Özünüqiymətləndirmə və iddia səviyyəsi
Özünüqiymətləndirmə termini iki sözdən – özünü və qiymətləndirmə sözlərindən əmələ gəlmişdir. Onun psixoloji mənası aydındır: söhbət insanın özünə verdiyi qiymətdən, özünün mən obrazını qiymətləndirmədəsindən gedir.
İnsanın özü haqqındakı təsəvvürlərinin formalaşması bilavasitə özünüqiymətləndirmə ilə bağlıdır. İnsanın özü özündə hansı cəhətləri qiymətləndirir ? Onun üçün bir insan kimi mühüm olan hərşeyi: özünün qabiliyyətlərini, mənəvi keyfiyyətlərini, əməllərini, öz imkanlarını və perspektivlərini, özünün qarşılıqlı münasibətlərini, qrup və kollektivdə, başqa adamlar içərisində tutduğu yeri qiymətləndirir və s. Bununla yanaşı müəyyən həyati situasiyalarda, xüsusilə ailədə və kollektivdə insan öz üzərinə məsuliyyət götürüb mühüm bir addım atdıqda, konflikt şəraiti yarandıqda və s.-də özünüqiymətləndirmə xüsusilə mühüm əhəmiyyət kəsb edir. Aydın məsələdir ki, özünüqiymətləndirmə mürəkkəb prosesdir: o, özünümüşahidə və özünütəhlil yolu ilə formalaşır , bu zaman insan özünə adətən başqa adamların gözüylə baxır, bir qayda olaraq, özünü onlarla müqayisə edir.
Özünüqiymətləndirmə sistemini təhlil edərkən aşağıdakı cəhətləri xüsusilə nəzərə almaq lazımdır:
Özünüqiymətləndirmə prosesində «real mən» obrazı ilə «ideal mən» obrazının müqayisə edilməsi mühüm rol oynayır. Onların bir-birinə uyğun gəlməsi psixi sağlamlığın mühüm şərtidir. Müəyyən edilmişdir ki, insanın «real mən» obrazı «ideal mən» obrazına müvafıq olduqda, o, adətən, özünü yüksək qiymətləndirir. İnsan bu iki mühüm xarakteristika arasında uçurum hiss etdikdə isə, özünü adətən aşağı qiymətləndirir. Bəzən belə hallarda insanın özü öz gözündə hörmətdən düşür.
İnsan özünün hər hansı bir keyfıyyətini qiymətləndirərkən onun yaxşı və pis keyfiyyət olduğunu necə müəyyən edir? Lap kiçik yaşından uşaqlara öyrədirik ki, «yaxşı nədir, pis nədir?». İnsan özünə qiymət verəndə bu təsəvvürlərdən etalon kimi istifadə etməyə başlayır: əgər etdiyi hərəkətlər «yaxşı» etalonuna uyğun gəlirsə, onları müsbət, «pis» etalonuna uyğun gəlirsə mənfi qiymətləndirir. Yaş artdıqca, insanın sərvət meylləri formalaşır, ideallarının xarakteri dəyişir və buna müvafiq olaraq onun etalonlar sistemi mürəkkəbləşir. Biz hər hansı bir adamın özünü necə qiymətləndirdiyini aydınlaşdırmaq üçün onun özünü hansı etalonla tutuşdurduğunu, özünə hansı etalona əsasən qiymət verdiyini bilməliyik. Bu yolla biz həm də onun «ideal mən»inin məzmununu təhlil etmək imkanı əldə edirik. Çünki müvafiq etalonlar «ideal mən»də xüsusi yer tutur.
İnsanın özünəməxsus qiymətlər sistemi vardır. Bir tərəfdən, insan özü-özünü qiymətləndirir, digər tərəfdən, onun davranış və rəftarı mənsub olduğu qrup tərəfindən qiymətləndirilir. Bundan başqa, adam bu və ya digər tərzdə hərəkət edərkən ətrafdakı adamların, o cümlədən iş yoldaşlarının və dostlarının onu necə qiymətləndirəcəklərini nəzərə alır. Buna gözlənilən qiymətlər deyilir. Qrupun şəxsiyyətə verdiyi qiymətlərlə gözlənilən qiymətlər bir-biri ilə vəhdətdə olsa da, onları eyniləşdirmək olmaz. Qrupun şəxsiyyətə verdiyi qiymət real qiymətdir.
Psixoloji tədqiqatlar özünüqiymətləndirmənin üç səviyyəsini müəyyənləşdirmək imkanı verir: Adekvat özünüqiymətləndirmədə şagird özünün ayrı-ayrı keyfıyyətlərini əsasən düzgün qiymətləndirir. Tutaq ki, onun qabiliyyəti «10»a-bərabərdir. O,özünə «10» qiymət verir. Qeyri-adekvat yuxarı qiymətlər - şagird özünün ayrı-ayrı keyfıyyətlərini olduğundan yüksək qiymətləndirir . Tutaq ki, onun qabiliyyətləri «10»-a bərabərdir.O, özünə «15», bəzən 20, hətta daha yüksək, məsələn, 50 qiymət verir.
Qeyri-adekvat aşağı qiymətlər - şagird özünün ayrı-ayrı keyfiyyətlərini layiq olduğundan aşağı qiymətləndirir. Tutaq ki,onun qabiliyyətləri «10»-a bərabərdir o, özünə «5», bəzən «7», hətta daha aşağı, məsələn, «3» qiyməti verir.
Özünüqiymətləndirmənin böyük əhəmiyyəti vardır. O, insanın davranışının tənzim olunmasında mühüm rol oynayır. İnsanın başqa adamlarla qarşılıqlı münasibətləri, onun öz uğurlarına və uğursuzluqlarına münasibəti, ayn-ayrı həyati situasiyalarda davranış və rəftarı özünüqiymətləndirmədən asılıdır. Başqa sözlə, özünüqiymətləndirmə insanın fəaliyyətinin səmərəliliyinə və onun bir şəxsiyyət kimi inkişafına mühüm təsir göstərir. Özünüqiymətləndirmə - insanın özünün özü haqqındakı təsəvvürlərinin adekvat surətdə qiymətləndirilməsi hələ XIX əsrin axırlarında özünüqiymətləndirmənin şəxsiyyətin iddia səviyyəsi ilə bilavasitə əlaqədar olduğunu göstərən maraqlı faktlar müəyyən edilmişdi. 1890-cı ildə U.Cems həmin faktları aşağıdakı orijinal düsturla belə ifadə etmişdi:
Özünüqiymətləndirmə = müvəffəqiyyət
iddia
Düsturdan göründüyü kimi özünüqiymətləndirmənin səviyyəsi iki mühüm amilin - müvəffəqiyyət və iddianın qarşılıqlı əlaqəsi ilə şərtlənir.Bəs insanın özünü yüksək qiymətləndirməsi nədən asılıdır? Formulda bunun faktiki olaraq iki yolu göstərilir: biz orta məktəbin riyaziyyat kursundan bilirik ki, kəsrin qiymətini artırmaq üçün ya onun surətini böyütmək, ya da məxrəcini azaltmaq lazımdır. Özünüqiymətləndirmə düsturunu bu baxımdan nəzərdən keçirsək aydın olar ki, insan özünü yüksək qiymətləndirmək üçün səy göstərməli və müvəffəqiyyət əldə etməlidir, başqa halda isə iddia səviyyəsini aşağı salmalı və özünün ən kiçik müvəffəqiyyətini belə düzgün qiymətləndirməlidir.
XIX əsrin axırlarında özünüqiymətləndirmə ilə müvəffəqiyyət və iddia arasındakı asılılıq hələ eksperimental surətdə öyrənilməmişdi. U.Cems bu asılılığı intiutiv surətdə tapmış və onu ümumi şəkildə ifadə etmişdi. Psixologiyada bu problem eksperimental surətdə XX əsrin 30-cu illərində öyrənilməyə başlanılmışdır.
İddia nədir? Onun miivəffəqiyyətlə nə kimi əlaqəsi vardır? Bu kəmiyyətlər özünüqiymətləndirməyə necə təsir gösrir?
Eksperiment prosesində adamlar öz qarşılarına konkret məqsəd qoyurlar: onlar bu məqsədə müvafiq olaraq müəyyən nəticəni əldə etməyə çalışırlar.
Beləliklə, biz eksperimentdə iki kəmiyyətlə: a) adamın əldə etmək istədiyi nəticə və; b) faktiki olaraq əldə etdiyi nəticə ilə rastlaşırıq.
Fəaliyyətin nəticəsi iki kəmiyyət - A (adamın əldə etmək istədiyi nəticə) və B (faktiki olaraq əldə etdiyi nəticə) arasındakı nisbətlə mliəyyən olunur. Psixologiyada həmin faktları təhlil etmək üçün yeni termindən - iddia səviyyəsi terminindən istifadə olunmağa başlandı.
Bu sahədə aparılan tədqiqatlar əsasında iddia səviyyəsi anlayışı daha da dəqiqləşdirildi, iddia səviyyəsi ilə yanaşı gözləmə səviyyəsi də fərqləndirildi.
İddia səviyyəsi gözləmə səviyyəsi ilə qarşılıqlı surətdə əlaqədardır. Lakin onları eyniləşdirmək olmaz.
Müasir təsəvvürlərə görə, gözləmə səviyyəsi insanın əldə etmək istədiyi nəticə (məqsəd) ilə müəyyən olunur. Halbuki iddia səviyyəsi insanın əldə etdiyi nəticəyə münasibətində ifadə olunur. O, əldə etdiyi nəticəni bəyənir - yoxsa bəyənmir, nəticə onu təmin edir - yoxsa etmir - iddia səviyyəsini bu suallarla xarakterizə etmək olar.
Dostları ilə paylaş: |