Şəxsiyyətə yaradıcı yanaşma prinsipi. Həyata keçirilən sosial-pedaqoji fəaliyyət hər bir sosial pedaqoqun fərdi stilinə uyğun olur. Lakin bir sosial pedaqoq fəaliyyəti prosesində müxtəlif insanlarla sosial pedaqoji iş aparır və təbii ki, eyni bir insan tərəfindən həyata keçirilən pedaqoji fəaliyyət müxtəlif insanlar tərəfindən müxtəlif cür qəbul olunur. Hər bir insanla sosial iş zamanı sosial-pedaqoji iş elə yaradıcılıqla qurulmalıdır ki, obyekt onu düzgün mənimsəyə bilsin. Sosial-pedaqoqun yaradıcı fəaliyyəti fərdi xarakter daşıyır. Praktik fəaliyyətdə pedaqoq bildiklərini bacardığı səviyyədə tətbiq edə bilər, lakin onun müxtəlif insanlara tətbiqi yaradıcı xarakter daşımalıdır. Belə nəticəyə gəlmək olar ki, nəticə yalnız pedaqoqun pedaqoji bacarığından deyil, eyni zamanda onun insanlara yaradıcı yanaşmasından da asılıdır.
Sosial pedaqoqun peşəkarlığı ilə sosial-pedaqoji fəaliyyətinin qarşılıqlı əlaqəsi prinsipi.Mütəxəssisin peşəkarlığı nə qədər yüksəkdirsə, onun sosial-pedaqoji fəaliyyətin daha optimal variantını seçib, reallaşdırmaq şansı daha böyük olur. Bu prinsip sosial-pedaqoqun professional hazırlığını və təcrübəsini nəzərə almağı irəli sürür.