06.11.2009
67
“KREDO” NUN ON İLLİYİ MÜNASİBƏTİ İLƏ
QƏZETİN BAŞ REDAKTORU ƏLİ RZA
XƏLƏfLİYƏ AÇIQ MƏKTUB
Hörmətli Əli Rza müəllim, deyirlər ki, istedad Allahın öz sevdiyi
bəndələrinə verdiyi ən böyük mükafatdır. Bu mükafat isə istedadlı bəndənin
təkcə özünə yox, mənsub olduğu elə, elata, yurda, Vətənə və nəhayət, millətə
layiqli töhfə olur, çünki xalq öz istedadlarıyla zirvələrin fövqünə ucalır. Başqa
millətlər tərəfindən sayılıb, seçilir, varlığına, mənəviyyatına ehtiram bəslənilir.
Bütövlükdə istedadın yaratdığı nə varsa dünya evinə bəxşiş olur. Bu bəxşişlərlə
hələ ki, məhvərindən çıxmır dünya, haqqına tapınır, iblisi, şeytanı yamanlayır
və xeyir əməllərlə ümmanlayır. Yoxsa cahanın çarxı çoxdan çevrilərdi, bizim
başıbəlalı dünyamız yerlə-yeksan olardı. Müxtəlif elm sahələrində istedad par-
laya bilər. Hər sahə də yaxşı əməllərə köklənirsə, deməli, həyatın inkişafına,
ağlın, düşüncənin nurlaşmasına, saflaşmasına, bəndənin yaşam haqqına
xidmət edir. Elə insanın böyüklüyü, ucalığı da ondadır ki, öz zəkasıyla bütün
keşməkeşləri dəf edir…
İstedad hər dövrdə ağrılı bir ömür yaşayıb. Ağrısının əsas amili hər
şeyi başa düşüb dərk etməyi və bu dərkin içində sıçrayışlar, çırpıntılar,
büdrə mələr daha nələr, nələr… Əgər istedad söz adamı olubsa onlardan bir
çoxunun fəlakəti ölçüyəgəlməz olub. Millətinin, Vətəninin tale yü künü öz
çiyinlərində daşıyıb. Hər addımda laqeydliklə, təhqirlə, böhtanla, paxıllıqla,
əzabla, müsibətlə, zillətlə qarşılaşıb. Bəzən ac-susuz qalıb, bəzən tərki-
vətən olub, repressiyalarla üzləşib, gülləbaran olub, ancaq öz amalından,
əqidəsindən, məsləyindən dönməyib. Dahi Hüseyn Cavid deyirdi ki, dünyanı
mədəniyyət xilas edəcək. Xilası mədəniyyətdə görən dahilərimizin böyüklüyü
mənəviyyatdan boy göstərir. Mənəviyyat pakdırsa, göylərində ulduzları
parlaqdırsa, deməli, işığı mədəniyyətə bəs edəcək. Mənəviyyat bəsitdirsə,
deməli, mədəniyyət də kasadlaşacaq, mütiləşəcək, bayağılaşacaq və xalqın
ruhunda özünü büruzə verəcək. Mənəviyyatı bəsit olan xalq gec-tez uçuruma
yuvarlanır, könül sarayında bayquşlar ulayır. Öz ömrünü tamama yetirmiş in-
sana bənzəyir, qocalıb həyat səhnəsindən çıxır.
Əli Rza müəllim, mədəni dünya bügününü öz kitabı, elmi, qəzeti,
dərgisi, bütünlükdə mətbuatı, televiziyası, kompüteri, telefonu ilə yaşadır,
fəqət bu yaşamın içində ən önəmli yerdə ruhumuza köklənmiş mətbuatımız
durur. Mətbuatımızın nümunələri içində dəyərilə “Kredo” qəzeti məxsusi
68
fərqlənir. “Kredo” qəzeti redaksiyasında gördüyüm işıq, nur, mənəviyyat
ucalığı adamın könlündə həyat eşqini artırır, ilhama qol-qanad verir.
İyirminci əsrin əvvəllərində dahi Cəlil Məmmədquluzadənin “Molla
Nəsrəddin”i söz adamlarını ətrafına toplayıb bu dərgiylə millətə mənəvi
qida verirdi. O dərgidən dahi Sabirlər boy göstərirdi, xalqının sabahına
həyat günəşi olmaq üçün, millətin mənəvi yaddaşında öz qüdrətilə qal-
maq üçün… Allah cənnət qanunlarını pozduqları üçün Adəm babamızla
Həvva nənəmizi yerə cəza çəkməyə göndərdi. Əgər belədirsə, deməli, biz
Yaradanın verdiyi böyük cəzanın daşıyıcılarıyıq. İşıq sürəti ilə ölçülsə in-
san ömrü saniyələrə bərabərdir. Bu saniyələr içində zaman tərəzisinə bizim
günahlarımız və savablarımız yığılır. Haqq-hesab günündə hesaba alınmaq
üçün, bu bambalaca yer kürəsi isə adəm övladının qazamatıdır, ancaq
uca Tanrı bizə bütün canlılardan fərqli olaraq zəka əta edib. Bu zəkanı
həm xeyrə, həm şərə sərf edənlər var. Xeyir şəri üstələyəndə dünya nura
boyanır, düzlük zəfər çalır, şər xeyiri üstələyəndə qanlar tökülür, evlər
yıxılır, mənəviyyatlar öləziyir, mədəniyyətlər dərdə düşür. Əgər ağlını,
şüurunu halal əməllərə işlədən mənəviyyat adamları olmasaydı, yəqin
ki, Yer Kürəsi çoxdan məhv olardı. Həqiqi ilham sahiblərinin qəlbi çox
kövrək, uşaq kimi küsəyən olur. İstər təbiətdə, istərsə həyatda çəkişmələr,
döyüşmələr, dəyişmələr onlara təsir edir. Onlar daima istiqanlılığa,
səmimiyyətə, mehmannəvazlığa möhtacdırlar. Çox vaxt redaksiyaların
qapıları ağzında ümidləri qırılan bu insanlar mənəvi ucalıqdan uçuruma
doğru yuvarlanırlar. Qələmləri əllərində haray qoparır, bu harayın nalələri
könül fəğanını Tanrıya aparır…
Əli Rza müəllim, sizə nə qədər maddi və mənəvi cəhətdən üzücü və
ağır olsa da, “Kredo” adlı ağır bir yükün altına girmisiz. Bu yük sizin
çiyinlərinizə əzab-əziyyət versə də bu məşəqqətə sinə gərirsiz. Lap “Molla
Nəsrəddin” dərgisinin çəkdiyi ağrı-acıya bənzər bir ömür yaşayır sizin
qəzetiniz. Buna baxmayaraq siz zəkanızın, iradənizin gücünə qatlaşaraq
“Kredo” qəzetini yaşadırsız. Bu ağrılı yaşam bizim mənəviyyatımıza işıq
salır. Allah bu işığı sizin könlünüzdən əskiltməsin. Sizin ilhamınız aşıb-
daşır, qarşısıalınmaz sellər təki çağlayır. Biz bu qəzetdə söz adamlarının, il-
ham sahiblərinin könül dünyasına səyahət edirik. Onların ürək çırpıntılarını
duyuruq. Güclü yazanlarla zəif yazanların çarpışması, rəngarənglik, ağır
tutumlu, elmi-ədəbi yazılar qəzetin səhifələrini bəzəyir. Bu qəzetdə jur-
nalist olmayan özünə jurnalist, şair olmayan özünə şair, yazıçı olmayan
69
özünə yazıçı, publisist olmayan özünə publisist deyir. Bu qəzetdə həqiqi
sənəti olmayanlarla sənəti olanlar döyüşür. “Kredo”nun qeyri-adiliyi
də bundadır. Bu qəzet əsl mübarizə meydanını xatırladır. İlhamlılarla
ilham sızlar çarpışmasında həqiqi sənət əsərləri qəzetinizdə boy göstərir.
Sizə Allah elə ürək verib ki, söz adamını layiq olduğundan da artıq
tərifləyirsiniz. Bu da sizin böyüklüyünüzdən irəli gəlir. Sözün düzü iki il
qabaq “Kredo”nun səhifələrilə tanış olarkən bu qəzetin mənəvi çəkisinə nə
qədər heyrətlənmişdimsə, indi də həmin heyrətimdə qalıram.
Bizim xalqın ən böyük biganəliyi vaxtında öz istedad sahiblərinə
dəyər verməməsindədir. Həmin istedad sahiblərindən biri də sizsiz.
Sizin kompüterin yanında dayanıb bədii, publisist əsərlərinizi sinədən
demə yiniz mənə böyük zallarda görkəmli alimlərin dediyi mühazirələri
xatırladır. Amma alimlərin çoxu mühazirələri kağızdan, siz isə sinədən
deyirsiz… Sizin coşqun ilhamlı söz xəzinəniz tükənmək bilməyən dəryaya
bənzəyir. Dərya coşanda bulanır, sakitləşəndə durulur, amma heç za-
man özünə, sözünə rahatlıq tapmır. Bu yaxınlarda “Kredo” qəzetinin on
illiyi tamam oldu. On illik yubiley sükutla keçdi. Sükutun arxasında bir
əzəmət görünürdü. Allah əzəmətdən endirməsin qəzetinizi! Bu on ildə
“Kredo”nun xalqın mənəviyyatına xidmətləri danılmazdır. Qəzetiniz
qapılarını heç kimin üzünə bağlamır, hər kəsə imkan verir ki, niyə qadir
olduğunu əyani şəkildə sübut etsin. Bu qəzet imkan verir ki, “yazaram”
deyən kəs könül dünyasından qəzetin səhifələrinə boylansın, istər nəzmi,
istər nəsri ilə, istərsə də publisist məqalələrilə, indiki zamanda qəzetlərin,
dərgilərin, baş redaktorların bol olduğu bir vaxtda hər mətbuat orqanı oxu-
cunu təəccübləndirib onda maraq oyada bilməz. İldə beş-altı sayla çıxan
qəzetlərdən oxucu hansı zövqü və məlumatı ala bilər? Və yaxud “çevir
tatı, vur tatı” prinsipilə işləyən mətbu orqanı insana nəyi aşılayar? Bəli,
sizin qəzet oxucuya zövq və məlumat verməyi bacardı. Maddi çətinlik
girdabında boğulan “Kredo”ya çoxları dodaq büzsə də, onun ağrılı-acılı
taleyinə bədxahları sevinsə də, siz bir an belə ruhdan düşmürsüz. Qəzetin
çapını böyük çətinliklər bahasına davam etdirirsiz. Mən ölkənin bir
vətəndaşı kimi hesab edirəm ki, bu millətə və mənəviyyata ölçüyə gəlməz
xidmətdir. İnanıram ki, siz gec-tez bu xidmətinizin əvəzini ulu Tanrıdan,
həm də səlahiyyəti olan tanrısevər bəndələrdən alacaqsız. Necə deyərlər,
qızıl nə qədər torpaq altda qalsa da öz əvvəlki parıltısını itirmir. Vətəndə o
qədər imkanlı insanlarımız var ki, Allah varlarını daha da aşdırıb-daşdırsın.
70
Arzu edərdim ki, “Kredo”ya, söz-sənət xiridarı olan bu qəzetə öz maddi
köməkliklərini əsirgəməsinlər, çünki mənəviyyata yol da maddiyyatdan
keçir. Maddi durum yaxşı olmayanda mənəviyyatda aşınmalar yaranır.
Ona görə də bəzən varı olan istedadsızlar öz adlarını əbədiləşdirmək
fikrinə düşür, cəfəngiyyatla dolu cild-cild kitablar buraxır, ancaq kitabları
vərəqləyəndə görürsən ki, ayə içində heç zad yoxdur və o kitablara qo-
yulan pullara heyfin gəlir. Düşünürsən ki, bu pul-paranı mənəviyyatın
çiçəklənməsinə sərf edərdi, nəinki, bu boş cəfəngiyyatlara! Nə edəsən ki,
çox vaxt həyat tərzi düşüncə tərzini üstələyir və ondan da aşınmalar baş verir.
Çox güman ki, hər kəs öz dəyər ölçüsünü duysaydı bu biabırçılıqlar da baş
alıb getməzdi. Sığala tamarzı dəyərlərimiz ayaqlar altında itib-batmazdı.
Mənəviyyatımızın bal arıları öz çiçəklənmə dövrünü yaşayarkən qoltuqlar-
da yatmazdı. İstedadsızların tüğyan etdiyi bir zamanda barmaqla sayılası
istedad sahiblərimiz maddiyyat acıları ilə çapalamazdı. O cümlədən sizin
də qəzetiniz bu acıların içindədir. Siz də, sizinlə birgə çalışan işçiləriniz də
maaşsız “Kredo”ya xidmətdədirlər. Bu xidmət həm də Vətənə təmənnasız
xidmətdir. İstedadlıların ürək çırpıntılarıyla köklənmiş qəzetiniz öz hə-
yat ideyasına sadiq bir ömür yaşayır. Bu ömür həyat tufanlarının keş-
məkeşlərində çapalayır, vurnuxur, dahi Füzuli demişkən “gözündən qanlı
axar su”. “Kredo”nun araya-ərsəyə gəlməsində Elçin Kamalın, Şakir
Albalıyevin, Cavahir xanım Kamilqızının, işinin cəfakeşi, bacarıqlı Həkət
xanım Muradovanın, gənc Türkanın əvəzsiz xidmətlərini qeyd etməmək
günah olardı. Bu zəhmətsevər insanlar can-dildən “Kredo”ya bağlanıblar.
Onların fədakarlığı sayəsində bu gün qəzet mətbu ömrünü yaşamaqdadır.
Qəzet sizi diləyinizcə-ürəyinizcə maddiyyat sarıdan yarıtmasa da, sizlər
onun cövrünə səbir, təmkin, bir oğul dəyanəti ilə dözürsüz. Allah dözü-
münüzü tükətməsin, üstünüzdən səmum yelləri əsməsin, “Kredo” nun
ayrılığı bizlərin və sizlərin qapısının ağzını kəsməsin, çünki o bizlərə,
sizlərə, bütövlükdə ədəbiyyatımıza, mənəviyyatımıza vacibli qəzetdir.
Allah vacib bildiklərini hifz etsin, o cümlədən “Kredo”nu! “Kredo” ya on
yaşın mübarək deyirəm, sizə isə deyirəm, Əli Rza müəllim Tanrı o boyda
mənəviyyat və zəka yükünün ağrısını daşıyan ürəyinizi qorusun, çünki siz
həm mənəviyyatımıza, həm də ədəbiyyatımıza lazımlı adamsız. Təəssüflər
olsun ki, lazımlı adamlarımızın qədir-qiymətini çox vaxt sağlığında verməyi
bacarmırıq, çünki həqiqi sənəti olan kəslər qapıların kandarını dağıtmır,
hansısa dərgilərdə, qəzetlərdə öz lövbərini salmır. İstedadsızlar xalqın
71
yaddaşında qalmır, istedadlılar çox zaman layiq olduğu yerə ucalmır, ancaq
heç kəsin qarşısında alçalmır. Budur istedad sahibinin böyüklüyü! Allah
böyüklükdən düşürməsin sizi, siz də hər zaman öz nəsrinizlə, nəzminizlə,
publisist yazılarınızla, sevimli “Kredo”nuzla sevindirəsiz bizləri...
Hörmətli Əli Rza müəllim, ürəyinizi qoruyun, çünki bəşər övladının ən
ali mexanizmi onun ürəyidir…
Dostları ilə paylaş: |