Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


MƏNƏVİYYATIMIZI AŞAĞILAYAN



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə24/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   20   21   22   23   24   25   26   27   ...   99
74
VİCDANDAN MÜKAfAT ALAN ŞAİR 
Ömür elə çağlar çeşmədir ki, onun sızıltıları zaman dolayları içində itib 
batır. Bu sızıltıların ağrı-acısını ağılla dərk edib qəlblə anlayanlar isə birbaşa 
sənətlə  bağlı  insanlardır.  Onlar  sənətin  hansı  sahəsində  olurlarsa  olsun, 
bir  an  belə  həyatları  boyu  rahatlıq  tapmırlar.  Ömürləri  uzunu  çalışırlar, 
çarpışırlar, bu həyatla vidalaşana qədər, Haqqın onlara göndərdiyi ömür 
rübabının simlərinin son şərqisi susana qədər… Söz adamları isə zaman 
çeşməsindən doğan şırıltıların ürəklərində şırımlar açmış qullarıdır. Onlar 
mənsub  olduğu  xalqın,  millətin  kağız  üzərindən  Rəbbinə  ismarlanmış 
danışan  dilidir!  Bu  dil  susanda  millət  ölür,  başqa  millətlərin  içərisində 
əriyib itir, yoxluğa düçar olur, çünki millətin, xalqın dili onun yazarından, 
şairindən  öc  alır  və  kitablar  içində  vərəq-vərəq  səhifələnir,  gələcək 
nəsillərin tarix yaddaşına ötürülmək üçün… Əgər yazarın ilhamı, düşüncəsi 
millilikdən öc alarsa, daha mükəmməl, daha kamil olur və millətin varlığını 
bir dəvə karvanı kimi min illərə çəkib aparır. Bu dəvə karvanının sarvanı 
isə şairlər, yazıçılar, elm adamlarıdır. Tarix boyu çox şahlar, çox sultanlar 
hökmranlıq etdi, varidat yığdı, qalalar, saraylar yapdı, fəqət nə yığdıqları 
varidat,  nə  də  tikdikləri  qalalar,  saraylar  söz  qədər  əbədi  ömür  qazana 
bilmədi, çünki millətin kimliyi onun söz ilə, fırçayla, musiqisilə yaratdığı 
ədəbi,  bədii  dəyərlərdən  keçir.  Hərçənd  ki,  sənət  adamının  dəyəri  çox 
vaxt zamanında verilmir, o öz qələmindən və vicdanından mükafat ala-ala 
yazır, yaradır. Ətrafındakılar isə bu mənəviyyat ölçüsünün dəyərini nəinki 
qiymətləndirir, hətta ona çox vaxt qəhqəhə çəkib gülür… Bu gülüşlər nə 
qədər acı, nə qədər rəzalət doğurucu olsa da səslənir, göyün-yerin bağrında 
yaralar açan qəfil qopan tufanlar təki… 
 Elə yaxın keçmişimizdə, keçən əsrin əvvəllərində dahi Sabirin başına 
gətirilmiş  müsibətlər  bu  qəbildəndir.  Böyük  neft  şəhəri  –  milyonerlər 
yetirmiş Bakıda bir nəfər sözə qiymət verən tapılmadı ki, dahi şair sağlığında 
öz kitabının çapını görsün… Ona görə tapılmadı ki, Mirzə Ələkbər Sabir 
sözün düzünü yazırdı, nə qədər acı olsa da qəflət və cəhalət yuxusunda 
yatmış millətinə şəfa diləmək istəyirdi. Tiyanda sabun bişirib övladlarına 
çörək pulu qazanan şairin ciyəri bu müsibətlərə dözmədi, özü demişkən 
“şişdi üzü qarə ciyəri”, hətta doğma Şamaxısından didərgin düşüb Bakının 
Balaxanı kəndinə sığındı… Səhv etmirəmsə, təbib və şair Abbas Səhhət 
dahi Sabiri “öz vicdanından mükafat alan şair” adlandırırdı…


75
Əli  Rza  müəllim,  qoy  mübaliğə  kimi  səslənməsin,  mən  sizi  də  “öz 
vicdanından mükafat alan” tədqiqatçı alim, şair adlandırıram. Əgər mənim 
imkanım çatsaydı “Kredo”ya maddi dəstək olardım. Heyif ki, bu imkanım 
xaricindədir, amma vaxtaşırı mənəvi dəstək olmağı özümə borc bilirəm. 
Açığı  etiraf  edim  ki,  heç  “Kredo”dan  başqa  açmağa  qapım  da  yoxdu, 
çünki  “Kredo”  kimi  dəyərli  ədəbi  mənbə  istər-istəməz  söz  adamını  bir 
maqnit  kimi  özünə  çəkir.  Bu  maqnitin  cazibəsindən  isə  həqiqi  dəyərə, 
ilhama  bağlılar  çıxa  bilmir.  Sizin  mənim  sənətimlə  bağlı  yazdığınız 
“Adı  Şadiman  olan…”  (2009-cu  il)  kitabınız  tam  mənasıyla  ömrünü 
yaradıcılığa həsr eləmiş bir yazarın həyat dastanıdır. Siz bu araşdırmanızla 
mənim aşıb daşan könlümə daha da qol qanad verdiniz. Mən bu kitabı bu 
vaxta qədər çap üzü görmüş kitablarımın pasportu adlandırardım. Siz bu 
pasportla mənim kimliyimi təsdiq etdiniz. Bu kitabda siz uşaqlıq illərindən 
xəyalımda  unudulmaz  izlər  qoymuş  doğulduğum  kəndim  Tağayla  bağlı 
“Tağayım” poemasına xüsusi önəm vermisiniz. Siz bir bənna dəqiqliyilə 
əsərdə  bəhs  edən  mövzu  rəngarəngliyini  tutmuş,  təbii  hisslərlə  bədii  və 
tənqidi təhlilin süzgəcindən keçirmisiniz. Əsərdə adıçəkilən tarixi qala olan 
Çıraqqala  ilə  bağlı  düşüncələriniz  təqdirəlayiqdir,  çünki  əsrlərdən  xəbər 
verən  bu  qədim  tarixi  abidə  hazırda  yox  olmaq  təhlükəsilə  üzbəüzdür. 
Tarixi  abidələrimizin  bir  çoxu  erməni  talan  və  vəhşiliklərinin,  bir  çoxu 
isə  öz  biganəliyimizin,  laqeydliyimizin  qurbanı  olub  və  olur. Yenilərini 
tikib qurmaq lazımdır, amma keçmişini göz bəbəyi kimi qorumaq şərti ilə! 
Yavaş-yavaş İçərişəhər də öz qədimliyini itirmək təhlükəsilə üz-üzə qalıb. 
İndi Bakıda tarixi keçmişimizdən soraq verən divarları qaralmış binaları 
ağartmaqla məşğuldurlar. Mən Azərbaycandan çıxıb heç bir xarici ölkədə 
olmamışam,  amma  xarici  ölkələrin  həyatıyla  bağlı  verilişləri  izləməyi 
xoşlayıram. Rusiya telekanallarında tez-tez belə verilişlər verirlər. Adətən 
şəhərlərdə qədim binaları göstərəndə bu binaların divarları ağ yox, qara 
olur. Bizdə əksinə, ağardırlar ki, keçmişimizdən əsər-əlamət qalmasın. Bir 
vaxtlar tramvaylar, trolleybuslar öz görkəmləri ilə paytaxta xüsusi yaraşıq 
verirdi.  Həm  də  ekologiya  baxımından  da  sağlamlığımıza  köməkdarlıq 
edirdi. İndi onların kökünü Bakıdan elə kəsdilər ki, izi-tozu da qalmadı. 
Sonra da düşdülər Bakıətrafı elektrik qatarlarının üstünə, onları da, demək 
olar ki, ləğv ediblər. Bacardı-bacarmadı, hərə bir şəxsi minik avtomobili 
alıb düşüb şəhərin canına! Əksəriyyəti də köhnə! İndi yazıq Bakımızda 
əməlli-başlı oksigen azlığı yaranıb. Bir tərəfdən planlı-plansız bir-birinə 


76
yapışan yüksək mərtəbəli binalar, o biri tərəfdən də havaya tonlarla karbon 
buraxan çirkli maşınlar… Digər tərəfdən sürücülük vəsiqəsini cibinə qoyub 
sürücülük haqqında təsəvvürü olmayan başıpozuq sürücülər. Axır vaxtlar 
Bakı küləkləri də bu ərazini tərk etməyə başlayıb. Küləksiz buludlu havalar 
paytaxtı cənginə alıb. Küləksiz Bakı oksigensiz səyyarə olar, həyat burda 
dayanar. İyirmi iki il geofizikada mühəndis işlədiyimə yerin təki haqqında 
məlumata  malikəm.  İstismarını  başa  vurmuş  Bakı  mədənlərində  salınan 
qəsəbələri görəndə məni dəhşət bürüyür. Neft mütəxəssisləri yaxşı bilirlər 
ki, mədənlərdə qazılmış hər bir neft quyusu bugün istismar olunmasa da, 
hər an o quyularda qaz yığılması ilə əlaqədar partlayış və ya neft fontanı 
ola bilər. Dənizdən fərqli olaraq quruda qazılmış neft quyuları dayaz idi. 
Adətən aşağı qatlarda qatı neft layları yerləşdiyi üçün dərinlikləri istismar 
etmək mümkün olmurdu. Mən öz gözlərimlə şahidi olmuşam ki, dənizdə 
iyirmi-otuz il qabaq istismarı bitmiş bir quyu yenidən özbaşına işə düşüb 
on-on beş metr hündürlüyə fontan vurub. Və yaxud yüksək tutumlu elektrik 
xətlərinin altında tikilən evlər, adam baxanda vahimələnir. Yüksək tutumlu 
elektrik xətlərindən gələn dalğalar o evlərin sakinlərini hansı xəstəliklərə 
düçar etməz? Belə ərazilərdə qəsəbələr yox, meşə zolaqları salmaq lazım 
idi. Görəsən, o torpaqları insanlara satan can alverçiləri o yerlərdə tikilən 
tikililərin  gələcəkdə  hansı  fəsadlar  törədə  biləcəyinin  fərqindədirlərmi?! 
İndi  görün  bizim  yaşam  haqqımız  hansı  keçilməz  qalalara  sipərdir?  Bu 
baxımdan  insanlarımızın  məlumatsızlığı,  savadsızlığı  da  adamın  ürəyini 
ağrıdır. Deyəsən bizim insanlarımızın ən qatı düşməni kitabdır, mətbuatdır. 
Belə olmasaydı bu barədə az da olsa məlumatları olardı, təhlükəli yerlərdə 
yaşayış  evləri  salmazdılar.  Özü  də  salınan  evlər  hərəsi  bir  istiqamətə 
baxır. Mən bir dəfə bir xarici vətəndaşın dilindən eşitmişəm ki, sizə təkcə 
ermənilər  yox,  siz  öz-özünüzə  də  düşmənsiz,  belə  olmasaydı  salınan 
qəsəbələrdə evləriniz hamısı bir istiqamətə baxardı, bir-birinin əksinə yox! 
Mənə elə gəlir ki, Avropa insanı heç vaxt belə addım atmazdı, çünki onlar 
bizdən çox-çox məlumatlıdırlar. Yeri gəlmişkən bu dərdləri sizə söyləməklə 
mətləbdən uzaq düşmək istəmirəm. Qayıdaq tarixi abidələrə…
Tarixi abidələr millətin qədimliyini təsdiq edən əsas amillərdən biridir. 
“Tağayım” poemasında bir misrada adını çəkdiyim Çıraqqalanın məsud, 
məlul  görkəmindən  yana-yana  yazmağınız  bir  söz  adamının  keçmişinə 
olan  sonsuz  sevgi  və  məhəbbət  hissinin  mücəssəməsidir.  Vətən  sevgi-
si  övlad,  ata,  ana,  yar,  insan  gözünü  qamaşdıran  var-dövlət  sevgisindən 


77
üstün olanda o millət, o millətin tarixi, mədəni, ədəbi dəyərləri, bütünlüklə 
mənəviyyatı yaşam haqqı qazanır, əlbəttə ki, doğulduğu yurdu ilə bir yerdə! 
Sizin “Adı Şadiman olan…” əsərinizdə Vətənə olan sevginizi bariz şəkildə 
duydum və dərk elədim Allah bu sevgini söz adamının əlindən almasın, o 
cümlədən sizin… Siz mənim başı bəlalı, sinəsi yaralı Qarabağla bağlı şeir 
və poemalarım barədə önəmli təhlillər verirsiz.
Bir çoxları mənə sual verir ki, sən nə Qarabağda, nə də Qərbi Azərbay-
canda  doğuldun,  o  yerləri  tanımadın,  bəs  necə  olub  ki,  o  torpaqlara  bu 
qədər poemalar, şeirlər həsr etdin? Bəs bu yanğı səndə necə yarandı ki, 
sən belə çalxalanıb “Xocalı Soyqırımı” poemasını, “Kahada ölüm hökmü” 
dramını yazdın? Axı sən nə müharibənin dəhşətlərini gördün, nə o yerlərin 
sakini oldun, bəs necə yarandı bu yazdıqların?! Təəssüflə qeyd etməliyəm 
ki, bu sualları mənə sənətdə olan şair və yazıçılar ünvanlayıb. Mənə elə 
gəlir ki, şairə, yazıçıya, müharibədə olmaq, o torpaqlarda doğulmaq yox, 
Allahın verdiyi coşqun ilham və vətəndaşlıq yanğısı lazımdır. Bu iki duyğu 
birləşəndə  xariqələr  yaratmaq  olar.  Necə  ki,  bu  səpkidə  yazanlarımızın 
atəşi  onların  yazdıqlarından  duyulmaqdadır.  Əli  Rza  müəllim,  siz  “Adı 
Şadiman  olan…”  kitabınızda  “Canım  Qarabağ”  şerimə  elə  təhlil  verdiz 
ki,  elə  fikir  və  əql  süzgəcindən  keçirtdiniz  ki,  adam  heyrətlənməyə 
bilmir.  Şerimizin  mürəkkəb  janrı  sayılan  qəzəllərimə  verdiyiniz  təhlil, 
tənqidi düşüncələriniz təqdirəlayiqdir. Ustad sənətkarımız Ənvər Nəzərli 
ilə  bağlı  yazdığım  məqaləm  barədə  fikir  meyarınız  sənətə  və  sənətkara 
verdiyiniz  insani  qiymətinizlə  uzlaşır.  “Adı  Şadiman  olan...”  kitabınız 
“Kredo”nun  səhifələrində  bir  ilə  yaxın  çap  olundu,  bu  bir  çoxlarını, 
xüsusilə özlərini dahi sayıb mənim yazdıqlarımı cəfəngiyyat adlandıranları 
çox qıcıqlandırdı, hətta mənim üzümə tərs şillə kimi söz ilə vurdular bu 
qınaqları…  Allahın  verdiyi  ilhamı  vərəqlər  üstünə  tökməyə  nə  var  ki, 
ağ zıgöyçəklərin dillərindən qopub ürək yaralayan xətaları olmaya… Bu 
xətalar  zaman-zaman  söz  adamının  yolunda  qayalardan  qopan  nəhəng 
daşlar kimi dığırlanıb, onu keçilməzləri aşıb keçməyə məcbur edib, bəlkə 
elə nə yaxşı ki, ağzıgöyçəklər var, yoxsa nə yanğı olardı, nə də yanğı ilə 
aşıb-daşan ilham…
Hörmətli,  Əli  Rza  müəllim,  sizə  minnətdarlıq  hissilə  bildirmək  istə-
yirəm  ki,  siz  yenidən  heç  bir  təmənna  ummadan  mənim  yaradıcılığıma 
müraciət etmisiniz. Qərbi azəri türklərinin həyatından bəhs edən “Burdan 
bir atlı keçdi “poemamı təhlil etmək qərarına gəldiniz. Mən poemanı necə 


78
heyrətlər içində duyğulanıb qələmə almışdımsa, siz də Vətənə olan sevgi və 
məhəbbət hissilə onu təhlil və tənqid etdiniz. Bu poema sizi vəcdə gətirdi 
və siz ondan “Axtala əfsanəsi” adlı kitab hasil etdiniz. Hörmətli həmkarım, 
şair, yazıçı olmaq üçün nə bizə xarici adlar, nə də xarici məkanlar lazımdır, 
çünki  bizim  özümüzdə  o  qədər  yazılası  və  tarixin  yaddaşına  köçürüləsi 
mövzular var ki, nəinki bizim özümüzü, hətta yazılıb tərcümə olunsa dünya 
xalqlarını vəcdəyə gətirər. Siz poemayla tanış olandan sonra heyrətləndiniz 
və poemanı təhlil etmək barədə öz istəyinizi mənə bildirdiniz. Açığını dey-
im ki, heç vaxt öz yazdıqlarıma aludə olmamışam və onlardan gəlir mənbəyi 
kimi  istifadə  etməmişəm,  bu  sənətə  də  peşə  kimi  baxmamışam,  amma 
yazmaq eşqi bir an məni tərk etməyib, nə orta məktəbdə, nə ali məktəbdə, 
nə də sənətimə yad olan geofizikada mühəndis işlədiyim zamanlarda. Mən 
tamamilə yaradıcılıqda azad olmuşam və heç zaman onun ətəyindən asılıb 
qalmamışam.  Sizin  ikinci  dəfə  mənim  yaradıcılığıma  müraciət  etmək 
istəyiniz məni sonsuz dərəcədə duyğulandırdı. Allahıma şükürlər etdim ki, 
nə yaxşı siz varsız, “Kredo” var. Mənim kimi sayılmayanların, diqqətdən 
kənarda qalanların ümid yerinə, dayaq qalasına çevrildiniz. Allah sizi kimi 
qeyrətli  kişilərimizi  nəzər-diqqətində  saxlasın,  həmişə  ilhamla  olasız. 
İlhamınız sizi bir an belə tərk etməsin. 
İndi sizə və istəkli oxucularıma Sizin könlünüzü ehtizaza gətirən “Burdan 
bir atlı keçdi” poemasının yaranması səbəblərini açıqlamaq istəyirəm. Mən 
1985-ci ildən “Neft Daşları”nda Geofizika idarəsində mühəndis peşəsində 
çalışırdım  (Baxmayaraq  Bakı  Universitetinin  humanitar  fakültəsini 
bitirmişdim, bu peşəni təcrübəylə əxz etmişdim). Bir gün bizim idarəyə 
Məmməd adlı bir mühəndis gəldi. O, əslən qərbi Azərbaycandan idi. Yəni 
indiki Ermənistan dediyimiz dövlətin vətəndaşlarından biri idi. 1988-ci il 
hadisələrindən sonra onun da əhli-əyalı ordan köç edib, yəni əzəli vətən 
torpaqlarını  tərk  etmək  məcburiyyətində  qalıb.  O, Axtala  adlı  yurdunda 
qoyub gəldiyi təzəcə tikdiyi evindən, atasının iki qatlı imarətindən, buz bu-
laqlardan, yaylaqlardan, meşələrdən yana-yana mənə nəql edirdi, həmişə 
deyirdi ki, biz yiyəsiz olduq, əzəli vətənimizi yağıya ərməğan etdik. O dey-
irdi ki, Mən Neft Akademiyasını bitirib öz kəndimə qayıtmışdım. Oradakı 
filiz  yataqlarında  işləmək  fikrində  idim,  evi  yıxılmışlar  təzə  tikdiyim 
evimdə  qoymadılar  bir  gün  də  yaşayım,  heç  evin  divarlarının  suvaqları 
qurumamışdı, əfsus ki, erməni xainlərinə qismət oldu. O mənim 1991-ci 
ildə  işıq  üzü  görmüş  “Ürək,  niyə  ağrıyırsan?”  kitabımla  tanış  idi.  Mən 


79
həmişə  iş  bitdikdən  sonra  öz  yaradıcılığımla  məşğul  olurdum,  könlümü 
titrədən, məni riqqətə gətirən duyğuları kağızlar üstünə tökürdüm. Bir gün 
o,  ata-babası Vəliyev  Qasım  Hüseyn  oğlu  barədə  məni  hədsiz  dərəcədə 
həyəcanlandırıb heyrətə salmış və əlimə qələm alıb poema yazmağa məcbur 
etmiş bir hadisəni nəql etdi. O özü də gözləmirdi ki, bu sonradan hansısa 
bir poemanın mövzusuna çevrilə bilər. O dedi ki, siz bizi qorxaq saymayın, 
biz  hamımız  ordan  çıxıb  qaçdıq,  biz  qorxaq  deyilik,  biz  Ermənistanın 
vətəndaşı idik, əlimizdə nə top var idi, nə tüfəng. Əslinə baxsan ermənilər 
özləri də rusun və xarici havadarlarının çaldığı ilə oynayan, iki yüz ildi 
beyinləri zəhərlənmiş bədbəxtlərdir. Heç vaxt onların nə tarixi vətəni, nə 
tarixi torpağı olub. Sadəcə olaraq, ruslar türk millətinə qarşı onları sipər 
kimi işlədib və bu gün də onlar bu tələnin içindədir. Vallah hesab aparılsa 
indi  orda  heç  bir  milyon  erməni  yoxdur,  çünki  hadisələr  başlayanda  bu 
oyundan  qaçan  ermənilər  də  evlərini  dəyər-dəyməzinə  satıb  oranı  tərk 
edirdilər.  Bu  torpaq  heç  zaman  onların  tarixi  vətəni  olmayıb.  Dünyanın 
harasına baxsan orda erməni taparsan, əslən onlar qaraçı qövmüdür. Bu gün 
alban əlifbasını, alban dinini mənimsəmiş ermənilərin kimliyini özlərindən 
başqa bilən yoxdu. Onlar daima bizim qapı-bacamızda işləyərdi. Hadisələr 
başlayanda bizim kəndimizə də haradansa saqqallılar axışmağa başladılar. 
Yerli ermənilər özləri də onları tanımırdılar. Biz oradan köç edib çıxanda 
yetmiş beş yaşlı babam da güclə, zorla yığışdı, heç çıxmaq istəmirdi yur-
dundan… Evindən heç nə götürməmiş kəndi tərk etdi. Altı ay idi bizi Xızıya 
yerləşdirmişdilər.  O  vaxt  bizimkilər  Qarabağda  məskunlaşmaq  istəyirdi, 
amma o zamankı hakimiyyət, kürsü düşkünləri buna icazə vermədi. Çox 
təəssüf, biz həmişə etdiyimiz səhvlərə görə sonradan başımıza döyürük, 
onda da gec olur. O zaman da belə oldu. Amma köç gələndən altı ay sonra 
babam Novruzqabağı qarısı Tükəzban nənəmi götürüb Axtalaya, düşmən 
içinə qayıtdı. Düz altı ay düşmən içində qaldı, hətta məktəb yaşlı əmim 
oğlunu da özüylə bərabər aparmışdı. Orda qaldığı müddətdə bostan əkdi, 
mer-meyvə yığdı. Saqqallılar azğınlaşanda babamın tanışlarından biri yerli 
erməni onu köçü ilə birlikdə sərhəddən Gürcüstan tərəfə yola salmışdı. O, 
Xızıya qayıtdıqdan sonra xərçəng xəstəliyindən dünyasını dəyişdi. Bu ağır 
xəstəliyə tutulmağının səbəbi onun yurd həsrəti idi. İş yoldaşımın babası 
haqqında söylədiyi həm ürək parçalayan, həm insan mənliyini, ləyaqətini 
riqqətə  gətirən  acı  hekayət  mənim  könlümdə  fırtınalar  yaratdı.  Mən 
qərbi  azərbaycanlı  Məmməd  qardaşımdan  yaşadıqları  yer-yurd  adlarını 


80
birər-birər  soruşub  kağıza  yazdım,  sonra  bir  günün  içində  o  ər  oğlu,  el 
arasında Köndüoğlu ayaması ilə tanınmış Axtalalı Qasım kişinin şərəfinə 
“Burdan bir atlı keçdi” poemasını yazdım. Poema hasil olanda Məmməd 
heyrətdə qalmışdı, dedi ki, o qədər təsirli çıxıb ki, elə bil sən də o tor-
paqlarda doğulmusan. Bəlkə sənin də əslin oralara gedib çıxır, bu qədər 
yanğı ilə yazdın bu əsəri. Dedim yox, qardaş, mənim əsil-köküm Bakının 
yüz on kilometrliyində şimal hissədə yerləşən Siyəzəndəndir. Vətən eşqi 
olan yerdə nə tayfa, nə bölgə?! Bizim bir Vətənimiz var, o da başıbəlalı 
Azərbaycandır, onun nə şimalı, nə şərqi, nə qərbi, nə cənubu?! Təki içində 
Vətən  eşqi,  millət  təəssübkeşliyi  olsun,  bir  də  yeri-göyü  titrədən  ilham 
olsun, amma çox təəssüflər olsun ki, mən bu poemanı onun ölümündən 
sonra  qələmə  almışam,  çünki  Məmməd  bizim  idarəyə  gələndə  artıq 
babası Köndüoğlü Qasım kişi dünyasını dəyişmişdi. Mən Köndüoğlunun 
mərdliyindən,  cəsurluğundan  qürurlandım,  bu  gün  də  o  ər  kişinin  ruhu 
qarşısında baş əyirəm! Altı ay düşmən dövlətin içinə gedəsən və bu günlər 
ərzində yağı əhatəsində yaşayasan, bəs bu kişinin qurd ürəyinə necə vurul-
mayasan?! İnanıram ki, əldən çıxmış Vətən torpaqları gec-tez öz doğma 
sakinlərinin ixtiyarına veriləcək. Atalar demişkən “haqq nazilər, üzülməz”. 
Mən də bu bağlılıqların üzülməyəcəyinə əminəm, bu gün biz yaşlı insanlar 
bunu görməsək də, gələcək nəsillər bunun şahidi olacaq.
Əli  Rza  müəllim,  özünüzün  dilə  gətirdiyi  kimi  mən  “Burdan  bir  atlı 
keçdi”  sizin  “Axtala  əfsanəsi”  adlandırdığınız  poemamı  yanğı  ilə  qələ-
mə  aldım.  Siz  də  elə  həmən  yanğı  və  ilhamla,  bir  zərgər  dəqiqliyi  ilə, 
yüksək sənətkarlıqla onu təhlil etdiniz. Bu sənətkarlıq önündə adam hə-
yə canlanmaya  bilmir.  Allahıma  şükürlər  edirəm  ki,  yaradıcılığım  sizin 
diqqətinizi cəlb etdi, çünki siz təhlil etdiyiniz hər bir əsərə, mübaliğəsiz 
deyərdim ki, ikili ömür bəxş edirsiniz, sanki oxucuları biganəlikdən ayıl-
mağa səsləyirsiz. Bu gün bizim torpağımızın yaralarından qan sızır, amma 
biz efirimizdə səhərdən axşamadək bayağı, boğazdan yuxarı kəlmələrin, 
adamda  ikrah  hissi  doğuran  şit-şit  verilişlərin  şahidi  oluruq.  Elə  bil  ki, 
bu ölkənin torpaqları işğal altında deyil, ekranda dəyərli, insanı hünərə, 
vətənpərvərliyə  səsləyən  proqramlar  yox  dərəcəsindədir.  Biz  bunu  nə 
şəhər küçələrində asılan reklamlarda, nə də adamlarımızın çöhrəsində hiss 
etmirik. Ölkəmizə təşrif buyuran xarici qonaqlar da yəqin ki, bu milləti 
iyirmi faiz torpağı işğal altında olan xalqa bənzətməz. Ekranımızı, efirimizi 


81
müğənnilər  işğal  edib,  çoxunun  da  səsinə  yox,  ancaq  geyiminə  tamaşa 
etməli olursan, çünki səs əvəzinə paltar nümayiş etdirirlər. 
Müharibə mövzusundan söz düşmüşkən, onu da sizin nəzər-diqqətinizə 
çatdırmaq istəyirəm ki, kifayət qədər tanınmış, ad almış şair və yazıçılardan 
həm  efir  vasitəsilə,  həm  də  təqdimat  yığıncaqlarında  təmasda  olarkən 
eşitmişəm ki, bu mövzuda qan-qırğın gedən zamanı yazmaq olmaz. İyirmi 
il, otuz il keçər sonra bu hadisələr qələmə alınar, yoxsa bir çox yanlışlıqlar 
ola bilər. Xalqımızın bir atalar məsəlində deyilir: “Dəmiri isti-isti döyərlər”. 
Fikrimizcə, yaradıcı adamlar hadisələri isti-isti qələmə almalıdırlar, çünki 
biz işğala məruz qalmış xalqıq, işğal etmiş yox! On ildən, iyirmi ildən son-
ra isə qoy alimlər, tənqidçilər təhlil etsinlər. İstəkli oxucular, bir məsələni 
də  sizin  diqqətinizə  yönəltmək  istəyirəm  ki,  yaratdığım  surətlər  bizimlə 
eyni zaman kəsiyində yaşayan insanlar olub, bir çoxu dünyasını dəyişib 
haqq dünyasına qovuşub, bir çoxu isə Allah verən ömrü yaşayır.  
Siz  isə,  Əli  Rza  müəllim,  yenidən  mənim  yaradıcılığıma  müraciət 
etməklə,  əsir  torpaqlarımızdan  bəhs  edən  “Burdan  bir  atlı  keçdi”  poe-
masına qayıtmaqla, bu əsərdən “Axtala əfsanəsi” adlı ədəbi, tənqidi kitab 
yazmaqla  bir  daha  o  ər  kişinin  ruhunu  şad  etmiş  oldunuz.  Əhsən,  sizin 
alim  təxəyyülünüzə,  vətəndaşlıq  qeyrətinizə!..  Nə  yaxşı  ki,  Köndüoğlu 
kimi  ər  kişilərimiz,  sizin  təki  istedadlı  söz  fədailərimiz  var.  Deməli, 
Vətən  yaşayacaq,  millət  yaşayacaq.  Bu  yaşam  içindən  boylanan  fidan 
körpələrimizin  canı  sağ  olsun,  onlar  sabah  qüdrətli  Azərbaycanımızın 
qeyrətli igidləri olacaqlar. İgidləri olan Vətənsə basılmaz, övladları özgə 
künclərinə qısılmaz.
Sizə isə deyirəm, ey qələm əhli, ey özünü şair, yazıçı timsalında görən 
soydaşlar, yazıb-yaratmaq üçün millətdən qaçıb gizlənib kabinetlərə yar 
olmaq yox, xalqın içinə getmək, onun hal-əhvalını sormaq, onunla təmasda 
olmaq  vacibdir.  Nə  avropasayağı  yazmaq,  nə  də  əcnəbi  adlar  işlətmək 
lazımdır, dünyəvi şair və yazıçı olmaq istəyirsizsə, elə bu Vətəndən, bu 
millətdən  onun  şirin,  həzin  diliylə  ilhamını  cilalaya-cilalaya  dərdlərini 
vərəq-vərəq kitablara köçürt, onda həm öz məmləkətinin, həm də dünyanın 
yaddaşında qalarsan…

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin