V. Sənaye cəmiyyətinin inkişafı. Şagirdlər Birinci Dünya müharibəsindən sonrakı beynəlxalq vəziyyəti təhlil edir, yeni yaranmış bir sıra dövlətlərdə totalitar və avtoritar rejimlərin qurulmasının səbəb və nəticələrini araşdırır, həmçinin kommunizm və nasional – sosializm, bolşevizm və faşizm ideologiyalarını səciyyələndirir və təhlil edirlər.
Şagirdlər elmi-texniki tərəqqini, Avropada iqtisadi inkişafı və qarışıq iqtisadiyyata keçidi şərtləndirən amilləri təhlil edir, sənaye cəmiyyətində mülkiyyət – istehsal, bölgü, mübadilə, istehlak münasibətlərini, sahibkarlıq və sosial çeviklik məsələlərinin insanların sosial – iqtisadi, siyasi – mədəni həyatına təsirini araşdırırlar.
Şagirdlər Asiya və Afrika ölkələrinin sosial, siyasi, iqtisadi və mədəni həyatında baş vermiş əsas hadisələri təhlil edir, ənənəvi strukturların deformasiyasını sübut edən faktları aşkara çıxarırlar. Məktəblilər XIX – XX əsrin hüdudlarında iqtisadi inkişafın yeni yollarının axtarılması ilə bağlı məsələləri təhlil edir və bu barədə öz fikirlərini formalaşdırırlar.
Orta məktəb şagirdləri XIX əsrin sonu – XX əsrin 30-50-ci illərində dövlətlərarası münasibətləri, beynəlxalq aləmdə hərbi-siyasi böhranı kəskinləşdirən amilləri – II Dünya müharibəsinin səbəb və nəticələrini təhlil edir, onları I Dünya müharibəsi ərəfəsində və illərində baş vermiş hadisələrlə müqayisə edirlər.
Məktəblilər bir sıra Qərb ölkələrində ictimai-siyasi həyatın demokratik-ləşdirilməsi, hüquqi dövlətlərin, müxtəlif ictimai hərəkatların yaranması məsələ-lərini təhlil edir və öz nəticələrini əsaslandırırlar. Şagirdlər terrorizmin mahiyyəti ilə tanış olur, onun nə üçün bəşəriyyətə təhlükə olduğunu faktlarla sübut edir, öz fikirlərini ölkəmizə qarşı terror faktları ilə əsaslandırırlar. Onlar həmçinin ölkələrin qarşılaşdığı digər qlobal problemləri – müharibə, ekologiya, demoqrafik, sülh, əhali artımı, energetika, QİÇS, Reproduktiv sağlamlıq və s. məsələləri araşdırırlar.
Şagirdlər 1960-70-ci illərin sənaye cəmiyyətində baş verən böhranları, XX əsrdə modernləşdirmənin sürətləndirilməsini təhlil edir və bunların müasir sivilizasiyaya təsirini aşkara çıxarırlar.
Şagirdlər XX əsrin II yarısında Avropa və Asiyanın bir sıra ölkələrində milli azadlıq hərəkatlarını müqayisəli şəkildə təhlil edir, siyasi azadlıq əldə etmiş ölkələrdə Qərb təsirinin mövcudluğunu faktlarla əsaslandırırlar. Bundan əlavə şagirdlər ölkələrin dünya iqtisadiyyatına inteqrasiyası, məlumat, texnologiya və kommunikasiya sahələrində baş verən əsaslı dəyişiklikləri təhlil edirlər.
Məktəblilər Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixi şəraiti təhlil edir, Azərbaycan dövlətçiliyinin bərpasının mühüm tarixi hadisə olduğunu sübut edir, AXC-nin həyata keçirdiyi tədbirlərlə demokratiyanın inkişafı arasında əlaqəni müəyyənləşdirirlər. AXC-nın süqutuna gətirən siyasi, iqtisadi, sosial amillər, aprel işğalı və erməni separatizmi arasındakı əlaqələrə dair ümumiləşdirmələr aparırlar.
Məktəblilər həmçinin Şimali Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması ilə Cənubi Azərbaycanda milli azadlıq hərəkatının güclənməsi arasında əlaqələri aşkara çıxarır, Şərq və Qərb sivilizasiyalarının Azərbaycana təsirinin güclənməsi və ya zəifləməsini təhlil edirlər.
Şagirdlər 20-ci illərdə Şimali Azərbaycanda siyasi durumu təhlil edir və xalqımızın sovet rejiminə qarşı ciddi müqavimət göstərməsinin səbəblərini aydınlaşdırırlar. Onlar ZSFSR və SSRİ-nin yaranması ilə Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi arasında bağlılığı da aşkara çıxarırlar.
Məktəblilər Ermənistan SSR-də yaşayan azərbaycanlılara özünüidarə hüququ vermədən Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar vilayətinin yaradılmasının ölkəmizin bütövlüyünə qəsd yolunda atılmış növbəti addım olduğunu əsaslandırır və onu müasir Qarabağ problemi ilə əlaqələndirirlər. Onlar həmçinin Naxçıvan MR-nın yaradılmasının səbəb-nəticə əlaqələrini də araşdırırlar.
Bununla yanaşı, şagirdlər 20-30-cu illərdə SSRİ-də həyata keçirilən sənayeləşdirmə, zorla kollektivləşdirmə, kütləvi repressiyaların səbəblərini təhlil edir və nəticələrini qiymətləndirirlər.
Orta məktəb şagirdləri bu illərdə Şimali Azərbaycanda sovet, Cənubi Azərbaycanda isə şah hökumətlərinin yeritdiyi siyasəti müqayisə edir, çıxarılmış nəticələrə əsasən onlara qiymət verirlər.
Əldə edilmiş biliklər əsasında şagirdlər xalqımızın və dilimizin adının, əlifbamızın dəyişdirilməsinin səbəbləri barədə şəxsi mühakimə və dəlillərini formalaşdırırlar.
Şagirdlər xarici dövlətlərin Azərbaycana marağının səbəblərini təhlil edirlər. II Dünya Müharibəsində faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın rolunu qiymətləndirirlər. II Dünya müharibəsi illərində baş verən hadisələrlə Cənubi Azərbaycandakı 21 Azər hərəkatı və onun məğlubiyyət səbəbləri arasındakı əlaqələri araşdırırlar. II Dünya Müharibəsindən sonrakıdövrdə respublikamızda idarəçilik sistemini möhkəmləndirməkdə Sovet hökumətinin güddüyü məqsədləri müəyyənləşdirir, 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın kütləvi deportasiya edilməsində SSRİ rəhbərliyinin rolunu qiymətləndirirlər. Məktəblilər 60-cı illərin sonunda H.Əliyevin hakimiyyətə gəlməsi ilə respublikada idarəçilik sisteminin möhkəmləndirilməsi, 70-ci illərdə iqtisadi quruculuq və mədəni inkişafla bağlı görülən tədbirləri araşdırırlar. Bundan əlavə, şagirdlər 80-90-cı illərdə xalqımızın azadlıq mübarizəsi, 20 Yanvar hadisəsi və dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi, Qarabağ müharibəsi ilə bağlı faktları, bu işdə H.Əliyevin göstərdiyi xidmətləri təhlil edirlər.
Şagirdlər həmçinin XXI əsrin astanasında xalqımızın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində atdığı addımları təhlil edir, iqtisadi, sosial-siyasi və mədəni inkişafına təsir edən amillərlə bağlı və ölkəmizin Qərb sivilizasiyası ilə əlaqələrinə dair ümumiləşdirmələr aparırlar.
Dostları ilə paylaş: |