Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə26/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   22   23   24   25   26   27   28   29   ...   99
 08.08.2010
 
ƏDƏBİYYAT HƏYATINI ŞAM KİMİ
YANDIRANLARIN QƏLƏMİNDƏN KEÇİR  
Millətin, xalqın varlığı və doğulduğu məkan onun yaratdığı söz xəzinəsi 
ilə, kətan üzərində əsrləri dil açdırıb danışdıran rəngli boyalarıyla, könül 
oxşayan fırçasıyla, ruhları cilalandıran musiqisilə, bütünlükdə ədəbiyyatı, 
folkloruyla təbii olaraq tarixin yaddaşına köçür. Əgər bir millətdə ədəbi-
bədii dəyərlər yoxdursa, deməli, o millət, o xalq ölümə məhkumdur, sağ 
ikən, var ikən yoxdur. Deməli, bu dünyaya o yalnız say artırmaq üçün gəlib, 
insan sayını… Gec-tez tarix səhnəsindən silinib getməyə məhkum olacaq. 
Başqa xalqların içərisində əriyib itəcək. Böyük Yaradana şükürlər olsun 
ki, xalqımız tarix səhnəsinə qədəm qoyduğu gündən ruhları nəşələndirən 
sazı, tarı, muğamı, laylası, bayatısı, ağısı, oxşaması, dastanları onunla za-
man  dolaylarında  yol  yolçusu  olub.  “Ədəbiyyat  zamanın  güzgüsüdür” 
deyirlər,  əgər  bu  güzgü  olmasaydı  zaman  özünü  tarix  səhnəsində  necə 
görə bilərdi? Mübaliğəsiz deyə bilərəm ki, elə tarixin də kitablarda doğru-
düzgün öc alması ədəbiyyatda həyatını şam kimi yandıranların qələmindən 
keçir. Bu qələm ölsə, tarix də ölər, çünki törədilən müharibələrin dəhşətləri 
də,  cəmiyyət  içindəki  haqsızlıqlar  da,  təbəqələr  arasındakı  iğtişaşlar  da, 
yoxsulların göz yaşı da, kədərin böyüklüyü də, nəşənin həyatiliyi də elə 
söz adamının, qələm sahibinin vəfasından və cəfasından keçir. Qəlb ləri-
ni  od  üstündə  yağ  kimi  dağ  edən  qələm  adamları  ömürləri  boyu  yaşa-
dıqları  həyatın,  cəmiyyətin  qəm  yükünü  çiyinlərində  daşıyırlar.  Ya-
şadıqları  cəmiyyətdən,  doğulduqları  məmləkətdən  qazandıqları  isə  çox 
zaman  biganəlik,  soyuqluq,  baxımsızlıq,  unutqanlıq  olur.  Onlar  isə 
gözlə gördüklərini, ağılla dərk etdiklərini Allahın könüllərinə bəxş etdiyi 
ilhamın  köməkliyi  ilə  ağ  vərəqlər  üstünə  tökürlər.  Sevda  dolu  gecələrin 


89
yuxusuzluğunun həsrəti alışır bu vərəqlər üstə!.. Yazan, yəni istedad kişi 
olanda, o hələ bəxti gətirənlər sırasına daxil olur, çünki kişi sözü önə çəkilir, 
hər tərəfdən eşidilir, şərəfinə layiq oldu-olmadı, təriflər yağdırılır. Onların 
əli hər qapını aça bilir. Evdən günün hər vaxtında çıxa bilir, hər kəsin üzünə 
utanmadan  baxa  bilir.  Amma  qadının  yaradıcılıqla  məşğul  olması,  ən 
əsası əlinə qələm alıb şeir yazması bütün dövrlərdə cəmiyyətdə birmənalı 
səslənməyib. Qadın sənətkarların yolu hər zaman milliyyətindən asılı ol-
mayaraq daşlı-kəsəkli olub. Çox vaxt ailə qurmağa macal tapmayıblar və 
yaxud qurublarsa da ailələri dağılıb, özləri təhdidlərə, basqılara, qınaqlara 
məruz qalıblar. Əgər qadın şair doğulubsa, deməli, sonsuz məşəqqət, əzab-
əziyyət də onunla doğulub, ya o bu yolu axıra qədər gedəcək, ya da zamanın 
hansısa dolayında qopan qasırğanın sürətində itib-batacaq. Anamız Məhsəti 
Gəncəvidən üzü bəri nə qədər qadın yazarlarımızın müsibət dolu həyatı 
gözlərimiz qarşısında  canlanır.  Sağlıqlarında təhdid və  basqılardan əzab 
çəkən xanım yazarlarımız faciə və kədər dolu ömür yaşamışlar. Heyran 
xanım, Fatma xanım Kəbinə, Xurşudbanu Natəvan və bir çoxları min bir 
əzablar bahasına olsa da klassik ədəbiyyatda öz izlərini qoydular və yaxşı 
ki, bu izlərin işartıları ədəbiyyatımızdan boy göstərir, dünənimiz, bugünü-
müz, sabahımız onların yaratdıqları söz incilərilə qürurlanıb və qürurla-
nacaq,  deməli,  biz  say  üçün  doğulan  millətlər  sırasında  deyilik.  Nəinki 
kişi yazarlarımız, hətta qadın yazarlarımız da ilham çeşməsinin gözündən 
qidalanır, könül duyğularını vərəqlər üstünə səpələyir.
XX əsr Azərbaycan ədəbiyyatında sovet dövrü adlı bir dövr də oldu ki, bu 
zaman da yazıb-yaradan qadın sənətkarlarımız barmaqla sayılası qədər idi. 
Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün, Hökumə Bülluri, Ruzigar 
Əfəndiyeva, Kəmalə Ağayeva, Nurəngiz Gün, Südabə Şəfa, Şərafət Dağıstanlı 
və başqaları. Bu siyahını bir az da uzatmaq olar. Amma indiki qədər qadın 
yazarlarımız yox idi. Sovet dövrünün qadağaları, quruluşa qulluq insanların 
əl-qolunu bağlamışdı. 90-cı illərdən sonra Sovet İmperiyasının çöküşü bütün 
qadağaları aradan qaldırdı. Xalqlar azadlıq adlı Günəşin işığından öc aldı. O 
cümlədən millətimizin də əl-qolu açıldı, vətənimizin Rusiya boyunduruğunda 
olan  hissəsi  azadlığa  çıxdı,  məhz  keçən  əsrin  90-cı  illərindən  sonra  qadın 
yazarlarımızın da sayı artdı. Bu yazarlardan ədəbiyyat aləmində özünəməxsus 
ilhamı, təbi, sözü olan xanımlarımızdan Sona Xəyal, Almaz Ülvi, Gülxani 
Pünhan, Məleykə Səma, Güllü Yoloğlu, Flora Xəlilzadə, Dilarə Şahid, Gülarə 
Munis,  Azadə  Taleh,  Südabə  Sərvi,  Güləmayil,  Zəminə  Xınalı,  Gülnigar 


90
Rəhimli, Fəridə Hacıyeva, Fərqanə Mehdiyeva, Aləmzər Quliyeva, Zərxanım 
Ülvi,  Salatın  Əhmədli,  Nəcibə  İlkin,  Gülayə  Şınıxlı,  Şövkət  Zərin,  Şövkət 
İmami,  Dilarə  Girzanlı,  Cığatel,  Minaxanım  Təkləli,  Pərvanə  Zəngəzurlu, 
Səadət  Buta,  Xədicə  Murad,  Xatirə  Əziz,  Minayə  Azaflı,  Narınc  Xatun, 
Zərəngiz Qayalı, Pərvanə Nizaməddin və sair. Və nəhayət, yaradıcılığı barədə 
söhbət açacağım Fəridə Ləman… 
Keçən əsrin 80-ci illərindən ədəbiyyat aləmində Fəridə Ləman imzası ilə 
tanınan xanım şair özünəməxsus qələmilə söz sarayına birər-birər kərpiclər 
hörür. Özünü şəxsən tanımamışdan qabaq mətbuat səhifələrindən şeirlərilə, 
publisist yazılarıyla tanış idim. Onun yaradıcılığı haqqında geniş məlumat 
özüylə şəxsən tanışlıqdan sonra başladı. Onun mənə bağışladığı “Ürəyimi 
sabahlara açıram” şeirlər kitabıyla müəllif barədə dolğun məlumat almağa 
fürsət  buldum.  Bu  kitabda  qadın  şairin  ilıq  nəfəsini,  könül  mülkünü  öz 
ecazkarlığıyla şeir dünyasına çəkib aparan mehmannəvazlığını duydum. O 
özü duyduğu kimi, ilhamının ona yar olduğu qədər sözə “leylilik” edir. Söz 
öz məcnun sevgisini ona diktə edənə kimi bu aləmdən çıxmır. Şeirlərinin 
hər misrasında yanğı dolu bir pıçıltı var. Bu pıçıltıların sehri oxucunu onun 
söz dünyasına çəkib aparır və onu bu dünyayla aşina edir.
Beləliklə, Fəridə Ləman iri həcmli çapa hazırlanan “Anama məktub” 
kitabına ön söz yazmağı məndən rica edəndə məmnuniyyətlə bu təklifə 
razılıq verdim, çünki onun qələmi, sözü, şəxsiyyəti tanışlığımızın ilk gü-
nündən qəlbimdə özünə yer edib. Həqiqətən Fəridə Ləman qadın sənət-
karlarımızın  içində  öz  şəxsiyyətilə  sayılıb-seçilən  ictimaiyyətçi  bir 
xanımdır. O, “Məhsəti” jurnalının baş redaktoru, “Məhsəti Şairlər Məc-
lisinin”  sədridir,  çoxsaylı  kitablar  müəllifidir.  O,  Qarabağ  müharibəsi 
za manı  ölümsaçan  silahların  əjdahatək  od  püskürdüyü  vaxtda  cəbhə 
meydanlarından söz-sovu gələn yazarlarımızdan olub. Fəridə Ləman yor-
ulmaq bilmədən qələmlə söz karvanının sehrinə düşüb uzun bir yol gedir… 
Bu  yolun  istisi,  soyuğu,  ağrı-acısı  qəlb  söksə  də  xanım  şair  bir  an  belə 
usanmır. Elə qarşımda çapa hazırlanan, ön söz üçün vərəq-vərəq nəzərdən 
keçirdiyim “Anama məktub” kitabı da bu qəbildəndir. Kitab bütünlükdə 
dörd fəsildən ibarətdir.
Kitabın  birinci  fəslinin  birinci  səhifəsi  nəsrlə  yazılmış  «Ana»  adıyla 
başlayır. “Ey dan üzlü, Günəş nurlu ana…”, “Başın dərdə əyilməsin…” 
deyir Fəridə xanım anaya. Ana haqqı, Tanrı haqqı deyiblər, bu haqqı tap-
dalayanlar böyük günahı olanlardandır. Bu haqqı uca tutursan, ucalıqdan 


91
düşməyəsən,  əziz  həmkarım.  Şairənin  “Anama  məktub”  şeri  də  çox 
təsirlidir. Elə bu təsirin ovqatındandır ki, müəllif kitabın adını da bu şerin 
adıyla bağlayıb:

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin