IV. Ənənəvi cəmiyyətdən sənaye cəmiyyətinə keçid. Şagirdlər böyük coğrafi kəşflərin səbəb və nəticələrini, yeni cəmiyyətə keçid prosesinin ən mühüm mərhələləri olan intibah, Reformasiya və sənaye çevrilişini, ənənəvi cəmiyyətdən sənaye cəmiyyətinə keçid prosesində texnologiya və iqtisadi amillərin rolunu təhlil edirlər.
Şagirdlər Niderland, İngiltərə, Amerika və Fransada baş vermiş inqilabları, onların səbəb və nəticələrini müqayisə edir, sivilizasiyaların qeyri-bərabər inkişafını, tarixdə təkamül və inqilabi hərəkatı qarşılaşdırırlar. Onlar burjua inqilablarının cəmiyyətin quruluşuna, ideologiya və təhsilə təsirini, vətəndaş cəmiyyətinin formalaşmasını fərqləndirən amilləri araşdırır, cəmiyyətlə dövlət arasındakı münasibətlərdə baş verən dəyişiklikləri təhlil edərək vətəndaş cəmiyyətinin yaranması prosesi haqqında nəticələr çıxarırlar.
Şagirdlər İngiltərə, Fransa, Almaniya, ABŞ və Yaponiyada baş vermiş sənaye çevrilişinin nəticələrini təhlil edirlər.
Şagirdlər sənaye çevrilişinin cəmiyyətin strukturuna, sosial dəyişikliklərin çevikliyinə və istehsal formasına təsirini, sənaye cəmiyyətinin mədəniyyətini, qərb sivilizasiyasının təbiətə münasibətini, burada xüsusi mülkiyyətin inkişafını, mülkiyyət hüququna ayrılmaz və təbii hüquq kimi baxışın formalaşmasını təhlil edirlər.
Şagirdlər XV əsrin sonu – XIX əsrin ortalarında beynəlxalq münasibətləri araşdırırlar. Onlar XIX-XX əsrin hüdudlarında Asiya ölkələrində ənənəvi cəmiyyətlərin böhranını, kapital ixracı, Qərb mədəniyyəti və əxlaqi nümunələrinin təsiri altında ənənəvi strukturların deformasiyasını, qabaqcıl sınaye cəmiyyətlərində ziddiyyətlərin kəskinləşməsini, dünyanın bölüşdürülməsi uğrunda mübarizənin başlanmasını, dövlətlərarası münasibətləri, Birinci Dünya müharibəsinin səbəb və nəticələrini təhlil edirlər.
Şagirdlər XV əsrin sonu – XIX əsrin ortalarında Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni həyatı ilə bağlı məsələləri, Azərbaycan torpaqlarına yiyələnmək uğrunda dövlətlərarası mübarizəni, torpaqlarımızın Rusiya ilə İran arasında bölüşdürülməsini təhlil edirlər. Onlar Gülüstan və Türkmənçay sülh müqavilələrinin xalqımız üçün nəticələrini, Rusiya imperiyasının Şimali Azərbaycanda, İran dövlətinin Cənubi Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini, onun siyasi, sosial – iqtisadi və mədəni nəticələrini, xalqın bu siyasətə müqavimətini araşdırır, Şimali Azərbaycanın Qərb, Cənubi Azərbaycanın isə Şərq sivilizasiyasına istiqamətlənməsi nəticəsinə gəlirlər. Həmin sivilizasiyaların cəmiyyət – dövlət münasibətlərinə, ictimai həyatın tənzimlənməsinə və bu sahələrə təsirini təhlil edirlər. Qərb mədəniyyətinin əxlaqi nümunələrinin və kapitalın ixracı nəticəsində ənənəvi cəmiyyət strukturlarında baş dəyişiklikləri aydınlaşdırırlar.
Şagirdlər Azərbaycanın I Dünya Müharibəsi ilə əlaqəsini, müharibənin iqtisadiyyata və əhalinin güzəranına mənfi təsirini, Rusiyada fevral inqilabının qələbəsindən sonra Azərbaycanda milli-azadlıq hərəkatının güclənməsini araşdırır və müəyyən nəticəyə gəlirlər.
Dostları ilə paylaş: |