Ünsiyyət prosesində psixoloji təsir məsələləri: andlar, alqışlar və qarğışlar
Ünsiyyət prosesində insanlar müxtəlif yollarla bir-birinə psixoloji təsir göstərirlər. Psixoloji təsirin effektləri bədii ədəbiyyatda özünün aydın ifadəsini tapmışdır. Ünsiyyət prosesində insanlar bir-birlərinə baxıb təskinlik tapırlar, hörmət etdikləri adamların öyüd-nəsihətilə pis əməllərdən çəkinirlər... Psixoloji təsir vasitələri çoxcəhətlidir. Onlardan aşağıdakılar daha önəmlidir:
1) Andlar
2) Alqışlar
3) Qarğışlar
Güzəran təcrübəsində tədricən daha mürəkkəb psixoloji təsir vasitələri - and içmə, alqışlar və qarğışlar meydana çıxmışdır.
İnsan münasibətlərində andın tutumlu yeri vardır. Ata-babalarımız anda inanırdılar, özlərinin gündəlik təcrübələrində bir-birlərinə etibar edirdilər. El-obanın gözündə andı pozmaq, əmanətə xəyanət etmək, yalan danışmaq pis qiymətləndirilirdi. Belə adamlara bel bağlamırdılar, onlardan çox vaxt üz döndərir, onlarla çörək kəsmirdilər. Güzəran psixologiyasında andın iki formasına təsadüf olunur: and içmə və and vermə.
Andların təsir gücü böyük idi. İnsanlar nəinki and içir, həm də bir-birinə and verirdilər. Andiçmə və andvermə ancaq formaca bir-birlərindən fərqlənirdilər. Onlar məzmunca eyni kökdə yaransa da, adamlar and içəndə də, and verəndə də eyni mənəvi sərvətlərə söykənirdilər.
Alqışlar və qarğışlar güzəran psixologiyasında önəmli yer tutur. Müxtəlif alqış və qarğışların təhlili göstərir ki, onlar xalqın mifik təfəkkürü ilə bilavasitə bağlıdır.
Alqışlar mahiyyətcə konyuktiv ,qarğışlar dizyunktiv hissləri ifadə edir. Özünün bu xüsusiyyətlərinə görə onlar şəxsiyyətlərarası münasibətlərin təkcə effektiv çalarlarını deyil, həm də koqnitiv cəhətlərini şərtləndirir və davranış yönümündə əks olunurlar.
Psixoloji yönümdə alqışların və qarğışların üç tipini fərqləndirmək olar:
a) müxtəlif həyati situasiyalarda rastlaşmış adamların alqışlaması və qarğışlaması;
b) doğma və yaxın adamların bir-birini alqışlaması və qarğışlaması;
c) ayrı-ayrılıqda adamların özlərini alqışlaması və qarğıması.
Alqışlar və qarğışların sosial-psixoloji baxımdan son dərəcə maraqlı olan bir forması da var: alqışlar el mərasimində dualar kimi, qarğışlar isə ağılar şəklində qaynaqlanırlar. Alqış dualara toy mərasimlərində də, yas mərasimlərində də təsadüf olunur.