Sintaksis və durğU İŞARƏLƏRİ TƏLİMİ


Cümlənin intonasiyaya görə növləri



Yüklə 54,11 Kb.
səhifə4/7
tarix21.12.2022
ölçüsü54,11 Kb.
#76934
1   2   3   4   5   6   7
Sintaksisin tədrisi metodikası

Cümlənin intonasiyaya görə növləri. Biz nitq daşıyıcımız olan cümlələrdən beynimizdə “istehsal etdiyimiz” müəyyən fikirləri çatdırmaq məqsədi ilə istifadə edirik. Bu məqsəd də cümlədə müəyyən intonasiya, müəyyən formal qrammatik ifadə vasitələri tələb edir. Şifahi nitqin, ifadəli qiraətin özü də, əsasən, düzgün tələffüzdən, fasilə və intonasiyanı düzgün gözləməkdən ibarətdir. İntonasiyanın yaratdığı emosional-ekspressiv münasibəti isə formal qrammatik vasitələr belə yaratmağa qabil deyildir.
Cümlənin intonasiyaya görə növlərinin (nəqli, sual, əmr, nida) tərifini öyrədib, onların arasındakı fərqi bəsit şəkildə şagirdə çat­dır­maq­la kifayətlənmək olmaz. Şagird nitqindəki üslubi çatışmazlıqlar, səhvlər də cümlənin intonasiyaya görə növlərini mənimsətmə prosesində müəllimin üslubi cəhətlərə laqeyd münasibət bəsləməsindən irəli gəlir.
İlk növbədə, şagirdlərə nəqli cümlənin dildə oturuşmuş ümumi qaydalar əsasında qurulduğunu, söz sıralanmasının, həqiqi, düzgün ifadənin onda təşəkkül tapdığını mənimsətmək lazımdır. Kütləvi ünsiyyət vasitəsi kimi nəqli cümləni, onun ifadə vasitələrindəki zənginliyini başa saldıqdan sonra sual, əmr, nida cümlələrinin qrammatik və üslubi xüsusiyyətlərini başa salmaq daha asandır.
Müəllim, ilk növbədə, cavab almaq məqsədli sual cümlələrinin intonasiya, sual ədatı, sual əvəzlikləri ilə əmələgəlmə variantlarını mənimsətməli və şagirdlərdə sual cümlələri qurmaq vərdişləri yaratmalıdır. Bunun üçün o, verdiyi sualların sintaktik quruluşuna diqqət etməli, nitqindəki ritorik sualları məqamında işlətməli və öyrəncilərini də beleə üslub fiqurlarından istifadə etməyə alışdırmalıdır.
a) İntonasiyaya görə düzələn sual cümlələrində məntiqi vurğu altında söz sırasının dəyişdirilməsi bir üslubi manevrdir və nitqin emosionallığına da təsir göstərir. Məsələn, Anan yoxdu?, Yoxdu anan? sual cümlələrinin hər ikisini yerinə görə düzgün hesab etmək olar.
b) Sual əvəzlikləri ilə işlənənlər: O güzgüdən hamı keçdi, sən niyə keçə bilmədin?, Bu Ramizi kim aparar, Bu Ramiz olmayan yerə? (R.Rövşən)
c) İçərisində sual ədatları (-4), məgər, yoxsa, görəsən kimi ədatlar işlədilən sual cümlələri: Haqqa ümid varmı, yoxmu? Çörəkçilər acmı, toxmu? Yüz ildi “doydum” demirəm, əlimdən bezdimi dünya? (M.Nağı), Görəsən, bir azca səni unudub, birtəhər başımı qatarammı heç? Yoxsa bizsiz də yaz olur, Gilənarlar çicəkləyir? (R.Rövşən)
Sual cümlələrindən fikrin emosional şəkildə ifadə edil­mə­si məqsədilə də istifadə etmək mümkündür; məsələn: “Mən çox dustaqlar görmüşəm, amma ömrümdə beləsinə rast gəl­mə­mişəm. Belə də mətanətli insan olarmı? Onu sabah sə­hər edam edəcəklər, heç gör halına təfavüt edirmi?” (H.Əfəndiyev).
Şübhəsiz, bu parçadakı fikir - “Belə mətanətli insan ol­maz. Onu sabah səhər edam edəcəklər, heç halına təfavüt et­mir” – cümləsinə nisbətən qüvvətli ifadə edilmişdir. Yaxud: “Ay sağ olmuş! Kimdir elə şeyləri axtaran?” (N.Nərimanov). Bu cümlədə də -“Ay sağ olmuş! Elə şeyləri axtaran yoxdur”-cümləsinə nisbətən daha emosional və təsirlidir.
Əmr cümlələri xahiş, öyüd, nəsihət, tələb, istək məzmununa da sahibdir, onları şagirdlər bu qəliblərdə də işlətməyi bacarmalıdırlar. Bu cümlələrin təhrik obyekti I, II, III şəxslər olsa da, belə cümlələrin xəbəri, əsasən, II şəxsə aid olur. Bu məqamda konkretlik, digərlərində isə ümumilik özünü göstərir. Yəni əmrin ikinci şəxsə yönəlməsində “oxu atıb, yayı gizlətmək” mümkün deyildir.
Nida cümlələri fikrin emosionallığını, təsir gücünü artırır, nitqə lirik, dramatik çalar qatır. Bu cümlə kontekstində xitabların, sual əvəzliklərinin və söz təkrarlanmalarının xüsusi rolu vardır. Təbrik, alqış, tost, istək, arzu bildirmək üçün nidalardan istifadə edilir. Elmi üslubda nidalardan istifadə nadir hallarda olur.
Cümlə üzvləri. Şagirdlər cümlə üzvünün ifadə vasitəsini və sintaktik sualın verilməsini yaxşı öyrəniblərsə, cümlə üzvünü dəqiq müəyyənləşdirə biləcəklər. Cümlə üzvləri haqqında verilən dəqiq anlayışlar sintaktik sualları praktik mənimsətmək üçün təhlilə sözü çox, cümlə üzvləri az olan cümlələr seçmək səmərəlidir. Seçilmiş cümlələrdə qoşma, bağlayıcı, ədat və modal sözlər və xitablar da olsa şagirdlər cümlə üzvlərinin hüdudlarını müəyyənləşdirməkdə çətinlik çəkməzlər.
Təlimdə, ilk növbədə, məna və qrammatik cəhətdən cümlənin əsasını təşkil edən baş üzvləri mənimsətmək, sonra ya baş üzvləri, ya da bir-birini aydınlaşdıran ikinci dərəcəli üzvləri öyrətmək məqsədəuyğundur. Mənimsədilmə trayektoriyasında mübtədanı müəyyənləşdirməkdə rolu olan və sintaktik təhlil prosesində özünü daha tez birüzə verən xəbər önə çıxardılmalıdır. Leksik və sintaktik vahidlər mübtə­da və xəbərin ifadə vasitələri kimi sistem halında nəzərdən keçirilməlidir.
Tamamlığın tədrisində onun adətən feli xəbərə (bəzən sifət, qeyri-müəyyən say və bəzi zərflərlə ifadə olunan ismi xəbərə) aid olduğunu, ismin adlıq və yiyəlik hallarından başqa digər hallarla sözlərlə ifadə olunub əşyalılıq bildirdiyini, hərəkətlə obyekt arasındakı əlaqənin xarakterinə görə vasitəli, vasitəsiz növlərə bölündüyünü şagirdlərə çatdırmaq lazımdır.. Həmçinin şagirdlər vasitəli tamam­lıq­ların ismin yönlük, yerlik, çıxışlıq halları və qoşmalı birləş­mə­lərlə, vasitəsiz tamamlığınsa ancaq ismin tə­sirlik halında olan söz və birləşmələrlə ifadə olunduğunu bilməlidirlər. Mənimsətmədə formal əlamə­ti­nə görə mübtəda ilə qarışdırılan qeyri-müəyyən vasitəsiz tamamlığın üzərində xü­su­si dayanmaq zəruridir. Bu məsələni ayırd etmək üçün şagirdlərin morfologiya bəh­sin­də öyrən­dik­ləri ayırma üsulunu yada salmaq kifayətdir.
Təyinin digər zümlə üzvlərinə aidlik dərəcəsi, ifadə vasitələri və sintaktik sualları diqqətlə mənimsədilməli, şagirdlər təyinlərin məna növlərini (keyfiyyət, müqayisə, miqdar, sıra, işarə, hərəkət, zaman, məkan təyinləri) praktik təhlillərdə fərqləndirə bilməyi bacarmalıdırlar.
Zərf­lik­lərin məna növlərini, onları bir-birindən fərqlən­dirən xüsu­siy­yətləri şa­gird­lərə elə çatdırmaq lazımdır ki, onlar həm bu növ­ləri bir-birindən fərqləndirə bilsinlər, həm də bəzi zərf­lik­ləri təyin və tamamlıqlarla qarışdırmasınlar. Yadda saxlamaq lazımdır ki, cümlə üzvlərini yaxşı mənimsəyən şa­gird cümlənin növlərini öyrənməkdə də çətinlik çəkməyə­cəkdir.
Cümlənin şəxsə görə növləri. Şagirdlər artıq cümlə nədir? Söz birləşməsi ilə cümlənin fərqi nədir? Cümlə hansı üzvlərdən ibarət olur? Həmcins üzvlü cümlə nə deməkdir? Cümlə üzvünün əlavəsi dedikdə nə anlaşılmalıdır? Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlərin – xitab və ara sözlərin xüsusiyyətləri nədən ibarətdir? suallarına aydın cavab verməyi bacarırlar. İndi artıq cümlənin şəxsə görə, üzvlərin iştirakına görə cümlələrin növlərini öyrətmək üçün tam şərait yaranmış olur.
Cümlənin şəxsə görə növləri (müəyyən, qeyri-müəy­yən və ümumi şəxsli, şəxssiz) mənimsədilərkən mübtə­da­lı və mübtədasız müəyyən şəxsli cümlələrin nitqdə daha çox işlənməsini, qeyri-müəyyən şəxsli cümlələrdə hərəkətin qeyri-müəy­yən şəxs tərəfindən icra olunduğunu xarakterik misallarla şagirdlərə çatdırılmaq gərəkdir. Onlar qavramalıdırlar ki, ümumi şəxsli cümlələrdə hərəkət ümumiyə şamil edilir, xəbəri III şəxsin təkində formalaşan şəxssiz cümlələrdə isə mübtəda təsəvvür belə olunmur.
Müxtəsər və geniş cümlələri isə şagirdlər cümlədə sözlərin çoxluğuna, azlığına görə deyil, ikinci dərəcəli üzvlərin iştirakına əsasən fərqləndirməyi bacarmalıdırlar. Sintaktik təhlillərdə üç sözlü geniş, altı-yeddi sözlü müxtəsər cümlələrlə rastlaşa bilərik. Altı-yeddi sözlü cümlədə ikinci dərəcəli cümlə üzvü yoxsa, cümlə müxtəsər cümlədir.
Söz cümlə və adlıq cümlə tədrisində “bəli”, “xeyr”, “var” “söz-cümlə”lərin fikrin təsdiqi və ya inkarını bildirməsi, ayrı-ayrı sözlərin və ya söz birləşmələrinin xəbərlik, şəxs şəkilçisi qəbul etmədən sadalanaraq fikri “adlıq cümlə” formasında ifadə etməsi də diqqətdən yayınmamalıdır. Şagirdlərə belə sözlərdən nitqdə məqamına görə istifadə bacarığı aşılanmalıdır.
Mürəkkəb cümlə. Bu bölməni öyrənərkən şagirdlər, ilk növbədə, mürəkkəb cümlə anlayışının mahiyyətini, onun növlərini, tabeli və tabesiz mürəkkəb cümlələri bir-birinə bağlayan vasitələri, onların arasında işlənən durğu işarələrini və belə cümlələrin sintaktik təhlil qaydasını bilməlidirlər. Xüsusilə, tabesiz və tabeli mürəkkəb cümlələri düzgün fərqləndirməyin, müstəqil və qeyri-müstəqil ifadələ­rinin dəqiqləşdirilməsinin təlimdə böyük əhəmiyyəti vardır. Yəni şagirdlər bilməlidir ki, tabesiz mü­rək­kəb cümləni əmələ gətirən sadə cümlələr bərabərhü­quq­lu, biri digərinə nisbətən müstəqildirsə, əksinə tabeli mürəkkəb cümləni əmələ gətirən komponentlər qeyri-bərabər hüquq­lu­, biri digərindən asılıdır. Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasındakı məna əlaqələri (zaman, ardıcıllıq, səbəb-nəticə, qarşılaşdırma, aydınlaşdırma, bölüşdürmə) mənimsədilərkən müqayisə metodunun didaktik imkanlarından istifadə etmək məqsədəuyğundur.
Tabeli mürəkkəb cümlələrin tərkib hissələri arasında tabelilik əlaqəsinin mövcudluğu, tabe edən cümlənin baş cümlə, tabe olan cümlənin budaq cümlə adlanması, onları bir-birinə bağlayan vasitələr də müqayisə və müəllimin şərhi metodlarının imkanları səviyyəsində araşdırılmalı, dəqiqləşdirilməlidir. Bundan başqa budaq cümlənin növlərə ayrılması səbəbləri, hər növün mürəkkəb cümlə sistemindəki yeri aydınlaşdırılmalıdır. Nəzəri mülahizələr, praktik işlər vasitəsilə mübtəda budaq cümləsi tamamlıq, tərzi-hərəkət budaq cümləsi təyin budaq cümlələri ilə müqayisə müstəvisinə çəkilməli, onların spesifik əlamətləri, oxşar və fərqli cəhətləri nümunələrlə təhlil edilməlidir. Bu zaman ayrı-ayrı budaq cümləli tabeli mürəkkəb cüm­lə­lər­dəki fikri onların sadə cümlə sinonimləri ilə müqayisəli şəkildə vermək həm bunları fərqləndirməyə kömək edir, həm də sinonimik vasitələr hesabına şagird nitqinin zənginləşməsi təmin edilmiş olur.



Yüklə 54,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin