Müasir şəraitdə insan amili, şəxsiyyət amili xüsusilə aktuallaşıb.Bu gün bütün humanitar elmlər praktik olaraq şəxsiyyət problemi ilə yaxından maraqlanır və onu öyrənməyə çalışır. Onlardan ikisini, sosiologiya və psixologiyanı, görünür, ayrıca qeyd etmək lazımdır.
Şəxsiyyət problemi istər sosiologiyada, istərsə də psixologiyada xüsusi yer tutur. Sosiologiyada «Şəxsiyyətin sosiologiyası», ümumi psixologiyada isə «Şəxsiyyətin psixologiyası» bölmələri konseptual bölmələr hesab olunur.
Sosiologiya şəxsiyyəti cəmiyyətin makrostrukturu kontekstində araşdırır və onu müəyyən sosial qrupun nümayəndəsi kimi öyrənir.
Sosiologiya üçün şəxsiyyət fərdiyyət deyil, sosial tipdir. İctimai həyatın subyektidir. Q.M.Andreevanın fikrincə, şəxsiyyətin sosial tipologiyası sosiologiya üçün başlıca problemdir. Sosiologiya sosial psixologiya ilə həmsərhəd olan problemlərə bu aspektdə yanaşır.
Bəs, ümumi psixologiyada şəxsiyyət problemi hansı ölçülərlə açıqlanır? Məşhur Amerika psixoloqu Q.V.Ollporta görə, şəxsiyyət fərdin davranış və təfəkkürünü müəyyən edən psixofiziki sistemlərin dinamik təşkilidir.
A.V.Petrovski və M.Q.Yaraşevskiyə görə: psixologiyada şəxsiyyət dedikdə, fərdin əşyavi fəaliyyətdə və ünsiyyətdə mənimsədiyi sistemli (sosial) keyfiyyətlər nəzərdə tutulur. Bu keyfiyyətlər fərddə ictimai münasibətlərin təmsil olunma səviyyəsini səciyyələndirir. K.K.Platonov şəxsiyyətin strukturunda aşağıdakı yarımstrukturları fərqləndirirdi:
1. Bioloji cəhətdən şərtlənən yarımstruktur (temperament, cins, yaş xüsusiyyətləri, bəzi hallarda psixikanın patoloji xassələri). 2. Şəxsiyyətin xassələrinə çevrilmiş ayrı-ayrı psixi proseslərin fərdi xassələri (hafızə, emosiyalar, duyğular, təfəkkür, qavrayış, hisslər və iradə).
3. Sosial təcrübə yarımstrukturu (insanın mənimsədiyi biliklər, vərdişlər, bacarıqlar və adətlər).
4. Şəxsiyyətin istiqaməti yarımstrukturu ( həvəslər, arzular, maraqlar, meyllər, ideallar, əqidə).
Şəxsiyyətin qrupla qarşılıqlı münasibətləri və onun qrupda ünsiyyətinin xüsusiyyətləri sosial psixologiya üçün köklü problemdir. Bu problemi təhlil etmək üçün cəmiyyətin məhz hansı qrup vasitəsilə şəxsiyyətə təsir göstərməsini araşdırmaq (Q.M.Andreeva), onun «Mən-konsepsiyasını» açıqlamaq, «Coqari pəncərəsində» davranışının xüsusiyyətlərini ayırd etmək, sosial münasibətləri necə qiymətləndirməsini aydınlaşdırmaq, sosial yönəlişlərinin qanunauyğunluqlarını öyrənmək, sosializasiya prosesinin xüsusiyyətlərini nəzərdən keçirmək zəruridir.