Mühiti nəzərəalma prinsipi. Mühit insanın özünü reallaşdırdığı yerdir. Yəni insanın inkişafının səviyyəsi mühitdən bilavasitə asılıdır.
İki insan eyni mühiti eyni cür mənimsəmir. İnsanların mədəniyyəti, inkişaf və tərbiyəlilik səviyyəsi arasındakı fərqlər də məhz bunun nəticəsində yaranır. Müxtəlif mühitdə böyümüş insanların da mədəniyyəti, inkişaf və tərbiyəlilik səviyyəsi arasındakı fərqlər mövcud olur. Buna görə də, bu prinsip sosial tərbiyə prosesində mühitin rolunu nəzərə almağı tələb edir. Mühit amili sosial tərbiyə prosesinə stimullaşdırıcı təsir göstərə, məzmunlaşdıra, neytrallaşdıra və hətta əks təsir göstərə bilər.
Sosial şərtlənmə prinsipi. Bu prinsipin mahiyyətini şəxsiyyətin formalaşması prosesində dövlət quruluşunun, siyasətin və dövlətin sosial institutlarının fəaliyyətinin təsirinin nəzərə alınması təşkil edir. Hər bir dövlətdə tərbiyə onun sosial-pedaqoji siyasətinə uyğun olaraq həyata keçirilir. Ölkəmizin siyasəti elə qurulmuşdur ki, hər bir insan geniş mənada sosial müdafiəyə malikdir.
Texnologiyalarla sosial-pedaqoji prosesin qarşılıqlı əlaqəsi prinsipi. Sosial pedaqoq insanla işləyərkən müxtəlif texnologiyalardan istifadə edir. Bu texnologiyalar çox və müxtəlifdir. Onların hər biri sosial pedaqoji fəaliyyət üçün mühüm əhəmiyyət kəsb edir. Sosial pedaqoji fəaliyyətin səmərəsi texnologiyanın düzgün seçilməsindən asılıdır. Texnologiyanın düzgün seçilməsi üçün sosial pedaqoq görəcəyi işin mahiyyətini dərk etməli, öz obyektini dərindən öyrənməli, yalnız bundan sonra texnologiyanı seçməlidir.
Bu prinsiplər arasında sıx qarşılıqlı əlaqə mövcuddur. Onlardan heç biri ayrı-ayrılıqda sosial-pedaqoji fəaliyyətin səmərəliliyini müəyyən edə bilməz.
Dostları ilə paylaş: |