III. Orta əsr sivilizasiyaları. Şagirdlər orta əsrlərin bəşər cəmiyyəti inkişafının xüsusi mərhələsi olduğunu, feodal münasibətlərinin meydana gəlməsi və inkişafının əsas xüsusiyyətlərini, feodal dağınqlığının səbəb və nəticələrini, ayrı-ayrı ölkələrdə bu prosesin özünəməxsusluğunu, islam, xristian və digər dinlərdəki ümumbəşəri dəyərləri təhlil edir, nəticələr çıxarır və onları əsaslandıra bilirlər. Bu məqsədlə aşağıdakı bölgə və dövlətlərin tarixini təhlil edirlər:
1. Azərbaycan
2. İran və Qafqaz
3. Türk dünyası
4. Çin
5. Hindistan
6. Ərəb xilafəti
7. Monqol imperiyası
8. Qərbi Avropa, Bizans və slavyan xalqları
9. Mərkəzi Amerika və And sivilizasiyası.
Şagirdlər Azərbaycan əhalisinin məşğuliyyəti, sosial tərkibi, məişəti, etiqadları, mədəni nailiyyətləri barədə elmi ictimaiyyətin qəbul etdiyi son araşdırmalara əsaslanan materialları təhlil edirlər. Bundan əlavə şagirdlər Azərbaycanda mövcud olan dövlətlərin yaranması, inkişafı, tənəzzülü səbəblərini, qonşularla münasibətlərini, idarəetmə üsullarını, görkəmli şəxslərin həyatını müqayisəli şəkildə araşdırmağı, onları qiymətləndirməyi bacarırlar. Şagirdlər aydınlaşdırırlar ki, Azərbaycan Şərqlə Qərbi birləşdirən körpü rolu oynamış, müxtəlif dinlərin təsirinə məruz qalmış, dünyadakı mədəniyyətlərin nailiyyətlərindən bəhrələnmişdir. Şagirdlər bu nəticəyə gəlirlər ki, həmin dövrdə Şimali və Cənubi Azərbaycan arasında münasibətlər davamlı xarakter almış və Azərbaycan xalqının formalaşması prosesi başa çatmışdır.
Dostları ilə paylaş: |