Müasir dövrdə ailə xidməti problemləri də xüsusi aktuallıq kəsb edir. Müxtəlif amillərlə əlaqədar olaraq ailədə köklü dəyişikliklər baş vermişdir.
Ailə xidmətinin təşkilinin başlıca məqsədi ailənin möhkəmlənməsinə, uğurlu ailə kimi inkişaf etməsinə kömək etməkdən ibarətdir. Sosial-psixoloji tədqiqatlar göstərir ki, ailədaxili münasibətlərin psixoloji cəhətdən pozulması ailədə müxtəlif çətinliklər və konflikt şəraiti yaradır.
V.Sısenkonun fikrincə, ailədə ər-arvad arasında hər hansı bir münaqişə maraqların, tələbatların və təsəvvürlərin qarşı durmasıdır. Bu müddəadan çıxış edərək o göstərir ki, nikaha daxil olan qadınla kişinin hər biri özlüyündə potensial psixi zərbə amili kimi çıxış edir. İlk baxışda bu qənaətlə razılaşmaq çətindir. Adətən, nikaha daxil olmaq qarşılıqlı məhəbbətə əsaslanır.
Bütün hallarda məhəbbətin qarşılıqlı xarakter daşıdığını söyləmək olmaz. Müəyyən mülahizə ilə bağlanan nikahlara heç də az təsadüfi edilmir. Bir çox ailələr isə sadəcə olaraq təsadüfi tanışlıq əsasında yaranır. Boşanma hallarının artmasının əsas səbəblərindən birini məhz burada axtarmaq lazımdır.
Söhbət ailə çərçivəsində 2 “Mən”in “Biz”ə çevrilməsindən gedir. Ailə kiçik qrupdur. Qrup isə onun üzvləri arasında şəxsiyyətlərarası münasibətlər bərabərlik əsasında rəhbərlik və tabelik elementləri olmadan qurulmur. Ər və ya arvad o zaman ailə başçısına çevrilir ki, onun mənəvi nüfuzu həyat yoldaşı tərəfindən qəbul edilir. Bu proses, adətən, müxtəlif konfliktlərlə müşayiət olunur. Bəzi müəlliflər onu nikah adaptasiyası, bəziləri isə “ailə hakimiyyəti uğrunda mübarizə” kimi xarakterizə edirlər. “Psixi zərbə amili” də özünü bu zaman göstərir. Ailənin formalaşdığı ilk mərhələdə açıq və gizli münaqişələrin tez-tez təzahür etməsi də bununla bağlıdır.
Ailə “dramları” uşaqların tərbiyəsi işinin keyfiyyətinə mənfi təsir göstərir. Məhz buna görə də ailə xidməti həm də uşaqların inkişafının tımin olunmasına xüsusi diqqət yetirir.
b) Ailə xidmətinin əsas istiqamətlərindən birini də yeniyetmə və gənclərlə aparılan iş təşkil edir.
Sosioloji, psixoloji və pedaqoji tədqiqatlar göstərir ki, hər şeydən əvvəl, oğlan və qızların ailə həyatına hazırlanmasını köklü surətdə yaxşıladırmaq lazımdır. Əvvəllər bunu ailə müvəffəqiyyətlə yerinə yetirirdi. Qız,demək olar ki, eynilə anasının, oğlan isə atasının həyat yolunu təkrar edirdi. Ana gələcək ailə həyatı üçün zəruri olan bütün problemlərin sirrini qızına öyrədə bilirdi. Oğlanın da evdarlıq tərbiyəsində atanın rolu böyük idi.
Müasir dövrdə ailə həyatı normaları davamsız olmuşdur: valideynlər uşaqları ailə həyatına hazırlamaq üçün kiyafət qədər vaxt və qüvvəyə malik deyildirlər.
Bu şəraitdə gənclərin ailə həyatına hazırlanmasında ümumtəhsil məktəbləri ilə yanaşı həm də xüsusi xidmət sahələrinin, ailə xidmətinin rolu artır. Ailə xidmətinin əsas vəzifələri uşaqların şəxsiyətinin inkişafı üçün əlverişli şərait yaradılmasına kömək etməkdən ibarət olsa da, o həm də yeniyetmə və gənclərlə müəyyən iş aparır, tək kişi və qadınlara nikah problemlərinin həllində kömək göstərir.
Ailə xidmətinin işində psixoloq və pedaqoqlarla yanaşı sosioloq, hüquqşünas, psixiatr iştirak edirlər. Bu, bir çox məsələnin kompleks şəkildə həlli baxımından böyük əhəmiyyətə malikdir.