ədəbiyyat və digər dil fənləri ilə əlaqə müstəvisində qurulmalıdır. Yeri gəldikcə tarix, coğrafiya, ictimaiyyət, musiqi, fiziologiya, fizika və s. fənlərlə əlaqənin bütün imkanları nəzərdən keçirilməlidir. Məsələn, M.Şəhriyarın “Heydərbabaya salam” şeirinin təhlili prosesində “Oxuyaydım çoban qaytar quzunu” deyimi araşdırıldıqda aydınlaşır ki, şair məşhur “Sarı gəlin” xalq mahnısına işarə edir. Mahnının tədqiqi musiqi fənni ilə inteqrasiyanı zəruriləşdirir. Sintaksis təlimində misallar, mətn parçaları mümkün qədər ədəbiyyat fənnindən keçilmiş mövzulardan seçilsə, görülən iş hər iki fənnin xeyrinə olar. Cümlə üzvlərinin sıralanmasındakı üslubi imkanlar, məqsəd və intonasiyaya görə cümlənin növləri, dil üslubları ədəbiyyatdan gətirilmiş xarakterik nümunələr əsasında mənimsədilsə daha yaxşı effekt verər. Təyinləri öyrədərkən bədii təyinlərdən, xüsusiləşmələri, ara sözləri öyrədərkən digər bədii təsvir vasitələrindən bəhs etmək təlimin keyfiyyətinə təsir etmiş olar. Fənlərarası inteqrasiya imkanları yeni dərslik komplektinin müəllimə aid metodik vəsaitində konkret göstərilmişdir. Hər bir mətnin məzmununa, məzmunun mənimsədilməsi prosesində öyrədiləcək dil qaydalarına uyğun inteqrativlik istiqamətləri müəyyənləşdirilmişdir. Bu əlaqə də süni xarakter daşımır, həmin fənlərin məzmun xətləri üzrə mənimsədilmiş biliklərə əsaslanır. Yəni, şagirdin riyaziyyatdan, fizikadan, musiqidən öyrənmədiyi biliklərlə inteqrasiyanın heç bir əhəmiyyəti yoxdur. Ümumiyyətlə, yeni dərsliklərdə fəndaxili və fənlərarası əlaqələrə lazımi miqdarda yer ayrılmış, bu əlaqələrin konkret istiqamətləri müəyyənləşdirilmişdir.Ancaq yaxşı müəllim bununla kifayətlənməməli, yeni inteqrativ əlaqə imkanları axtarıcılığında olmalıdır.
Ən mühüm sintaktik məfhumlar üzrə iş
Digər bölmələr kimi sintaksisin lazımi səviyyədə tədrisi sintaktik məfhumların şüurlu surətdə mənimsədilməsindən çox asılıdır. Məfhum dedikdə, ayrı-ayrı tərif və qaydaların əzbərlədilməsini nəzərdə tutmuruq. Şagirddə hər hansı sintaktik məfhum elə yaradılmalıdır ki, onlar bu məfhumların qrammatik formalarını seçməkdə çətinlik çəkməsinlər. Məsələn, əsas məqsəd şagirdləri cümlədəki üzvləri, buradakı cümlə üzvü olmayan sözlərdən seçdirməkdən ibarət olmalıdır. Əgər şagird cümləni birləşmədən, sadə cümləni mürəkkəb cümlədən, tabesiz mürəkkəb cümləni tabeli mürəkkəb cümlədən, ismi və feli birləşmələrin ayrı-ayrı növlərini bir-birindən dəqiq fərqləndirə bilirsə, məfhumun yaxşı mənimsənildiyinə əmin olmaq mümkündür. Təriflər əzbərlədilib, lakin qrammatik formalar seçilə bilmirsə, məfhum mənimsədilməmiş sayılmalıdır. Sintaktik məfhumları çatdırarkən müəllim, ilk növbədə, çətinlikləri əvvəlcədən görməli və izahatını, praktik işlərini, əsasən, bu çətinliklərin açılmasına yönəltməlidir. Şagird nəyi qarışdıra bilər və nə üçün? Bu qarışmanın qarşısını almaqda şagirdə nə kömək edə bilər? Müəllim hər mövzunu tədris edərkən bu iki suala cavab verməyə hazır olduqdan sonra, sinfə daxil ola bilər. Əks təqdirdə o, 45 dəqiqədən səmərəli istifadə edə bilməyəcəkdir.