Slavyan olkeleri tarixi. 1917-2015. pdf


SSRİ 1960-cı illərin ikinci yarısı – 80-ci illərin ortalarında



Yüklə 1,22 Mb.
səhifə59/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   55   56   57   58   59   60   61   62   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

SSRİ 1960-cı illərin ikinci yarısı – 80-ci illərin ortalarında




İctimai-siyasi hayat. N.S.Xruşşovun istefası ilə onun başladığı ictimai-siyasi həyatın liberallaşması prosesinin dəyişiklikləri dayandı. N.S.Xruşşovun istefasının təşəbbüskarı və təşkilatçılardan biri olan L.İ.Brejnev Sov.İKP MK-nın Birinci katibi (1966-cı ildən Baş Katibi) seçildi. Brejnev Leonid İliç (1906-1982) Yekaterinoslav quberniyasının Kamensk qə- səbəsində fəhlə ailəsində doğulmuşdur. 1935-ci ildə Metallurgiya İnstitutunu bitirmiş, 1939- cu ildən partiya işinə keçmişdir. Böyük Vətən müharibəsində siyasi işçi kimi iştirak edərək general-mayor rütbəsində 4-cü Ukrayna cəbhəsinin siyasi idarəsinin rəisi olmuşdur. Qazaxıs- tan KP MK-nın birinci katibi kimi xam torpaqların mənimsənilməsində iştirak etmiş, 1960-cı ildən SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçilmişdir. N.S.Xruşşovun istefasının təşkilat- çılarından biri olan L.İ.Brejnev 1964-cü ilin oktyabrın 14-də Sov.İKP MK-nın Birinci katibi seçildi. Yeni birinci katib yumşaq, təvazökar, protokol qaydalarına ciddi əməl edən partiya rəhbəri kimi tarixə düşmüşdür. Xüsusilə, ömrünün son illərində təntənəyə, təltiflərə, tərifə alüdə olan L.Brejnevin dörd dəfə Sovet İttifaqı Qəhrəmanı, Sovet İttifaqı Marşalı, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, Müdafiə Şurasının sədri adları və vəzifələrinə sahib olmuş- dur. Onun ünvanına yağan tərif və təltifləri uzun müddət sovet cəmiyyətində isteza və riş- xəndlə qarşılanmışdır. Eyni zamanda çox ehtiyatlı və mühafizəkar bir şəxs olan L.İ.Brejnev cəmiyyətdə sabitliyin təmin edilməsinə xüsusi önəm verirdi.
SSRİ Nazirlər Sovetinin sədri təyin edilən A.Kosiqin, Xarkov vilayət partiya komitə- sinin sabiq katibi, Mərkəzi Komitənin kadr məsələsi üzrə katibi olan N.Podqornı, Rəyasət Heyətinin tərkibinə daxil edilən P.Şelest, MK-nın katibi, Partiya Nəzarət komitəsinin sədri, Nazirlər Sovetinin sədr müavini N.Şelepin və Rəyasət Heyətinin üzvü, ideologiya sahəsində məsul şəxs M.Suslov yeni hakimiyyətin nüvəsini təşkil edirdilər. 1964-cü ildəki noyabr Plenumu N.S.Xruşşovun dövründə sənaye və kənd partiya təşkilatlarına bölünən orqanları bütün səviyyələrdə, o cümlədən sovet, həmkarlar, komsomol təşkilatlarının vahid bir təşkilatlarda birləşmələrini qərara aldı. 1964-cü ilin dekabrından başlayaraq diyar, vilayət və rayon komitələri bərpa edildi. 1965-ci ildə xalq təsərrüfatı şuraları ləğv olundu və iqtisa- diyyatın sahələr üzrə idarə edilməsi prinsipi bərpa edildi. 1966-cı ildə Sov. İKP-nin XXIII qurultayında N.S.Xruşşovun şəxsi təşəbbüsü ilə partiyanın nizamnaməsinə daxil edilən seçkili partiya orqanları rəhbərlərinin vaxtaşırı məcburi dəyişdirilməsi qaydası nizamnamədən çı- xarıldı. İ.Stalin dövrünün qorxusu və N.Xruşşov dövrünün saysız-hesabsız yenilikləri ilə ümidsizliyə qapanan partiya aparatı yeni hakimiyyətin partnomenklaturanı şəriksiz hakimiy- yətə qovuşdurmasını sevinclə qarşıladı. L.İ.Brejnev XXIII qurultayda Baş Katib seçildi, Mərkəzi Komitənin Rəyasət Heyəti yenidən Siyasi Büro adlandırıldı. Mərkəzi Komitənin üzvlərinin sayı 1966-cı ildəki 300 nəfərdən 10 il ərzində 40 faiz artaraq 420 nəfərə çatdı. Şəxsi sədaqətin və başda duran rəhbərə danışıqsız tabe olmaq vərdişlərinin işçinin qabi- liyyətindən ön plana keçdiyi 70-ci illərdə özünəməxsus “sovet feodalizmin” xatırladan partiya ailəçiliyi yüksək həddə çatmışdır. Buna qarşı İ.Satlin dövlət terroru, N.S.Xruşşov isə qanuni vasitələrlə uzun müddət mübarizə aparmışdır.
Ölkənin yeni rəhbərləri Sov.İKP MK-nın Birinci katibi L.Brejnev ilə SSRİ Nazirlər Sovetinin sədri A.Kosiqin arasında iqtisadi strategiyanın müəyyən edilməsində fikir ayrılığı mövcud idi. L.Brejnev ilk olaraq kənd təsərrüfatı, ağır sənaye, müdafiənin, 1972-ci ildən isə “Sibirin mənimsənilməsinin” tərəfdarı idi. Hökumətin başçısı A.Kosiqin vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinin əsası olan yüngül sənayeni ön plana çəkirdi. Kosiqin Aleksey Nikolayeviç (1904-1980) Peterburqda fəhlə ailəsində doğulmuşdur. Vətəndaş müharibəsi illərində Qızıl Ordu sıralarında xidmət etmiş, Leninqrad Toxuculuq İnstitutunu bitirmişdir. 1940-1946-cı illərdə SSRİ XKS sədrinin müavini kimi müəssisələrin şərqə köçürülməsi və orada ölkənin sənaye bazasının yaradılması işinə rəhbərlik etmişdir. Maliyyə, yüngül və ərzaq sənayesi nazirləri, SSRİ Dövlət Plan Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1964-1980- ci illərdə SSRİ Nazirlər Sovetinin sədri, Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuşdur.
İqtisadi srategiyanın müəyyən edilməsində olduğu kimi siyasi məsələlərin həlli yolunda
da partiya rəhbərliyi arasında fikir ayrılığı və çəkişmələr qalırdı. Siyasi məsələlərin həllinə mühafizəkar münasibətin tərəfdarları L.Brejnev və özünü partiyalılıq prinsipinə söykənən təmiz sovet ideologiyasının qoruyucusu kimi təqdim edən M.Suslov idi. Onların belə müha- fizəkar mövqeyi 70-ci illərin ikinci yarısında daha da güclənərək A.Kosiqinin texnokrat is- tiqamətli tədbirlərinin məhdudlaşdırılmasına, bəzi partiya liderlərinin mövqelərinin zəiflə- dilməsinə yönəlmişdir. Partiya və dövlətin üst qatlarında yerləşən rəhbər kadrların iddia və vəzifə çəkişmələri 1965-ci ilin sonuna doğru N.Xruşşovun istefaya göndərilməsinin təşkilat- çılarından olan N.Podqornı və A.Şelepinin mövqeyinin xeyli zəifləməsi ilə müşayiət olundu. A.Şelepin Mərkəzi Həmkarlar Şurasının sədri təyin edilərək əslində dövlət hakimiyyətindən uzaqlaşdırılmış oldu. N.Podqornı isə fəxri kürsü hesab edilən SSRİ Ali Sovetinin sədri seçildi. A.N.Şelepinin dostu, onu DTK-nin başçısı vəzifəsində əvəz etmiş V.S.Semiçastnı 1967-ci ilin martında Stalinin qızı S.Alliluyevanın daimi yaşamaq məqsədi ilə Qərbdə qaldığı səbəbi ilə vəzifəsini itirdi.
1966-cı ilin aprelində Sov.İKP-nin XXIII qurultayında Baş katib seçildikdən sonra L.İ.Brejnev müharibəyə kimi siyasi fəaliyyətə başladığı Dnepropetrovskidən olan kadrları öz
ətrafına yığmağa başladı.1966-cı ildə N.Podqornını Mərkəzi Komitənin katibi vəzifəsində “dnepropetrovski qruplaşmasına” daxil olan A.Kirilenko əvəz etdi. L.Brejnevə yaxın olan K.U.Çernenko, V.V.Şerbitski, D.A.Kunayev, N.A.Şelokov mühüm vəzifələrə təyin edildi.
Ağır sənaye, hərbi sənaye kompleksi və müdafiənin inkişafına üstünlük verən L.Brej- nevin həyata keçirdiyi tədbirləri hərbçilər müdafiə edirdi. 1966-cı ilin əvvəllərində hərbçilər elan edilən azalan hərbi xərclərin yenidən baxılmasına nail oldular. Müdafiə sənayesinə rəhbərlik edən general D.F.Ustinov Mərkəzi Komitə Siyasi Bürosunun üzv namizədliyinə və Katibliyin tərkibinə daxil edildi.1967-ci ilin martında Müdafiə Naziri P.Y.Malinovski vəfat etdikdən sonra bu vəzifəyə hərbçilərin təkidi ilə A.A.Qreçko təyin olundu.Yalnız onun ölümündən sonra 1976-cı ilin aprelində D.Ustinov Müdafiə Naziri təyin edildi.1976-cı il mayın 7-də L.İ.Brejnev Sovet İttifaqı Marşalı oldu.6slində bu partiya liderinin hərbçilərin rəhbəri ilə işbirliyinin nəticəsi idi. İki gün keçdikdən sonra Dnepropetrovsk əhalisi öz həmyerlilərinin əzəmətli heykəlinin açılışında iştirak etdilər.
70-ci illərdə tamamilə aydın oldu ki, 1961-ci ildə Sov.İKP Proqramında elan edilən kommunizm quruculuğu konsepsiyası həqiqətdən çox uzaq olub daha çox mifə bənzəyir. Odur ki, sovet rəhbərliyi kommunizm quruculuğu və dövlətin ölüb getməsi yerinə marksizm- leninizm klassiklərinin əsərlərində belə olmayan inkişaf etmiş sosializm konsepsiyası irəli sürdü. 1966-cı ilin dekabrın 21-də F.M.Burlatski “Pravda” qəzetində “İnkişaf etmiş sosializm cəmiyyəti quruculuguna dair” məqalə çap etdirmişdir. 1967-ci ildə Oktyabr inqilabının 50 illyi ilə əlaqədar nitqində L.İ.Brejnev elan etdi ki, SSRİ-də artıq inkişaf etmiş sosializm cəmiyyəti qurulmuşdur. Bu yeni anlayış nəzəriyyə ilə həyat arasındakı uçurumu xeyli azaldaraq uzun bir tarixi mərhələni əhatə etməklə kommunizm quruculuğun, dövlətin ölüb getməsin sonu bəlli olmayan uzaq gələcəyə istiqamətləndirirdi. 1977-ci il oktyabrın 7-də qəbul edilən Sovet Sosialist Respublikalar İttifaqının Konstitusiyası (6sas Qanunu) SSRİ-də inkişaf etmiş sosializmin qurulduğun təsbit etdi.1977-ci il L.İ.Brejnev Konstitusiyası girişdən, 9 bölmədən, 21 fəsildən, 174 maddədən ibarətdir. Müqayisə üçün qeyd edək ki, 1936-cı il Konstitusiyasının yalnız 13 fəsli, 146 maddəsi var idi.
Yeni sovet Konstitusiyası elan etdi ki, SSRİ artıq proletariat diktaturası dövləti olmayıb “fəhlələrin, kəndlilərin və ziyalıların, ölkənin bütün millət və xalqlarının zəhmətkeşlərinin iradəsini və mənafeyini ifadə edən sosialist ümumxalq dövlətidir”. Sovet dövlətinin ümum- xalq xarakteri Sovetlərin yeni xalq deputları sovetləri adında öz əksini tapmışdır. Bütün ha- kimiyyətin SSRİ-nin siyasi əsasını təşkil edən xalq deputatları sovetlərinə məxsus olması təs- bit edilsə də real olaraq bütün səviyyələrdə sovetlərin əslində heç bir hakimiyyət yox idi, on- lar yalnız partiya orqanlarının göstəriş və qərarlarını yerinə yetirirdilər. Seçki bülleteninə “kommunistlər və bitərəflərin sarsılmaz blokundan” namizədin vahid soyadının daxil edilmə- sinin sovetlərə seçkilərin fiksiya olunduğunu göstərirdi. Konstitusiyanın 6-cı maddəsində in- kişaf etmiş sosializm cəmiyyətinin siyasi sisteminin özəyi olan Kommunist partiyasının rəh-
bər və istiqamətverici rolu rəsmi olaraq qanunvericilik yolu ilə təsbit edilmişdir. Bu rəsmi təs- bit əslində ictimai həyatın bütün sahələrində hakim rol oynayan partiya aparatının mövqeyinin formal olaraq möhkəmlənməsi idi.
N.S.Xruşşovun istefasından sonra şəxsiyyətə pərəstiş siyasətinin tənqidi demək olar ki, başa çatdı. Həbs düşərgələri və repressiyaya məruz qalan şəxslər haqqında dərc edilən məqa- lələr mətbuat səhifələrindən yoxa çıxdı. Rəsmi tənqid sovet tarixinə qara ləkə yaxanlara qarşı sipər aldı. Eyni zamanda mətbuatda İ.V.Stalinin Böyük Vətən müharibəsi dövründə Ali Baş komandan kimi xidmətlərindən bəhs edən məqalələr dərc edilirdi.Hətta Sov.İKP-nin XXIII qurultayı ərəfəsində İ.Stalinə rəsmi olaraq bəraət verilməsi nəzərdə tutulduğu halda rəhbərlik açıq olaraq XX qurultayın qərarlarına yenidən baxılmasına yol verməyərək bu məsələnin tədricən səs-küysüz həll etməyə üstünlük verdi. Çox güman ki, İ.V.Stalinin bəraəti ilə bağlı görkəmli elm və mədəniyyət xadimlərinin Mərkəzi Komitəyə yazdıqları etiraz məktubları və ziyalıların bu məsələyə mənfi münasibəti partiya və dövlət rəhbərliyini belə bir addım atmağa sövq etmişdir. 1969-cu ildə İ.V.Stalinin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq XX qurultayın kursunun dəyişdirilməsinə Sov.İKP-nin ali hakimiyyət nümayəndələri Q.İ.Voronov, K.T.Mazurov, P.M.Maşerov, D.S.Polyanski, A.N.Şelepin yenidən cəhd etsə də ziyalıların və xarici kommunist partiyaları liderlərinin kəskin etirazı buna mane oldu. Sovet rəhbərliyi “Pravda” qəzetində İ.Stalinin fəaliyyəti haqqında ehtiyatla, ölçülü bir məlumat dərc etdirməklə kifayətləndi. Rəsmi senzura G.K.Jukovun xatirələrindən ibarət olan kitabından İ.Stalin haqqındakı tənqidi fikirləri çıxardı. Tədricən İ.Stalinin obrazı kino ekranlarında, xüsusilə Böyük Vətən müharibəsindən bəhs edən filmlərdə göründü.
L.İ.Brejnevin başçılıq etdiyi partiya elitasının İ.V.Stalinin bəraitinə cəhd etməsi A.T.Tvardovskinin başında durduğu “Yeni dünya” (“Novıy mir”) jurnalının təmsil etdiyi cə- miyyətin liberal əhval-ruhiyyəli hissəsinin müqaviməti ilə üzləşdi. “Yeni dünya” jurnalının tənqidçi yazarları V.Y.Lakşin, İ.T.Vinoqradov, A.İ.Kondratoviç ədəbiyyatda Stalin ənənələ- rinə qarşı barışmaz mübarizə aparırdılar. “Yeni dünya” jurnalının əsas opponentləri ehkamçı stalinçi mövqeyi müdafiə edən “Oktyabr” və “Molodaya qvardiya” jurnalları idi.1969-cu ildə “Oktyabr” jurnalının baş redaktoru V.A.Koçetov “Sən nə istəyirsən” (Çeqo je tı xoçeş”) ro- manın çap etdirdi ki, bu da cəmiyyətdə ziyalılara həcv kimi qəbul edildi. “Pravda” qəzeti “Yeni dünya” jurnalın düzgün olmayan ideya mövqeyinə, “Oktyabr” jurnalın çap edilən
əsərlərin keyfiyyətinə aşağı tələbkarlığa görə tənqid etdi. “Molodaya qvardiya” jurnalı 60-cı illərin ortalarından milli əsaslara söykənən mövqedən çıxış edirdi. Onun müəllifləri M.Lo- banov, S.Semanov, V.Çalmaev Rusiyanın özünəməxsus inkişafını önə çəkərək mədəniyyətin amerikalılaşdırılmasına etiraz edir, Rusiyanı qəti olaraq Qərbə, ziyalıları isə xalqa qarşı qoyaraq açıq millətçiliyə meyl edirdilər.
60-cı illərin axırlarında A.T.Tvardovskinin “Gizli Nəşr”də, sonra Qərbdə çap etdirdiyi “Yaddaş haqlılığı” (“Po pravu pamyati”) şəxsiyyətə pərəstişin dirçəldilməsinə qarşı yönəldil- miş antistalinçi poeması “Yeni dünya” jurnalı üzərinə hücumları gücləndirdi. Jurnalı kosmo- politizmdə təqsirləndirən Yazıçılar İttifaqının katibliyi A.Tvardovskinin bir sıra əməkdaşın redaksiya heyətindən uzaqlaşdırdı və baş redaktor da istefa verməyə məcbur oldu. Artıq
əvvəlki “Yeni dünya” mövcud deyildi. Bu bir daha təstiq etdi ki, inzibati vasitələrlə öz qələbəsin təmin edən partiya aparatı və onun rəhbərləri cəmiyyətdə açıq müzakirə aparmaq qabiliyyətindən çox uzaqdırlar. Odur ki, ictimai problemlərin həllinin müzakirələri rəsmi or- qanlardan fərqli olaraq “Gizli Nəşr”lərə keçdi.
SSRİ-də partiya və dövlətin müəyyən etdiyi rəsmi mədəniyyətin mühafizəkar xarakteri artdıqca rəsmi olmayan, alternativ mədəniyyət geniş miqyas aldı. Daha çox əhəmiyyət kəsb edən bədii ədəbiyyat əsərləri “Gizli Nəşr”lər vasitəsilə çap olunurdu. A.Q.Bitovun, F.A.İskən- dərin, Vikt.V.Yerofeyevin əsərləri yalnız Qərbdə çap edilirdi. V.P.Aksenov, A.D.Sinyavski, V.N.Voynoviç, S.D.Dovlatov və b. yazıçılar xarici ölkələrə mühacirətə getməyə məcbur ol- dular.
B.Ş.Okucava, Y.İ.Vizbor və V.S.Vısotskinin müəllif mahnıları millionları coşduraraq
əsl şəhər folkloruna çevrilmişdir. V.Vısotskinin azadolmayan hissləri tərənnüm edən mahnıla-
rı cəmiyyətin müxtəlif təbəqələri arasında eyni dərəcədə şöhrət qazanmışdır. Ziyalılar ara- sında təqiblər nəticəsində Yazıçılar İttifaqı və Kinomatoqrafçılar İttifaqının üzvlüyündən azad edilən və xaricə mühacirətə getməyə məcbur olan A.A.Qaliçin bədii yaradıcılığı geniş şöhrət qazanmışdır. Liberal ziyalıların hakimiyyətlə olan əlaqələrinin gündən-günə pisləşməsi onla- rın başqa cür düşünənlər hərəkatını müdafiə etməsinə səbəb oldu.
Hakimiyyətin yeritdiyi rəsmi siyasətə qarşı öz etirazlarını açıq və mərdliklə bildirən dissident hərəkatı meydana gəldi. 1968-ci il avqustun 25-də Qızıl meydanda sovet qoşunları- nın Çexoslovakiyaya müdaxiləsinə etiraz əlaməti olaraq səkkiz nəfər, o cümlədən tələbə T.Baeva, linqvist K.Babitski, filoloq L.Boqoraz, şair V.Delone, fəhlə V.Dremlüq, fizik P.Lit- vinov, sənətşünas V.Faynberq və şairə N.Qorbanevskaya aksiya təşkil etdilər. Onların hamısı həbs edilərək həbs düşərgələrinə, sürgün və ya məcburi psixi müalicəxanaya göndərildi.
Yeni hakimiyyətin baş ideoloqu rolunu icra edən M.A.Suslov ilk gündən N.S.Xruşşov dövrünün mədəni mülayimləşmə mərhələsinə qarşı olduğunu açıq bildirdi. 1965-ci ildə yazıçılar A.D.Sinyavski “Məhkəmə gedir” (“Sud idyot”), “Lyubimov”, Y.M.Daniel “Danışır Moskva” (“Qovorit Moskva”), “Bağışlanma” (“İskuplenie”) adlı totalitazmin soaial və psixoloji mahiyyətindən bəhs edən əsərlərin xaricdə və şair V.Y.Tarsisin “Sfinks” “Gizli Nəşr” jurnalında çap etdirdikləri üçün həbs edildilər. “Sovet dövlətini və ictimai quruluşunu ləkələdikləri” üçün A.Sinyavski yeddi, Y.Daniel beş il azadlıqdan məhrum edildilər. Bu XX qurultaydan sonra SSRİ-də keçirilən birinci açıq siyasi məhkəmə prosessi kimi tarixdə öz yerini aldı.1966-cı ildə Sov.İKP-nin XXIII qurultayının ünvanına görkəmli mədəniyyət xadimləri K.İ.Çukovski, İ.Q.Erenburq, V.B.Şklovski, P.Q.Antokolski, V.A.Kaverin və b. imzası ilə yazıçılar A.Sinyavski və Y.Danielin müdafiəsi məqsədilə məktubla müraciət etdilər. Eyni zamanda yaradıcı ziyalıların bir çoxu hakim partiyanın kursunu müdafiə edirdi. Onlar arasında L.S.Sobolev, S.P.Antonov, K.A.Fedin, N.S.Tixonov, K.M.Simonov, A.A.Sur- kov, S.V.Mixalkov və b.var idi. 1968-ci ilin aprelindən dissident hərəkatı iki-üç aydan bir gizli surətdə çap etdirdiyi “Cari hadisələrin xronikası” (“Xroniki tekuşiy sobıtiy”) nəşrini buraxdı ki, burada da hakimiyyətin azadlıq üzərinə hücumları öz əksini tapırdı.
1960-cı illərin axırlarından dissident cərəyanları “Demokratik hərəkatda” birləşərək üç ideologiya istiqaməti müəyyən etdi. Bunlar öz hərəkat proqramlarına uyğun olaraq Roe və Jores Medvedevin təmsil etdikləri “əsl marksizm-leninizm”, A.Saxarovun liberalizm və A.Soljenitsinin müdafiə etdiyi “xristian ideologiyası” istiqamətləridir. Birinci proqramın ideyası ondan ibarətdir ki, İ.Stalin marksizm-leninizm ideologiyasını təhrif etdiyi üçün onun köklərinə qayıtmaqla cəmiyyəti sağlamlaşdırmaq mümkündür. İkinci proqram tədricən qərb tipli demokratiyaya ictimai mülkiyyəti qorumaq şərtilə keçməyi nəzərdə tuturdu. A.Soljenit- sinin müdafiə etdiyi üçüncü proqram xristian əxlaqı dəyərini cəmiyyətin həyatının əsası kimi irəli sürərək Slavyanofillər kimi Rusiyanın özünəməxsus ənənəsini önə çəkirdi. Xüsusilə iki görkəmli tarixi şəxsiyyət A.Soljenitsin və A.Saxarov dissident hərəkatının simvolları kimi öz ölkələrində təcrid edilməklərinə baxmayaraq bütün dünyada şöhrət qazanırdılar. 1968-ci ildə Qərbdə A.İ.Soljenitsinin “Dairədə birinci” (“V kruqe pervom”) romanı dərc edildi ki, müəllif öz həbsinin son illərini keçirdiyi Moskva altındakı Baş Düşərgə İdarəsi sisteminə daxil olan elmi institut və konstruktor bürolarında çalışan məhbusların həyatının bir hissəsindən bəhs edir. Buna cavab olaraq hakimiyyəti təmsil edənlər onu Yazıçılar İttifaqının sıralarından xaric etdilər. 1970-ci ildə A.İ.Soljenitsin ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. 1973-cü ildə yazıçının Qərbdə “Arxipelaq QULAQ” romanının birinci cildi çapdan çıxdı. 1974-cü ilin fevralında A.Soljenitsin dövlətə xəyanət maddəsilə sovet vətəndaşlığından məhrum edilərək SSRİ-dən sürgün edildi.
1970-ci ildə Sovet İttifaqında görkəmli fizik və riyaziyyatçı alim, hidrogen bombasının yaradıcılarından biri A.D.Saxarov və məhşur riyaziyyatçı İ.R.Şafareviçin iştirakı ilə İnsan hüquqlarının müdafiə Komitəsi yaradıldı. 1973-cü ildə “Beynəlxalq əfv” təşkilatının rus böl- məsi meydana gəldi. Onun üzvləri hakimiyyət orqanlarının təqibinə məruz qalan fərqli düşünənlər haqqında məlumat toplayır, onlara hüquqi və maddi yardım edir, onların fəaliy- yətinə dair məlumatları beynəlxalq mərkəzlərə ötürürdülər. Xüsusilə hakimiyyəti orduya da
sirayət edən fərqli düşünənlərin fəaliyyəti bərk narahat etdi. 1969-cu ildə Baltik flotu zabitlərinin yaratdığı “Demokratik hüquqlar uğrunda mübarizə ittifaqı” darmadağın edildi. 1975-ci ildə Baltik flotunun “Storojevoy” gəmisində üsyan başladı, heyət xalqı mövcud reji- mə qarşı çıxış etməyə çağırdı. Gəmi havadan hücuma məruz qaldı, səbəbkarlar güllələndi. Tə- qib, təzyiq və həbslərə baxmayaraq hüquq müdafiəçiləri hərəkatı artmaqda davam edirdi. Onun önəmli liderlərindən biri məhz akademik A.D.Saxarov idi. 1975-ci ildə ona hüquq mü- dafiəsi fəaliyyətinə görə Nobel sülh mükafatı təqdim edildi. Buna cavab kimi sovet hakimiy- yəti mətbuat səhifələrində akademikə qarşı ittiham dolu məqalələr çap edilməsini təşkil etdi. 1980-ci ildə isə A.Saxarov xaricilərin gedə bilmədiyi Qorki şəhərinə sürgün edildi.
1975-ci ildə SSRİ-Helsinki Yekun Aktına qol çəkdi ki, bu bir tərəfdən Avropanın müharibədən sonrakı sərhədlərinin təsdiq edildiyi üçün sovet diplomatiyasının uğuru idi, digər bir tərəfdən isə Sovet İttifaqı insan hüququna hörmət etməyi öz öhdəsinə götürdüyü üçün açıq repressiyalar artıq mümkün deyildir. Yekun aktının humanitar maddələrinin pozul- masına dair məlumat toplamaq məqsədilə Y.F.Orlovun rəhbərliyi altında sovet hüquq mü- dafiəçiləri Moskva Helsinki qrupunu yaratdılar. MHQ dissident hərəkatının başqa qrupları ilə sıx əməkdaşlıq edərək 1982-ci ilə kimi fəaliyyət göstərdi. Hüquq müdafiəçiləri hərəkatının fəal üzvlərinin sayı çox deyildi. 1975-ci ildə “siyasi ziyankar əməlinə” görə 20 min nəfərə yaxın adam DTK-nin “profilaktik tədbirlərinə” məruz qalmışdır. Ancaq “Gizli Nəşr” və xarici verlişlər nəticəsində onların fəaliyyəti ölkədə geniş əks-səda doğururdu. Hüquq müdafiəçiləri mənəvi azadlıq axtaran intellektual elita ilə qarşılıqlı əlaqə saxlayırdı.
1966-1988-ci illərdə “SSRİ vətəndaşı” yüksək adını ləkələdiyi, SSRİ dövlətinin nüfuzu və təhlükəsizliyinə zərər verdiyi üçün 100 nəfərə kimi adam, o cümlədən M.S.Voslenski (1976), P.Q.Qriqorenko (1978), V.P.Aksenov (1980), V.N.Voynoviç (1986) vətəndaşlıqdan məhrum edilmişdir.
L.İ.Brejnev və onun yaxın ətrafı sovet cəmiyyətində, hətta hakimiyyət aparatında müxa- lifətin meydana gəlməsini görməməzlikdən gələrək ölkədəki vəziyyət və onun perspektivləri haqqında açıq müzakirə açmağı qət etmədilər.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin