T.Ə. CƏFƏRLİ BİR Əsr bir nəSİl budur gəldi bahar fəsli



Yüklə 1,19 Mb.
səhifə7/13
tarix31.01.2017
ölçüsü1,19 Mb.
#7184
1   2   3   4   5   6   7   8   9   10   ...   13

MƏMMƏDƏLİNİN KABABXANASI
Məmmədəlinin kababxanası İçəri şəhərin aşağısında, dənizə baxan tərəfində yerləşirdi. Köklü bakılılar deyirlər ki, Məmmədəli kimi kababbişirən dünyada olmayıb.

Kababxananın İçəri şəhərin mərkəzində yerləşməsi, oradakı ucuzluq və yaxşı xidmət hamını bura cəlb edirdi. Məmmədəli orta boylu, yaşı altmışı keçsə də cavanlıq təravətini itirməmiş, gülər üz, şirin dil bir insan idi.

Ticarətçilər kimi acgöz adam deyildi. Hərəkətində və camaata münasibətində alicənablıq hiss olunurdu. Elə bir insan tapılmazdı ki, ondan şikayət etsin.

Şairlər, yazıçılar, jurnalistlər, rəssamlar, müğənnilər və artistlərin tez-tez gəldikləri yer idi bu kababxana. Oranın yarı qaranlıq zalında nədən danışılmırdı: əsərləri müzakirə olunar, yazdığı şerlər və nəğmələr səslənər, oradakıların ilk tənqidlərini eşidərdilər.

Axşam bura yığışanlar hər şeydən xali olan adamlar idilər. Hər axşamın öz gözəlliyi və təkrarolunmazlığı vardı.

Hər səhər bakılılar bir-birinə Məmmədəlinin kababxanasında baş vermiş maraqlı əhvalatlardan danışardılar. Ancaq bunların arasında Əlağa Vahidlə bağlı məzəli əhvalatlar daha çoxluq təşkil edirdi.

Məmmədəlinin kababxanası Əlağa Vahid dəstəsinin xoşladığı, demək olar ki, hər gün gəldiyi yer idi.

"Vahid dəstəsi" tanınmış meyxana deyənlərdən ibarət idi. Onlar adətən bura iki-üç nəfər gələrdilər, gələndə də ancaq Vahidlə olurdular.

Onu çox vaxt Ağahüseyn müşayiət edirdi. Məmmədəlinin kababxanasında üç-dörd gündən bir onların meyxanaları səslənirdi.

Əvvəllər bu meyxanalara görə başı çox ağrayırdı. Hətta bir neçə dəfə işdən də çıxartmışdılar.

Məmmədəli kababxanadan gedəndən sonra hamının ayağı buradan kəsilirdi.

Kababxana Raypiştorq2 planını verə bilmirdi. Odur ki, Məmmədəlini yenidən qaytarmağa məcbur olurdular. Çünki o, əvəzolunmaz adam idi.

Məmmədəlinin qayıdışı kababxananın adət-ənənəsini bərpa edirdi. Yenə də meyxana sədaları eşidilirdi.

Bakılı olasan, meyxananı sevməyəsən!

Məmmədəli də bakılılardan bir idi.

Yüksək dövlət kürsülərindən görünməyən, şerləri dillər əzbəri olan Əlağa Vahidin həm dostu, həm dayağı, həm də pərəstişkarı idi Məmmədəli.

Vahidi görmək istəyənlər hamı bura yığışardı. Ağa Hüseynlə Vahidin deyişmələri baş verəndə kababxananın çox da böyük olmayan zalında insan əlindən tərpənməyə yer tapılmazdı. Hətta kababxananın qapısı və açıq pəncərələrinin qabağı da adamla dolu olurdu.

Dar pəncərə və qapıdan küçəyə çıxan çırtma səsinə qarışmış meyxana beytləri içəridəkiləri və küçədəkiləri vəcdə gətirirdi.

Kababxananı tərk edənlər qeyri-adi bir hadisənin şahidi olduqlarına sevinir və ağız dolusu danışırdılar.

Əlağa Vahidin saçlarının çallaşan vaxtları idi. Şair gəncliyin ondan uzaqlaşdığı hiss edirdi. Qəlbində niskinlik yaranırdı. Çox vaxt üzündən gülüş çəkilib gedirdi. İki əlilə başını tutub dərin fikrə dalırdı. Nələr gəlmirdi ürəyinə?

Məmmədəli yazıq əlindən gələni edirdi ki, onun könlünü alsın, ancaq bacarmırdı. Piştaxtanın arxasında dilxor oturub etinasızlıqla qapıdan girənlərin üzünə baxırdı.

Əşrəflə Volodya kababxanaya girəndə günorta idi. Adamların sayı çox deyildi.

-Qardaş oğlu, xoş gəlmisən! - Məmmədəlinin piştaxtanın arxasından səsi eşidildi.

-Məmmədəli dayı, salam! Sizi görmədik! - deyə Əşrəf onu salamladı.

-Nə qulluq etsinlər sizə?

-Məmmədəli dayı, əvvəlki kimi: lülə, tikə.

-Baş üstə, qardaş oğlu.

-Məmmədəli dayı, Vahid dayını görməmisən?

-Bu gün gəlməyib. İnanmıram gəlsin, çünki dünən burdaydı. Hər gün gəlməyi xoşlamır. Deyir ki, özümü hörmətdən salaram. Allah ona can sağlığı versin! Evini tanıyırsan. Evində olar.

Nahar etdikcə Əşrəfin gözü qapıda qalmışdı. Şairin içəri girməsini gözləyirdi. Ancaq Vahid kababxanaya ayaq basmadı.

Yeməkdən sonra Abasın mağazasına getməli oldular. Sovetski küçəsində yerləşən balaca daxmanı xatırladan mağaza Vahidin yaşadığı evin tininin ucunda idi. Əşrəfin uşaqlıq dostu Abasın mağazası bu küçədə adla idi. İstədiyin şeyi buradan tapmaq olardı.

Əşrəflə Volodya dükana girib, müdirin oturduğu balaca otağa keçdilər. Qarşısındakı şotkası ilə əlləşən Abas onları görüb ayağa qalxdı:

-Qədeş, xoş gördük! - deyə salamlaşdı.

-Abas, al bu spisoku, gör, dədə nə deyib, onları təşkil elə! Sabah hamımız gedirik Basqala, vaxtın varsa, qoşul bizə. Əlisəttara toy edəcəyik.

-Bəs burda?

-Burda da olacaq. Gedirsən?

-Sözsüz!

-Onda hazırlaş, sabah səhər çıxırıq.

Abbas siyahıya baxıb üzünü Əşrəfə tutdu:

-Bütün bunlar var! Nə edim? - deyə soruşdu.

-Volodyanın maşınına yığ, aparsın. Sonra özün nə məsləhət bilirsən, onları da əlavə et! Özümüzü də nəzərə al! Mən indi gəlirəm.

-Hara belə?

-Əlağa dayını axtarıram.

-Hamam tərəfə bax! Gözümə bayaq onun qabağında dəydi.

Əşrəf qaranlıq dükandan bayıra çıxanda gözləri qamaşdı. Əlağagil tərəfə addımladı. Hamam tərəfə diqqətlə nəzər saldı, onu hamamdan çıxan gördü. Ona yaxınlaşdı:

-Əlağa dayı, həmişə təmizlikdə! Maşallah, özünüzə qulluq edirsiz.

- Neyləyək xalqın istəklisiyik. Gözə yaxşı dəymək lazımdır. Məşədi necədir?

-Əlağa dayı, elə onun tapşırığı ilə gəlmişəm. Sabah yox o birisi gün Əlisətarın toyudur. Sizi dəvət edir və deyir ki, sabah bizə qoşulub Basqala gələsiz. Ağa Hüseyni də özünüzlə gətirəsən.

Vahid bir az fikrə daldı:

-Mən hazır, ancaq Ağahüseyni tapmaq lazımdır. Onu gedib gətirməli olacaqsız. Bizdə qalar, səhər yola düşərik.

-Yarım saata mən maşınla hazır qulluğunuzda. - deyə onunla Əşrəf sağollaşdı.

***


Həyətdə, eyvanın ortasında, Seyid Bikə oğlanlarına yer salmışdı. Ananın qarşısında üç oğul mürgüləyirdi. Ana dinməzcə oturub onlara baxırdı.

Yay mehi onların həyətinə ətraf çəmənliyin ətrini gətirirdi.

"Dördüncü xrebtovı" küçəsinin qarşısında heç nə yox idi. Şəhər burada qurtarırdı.

Yuxarıda, uzaqda təpənin üstündə, qəbiristanlığın sağında, qırmızı rənglə boyadılmış sallaqxana və türmənin binaları görünürdü. Onlardan bir az aşağı hospital və müharibədən yarımçıq qalmış politexnik institutun binası nəzərə çarpırdı. Deyirdilər ki, plenləri gətirib burada işlədəcəkdilər.

Müharibənin cırhacırında Bakının bütün qadın-kişisi şəhər ətrafı səngərlər qazıyırdılar.

Məhəllədə adam əlindən tərpənməyə yer yox idi. Seyid Bikə əlində lapatka başqaları kimi nə qədər səngər qazımışdı. 48-ci il başqa illərə nisbətən onun qəlbinə sakitlik gətirirdi. Qarşısında uzanmış üç oğuldan biri evlənmiş, ikinci oğlu Eyyub nişanlanmış, kiçiyi Nərimanın isə hələ 12 yaşı vardı. Əlisəttar isə Eyyubu qabaqlamışdı.

Seyid Bikənin istəklisi Ələşrəf idi. O, evin böyüyü və dayağı idi.

Seyid Bikə gəlinindən də razı idi. Toylarından sonra Əşrəflə Raziyənin övladları olmurdu. Həkimlər də bunun səbəbini bilmirdilər.

Seyid Bikə isə həmişə "Allahın məsləhətidir! Allaha belə xoşdur! Səbirli olun! Gül kimi Nərgizimiz var!" - deyə evdə sakitlik yaradardı. Gəlini Raziyə təbiətcə xoşrəftar, gülərüz, gözüaçıq və cəmiyyət arasında olmağı xoşlayan qadın idi.

Əşrəf bütün günü ora bura qaçdığından narahat yatırdı. Yuxuda öz-özünə danışırdı.

Ana əlini uzadıb onun başını sığallamağa başladı. Anasının əlinin təsirindən Əşrəfin bədəni sakitləşdi, rahatlandı. Seyid Bikənin əlinin yüngülüyünü bütün məhəllə bilirdi. Danışırdılar ki, kimin boğazı, başı, bədəni ağrıyırdısa Seyid Bikə bir dəfə əlini xəstənin başında və yaxud boğazında gəzdirməklə müalicə edirdi. Odur ki, bütün həyət-baca ona tez-tez müraciət edərdilər.

Seyid Bikə balaların rahat olduğunu görüb içəri keçdi. "Səhər ağır gündür! Mən də yatım." - deyə yataq otağına keçdi.


***

Günəşin ilk şəfəqləri Seyid Bikənin mənzilinin üstünə düşməsə də, hamıdan tez ayılan onun balaları oldu. Həyətə atılan Nəriman bircə anın içində samovarı tüstülətməyə başladı. Bir-birinin ardınca həyətə tökülüşən qardaşlar çarhovuzun ətrafında əl-üzlərini yudular və keçib stolun arxasında əyləşdilər.

Nataşa xala əlində buxarlanan bir neçə dağlı çörəyini stolun üstünə qoydu.

Çörəyi elə həyətdəki təndirdə dağlı qızı Səriyə arvad bişirirdi. Həyətin bütün sakinləri çörəyi onlardan alırdılar.

Səriyənin bişirdiyi çörək çox dadlı və ləzzətli olurdu. Bakıda onların çörəyi adnan idi.

Danışırdılar ki, Moskvada Bakı restoranı açanlar Səriyə arvadı ora işə dəvət etmişdilər. Onun ailəsinə Moskvada ev və iş verəcəklərinə də söz vermişdilər. O, isə getmədi, əvəzinə özü kimi yaxşı çörək bişirən xalası qızı Səliməni göndərdi.

-Sabahınız xeyr, mənim balalarım! - deyə Nataşa çörəkləri stolun üstünə düzdü.

-O gün olsun, sizin toyunuzu görək.

-O gün olsun, Volodyaya toy edəsiniz, Nataşa xala! Deyə - hamı bir ağızdan təkrar etdi.

-Eyyub, nişanlını özünlə aparacaqsan? - onlara yaxınlaşan Seyid Bikə soruşdu.

-Məmə, yox! Bir də onun orda nə işi var?

-Özün bilən məsləhətdir.

Küçədən maşın siqnalı eşidildi və onun dalınca böyük bir maşının dayandığı da hiss olundu.

-Gələn Volodya və "Alabaşdır". - deyə Əşrəf izah etdi. Volodya ilə birlikdə Əlağa dayı və Ağa Hüseyn içəri girdilər.

-Allah xoşbəxt eləsin, olmayanlarçun olsun! - deyə Vahid süfrə ətrafındakıları salamladı.

-Keçin süfrə arxasına, tərpənməyimizə az qalıb! Bir balaca çörək kəsin!-deyə Seyid Bikə Basqala gedənləri stola dəvət etdi.

İsti dağlı çörəyi, təmiz dağ pendiri və nehrə yağı, samovar çayı bircə anın içində elə iştahla yeyildi və içildi ki, süfrənin boş qaldığını görən Seyid Bikə üzünü Nərimana tutdu: -Get Səriyədən beş-altı dənə çörək gətir! -dedi.

Bir-neçə dəqiqə də belə ötüşdü. Evin qabağında bir-neçə maşın da dayandı. Həyətə Əlisəttarın dostları da daxil oldular.

Dünəndən Əşrəf onlara da xəbər göndərmişdi. Onları gəldiyini görən Əşrəf üzünü stolun arxasından oturanlara tutdu:

-Ya Allah! Tərpənmək lazımdır.

Hamı ayağa qalxdı. Hərə bir maşına minməyə başladı. Qapıdan çıxan kimi Əlağa dayı ilə Ağa Hüseyn həyətin adamlarına qoşulub "Alabaşa" qalxdılar.

-Əlağa dayı, ora niyə? Aşağında maşın var da? - deyə Əşrəf onları "Pobedaya" dəvət etdi.

-Bala, qoy qadınlar, orada getsinlər!

"Alabaş" adamla doldu. Oturmağa yer qalmamışdı. Sürücü oturacaqlar arasına səliqə ilə gəsilmiş, üstünə dermatin çəkilmiş taxta parçalarını yerləşdirdi. Bir altı adama da yer düzəldi.

Əşrəf karvanı yola saldıqdan sonra yarım saata qədər Abasın gəlməyini gözlədi.

Çox çəkmədi ki, Abasın "Moskviçində" klarnetçi Hüseynağanın dəstəsi gəldi.

-Abas, tərpəndik! - deyə Əşrəf maşına mindi.

Beş adam maşına güclə yerləşmişdi. Abasın "Moskviçinin" damı açılırdı. Nağaraçalan Həsən nağaranı Hüseynağaya verib arxa oturacağın söykənəcəyində yerləşdi.

-Abas, qaza bas, onlara çataq. Bir yarım saat olar ki, yoldadırlar. -deyə Əşrəf dostuna müraciət etdi.

-Yaddan bir şey çıxmayıb ki? - deyə Abas soruşdu.

-Aşıq Şakiri tapa bilməmişəm. Gərək onun da arxasınca gedək!

Yayın təravətli havasını Sumqayıtın Xırdalana çatan tüstüsü korlayırdı. Sanki göydən zəhər yağırdı.

Qara buluda bənzəyən tüstülər göyə ucalır, günəşin qarşısını alırdı. Ətrafdakı çəmənlik boz rəngli ölmüş otlarla örtülmüşdü.

-Bu Sumqayıt, xarabalığa çevirir ətrafı! - deyə Hüseynağa təzə salınmış şəhər tərəfi göstərdi.

-Hələ bu harasıdır! “Qara şəhər” bunların yanında toya getməlidir. - deyə Əşrəf əlavə etdi.

-Nijni-Tagili xatırladır. - deyə Abas davam etdi.

-Ay Abas, sən hara, Nijni hara?

-Sovetskidən deyiləm məgər? Biz belə yerləri gəzməyi xoşlayırıq.

-Yer qəhətdir? - deyə nağaraçı soruşdu.

-Onlara qalsa, Montekarloya gedərlər! - deyə Hüseynağa Abasın əvəzinə cavab verdi. Anladı ki, həmkarı Abasın nə demək istədiyini başa düşmədi.

-Ora bax bizimkilərdir! - deyə Abas sözü dəyişdi. Çatmışıq.

-Öt, keç! Qoy arxamızca gəlsinlər.

***

Şamaxı yaşılıq içində idi. Abas maşını burada saxlamadı. Əşrəf düz sürdürdü Muğanlıya. Ora çatar-çatmaz hamını maşınlardan düşürtdü və dayısını axtarmağa getdi. Xoşbəxtlikdən Seyid Əzim yerində idi.



-Bacıoğlu, salam! - deyə dayısı onu bağrına basdı. -Qayıdırsız?

-Yox, dayı. Toyu Basqalda edəcəyik. Məməni də gətirmişəm.

Seyid Əzim aramla otaqdan çıxdı. Ağ daşdan salınmış pillələrlə enməyə başdadı. Çoxdan bəri görmədiyi əmisi qızının xanımyana qamətini uzaqdan tanıdı. Gözləri doluxdu. Bacısına yaxınlaşdı.

-Anam, Allah mübarək eləsin! - deyə Seyid Bikəyə müraciət etdi.

-Qardaş, ürəyimin düzdüyünə bax. Uşaqları dalınca göndərəcəkdim. Sabah, bazar axşamı, Əlisəttarımın Basqalda toyudur. Xanımınla və uşaqlarınla Basqala dəvət edirik. Məşədi Fazil də, Səməd ağa da ordadırlar. Bir də, qardaşım Mir Əhmədə də xəbər göndər. Gözləyəcəyik.

Seyid Bikədən başı ayılan kimi Seyid Əzim Əlağa Vahidi gördü:

-Şairimizi xoş gördük! Həmişə toylarda. Ağa Hüseyn də burdadır. Şamaxı bilsə, bura axışacaq. - deyə Seyid Əzim onlarla görüşdü.

-Tərpəndi yoxdur. əvvəl burda yeyib içərsiz, sonra Basqala yol tutun!

Üç saatdır yol gəlirsiz. Saat hələ ondur. Burdan Basqala isə qırx dəqiqəlik məsafədir.

Basqal hələ heç oyanmayıb. Nə kolxozu var, nə sovxozu. Seyid Əzim bulağın başına stolları daşıtdırdı.

-Elə buradaca oturaq! Bura çox mənzərəlidir" - dedi. Hüseynağa onu əhatə edən füsunkar mənzərəni seyr etdikcə sanki canlanırdı. Nəsə onda baş qaldırırdı:

- Əşrəf, bura cənnətdir. Quşların səsini duyursan? Hüseynağa qeyri-adi talanta malik bir musiqiçiydi. Azərbaycan musiqisini klarnetlə ifa edən ilk sənətkarlardan biriydi. Onun məharətli ifası hamını heyran edirdi.

O, Dadaş xanın bacısı uşaqlarından idi. Onun musiqisində İran musiqisini cazibədarlığı Azərbaycan musiqisinin ahənglərinə qarışırdı. Elə gözəl bir musiqi alınırdı ki, insanın ürəyini döyündürürdü.

Klarnetini qabından çıxardan Hüseynağa üzünü zurnaçalan Əhədə tutdu:

-Hazırlaş, zü tutmağa, çalacağam!

Sakit Muğanlı dərəsi klarnetin ecazkar səsindən sanki diskindi. Musiqiyə dağlar əks-səda ilə cavab verdi. Səssiz-səmirsiz dərə böyük bir rupora çevrilmişdi.

Musiqi hər tərəfdən eşidilirdi. Sanki Muğanlıda möcüzə baş vermişdi. Çoxları bu musiqinin nədə çalındığını bilmirdi. Qoşa balabanı xatırladırdı, ancaq onun səsi nə qədər gur olsa da, bu səs daha incə idi.

Hüseynağa çalırdı, ürəkdən çalırdı, xarici alətə Azərbaycan musiqisini qatıb çalırdı. Çaldıqca, ona elə gəlirdi ki, bu aləti Azərbaycanda o, yaratmışdı. Çaldığı hər musiqi bu alətdən elə qəşəng çıxırdı ki, özünün də inanmağı gəlmirdi.

Hüseynağa az çalmadı. Dayanmadan klarnetin həzin səsi dağlara ucalırdı. Birdən o susdu.

Bir anın içində ətrafa sakitlik çökdü. Hətta quşların səsi də eşidilmədi. Sanki bu musiqi bütün səsləri susdurmuşdu. Kənd camaatı bu ecazkar səsə bulaq tərəfə axışmağa başlamışdı.

Bu zaman pillələrlə əllərində saz iki aşıq aşağı enirdi. Əşrəf gözlərinə inanmadı:

-Şakir, Pənah siz hara? Bura hara?

-Şamaxıda konsertdə idik. Klarnetin səsinə Pənaha dedim ki, bu Hüseynağadır. Bu cür ancaq o, çala bilər. İnanmadı, odur ki, düşdük bulağa. Bəs siz?

-Vallah, adamınkı gətirəndə, bütün qapılar üzünə açılır. Basqalda qardaşımın toyudur. Camaatı Basqala çatdırıb, dalınca gəlirdik. Allah özü yetirdi. Marşrutunu dəyişdik. Basqala gedirsiz.

-Mən hazır, gör Şakir nə deyir? - deyə Pənah razılığını verdi.

-Mən də hazır. Pənah sən Basqalı görməmisən!?

-Deyilər əla yerdir.

-Yüz eşitməkdənsə bir dəfə görmək yaxşıdır.

-Keçin, əyləşin. Çörək yeyib tərpənək! - deyə Əşrəf onları süfrəyə dəvət etdi.

Klarnetin səsinə yığışmış kəndlilər elə bilirdilər ki, kolxozlarına artistlər gəliblər.

Kənd klubunun qarşısına yığışmış camaat müdirin bundan xəbərsiz olduğunu görüb, bulaq başına axışdılar. Onlara musiqiçilərin Basqala toya getdiyini desələr də, kənd əhalisi uzaqda dayanıb tamaşa edirdi.

Hərə radioda eşitdiyi və valeh olduğu sənətkarı öz gözlərilə görmək istəyirdi.

Əşrəf hamını Basqala yola saldıqdan sonra Aşıq Şakir və Aşıq Pənah üçün başqa maşın tutdu. Onlarla birlikdə maşına minib Basqala üz tutdular.

***


Avqust Basqalın ən gözəl vaxtlarıdır. Həyətlərdə yay hələ yenicə şahlığını edirdi. Təkcə tut yetişmişdi, başqa meyvələr hələ kal idi. Meşələrdə gilə-meyvə yığılırdı.

Basqalın məşhur armudları isə dəyməmişdi. Bununla belə təbiətin rəngarəngliyi insanın qəlbinə sakitlik gətirirdi. Cəfərli həyətində böyük mağar qurulmuşdu. Tiflisdən, Şamaxıdan, Bakıdan gələnləri Cəfərlilərin evlərinə yerləşdirirdilər.

Bakıdan kimlərin gəldikləri xəbəri Basqala ildırım sürəti ilə yayılmışdı. Hamı toya hazırlaşırdı.

Basqalda Əşrəf əlini ağdan qaraya vurmağa macal tapmadı. Əmi uşaqları hər şeyi qaydasına salmışdılar.

Oğlunun bekar durduğunu görən Məşədi Fazil onu yanına çağırdı:

-Qonaqlarını götür, apar Qartapıla!

Qartapıl Basqalın girəcəyində Qələmlik deyilən yerdən bir az aşağı, yerli camaatın istirahət etdiyi bulağın adı idi.

Əşrəf atasının təklifini Əliyağa dayıya və Aşıq Şakirə bildirdi. Hüseynağa isə onsuz da gedəcəkdi.

Hamısı razılaşdı. Volodya maşının baqajnikinə yarım şaqqa ət, samovar və beş-altı çörək qoydu.

Əlağa dayıla Ağa Hüseyn maşına mindilər, çalanlar və aşıqlar alətlərini maşına qoydular. Qalanları Əşrəflə birgə piyada getmək qərarına gəldilər. Dedilər ki, şəhərciyi bir seyr edək, sonra imkan olmayacaq.

Cəfərli obasından bir az aralı, Qoşa bulağın yanına çatanda, Əşrəf onları bulağa endirdi.

Bulaq başındakı qızlar, qadınlar örpəklərini başlarına çəkib qırağa çəkildilər.

Qadınlardan biri nəfis naxışlar vurulmuş camı ona uzatdı. Əşrəf cama su doldurub dostlarına uzatdı:

-Bura "Qoşa bulaqdır" . Bizim bulaq sayılır. Hər məhəllənin öz bulağı var, hər məhəllə öz bulağını səliqəli və sahmanlı saxlamalıdır.

Bu bulağın iki gözü var birindən içmək üçün, çay dəmləmək üçün su götürürlər, digərindən xörək bişirmək üçün. Tərsinə etdikdə, dad itir.

Günorta olmağına baxmayaraq, onların üstünə gün düşmürdü. Minillik ağacların yaratdığı çətir günəş şualarını buraxmırdı. Havanın istiliyi isə hiss olunmurdu.

Aşıq Şakir üzünü Aşıq Pənaha tutdu:

-Buranın camaatının niyə bir sifətli olduğu indi aydınlaşır: yedikləri, içdikləri təmizdir, qarışıq yoxdur.

-Şakir, maraqlı yerdir. Fikir ver, bizi dağlar necə əhatə edir. Sanki onların ovcunun içindəyik.

-Sən bulaqların sayına bax, hər bulağın bir adı, təkrarolunmaz dadı vardır.

Bağların içərisi ilə addımlayan bu insanlar yoğunluq nə olduğunu hiss etmirdilər. Bütün günü ayaq üstə olan Əşrəfin sifətindən yorğunluq duyulmurdu.

"Qartapıl" yeni qonaqlarını qəbul edirdi. Kimlər onun suyundan içməmişdi. Kimlər ona tərif deməmişdi.

Yaşıl məxmərin üstünə sərilmiş sehrə gələn qonaqlar sanki cənnətdə idilər.

Volodya ilə Hüseynağa çay daşlarından manqal düzəltmişdilər.

Aşıq Pənah sazını kökləyirdi. Əşrəf, Aşıq Şakir, Vahid, Ağa Hüseyn yerdən qurumuş odunlardan yığıb manqalın ətrafına gətirirdilər.

Nəriman zoğal budaqlarından qırıb şiş hazırlamaqda idı.

Pənahın sazının sədası sakitliyi pozdu. Bircə anın içində hər tərəfə dağılmış qonaqları bulağın başına yığdı.

Volodya ilə Hüseynağanın manqalının ağ tüstüsü ətrafa yayılırdı.

Bulaqdan bir az aralı Əbülfəz əminin oğlu Əlikram samovarı alışdırırdı.

Hər şey təmtəraqlı istirahət üçün hazır idi. Basqal torpağı öz gözəliyi ilə Azərbaycanın ən əziz adamlarını sevindirirdi.

***

Axşam sərini Cəfərli obasına qayıdanlar Məşədi Fazili altı qardaşı ilə dəyirmi stolun arxasında oturduğunu gördülər.



Əliyağanı və onunla gələnləri salamlayan Cəfərlilər hamısı ayağa durdular və süfrənin arxasına dəvət etdilər.

Əlağa Vahid oturmadı, üzünü Məşədi Fazilə tutdu:

-Məşədi, mənə ləzzət verdi "Qartapıl", Basqala söz ola bilməz.

Neynəyirəm mən cənnəti?

Cənnət qabağımda mənim.

Hər tərəfim abı kövsər -

Dadı damağımda mənim -

Vur nağaranı Həsənbala - deyə Vahid meyxanaya başladı Ağahüseyn onun dediyni bir dəfə təkrar etdi və ona qoşulan nağaranın ritmiylə davam etdi:



Bilməziydim ki, bu dünyanın

Cənnəti bizim kənddədir

İnsanın fəxri nədədir?

Etdiyi əlamətdədir.

İstəyir ki, çox öyrənsin

Bilməyir ki, həyat nədir?

Neynəyirəm mən cənnəti?

Cənnət qabağımda mənim.

Hər tərəfim abı kövsər

Dadı damağımda mənim
Vahid davam etdi:
Məşədi çox yaşı bilir

Heyranıyam bu dağların

"Qələmlikdir" bir tamaşa

Sultanıdır bu bağların

Şakirə də fərəh verir

Şır-şır axan bulaqların

Neynəyirəm mən cənnəti?

Cənnət qabağımda mənim.

Hər tərəfim abı kövsər

Dadı damağımda mənim
Ağahüseyn dedi:
Ustadım da tez-tez deyir,

Kimi sevirsə yaradan.

Onun tökəcək başına

Var dövləti o, bacadan.

Eşitdim bu cur sözləri

Rastıma gələn qocadan:

Neynəyirəm mən cənnəti?

Cənnət qabağımda mənim.

Hər tərəf Abı kövsər

Dadı damağımda mənim
Vahid dedi:
Sən mənim bir işimə bax:

Gözüm qalıb dağ dərədə.

Gül-çiçəklər əkilibdir

Səliqəylə pəncərədə.

Belə şeyləri, Ağöyüsön!

Görmərsən bizim dərədə

Neynəyirəm mən cənnəti?

Cənnət qabağımda mənim.

Hər tərəf abı kövsər

Dadı damağımda mənim
Vahidin susduğunu görən Ağahüseyn hiss etdi ki, daha davam etmək lazım deyil. Görüləcək işlər var.

Seyid Bikənin əlində xonça Nərgizlə stola tərəf yaxınlaşdığını görən, Məşədi Fazil ayağa qalxdı.

Seyid Bikə əlindəki xonçanın Nərigizə verdi və üstündəki xara örtüyü qaldırdı. Xonça təmiz ipəkdən toxunmuş ipək şərf və yaylıqla doluydu.

Basqal adətinə görə toya gəlmiş qonaqlara toy sahibi bu şərfləri və "Heyratı" yaylıqları hədiyyə verərdi.

Seyid Bikə şərfı Əlağa Vahidin boynuna saldı və ona bir yaylıq verdi. Sonra isə süfrə arxasında oturanların hamısı hədiyyələrini aldılar.

Məşədi Fazil dədə-baba mülkündə otursa da, toyxana qardaşı Əbülfəzin həyətində qurulurdu. Bütün gənclər orada idi.


***

Ərinin qırağa çəkildiyini görən Raziyə Nərgizi göndərdi ki, atasını çağırsın.

Əşrəf qızının əlindən tutub xanımına yaxınlaşdı.

-Nə var?- deyə soruşdu.

-Gəlinimizi görmüsən?

-Yox!


-Burdadır. İstəyirsən, keç içəri, bax!

-Olmaz!


-Niyə?

-Ay qız, sən nə danışırsan? Bura Basqaldır. Arvadlar olan yerə kişi girməz.

Bilirsən, basqallılar necə sözbazdırlar. Allah göstərməsin!

Bizimlə gələn qızların isə başlarına kəlağayı salın! Burda qadın və qızlar başaçıq gəzməzlər. Nərgizin başına da kəlağayı ört. Bura Bakı deyil!

Əşrəf bir nəfəsə bunları deyib Raziyədən uzaqlaşdı.

***


Basqalın “Aşağı o tayından ” gələn musiqi sədaları toyun başladığından xəbər verirdi. Adətə görə o iki gün sürməli idi - şənbə-bazar. İki günün azuqəsi, içkisinin dərdini burada heç kim çəkmirdi.

Basqal pullu qəsəbədir. Burada kasıb ola bilməz. Fərsiz tapılmaz. Beləsin görsən, deməli kökü buradan deyil. Basqalda toy edən bu və digər nəsil əlindən gələni etməlidir ki, toy süfrəsində bolluq olsun, toya gələnlər sıxıntı hiss etməsinlər. Toyun pis keçməsi nəslin başını uca etməz. Odur ki, toy ərəfəsində bütün nəslin ağsaqqalları bir yerə yığılır, hər tayfa öz üzərinə bir məsuliyyət götürür, kimin imkanı nəyə çatırsa, onu ortaya çıxarırdı.

Məşədi Fazilin təkidinə baxmayaraq ki, "Heç nə lazım deyil! Hər şeyi özümüz edəcəyik!" qardaşları və onların uşaqları az qalmışdı ki, incisinlər.

-Qardaş, camaat bizə nə deyər? - deyə Əbülfəz qardaşının belə işlərə qatışmamasına işarə etdi. Məşədi Fazil Əbülfəzi qırağa çəkdi, cibindən iki üç paçka pul çıxartdı, qardaşına göstərdi:

-Bu pulu indi xərcləməsəm, haçan xərcləyəcəyəm? - dedi.

-Qardaş, adəti pozma. Pulumuz olmaz, gəlib götürərik.

-İndisə hər imkanımız var, hər şeyi də özümüz edəcəyik.

Məşədi Fazil və Səməd ağa toyxanada ağsaqqallar üçün düzəldilmiş çadra keçdilər. Basqalın bütün ağsaqqalları burada idi. Nəslin ağsaqqalı toya gəlməsəydi, bütün nəsil gəlməzdi.

Belə hadisələr Basqalda nadir halda olardı. İncimiş nəsilləri ağsaqqallar tez barışdırardılar. Toylar, bayramlar isə həmişə bunun üçün bəhanə olardı.

Basqallılar arasında qeyri-adi birlik vardı, bu birliyin səbəbi ağsaqqalların bir-birini eşitməsi və cavanların onların sözlərindən çıxmaması idi.

Məşədi Fazilin indiyə qədər yadındadır. Erməni-müsəlman davası başlayan kimi tez Basqala gəlmişdi. Bütün basqallılar ayaq üstündə idi. Bir-iki günün ərzində elə bir dəstə yaratmışdılar ki, bunun qarşısında heç kim dayana bilməzdi.

Basqalın yolu üstündə olan Gürcüvan və başqa erməni kəndlərinə gəlmiş daşnaqlar qorxularından qəsəbənin ətrafına belə hərlənmirdilər. Bu davada bir basqallının burnu belə qanamamışdı.

Davanın qızğın çağında Gürcüvandan atla keçən Məşədi Fazilin ortancıl qardaşını daşnaq saxlamaq istəmiş, o, əlini "mauzerinə" atıb dığanı yerində də gəbərtmişdi. Qorxmadan atını kəndin içinə sürüb meydana yığışmış ermənilərə demişdi:

-Bu qoduqları, burdan qovlayın! Sizə ki, əl qaldıran yoxdur. Sabah yenə də burada yaşamalı olacaqsınız. Bacarmırsız, gələk qovlayaq.

Gürcüvanlılar Bakıdan gəlmiş daşnaqları, doğurdan da, qovlamış, sonra bu kəndin başçılarını Basqala göndərmiş, and içmişlər ki, bir müsəlmana əl belə qaldırmayacaqlar.

- Bunlar gəldi-gedərdi. Mehriban qonşuyuq, belə də qalacağıq.- demişdilər.

Bir ara keçdikdən sonra Gürcüvandan qovlanmış daşnaqlar Şamaxıda qüvvə yığıb ora dönmək istəyəndə "Qurd təpəsinda" basqallılar onların qarşısını kəsdilər və geri oturtdular.

Basqal ağsaqqalları İslam xilas ordusunu çox təmtəraqla qarşıladılar. Osmanlılar gürcüvanlılara dəymədilər.

Ümumiyyətlə, osmanlılar silah qaldırmayana əl qaldırmırdılar. Nuru paşanın dəstələrinin başında basqallılar da Şamaxıya daxil oldular.

Məşədi Fazilin yaxşı yadında idi: Nuru paşanın ştabı "Bədoda" dincəlirdi. Məşədi Fazil onu İstanbuldan tanıyırdı.

Nuru paşa ilə Məşədi Fazilin görüşü də elə Bədoda baş verdi. Generalı və onun istəkli çavuşunu, on-yeddi, on səkkiz yaşlı cavan oğlanı Basqala dəvət etdi. At üstündə basqallıların əhatəsində Nuru paşa qəsəbəyə daxil oldu.

Qəsəbədəki səliqə-sahman, təmizlik, firavan həyat generalı məftun etdi.

-Əfəndim, şura cənnətdir. Siz bu cənnəti əlinizlə yaratmısız. Bən bütün dünyanı gəzmişəm, yavrum, belə yer görməmişəm. Vallahı, bu azərbaycanlılardan biz çox şey öyrənməliyik.

Osmanlıların təriflərini gülüşlə qarşılayan Məşədi Fazil "İsa" bulağında atdan endi və generalı da atdan endirdi.

Basqal ağsaqqalları Nuru paşanın ayağı altında qurbanlar kəsdilər və kəsilmiş heyvanları və osmanlı əsgərləri üçün yığılmış azuqəni arabalara yükləyib "Bədoa" göndərdilər.

Azərbaycanı xilas etmiş iki qardaş, Osmanı generalları Nuru paşa ilə Ənvər paşanın Azərbaycana olan məhəbbəti belə yerlərdən başlayırdı.

Azərbaycanlıların heç vaxt yadından çıxmayan bu iki şəxsiyyət leninlərdən də, stalinlərdən də həmişə əziz olub, əziz də qalacaqdır.

***


Basqal ağsaqqalların bir-birinə münasibəti, özlərini aparmaqları çox maraqlı idi. Zarafat etməz, özlərini çox ağır aparardılar. Gənclər onları görən kimi ayağa qalxar, başların aşağı salıb, nə isə eşitmək istəyirdilər.

Onlardan biri günah işlətmiş gəncin qarşısında dayanar iki-üç kəlmə qətiyyətli söz deyər, bir-iki addım uzaqlaşdıqdan sonra dayanar, "Bala, adımızı batırma! Sən ki ağıllı balasan!" deyə gəncin könlünü alardı.

İllər boyu bu səhnələrin təkrar olunması, ondan xəbər verirdi ki, ağsaqqalların sözlərinin təsiri olurdu.

Basqalda tez-tez deyirdilər: Var-dövlətsiz evə get, ağsaqqalsız evə getmə!

Məşədi Fazil "Bəy atası" olduğundan bu məclis onunku sayılırdı. Toyxanaya girib rəqs edənlərin üzərinə bir paçka pul yağdırdı. Bu da adət idi.

Nikolay vaxtı basqallılar bəyin başına qızıl tökərdilər. "Getdi o günlər"-deyə ağsaqqallardan kimsə keçmişi yada saldı.

-Məşədi, sənin toyunda başına qızıl tökürdük, sənsə kağız tökürsən.

-Buna da şükür! Zəmanə başqadır. - deyə Məşədi Fazil cavab verdi

Basqala respublikanın tanınmış adamlarının gəldiyini eşidən raykom işçiləri dayanmadan toy yerinə təşrif gətirmişdilər.

Rayonun rəhbəri ağsaqqallarla birlikdə oturmuşdu. Məşədi Fazilin əsginasları oynayanların başına tökdüyünü görüb, ona yanaşdı. Qulağına pıçıldadı:

-Məşədi, axı biz qardaşıq! Mən ölüm belə eləmə! Söz-söhbət olmasın. Dəqiqə başı Bakıdan zəng edirlər ki, niyə Basqalda Şura hökuməti yoxdur.

-A canım, niyə yoxdur, bax sədrimiz, hesabdarımız, briqadirimiz... Daha nə istəyirsiz? Basqallı hara lapatka hara? Biz sənətkarıq. Kəndçi deyilik. Hesabat verərsən ki, toyda şuluqluq salanlar Bakıdan gələnlər olub. Toy sahibləri də onlardır.

-Deməzlər ki, toyxanada pul niyə zibil kimi idi. Özü də təzə pul. Məşədi rayonumuz hələ bu qədər pul almayıb.

Raykomu başa düşmək olardı. Pullar hələ təzə dəyişdirilmişdi. Pul reformasından sonra hələ heç kəsdə bu qədər pul ola bilməzdi.

-Stalin demir ki, pul gələcəkdə zibilə çevriləcək. Biz də Stalinin sözünə indidən əməl edirik. Canım qorxma, bura Basqaldır, burdan söz çıxmaz. Səninlə gələnləri isə o qədər yedirdib, içirdəcəyik ki, heç özlərini də bilməyəcəklər.

Doğrudan da, bir neçə saatdan sonra raykomdan gələnlərin hamısı dəm idi, hətta bəziləri Basqal gənclərinə qoşulub Əhmədli bağında qumar oynayırdılar.

Qumar oynamaq da Basqal toyunun bir adəti idi. O dövrdə vaxt öldürmək üçün, ən yaxşı əyləncə yolu qumar oynamaq idi. Demək olar ki, hamı qumarı sevirdi, ancaq nə qədər uduzacağı ilə razılaşdıqdan sonra basqallı qumar oynayırdı.

Basqallı beş-on kəlağayı toxuyub qazancının hamısını evə qoyar, onda bir hissəsini cibinə götürüb yeyib içməyə və yaxud qumara qoyardı. Adətən yaz, yay aylarında dostları ilə bağların birinə çəkilib qumar oynayardılar.

Bir də görürdün ki, Basqalın bazarına soraq çatıb ki, Sadıqın oğlu Əli yüz min udub, Qartapılda beş-altı qoyun kəsib çalıb oynamaqdadır.

Basqala hərdən-birdən başqa yerlərdən də qumarbazlar da gələrdilər və həmişə uduzub gedərdilər.

Basqalda udanlar da, uduzanlar da özləri idilər. Bir-birinin əmiuşağı, dayıuşağı. Odur ki, basqallılar uduzduqda dərd çəkməzdilər. Bilirdilər ki, indi bəxtləri gətirməyib, sabah gətirəcək. Onların optimizmi, gülərüzlülüyü özlərinə inamdan irəli gəlirdi.

Əlağa Vahid, Ağahüseyn, Aşıq Şakir, Aşıq Pənah, Hüseynağanın dəstəsi bir-birin ardınca dayanmadan məclisə şənlik gətirirdilər.

Əlağa Vahidlə Ağa Hüseynin meyxanaları basqallıları valeh etmişdi. Sanki qeyri-adi bir yerə düşdüklərini hiss etmiş şairlər ağına-qarasına baxmayaraq istədiklərinə döşüyürdülər.

Aşıq Şakir isə Aşıq Pənahla deyişirdi, Hüseynağanın klarnetdəki oyun havaları cavanların sümüyünü oynadırdı, toyxanaya o qədər adam yığışmışdı ki, iynə atmağa yer yox idi.

Aşpazlar əllərini qurulamağa macal tapmırdılar. Yeyib içməkdən isə korluq yox idi.

Cəfərlilər toyun belə keçməsindən qürurlanırdılar. Bütün Cəfərli gəncləri ayaq üstə idi. Onlar qonaqları qarşılayır, toyxanada yerləşdirir, qulluqlarında dururdular. Doğurdan da, Basqalda böyük şənlik idi.

Toyun sonuncu günü, axşam sərini Səməd ağa çadıra girdi və üzünü ağsaqqallara tutdu:

-Gəlinin arxasınca getmək vaxtıdır.

Sanki çadırdakılar elə bunu gözləyirdilər. Hamı ayağa qalxdı.

Qapının ağzında bir ağ at bəzədilmişdi. Atın ipini Əlisəttara verdilər. Qabaqda ağsaqqallar, arxada çalanlar və onların ardınca gəlini gətirməyə gedən Cəfərli nəsli.

Gəlin Cəfərli obasından aparılmalı idi. Məşədi Fazilin ortancıl гардашыэилин евиндян чыхарылмалы иди. Басгалын "Ашаьы тайындан" " Йухары тайына" гядяр ъамаат щярякят етмяли иди.

Basqal küçələri ilə irəliləyən dəstənin qarışında gedən çalanlarda daha taqət qalmamışdı.

Hüseynağa klaneti qoyub qara zurnanı götürürdü. Və yaxud əksinə, bu eyni musiqiyə elə rəngarənglik verirdi ki, qulaqasanlar özlərindən aslı olmayaraq bu iki alətin fərqini görürdülər.

Basqal şənlik içərisində idi. Hamı da bilirdi ki, hələ belə toy olmayıb, hamı da bilirdi ki, bundan sonra bütün toylar belə olacaq, bundan yaxşı olacaq.

Basqallılara paxıllıq hissi yad idi. Onlar yaxşını götürər, pisdən qaçardılar. Bu sənətkarlıq psixologiyası illərlə bunların qanına keçmiş, sənətlərini kamilləşdirmiş, gözəlliyi dərk etmiş, yaxşını pisdən ayırmağı öyrətmişdir.

Minillər ərzində kəlağayıya vurulan naxışlar dəyişsə də, onun keyfiyyəti, dəbi dəyişməyib. Bütün Azərbaycan daxil olmaqla Orta Asiya, İran, Türkiyə və s müsəlman ölkələri qadınları-qızları onların toxuduqları bu sənət incilərinin həsrətindədirlər.

Toy mərasimi Cəfərli obasına yaxınlaşdıqca hərarət daha da artırdı. Tüfənglərdən bir-birinin ardınca göyə atəşlər atırdılar. Sanki bununla gəlin evinə yaxınlaşdıqlarını xəbər verirdilər.

Əlisəttar və onu müşayiət edənlər atla birlikdə Cəfərli həyətinə daxil oldular.

Seyid Bikə və Məşədi Fazil içəri girən oğluna və onun yanında durmuş gəlininə xeyr-dua verdilər.

Qız həyətə düşəndə ayağının altında böyük bir özbək boşqabı qoyub sındırdılar.

Əlisəttar gəlini ata mindirdi. Atın ipindən asta-asta dartaraq hərəkətə gətirdi. Onların arxasınca camaat "Aşağı tay" tərəfə hərəkətə gəldi.

Elə bu vaxt, həyətdən çıxar çıxmaz göylərə fişənglər atıldı.

Basqalın səmaları rəngarəng ulduzcuqlarla işıqlandı. Fişəngin gözəlliyini bəlkə də birinci dəfə görən Basqal uşaqlarının özündən asılı olmayaraq "ura" səsləri göylərə ucaldı.

Bu qeyri-adi toy idi. Bunu hamı hiss edirdi. Basqal sevinc içərisində idi. Bu sevinci onlara bəxş edən Şeyda ilə Əlisəttar idi.

Hamı onların ardınca deyirdi:

-Allah xoşbəxt eləsin!

***

Toyxanada qızğın aşıq deyişməsi gedirdi. Aşıq Şakirnən Aşıq Pənahı saxlamaq mümkün deyildi. İki böyük sənətkar var gücü ilə öz məharətlərini göstərməyə çalışırdı.



Deyişən aşıqların dünyaya görüşü, həyata baxışı, hər şeydən xəbərdarlığı hamını heyran edirdi. Bir-birindən özünün üstün olduğunu göstərmək üçün meyxanada olduğu kimi bu iki böyük sənətkar nə etmirdi. Şirin musiqi və nəğmə çalarları ilə bir-birinə sanballı cavab verir, cavabın əvəzinə başqa bir sualla rəqibini düşündürməyə vadar edirdilər.

Bütün bunlar basqallılar üçün təzə deyildi. Şirvanın, Muğanın elə bir aşıqı olmamışdı ki, Basqala gəlməsin, bu cənnət guşədə öz məharətini göstərməsin. Ancaq, bu günün başqa təmtərağı vardı. Yenə də Şirvanla Muğan aşıqları deyişirdi.

Məşədi Fazil deyirdi ki, şer yaranan gündən Şirvanla Muğan həmişə deyişib. Deyişənlərsə həmişə böyük sənətkarlar olublar.

-Yadınıza gəlirsə, Seyid Əzimin Muğanlıynan deyişməsi. Elə bil bu sənətkarların qanındadır.

Muğanlı göstərmək istəyir o üstündür, şirvanlı isə özünü üstün sayır... - deyə Məşədi Fazil toyxanaya daxil oldu. Keçib əldən düşmüş aşıqların ikisini də arxadan qucaqladı. Ağsaqqalın hərəkətindən bir anlığa sakitlik çökdu.

-Hüseynağa, bir "Qoç Əli"- deyə üzünü toyxanaya yenicə daxil olan musiqiçilərə tutdu

- Səmədağa, irəli gəl oynayacağıq, bu aşıqlarla.- deyə dostunu çağırdı.

Musiqinin sədası altında iki ağsaqqalın oynaması hamını toyxanaya cəlb etdi. Şabaş əlindən yer yox idi. Paçka-paçka əsginaslar göyə atılır, zibil kimi yerə tökülürdü.

Hər nəslin ağsaqqalı əlindəki pulu havaya tullayır, qırağa çəkilir, başqaları üçün şərait yaradırdılar.

Bir basqallı balası əyilib yerdən bir qəpik belə götürməzdi. Özgənin puluna göz tikmək, Basqalda haram sayılırdı. Hamı bilirdi ki, bu pulların hamısı çalanların və aşıqlarındır. Odur ki, heç vəchlə bir uşaq əyilib yerdən götürdüyü pulu cibinə qoymazdı.

Raykomun başını yellədiyini görən Səməd ağa uşaqların birinə böyük bir un torbası verdi və pulları ora yığmasını tapşırdı.

Uşaqlar bir anın içində yerə tökülən pulları torbaya yığsalar da, pul axını davam edirdi. Bir neçə torba dolmuşdu və şabaş isə davam edirdi.

İki gün, iki gecə Basqalda çalıb oynamaqda idi. Müharibədən sonra birinci dəfə idi ki, camaat bu cür şənlənirdi. "Deməli, hər şey bundan sonra yaxşı olacaq" - deyə düşünürdülər.

Başqa cürə ola da bilməzdi. Çünki hamı əlinin zəhmətilə dolanırdı. Sənətkarlıq isə inkişafından qalmırdı.

***

Bazar ertəsi səhər bütün Bakıdan gəlmişlər geri qayıtdılar. Seyid Bikə, Raziyə, Nərgiz gəlinlə bəyin maşınında idilər. Məşədi Fazil, Səməd Ağa, Əlağa Vahid və Ağahüseyn birdə Əşrəf Volodyanın maşınında qayıdırdılar.



Aşıq Şakirlə Aşıq Pənah səhər sübhdən Abasın "Moskviçində" yola düşmüşdülər. Hüseynağanın dəstəsi və Bakıdan gələn qonaqlar isə " Alabaşa" mindilər.

Basqallılar Bakıya gedən maşınların kopotunun üstünə qırmızı kəlağayı örtmüş, sürücülərin boynuna xaradan şərf salmışdılar.

Hüseynağa yenə klarnetini çıxartdı. Gəlin maşını "Vağzalı" sədaları altında yola düşdü.

Cəfərli ağbirçəkləri mis piyalələrdə maşın karvanının arxasınca su atırdılar ki, yolları aydın olsun.

***

Bakıda həyət adamları çoxdan hazırlıq görmüşdülər. Toyxana düzəlmiş, xalçalarla bəzədilmiş, samovarlar gətirilmiş, ocağın üstünə su ilə doldurulmuş böyük mis qazanlar qoyulmuşdu. Basqalda olduğu kimi bütün məhəllə toya hazırlaşırdı.



Yuxarı məhəlləyə bələd olanlar bilirdilər ki, buranın dəyişməz adət və ənənələri vardır: hamı bir-birinə əl tutar, kömək edərdi. Məhəllənin toyu, yası hamının idi. Onların arasında qeyri-adi birlik mövcud idi.

Tutduğu vəzifədən, gördüyü işdən asılı olmayaraq yuxarı məhəllənin sakini onun yazılmamış qanunlarına tabe olmalı idi. Məhəllə oğrusuna da, doğrusuna da münasibətdə eyni idi.

Bu qanunlar əsrlərdən bəri xalqın arasından formalaşmış, hamı tərəfindən qəbul edilmiş həyat tərzi idi. Bu tərzə uyğunlaşmayanlar bu məhəllədə yaşaya bilməzdilər.

Maşın karvanı Məşədi Fazilin evlərini qabağında dayandı. Məhəllənin kişiləri, qadınları, qızları evin qarşısına yığışıb bu karvanın gəlməsini gözləyirdilər.

Maşında birinci düşən çalançılar evin darvazasının qarşısına keçib alətlərini işə saldılar. Bir anın içində xəfif, şirin "Vağzalı" sədası bütün məhəlləyə yayıldı.

Gəlin camaatın arası ilə evə tərəf addımlayanda Əlisəttarın və Şeydanın başına şirniyyat və pul səpələməyə başladılar.

Yerdən pulu və şirniyyatı yığan uşaqların çığırtısı, sevinci mərasimə daha da gözəllik verirdi.

Axşam bütün məhəllə toyxanada idi.

Stolun üstündə istənilən qədər içki olmasına baxmayaraq, məhəllənin cavanlarından çoxu içkiyə yaxın durmurdu.

O dövrdə içki içmək ayıb sayılardı. Fərqi yoxdur nə içir, nə qədər içir. İçki içənə yuxarı məhəllələrdə qız verməzdilər.

İçkini yuxarı məhəllələrə dəb salanlar müharibə iştirakçıları oldular.

Cəhənnəmin dəhşətlərindən çıxmış bu insanlar gecə-gündüz gördükləri ilə mübarizə edir, hər şeyi unutmağa çalışırdılar. Düşdüyü mühitin sakitliyinə, onlara qarşı münasibətlərin istiliyinə baxmayaraq, birdən halları dəyişir, sanki yenə də müharibənin dəhşətləri ilə üz-üzə durduqlarından döyüşə atılmağa hazır olan əsgər kimi hirslənir və ətrafdakılarına əziyyət verirdilər.

Müharibədən sonra yüzlərlə, minlərlə kontuziyalı Bakıya dönmüşdü. Bakılılar bu insanlara qarşı nə qədər diqqətli olsalar da, onların həyat tərzi çox dəyişmişdi. Çoxu içkiyə qurşanaraq, Bakı dili ilə desək "piyaniskəyə" çevrilmişdilər.

Ata-ana və böyüklərinin yanında vaxtıykən popiros belə çəkməyə utananlar, indi bu adəti özləri də bilmədən pozurdular.

Müharibədən gələnlərin hər şeyə etinasızlığı hər sahədə hiss olunurdu. Bununla belə məhəllə ağsaqqalları əllərindən gələni edirdilər ki, onları öz həyat məcralarına qaytarsınlar və özlərini əvvəlki kimi aparsınlar.

Cavanlar çox vaxt tinə yığışardılar. Tindəkilər məhəllədə nə baş verdiklərindən, həmişə xəbərdar idilər. Məhəllənin elə bir cavanı olmazdı ki, tinə gəlməsin. Fərqi yoxdur avaradır və yaxud tələbədir, oğrudur və milisdir. Tin məhəllənin qapısı idi, gözü idi.

Yenə də tinə çoxlu adam yığılmışdı

-Əlağa dayı toydadır! - deyə tindəkilərə balaca bir uşaq qaça-qaça xəbər gətirdi.

-Qədeş, mən nə dedim? Məşədi Fazilgilin toyunda yuxarı başda Əliağa dayı olacaq!

-Allah mübarək eləsin! Əlisəttar kişi oğlandır. Onun gələcəyi var. Bu gün isə kefə baxacağıq! Getdik! - deyə məhəllənin qədeşlərindən biri - İbiş təklif etdi.

Toyxana adamla dolub boşalırdı. Gələnlərin sayı o qədər çox idi ki, o böyüklüyündə həyətə adam yerləşmirdi.

Məşədi Fazil toya o qədər də adam çağırmamışdı. Ümumiyyətlə, yuxarı məhəllələrdə kimliyindən asılı olmayaraq, hamı toya dəvət olunurdu və yaxud dəvət olunmasa da hörmət əlaməti olaraq gəlirdi. Bir kəs də inciməzdi ki, onu niyə dəvət etməyiblər. Məhəllənin toyudur, yasıdır gərək iştirak edəsən - bu yuxarı məhəllənin yazılmamış qanunu idi.

Hüseynağanın klarnetinin səsi divarların qaralmış daşlarında əks-sədasını tapıb "Dördüncü xrebtovı" küçəsindən yuxarılardakı çəmənliyə yayılır, sanki uzaqda görünən Şübanı dağlarına çatırdı.

Məharətli sənətkarın bütün çalışmalarına baxmayaraq hamının fikri Əlağa Vahiddə qalmışdı.

Yuxarı başda Ağahüseynlə birlikdə oturmuş Vahidin könlü olmasaydı bir adam tapılmazdı ki, onu meyxana deməyə vadar etsin.

-Görəsən, Vahid meyxana deyəcəkmi? - deyə toyxanadakılar bir-birindən soruşurdular.

-Şairin sir-sifətindən yorğunluq var. Deyəsən "duxda" deyil.

-Məhəllə onu "duxa" gətirər! - deyə başqa birisi cavab verirdi.

Bir az keçdikdən sonra Vahidin gözləri qaynamağa başladı. Əşrəfin göstərişilə onun qarşısına böyük bir teşt qoydular.

-Şair, millət səni dinləmək istəyir! -deyə Məşədi Fazil teştə beş-on dənə yüzlük saldı.

-Onda qafiyəni də özün de! - deyə Vahid cavab verdi.

Məşədi Fazil bir an fikrə daldı.

-Qoy, belə keçsin an ağır günümüz! - deyə əlavə etdi.

Meyxananın bir adəti vardı. Hər deyilən qafiyədən sonra gərək teştə pul salasan. Teştə pul salındıqca, meyxanaçılar davam edirlər.

Teştə pul salanların isə sayı-hesabı yox idi. Nağaraçı nağaranı vurduqca teştə pul atılırdı. Beytlər Vahidin ağzından su kimi axırdı.

Ağahüseynsə heç də ondan geri qalmırdı. O, da Vahid keçdiyi məktəbi keçmişdi. Cavabları heç də Vahidinkindən pis alınmırdı.

Köhnə toyxananın adətinə görə meyxanaçılar yığdığı pulun yarısını bəyin qabağına tökürdülər.

Meyxana qurtardıqda, Vahid teşti götürüb Əlisəttarın qabağına qoydu:

-Qardaş oğlu, bunlar sənindir! - dedi.

Əlisəttar atası tərəfə boylanmağa başladı. Məşədi Fazil ayağa qalxdı. Çalanların stolunun üstünə qoyulmuş balışüzünün birini götürdü. Bəyin qabağına gəldi. Cibində bir paçka əlliliklər çıxartdı, balışüzünün içinə atdı. Ona uzatdı.

Bəy teştdəki pulları öz əliylə balışüzünə doldurdu və keçib Əlağa Vahidin qabağına qoydu.

-Əlağa dayı, bunlar isə sizindir! - dedi və keçib yerində oturdu.

-Allah verən əlinizi həmişə açıq etsin! - deyə Əlağa balışüzünü Ağahüseynə uzatdı.

Ağahüseynin üzünə sevinc gəldi. Çünki onların da çörəyi bundan çıxırdı. Toylara gedib bu cür pul qazanmaq.

Əlağa daha nadir hallarda toylara gedirdi. Odur ki, gücla dolanırdılar.

Ağahüseynin təkidinə baxmayaraq, Vahid heç vaxt tanımadığı yerə getməzdi. Apardığı toyun sorağı isə hər yerdən gələrdi, dediyi meyxanalar dillər əzbəri olardı.

Hökumət Vahidə geniş auditoriya vermirdi. Toyxanalar isə Vahidin xalqla kontaktı idi. Onu məşhur edən də bu toylara gəlmiş xalq idi.

O, hamının sevimlisi idi. Qəzəlləri və şerləri qəlbləri oxşadırdı. Hamı əzbərdən bilirdi.

Yuxarı məhəllələr Əlağa Vahidlə nəfəs alırdı. Pərəstişkarları bu məhəllənin hər şeydən xəbərdar əhalisi idi. Vahid onların məhəbbət şairi idi.

Məşədi Fazilin Əlağa Vahid poeziyasına böyük hörməti vardı. Hamıdan da üstün tuturdu.

Vahidlə əlaqədar Məşədi Fazil Səməd Vurğunla olan söhbətini yada saldı.

O, bir-iki il bundan əvvəl Səmərqəndə gəlmiş Səməd Vurğunla görüşdükdə, hər şeydən əvvəl oradakı azərbaycanlılar Vahidi soruşmuşdular. Şair bundan təəccüblənmişdi:

-Məşədi, başım çıxmır, onun populyarlığının səbəbi nədir? Köhnə üsulla yazır. Məzmun başa bəla məhəbbət, bir də meyxana...

-Səməd, meyxana Şərq poeziyasının ən gözəl janrlarındandır. Burda bədiyə adıyla məşhurdur. Bütün İran, bütün Turan şairləri bədiyə deməklə məşğuldurlar.

Bakıya da bunu farsdilli tayfalar gətirib. Qazaxda meyxana ola bilməz. Sizdə aşıq deyişməsidir.

Səmərqəndin çayxanalarına bax. Dəstərxana oturan bədiyə deyir.

O ki, qaldı Vahid yaradıcılığına, Vahid klassik formada yazsa da, onun dediklərini indiyə qədər heç kim deməyib. Sözlərə bax:

Bu dünyada çox yaşadıq, bilmədik bu dünya nədir,

Bircə tez gələydi əcəl, görəydik o dünya nədir.

Səməd forma məzmunu gözəlləşdirmir, məzmun formaya daha artıq gözəllik verir.

Yaradıcılığın aşıq poeziyası üzərində kökləndiyinə görə lirikan daha təravətlidir.

-Burdakılar mənim 26-larımı niyə eşitmək istəmədilər?

-Səməd, 26-ların kim olduğunu sən ki hamıdan artıq bilirsən. Axı onları bu cür ideallaşdırmaq olmaz? Vaxt gələcək, haqq-ədalət yerini tapacaq. Biz bildiklərimizi, xalq biləcək. Bu cür sənət əsərini heç kim oxumuyacaq. Yalan üstündə nə qurulubsa, o dağılmalıdır.

Yenə qayıdıram Vahidə. Onun yaradıcılığında yalan yoxdur. Odur ki, onun poeziyası əbədidir. Mərib, Səmərqənd, Aşqabad azərbaycanlıları, ancaq Vahidi oxuyur. Onun kitabı burada təbərrükdür. Ondan Bakıda muğayət olun!

-Məşədi, sənin dünya görüşünə həmişə heyran olmuşam. Ancaq mənim poemalarım Sovet dövlətçiliyinə dayaqdır.

-Sovet dövlətçiliyi Stalinə qədərdir.

-Bunu necə başa düşək?

-Stalindən sonra bu ölkə dağılacaq. Məgər görmürsən, onun yumruğu üstündə qurulub. Ətrafındakılar isə Stalin ola bilməz. Odur ki, hər şey öz məcrasına qayıdacaq.

-İndi ki, inkişafdayıq.

-Sən fikirləş, ondan sonra nə olacaq?

-Maraqlı sualdır? - şair fikrə daldı.

Qırxıncı illərin axırları Səmərqənd, Mərib, Daşkənd, Aşqabad Azərbaycandan sürgün olunmuşların məskəninə çevrilmişdi. Özbəklər, türkmənlər onları özlərindən ayırmır, ələ-ələ verib dolanırdılar.

Sürgün olunanlar arasında ziyalı və aristokratlar çoxluq təşkil edirdi. Əlağa Vahid onlara daha yaxın idi. Çünki o da onlardan biri idi. Partiya, komsomol, kommunizm bu insanlar üçün boş söz idi.

Vurğunun gəlişi isə doğrudan da bayrama çevrilmişdi. Qarşısında olan auditoryanın kimlər olduğunu görən şair, ancaq lirik şerlərini oxudu.

Vətənin ətrini bu şerlərdən alan həmvətənlərimiz şairi çox hərarətlə qarşıladılar.

Axşam Səmərqəndin küçələrini Məşədi Fazillə gəzən Səməd keçmişləri yada salırdı:

-Məşədi, elə bilmə bizimkilərin vəziyyəti sizinkilərdən yaxşıdır. Əmim, əmim uşaqları Türkiyədədir, hər atdım başı bunu başıma çaxırlar...

Səməd Vəkilovları nəzərdə tuturdu. Məşədi Fazilin onları tanıdığını çox yaxşı bilirdi. Neçə dəfə Seyid Hüseynin məclislərinə əmisi ilə təşrif gətirmişdilər.

-Səməd, sən onlarla fəxr edə bilərsən! Yaratdıqları dövlətdir, Azərbaycan. Azərbaycan dövləti adını da onlar dünyaya bəyan ediblər.

Azərbaycan xalqı minnətdar olmalıdır ki, onların qoyduğu yolla gedirlər. Bu düzgün yoldur. Baxmayaraq ki, indi onları qəbul etmirlər.

-Məşədi, bu sözləri Bakıda desən, səni yox edərlər.

-Bizləri yox etmək mümkün deyil! Allah bizi qoruyur. Allah mənim üçün haqdır. Haqq sözü deməyən ziyalını ziyalı hesab etmək olmaz! Elə kəslər hakimiyyətin quludur.

Ziyalılıq həqiqətə, xalqa, vətənə xidmətdə özünü büruzə verir, hakimiyyətə xidmətdə yox.

-Əfsuslar olsun ki, cəmiyyətimiz belə insanları qəbul etmir. Müəyyən çərçivələri var, o çərçivəyə uyğun gəlməlisən. Gəlməsən, səni qəbul etməzlər.

-Qoy etməsinlər, qoy səni xalq qəbul etsin. Xalqa nə qədər yaxın oldun, bir o qədər poeziyan da kamilləşər.

Vahid fenomeni də bununla izah olunur. Vaxt gələcək xalqımız Vahidə heykəl qoyacaq. Çünki o, həqiqətən xalqın şairidir. Bu adı ona xalq verib. Kommunist partiyası yox.

Səməd dərin fikrə dalmışdı. Uşaqlığından tanıdığı, ziyasına, ağlına pərəstiş etdiyi insanla vətəndən uzaqda görüşdüyünə sevinsə də, digər tərəfdən, bu görüş onun qəlbində inandığı quruluşa, şerlərində tərənnüm etdiyi dövlətə, qarşı şübhələr yaradırdı.

Məşədinin bu sistemi qəbul etmədiyini yaxşı bilirdi. Ancaq onun arqumentlərinin məntiqliyi, ardıcıllığı şairi düşünməyə vadar edirdi.

ADR haqqındakı fikirləri, məgər həqiqət deyildi. Öz dövlətçiliyini elan etmiş Azərbaycan ziyalılarının bu hala düşməsinin səbəbi nə idi? Məgər onların ağlından, biliyindən istifadə etmək olmazdı? Vətən həsrəti ilə yaşayan minlərlə ziyalı sürgündə, xaricdə... Minlərlə ziyalı güllələnmiş. Heç qəbirlər də məlum deyil. Özü də onları əhatə edən dostlarının əlilə.

Azərbaycan yazıçılar ittifaqının Hüseyn Cavid faciəsində əli olduğunu Səmərqəndə sürgündə olan azərbaycanlılar çox yaxşı bilirdilər. Ancaq onun üzünə vurmadılar.

Səmərqəndəkilər onu ancaq şair kimi qəbul etdilər, şirin söz ustadı kimi. Faciənin iştirakçısı kimi yox. Çünki ziyalılıq insanın bəd əməlini üzə vurmaqla ölçülmür. Hər şeyi insanın vicdanına tapşırırlar, birdə Allahın məsləhətinə.

Məşədi Fazil onunla birlikdə Səmədi Səmərqəndə müşayiət edən dostlarının Hüseyn Cavid haqqında soruşacaqlarından tam əmin olmadığından, üzünü Səmədə tutdu:

-Quruluş şairi olmaq çox çətindir. Gərək çaldığı hava ilə oynayasan. Elə deyil Səməd?

-Məşədi, Allah heç kimi bizim vəziyyətə salmasın!

Restoranda Səməd hamıdan çox içirdi. Demək olardı ki, durmadan. Buna baxmayaraq heç vaxt sayıqlığını itirmirdi.

Səhəri günü Məşədi Fazillə birdə görüşəndə o, Səmədə dünənki yeyib içməkdən söhbət saldı:

-Səməd, yaman içirsən. Belə olmaz!

-Məşədi, bu fikrimi dağıdır.

-Səni belə dərdli bilməzdim. Allaha şükür hər şeyin var!

-Elə deyil! Özün də görürsən, elə deyil! Xoşbəxt Vahiddir. Xəbərin var da, Mir Cəfər onu yanına çağırıb deyib ki, sən də fəhlədən, kəndlidən yaz.

Vahid iki-üç gündən sonra gəlib onun yanına, kəfəni də boynunda. Mir Cəfər soruşanda “Bu nədir?"

-Ağa, güllələ məni! Yaza bilmirəm: "Ay qara şalban, mən sənə qurban!- deyə cavab verib

Vahid doğurdan da Vahiddir.

Biz isə bədbəxtik, özümüz istədiyimizi yazmağa qoymurlar.

Yazıçılar ittifaqı şer, hekayə, povest, roman atelyesidir. Sifarişçisi isə hökumətdir. Cızıqdan qırağa çıxmaq olmaz!

Məşədi Fazilin bu hala düşmüş böyük talanta yazığı gəldi.

-Qəm yemə, hər şey öz yerini alacaq! - deyə Məşədi Fazil dərin fikrə daldı.

Qur Əmiri ziyarət edərkən, onu möhtəşəmliyinə heyran qalmış şair üzünü Məşədi Fazilə tutdu:

-Görəsən, bunu yaradan bilirdi ki, əbədiləşir?

-Əmir Teymur əbədidir, onun yaratdığı şəhər kimi.

Şərqdə çoxlu hökmdarlar olub, Qüdrətli Çingiz xan, Batı, ancaq heç biri onun yerini vermir.

Teymur başqalarından fərqli olaraq, zəbt elədiyi ölkəyə mədəniyyət gətirib, aqil adamları bu şəhərə yığıb.

İndi avropalılar Səmərqəndi, onun dünyaya verdiyi mədəniyyəti, elmi qəbul etmək istəmirlər, o cümlədən, sizin kommunistlər də. Çünki tədqiqatların nəticələri bir mənalı olacaq - Dünya elminin və mədəniyyətinin inkişafına təkan vermiş şəhər buradır.

Biruni Cordano Brunodan beş yüz il əvvəl yerin günəş ətrafında fırlandığını deyirdi. Uluqbəy, ulduzların xəritəsini tutanda Avropada vəhşilik hökm sürürdü.

Səmərqəndin, o cümlədən, türk respublikalarının əski əlifbasını dəyişdirməklə və bu əlifbada yazılmış kitabları yandırmaqla tarixi yaddaşını pozmaq istədilər. Osmanın Quranını özbəklərin əlindən aldılar. Bu barbarlıqdır.

Vaxt gələcək bu ölkənin xalqı yenə də Şərqin möhtəşəm xalqına çevriləcək. Quyuya bir dəfə su gəlibsə, birdə gələcək. Dünya müdrikləri belə deyirlər.

Biz azərbaycanlılar da bu mədəniyyətin bir hissəsiyik. Özümüzü bunlardan ayırmağımız qeyri-mümkündür.

Fikir verin, qədim şairlərimizə, onlar nə qədər bir-birlərinə yaxın idi. Bəs biz? Aramızda sərhədlər olmasa da, əlaqələrimiz çox cüzidir.

Şərq mədəniyyəti dəryadır. Biz hələ çox şeyləri öyrənməliyik. Bizim babalarımız bu mədəniyyəti yaradıb. Biz isə hələ bunu dərk edə bilmirik.

***


Bakıda payız küləkləri əsirdi. Xəzri yuxarı məhəllərin üstünə solmuş çəmənliyin toz-torpağını qaldırır, var gücü ilə pəncərələrin şüşələrinə döyəcləyir, adamın gözlərini çıxardırdı.

Toz dumanının əlindən adamlar başlarını qaldırıb bir-birinin üzünə baxa bilmirdilər.

Küçəyə çıxmışlar qaça-qaça harasa tələsir və yaxud bu həyətdən başqasına keçirdilər.

Külək tində duran qədeşləri də evlərinə qovmuşdu. Məhəlləyə sükut çökmüşdü. Təkcə 4-cü xrebtovudan iki-üç yüz metr aralı alman dilində səslər eşidilirdi.

Yenidən tikintisi başlamış Politexnik institutunun müharibədən yarımçıq qalmış binasını tikən alman əsrlərinin gözləri tozanaqdan traxoma xəstəliynə tutulmuşdu.

Xəzri sanki yerlilərin qisasını bu əsrlərdən alırdı.

Müharibənin qurtarmasına baxmayaraq “plenləri” Bakının bir çox yeni tikintilərində işlədirdilər.

Almanlar Hökumət evi, Bağırov körpüsü, politexnikin yanında iki yaşayış binası və başqa obyektlərdə işləyirdilər. Onların səliqəli və ağılla işləmələri haqqında məhəllədə yaxşı söhbətlər gedirdi. Bu söhbətlər əsirlərə qarşı nifrəti azaldır, hətta onlara çoxlarının yazığı gəlirdi.

-İt kimi yaşayırlar, amma baxın, necə işləyirlər. Tikdikləri Bakımızın yaraşığı olacaq.

Hərdən birdən məhəllədən keçəndə, müharibə görməmiş gənclər bakılıya xas olan ürəyiaçıqlıqla “plenlərə” ciblərindən papiros qutusunu atır, onları götürməyə mane olan konvoyları söyürdülər.

Günlərin bir günü Əlisəttar konvoyun uşaqların atdığı siqareti “plenin “əlindən aldığını görüb, irəli sıçradı. Konvoyun əlindən qutunu aldı, başqa “plenə” uzatdı.

Zabit bunu görüb tapançasını çıxartdı və Əlisəttarın üstünə cumdu:

-Tы, что делаешь?Врагу помогаешь? Сейчас тебя убью! -deyə tapancanı Əlisəttar tərəfə yönəltdi.

Əlisəttar isə düz onun üstünə gəldi. Qqətiyyətliyindən zabit şaşqın qaldı və əlini aşağı saldı.

-Убери свое пишто! Здесь не Сталинградский фронт, a улица Советская.

-Дорогой, недьзя, не положено.

-Мы тоже знаем, но они же люди!

-Oни немцы!

-A что говорил товарищ Сталин? Oн говорил, что мы враги фашизма, а не немецкого народа..

-Дорогой, я знаю это. Но выполняю приказ.

-A мы выполняем приказ души: оказать помощь беспомощному.

-Хорошо, только, чтобы никто не узнал.

-Родной, мы на улице Советской y. A эта улица умеет молчать.

Zabit Bakıda çoxdan xidmət etdiyindən, harada olduğunu yaxşı anlayırdı. Bu küçədən keçəndə qorxa-qorxa keçirdilər. Buranın əhalisindən qorunmaq əmrini həmişə alırdılar.

İndi də qeyri-ordinar hadisə baş verirdi. Almanlara yerli camaat kömək edirdi.

Müharibəyə qədər yuxarı məhəllələrdən azca aşağıda almanlar yaşayırdılar. Məhəllənin uşaqlarının çoxları onlarla dostluq etdiyindən, almanlar dillərini də bilirdilər. Odur ki, konvoyun mülayimləşməsi, “plenlərlə” ünsiyyət yaradırdı.

Əlisəttarın bu əməli axşam tin uşaqlarının söhbətinə çevrildi:

-Mən ölüm, bunun gözündə qorxu yoxdur! - deyə Dağlı Qədir sözə başladı.

-Əlisəttar intelligentni oğlandır. Tin uşaöı deyil. -deyə kimsə bu söhbəti dayandırmaq istədi.

-Mən demirəm ki, bizə qoşulmur, ona görə pisdir. Yox, mən deyirəm ki, məhəllə yetir də.

-Qədir, mən Ağ şəhərə baxıram. Məhəlləmiz onlardan geri qalır. Bizim nəyimiz əskikdir. Əlisəttar təmiz oğlandır. Savadlıdır. Universitetdə oxuyur. Onu bizim oyunlara qoşmaq günahdır.

-O, bizə heç qoşulmaz da! - başqa birisi əlavə etdi.

-Maraqlı oğlandır, həm bizimlədir, həm də bizimlə deyil.

-Gəlin, ondan danışmayaq, o kişidir. Kimin g-i çatardı, ofiseri bu hala salsın. Qurtardıq bu söhbəti. Əlisəttar təzə evlənib, bir-iki ilə universiteti qurtarır. Fəxrimizdir.

Müharibədən sonrakı dövr maraqlı dövr idi. Bütün məhəllənin psixologiyasını dəyişmişdi. Uşaqlarından çoxu ali məktəblərə qəbul olmuş, kimisi qurtarmış, vəzifəyə getmişdi. Frontoviklərin çoxu ali təhsil alırdı. Yuxarı məhəllələrdə də ziyalıların sayı artırdı.

***


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin