Sintaktik əlaqələr. Şagirdlər tabelilik və tabesizlik anlayışlarını dərk etməklə sintaktik əlaqələrin qurulma mexanizmlərini, nitqdə rolunu bilməsələr cümlənin üzvlərə ayrılmasında çətinliklərlə rastlaşacaqlar. Sintaktik əlaqə təlimində əsas çətinlik uzlaşma, yanaşma və idarə əlaqələrinin spesifik əhəmiyyətini çatdırmaqdır. Uzlaşma əlaqəsi mənimsədilərkən, ilk növbədə, şagird şəxs və kəmiyyət məfhumları ilə bağlı morfologiyadan öyrəndiklərini xatırlamalı, uzlaşmanın onların qarşılıqlı münasibətindən törədiyini bilməlidir. Yaxşı olar ki, “yaranmışam, yaranmısan, yaranmışdır, yaranmısınız, yaranmışıq, yaranmışlar sözlərindən şəxs əvəzliklərinin də iştirak etdiyi cümlələr qurun” tapşırığını icra etdirməklə xəbərin şəxsə, kəmiyyətə görə mübtəda ilə uzlaşmasını başa salmaq, cümlələrdəki xəbər və mübtədaların uzlaşması fonunda tabe, tabeedici tərəfi də dəqiqləşdirmək lazımdır. Azərbaycan dilində şəxsə görə uzlaşmanın daimi, dəyişməz olduğunu bilən, bu konstruksiyada tabe və tabeedici tərəfi müəyyənləşdirən şagird gələcəkdə üslubi səhvlərə də yol verməyəcəkdir. İdarə əlaqəsinin obyekt və relyativ əlaqəli birləşmələr arasında olduğu, ismin hal kateqoriyasının bu əlaqədə müstəsna iştirakı şagirdə çatdırılmalıdır. Yarışdan qaytmaq, onu sevindirmək, yaxşını pisdən ayirmaq, onuncuları mükafatlandırmaq, oxumağı bacarmaq, ağlayana gülmək, yaxında olmaq kimi birləşmələrə diqqəti yönəltməklə şagirdlərə başa salmaq olar ki, idarə əlaqəsi ilə yaranan birləşmələrdə tabe edən tərəf ,əsasən, fellərdən ibarət olur. Ancaq, fellər də ismin yiyəlik halı ilə əlaqədar olmur və onu idarə etmir. Fel olmayan nitq hissələri ilə idarə (Mahmudun anası, tablonun gözəli, tələbələrdən biri) də unudulmamalıdır. Şagirdlərə tabeedici sözlər təqdim etməklə idarə əlaqəsi ilə formalaşan birləşmələr yaratmağı tələb etmək müxtəlif variantlı cavablar üzrə praktik işə imkan yaradar. Formal qrammatik vasitələrin iştirak etmədiyi yanaşma əlaqəsini isə uzlaşma və idarə əlaqəsindən sonra mənimsətmək asandır. Müəllim şagirdlərinə anlatmalıdır ki, əgər birləşmədə əvvəl öyrəndiyimiz sintaktik əlaqələr yoxdursa, birləşmədəki əlaqə yanaşmadır. Yanaşma ismin ismə (dəmir qapı, qızıl saat), sifətin ismə (paxıl adam, gənc qız), sayın ismə (ikinci il, onuncu sinif), əvəzliyin ismə ( bu oyun, hansı tədbir?), feli sifətin ismə (vuran əl, döyünən ürək), məsdərin ismə (oynamaq həvəsi, tutulmaq xəbəri) yanaşmasından başqa digər nit hissələrinin də bir-birinə yanaşması ilə də (çox zəif, beş yüz, indi gəldi və s.) formalaşır. Söz birləşmələri. Dil sistemində sözlə cümlənin sərhədində dayanan söz birləşməsi sintaksisin sonrakı mövzularının tədrisində müstəsna rol oynayır. Bu mənimsətmədə, ilk növbədə, söz birləşməsi və söz, söz birləşməsi və cümlə münasibətləri aydınlaşdırılmalı, ismi və feli birləşmələrin mahiyyəti, onların arasındakı fərqli cəhətlər dəqiqləşdirilməlidir. İlk növbədə, sabit və sərbəst söz birləşmələri haqqında aşağı siniflərdə öyrədilmiş məlumatlar yada salınmalıdır. Müəllim tədris zamanı mürəkkəb söz, mürəkkəb adları da müqayisə müstəvisində saxlamağı unutmamalı, yeri gəldikcə praktik nümunələr əsasında onları söz birləşmələri ilə müqayisə etməlidir. Şagirdlər ismi və feli birləşmələrin nələrlə ifadə olunduğunu, onların növlərini dəqiq bilməlidir ki, I növ təyini söz birləşməsinin tərəflərinin ayrı-ayrı sintaktik suala cavab verdiyini, əksər hallarda cümlənin ayrı-ayrı üzvləri ola bildiyini dərk etsin. I növdən fərqli olaraq II, III növ təyini söz birləşmələrinin isə bütövlükdə bir cümlə üzvü kimi vahid sintaktik suala cavab verdiyini praktik dərk etsin. Bundan sonra ismi birləşmələrin növlərini fərqləndirən aşağıdakı əlamətlərə diqqət yetirilməlidir: 1.Birləşmələrin eyni əlamətləri: a) üçü də ən azı iki sözün birləşməsindən ibarətdir; b) üçü də bir ritmik bölgüyə malikdir; c) üçünün də birinci və ikinci tərəfi vardır. 2.Birləşmələri fərqləndirən əlamətlər: a) II və III növün hər iki tərəfi birlikdə bir sintaktik suala cavab verir və bütövlükdə cümlənin də bir üzvü olur; b) I növün birinci tərəfi həmişə təyin, ikinci tərəfi isə cümlənin müxtəlif üzvü ola bilir, tərəflərin heç biri hal və mənsubiyyət şəkilçi qəbul etmir, tərəflər arasına “bir” sözü artırmaq (böyük bir çinar) olur və məntiqin tələb etdiyi müstəsna hallarda tərəflər birlikdə bir cümlə üzvu olur; c) II növün birinci tərəfi şəkilçi qəbul etmir, ikinci tərəfsə mənsubiyyət şəkilçisi qəbul edir və tərəflər arasına heç bir söz daxil etmək mümkün deyildir; ç) III növün birinci tərəfi yiyəlik hal, ikinci tərəfi mənsubiyyət şəkilçisi qəbul edir, tərəflər arasına istənilən qədər söz artırmaq mümkündür. Orta məktəb proqramında qeyri-təyini söz birləşmələrinə diqqət yetirilməsə də, müəllim bu barədə qismən məlumat verməlidir ki, şagirdlər boynu bükük, əlində silah, dağlardan uca, ellərdən ellərə və s. kimi birləşmələrlə rastlaşanda tərəddüddə qalmasınlar. Bundan başqa onlara ismi birləşmələri cümlədə tapmaq üçün əlavə məlumatlar da verilməlidir. Məsələn, cümlədəki sözlər yiyəlik hal və mənsubiyyət şəkilçisi qəbul etməyibsə, bu cümlədə II, III növ təyini söz birləşməsi axtarmağa dəyməz. Müstəsna hallarda belə vəziyyətlər olan cümlələr sintaktik təhlilə cəlb edilsə, ümumi mənimsəmənin xeyrinə olar. Morfologiya bəhsində feli sifət, feli bağlama və məsdər barədə verilmiş biliklər yada salınmaqla feli birləşmələrin (feli sifət, feli bağlama, məsdər birləşmələri) öyrədilməsinə diqqət ayrılmalıdır. Şagird feli sifət, feli bağlama, məsdər şəkilçilərini və sintaktik əlaqələri unutmayıbsa, feli birləşmələrin mənimsədilməsi çətin olmayacaqdır. Şagirdin yaddaşına yazılmalıdır ki, cümlədə feli sifət, feli bağlama və məsdər yoxdursa, feli birləşmələrdən söhbət gedə bilməz. Şagirdlərə feli sifət, feli bağlama və məsdərlər özündən əvvəlki sözləri və ya söz birləşmələrini idarə etməklə birləşmələr yaratdığını, bu birləşmələrin bir sintaktik suala cavab verərək cümlənin bir tərkib üzvü olduğunu praktik olaraq aşılamaq lazımdır. İmkan yarandıqca “Ad+fel”, “Fel+fel”, “Zərf+fel” formalı feli birləşmələr, adlıq, təsirlik, yönlük, yerlik, çıxışlıq hallı, qoşmali feli birləşmələr praktik təhlilə cəlb edilməli, birləşmə daxili silsilə birləşmələrdən də söhbət açılmalıdır. Yaxşı olar ki, həm ismi, həm də feli birləşmələr barədə cümlə üzvlərinin tədrisindən sonra bir daha sintaktik ifadə vasitəsi kimi bəhs edilsin.