Sual 52. Formal və qeyri-formal uşaq qrupları, uşaqların sosiallaşmasında onların rolu Cavab: Sinif – şagird kollektivi məktəbdə uşaq kollektivinin əsas tipi olmaqla bərabər, həm də kiçik qrupdur. Sinif kiçik qrup olmaqla həm də öz spesifik xüsusiyyətlərinə görə digər qruplardan fərqlənir. Sinif şagir-müəllim, şagird-şagird münasibətlərinin mövcud olduğu sosial-psixoloji məkandır. Bu məkanın psixoloji simaları olan müəllim və şagird şəxsiyyətinin mürəkkəbliyi, ziddiyyətli olması sinif kollektivinə öz təsirini göstərir. Sosial psixologiyada kiçik qrupların məqsəd və xarakterinə görə daha iki növünü qeyd edirlər: rəsmi (formal) və qeyri – rəsmi (qeyri formal). Rəsmi qruplar rəsmi sənədlər əsasında yaradılmış qruplardır. Bu cür qruplarda münasibətlər inzibati-hüquqi yolla müəyyən olunur və tənzim edilir. Rəsmi qruplarda qrup üzvlərinin mövqeyi və davranışı ciddi qaydalarla reqlamentləşdirilir. Bu cür qruplar daima mütəşəkkil qrup olub, onun üzvlərinin hüquq və vəzifələri müvafiq təlimat və sənədlərdə öz əksini tapır. Özünün şəxsi töhfəsi və özünün xidməti və ictimai funksiyalarını yerinə yetirməsindəki məsuliyyət dərəcəsindən asılı olaraq rəsmi qrupun bütün üzvləri burada müvafiq yer, mövqe tuturlar. Bu cür rəsmi qruplara orta məktəbdəki sinifləri, ali məktəb tələbə qruplarını, kafedraları, hərbi qrupları və s. misal göstərmək olar.
Qeyri-rəsmiqruplara gəldikdə, adından göründüyü kimi, rəsmi sənədlər əsasında yaradılmayan insan birliyidir. Bu cür qrupun üzvlərinin dəqiq qeyd edilmiş məqsədi olmur. Bu cür qruplar ünsiyyət prosesində təbii yolla yaranır. Burada qrup üzvlərinin birbirinə qarşı emosional-psixoloji münasibətləri qrupun yaranması üçün əsas rol oynayır. Qeyri – rəsmi qrup da özünün müvafiq strukturu və qarşılıqlı münasibət normalarına malik olur. Lakin bu münasibətlər ilk növbədə yazılmamış qaydalar və insanların şəxsi keyfiyyətlərindən doğan münasibətlərdən ibarət olur. Bu cür qruplara öz maraqlarına görə birləşən həyət kompaniyalarını, yaxın iş və təhsil dostlarını aid etmək olar. Çox vaxt rəsmi qrupların daxilində də bu cür qeyri-rəsmi qruplar yarana bilir. Belə ki, rəsmi qrupun üzvləri bir-birinə yaxınlıq, dostluq münasibətlərinə görə qruplaşa bilirlər. Həmin qrupların mövqeyi, norma və məqsədi bütövlükdə rəsmi qrupun mövqe, norma və məqsədinə uygun gəldikdə qrupun fəaliyyətinin müvəffəqiyyətlə həyata keçməsinə imkan yaradır. Bu baxımdan psixoloqlar rəsmi kiçik qrupun müvəffəqiyyətlə fəaliyyət göstərməsinin, onun rəsmi və qeyri-rəsmi strukturlarının bir-birinə uyğun gəlməsindən asılı olduğunu qeyd edirlər.