T.Ə. CƏFƏRLİ BİR Əsr bir nəSİl budur gəldi bahar fəsli



Yüklə 1,19 Mb.
səhifə8/13
tarix31.01.2017
ölçüsü1,19 Mb.
#7184
1   ...   5   6   7   8   9   10   11   12   13

TAHİR və ZÖHRƏ

İyun ayının on ikisi idi. Bakının gözəl vaxtları. Evin qarşısındakı yam-yaşıl çəməndən gül-çiçəyin ətri gəlirdi. Ətraf elə sakit idi ki, quşların cik-ciki eşidilirdi.

Seyid Bikə bu sakitliyi seyr etdikcə qəlbinin nədənsə sevinəcəyini hiss edirdi. Ona elə gəlirdi ki, bu gün ən gəzəl günlərindən biri olacaq.

Səhər açılandan bu fikir onu rahat qoymurdu. Ancaq bu haqda heç kimə heç nə demirdi. Dinməzcə nə baş verəcəyini gözləyirdi. İndiyə qədər intuisiyası onu heç vaxt aldatmamışdı. Başına nə gələcəyini əvvəlcədən hiss edə-edə heç nəyin qabağını almağa çalışmamışdı, onda belə qüvvə olmamışdı.

Hər şeyi Allahın məsləhətinə, zamanın axırına tapşırmışdı. İndi onun qəlbi yaxşı hisslərlə dolmuşdu.

Əlisəttargil toydan bir-neçə aydan sonra Verxni Naqornı küçəsinə köçmüşdülər. Tez-tez onlara qonaq gəlirdilər.

Əlisəttarın toyundan on bir ay keçmişdi ki, Seyid Bikənin iki gəlini: Raziyə və Şeyda uşaq gözləyirdi.

Günorta çağı idi. Nərgiz eyvanda başını Seyid Bikənin dizi üstünə qoyub mürgüləyirdi. İstidən nəfəs almaq mümkün deyildi.

Raziyə daha da ağırlaşmış tərpənə bilmirdi. Gəlini bir daha diqqətlə süzən qayınana Nərgizin başını sığalladı.

-Nərgiz, qızım, hazırlaş bu gün-sabah qardaşın olacaq-dedi.

-Ay nə, haradan bilirsən? - deyə Nərgiz əkəc arvadlar kimi soruşdu.

-Anana bax, gör, necə gözəlləşib. Mənim balam, anam deyərdi ki, qız doğan kifirləşir, oğlan doğan isə gözəlləşir. Çünki qadın öz bədənindən qızına verir, oğlan isə onu cavanlaşdırır.

Bıy, ay qız mən bunları kimə danışıram? - deyə Seyid Bikə sanki birdən uşaqla söhbət etdiyini anladı.

-Ay nə, doğurdan da, oğlan olacaq, çünki mən də qardaş istəyirəm.

Nərgiz həyətdə gəzərkən, həyətin arvadları onu saxlayıb onunla zarafat edirdilər:

-Nərgiz, baxarsan bacın olacaq!

O, isə başını uca qaldıraraq:

-Yox, mənim qardaşım olacaq! - deyə qürurla cavab verirdi.

Həyət arvadların Nərgizin "qardaşım olacaq!" kəlməsini qətiyyətlə deməsini təsadüf saymırdılar.

-Nərgiz, bunu sənə kim dedi?

-Nənə!

-Seyid Bikənin dedikləri həmişə düz çıxıb: Töhrəyə dedi: oğlun olacaq, oldu. Narınca dedi: qızın, qızı oldu. Bütün məhəllə deyir ki, gəlinə baxan kimi, nəyi olacaq deyir və həmişə də sözləri düz çıxır.



***

Əşrəf "yoldan" yenicə qayıtmışdı. Əlindəki içi mer-meyvələ dolu iki gürcü səbətini eyvanın kandarına qoyub içəri keçdi.

Çarpayıda ağrıdan uzanmış həyat yoldaşını görən kimi Əşrəf üzünü anasına tutdu və adəti üzrə zarafata keçdi:

-Ay na, bilirsən, həmşərilər nə deyirlər arvadları xəstələnəndə?

-Nə deyirlər, mənim balam? - deyə Seyid Bikə soruşdu.

-Kişi iki dəfə sevinir: evlənəndə, birdə arvadı əldən gedəndə.

Ana bala gülüşdülər

-Mən ölürəm, siz sevinirsiz?

-Niyə sevinməyək, oğlumun oğlu olacaq!

-Ay na, haradan bilirsən oğlum olacaq?

-Mənim balam, haçan sözüm yalan çıxıb? - deyə suala sualla cavab verdi.

Əşrəf sussa da, fikri arvadının yanında qalmışdı. Raziyyə yerində vurnuxurdu.

-Ay qız, nə olub? Özünü ələ al! Hamının keçdiyi yoldur! - deyə ona təssəlli verməyə çalışdı.

Əşrəf çox ağır adam idi. Boş-boşuna danışmağı xoşlamazdı. Raziyyənin bu hala düşməsi, həqiqətən onu təşvişə salmışdı. Seyid Bikə də bunu hiss etmişdi. Odur ki, xasiyyətinə bələd olan ana zarafatından qalmırdı.

-Bəlkə sən onun əvəzinə doğasan! - deyə oğlunun halının dəyişdiyini görən ana məğrur səsini qaldırdı.

-Çıx bayıra, özünü kişi kimi apar! Hər şey yaxşı olacaq. Get, Yaxşıxanımı gətir!

Yaxşıxanım qarı məhəllənin maması sayılırdı. Belə hallarda hamı ona müraciət edirdi. Heç bir tibbi savadı yox idi. Deyilənə görə, onların qadın nəsli anadangəlmə bu işlə məşğul olmuşlar.

Yaxşıxanım dağlı qızı idi. Türkəçarəni, otların sirrini, sözün qısası hər şeyi bilən dünya görmüş anadangəlmə təbib idi.

Yuxarı məhəllələrdə xəstələnllər həkimə-zada getmirdilər. Yaxşıxanımın bir baxışı bəs idi ki, xəstəyə düzgün diaqnoz qoysun və bir neçə dəqiqə ərzində otdan-ələfdən düzəltdiyi dərmanı ona verib, yola salmasın. Onun sağaltmadığı adam yox idi.

Məhəllədə xəstə ilə zarafat edəndə deyərdilər ki, "Get özünü ver Yaxşıxanımın yanına!" Hətta Əlağa Vahidin onun haqda meyxanası da vardı :



Yaxşıxanım, get sənə bankə qoysun

Yanan qəlbin dərd-bəladan sovuşsun

Anasının Yaxşıxanımı çağırması vəziyyətin ciddi olduğundan xəbər verirdi.

-Ay na, bəlkə skorı çağıraq? Xəstəxanaya aparaq! - deyə Əşrəf anasına müraciət etdi.

-Bala, Yaxşıxanım arvaddan başqa ona heç kim lazım deyil. Get, mən dediyimi elə!

Əşrəf həyətə düşdü, bütün qardaşlar orada idi.

-Volodya, get, Yaxşıxanımı tap, gətir! - dedi

Nəriman Volodyaya qoşulub həyətdən çıxdılar.

***


Yaxşıxanım ətəyini əlinə yığıb qapını açanda qarşısındakının Seyid Bikənin kiçik oğlu Nərimanı tanıdı.

-Bala, xeyr ola?- deyə Nərimandan soruşdu.

-Yaxşıxala, anam sizi çağırır.

-Raziyəyə görə?

-Deyəsən elədir. Yaxşıxala, maşın sizi gözləyir.

-A bala, on addımlıq yoldur. Özüm gələrəm. Siz gedin.

Volodya "Pobedanını" hərlədənə qədər Yaxşıxanım həyətə çatmışdı.

-Ay Bikə xatın, nə olub? - deyə hay-küy sala-sala içəri girdi.

-Səs-küy salma! Raziyənin sancısı var! - deyə səsə çıxan Seyid Bikə Yaxşıxanımı sakitləşdirdi.

Yaxşıxanım Raziyə yatan otağa keçdi.

Əşrəf, Əlisəttar, Əyyub, Nəriman və Volodya eyvanda oturub Raziyənin otağdan gələn hay-vayını eşidirdilər.

Birdən həyətə qaça-qaça Sara daxil oldu. Sara Əlisəttarın baldızı idi. O, Əlisəttarın qulağına nə isə dedi.

Baldızının dediklərindən Əlisəttarın rəngi-ruhunun dəyişdiyini görən Əşrəf qardaşına yaxınlaşdı.

-Nə olub? - deyə Əlisəttardan soruşdu.

-Şeydanı, doğum evinə aparıblar. Mən nə edim?

-Volodyanı götür, ora get! Lazım olarsa, mən də gələrəm.

Əşrəf əlini cibinə saldı. Bir paçka pul çıxartdı.

-Al bu pulu, lazım olar. Tələbə adamsan!

Onlar həyəti yenicə tərk etmişdilər ki, içəridən Raziyənin qışqırtısı gəldi.

Birdən həyətə sükut çökdü. Bu sükutu uşağın ağlar səsi pozdu.

Yaxşıxanım, ağ cunaya bükülmüş balaca insancıqla eyvana çıxdı:

-Ələşrəf, muştuluqmu ver! Oğlun oldu!

Yaxşıxanım arvad uşağı ona uzatdı. Əşrəf uşağı başının üstünə qaldırıb, ona qaytardı.

-Yaxşı xala, muştuluğun məndə! - dedi. Əlini cibinə salıb on dənə "palazqulaq yüzlüyü" Yaxşıxanıma uzatdı.

-Cibin bol olsun, bala! - dedi və otağa keçdi.

Seyid Bikə eşiyə çıxıb oğlunun boynuna sarıldı:

-Mənim balam, böyük oğlan olsun! - dedi.

-Ay na, sağ ol! Sənə başqa xəbərim var: Şeydanı da doğun evinə apardılar.

-Nə? Nə? Səni şad xəbər olasan!

Sonra üzünü oğlanlarına tutdu:

-Tez bazarlığa, nə lazımdır alın! Qonaq əlindən yer olmayacaq. Möhüb kişidən bir qoç götürün, kəsdirin. Tez olun!

Seyid Bikə içəri girib süfrə çıxartdı. Eyvanda ki, böyük stolu açdırdı. Üstünə qab-qacağı yığdırdı.

Köməyinə gələn həyət arvadları aşağıda yüzlitrlik sarı samovarı yuyub, içinə su doldurdular.

Həyət qarışqa kimi qaynayırdı. Hamı bilirdi ki, həyətdə şənlik olacaq. Bu Seyid Bikənin və oğlanlarının hərəkətlərindən də hiss olunurdu.

Raziyə azad olandan bir saat keçmişdi ki, Əlisəttar Volodya ilə içəri girdilər:

-Nə oldu? - deyə Seyid Bikə onları qarşıladı.

Əlisəttar dinmədi.

-Bikə xala, muştuluğumu ver, qaqaşın qızı olub! - deyə Volodya dilləndi.

Ana oğlunun boynuna sarıldı. Nərgiz də gəlib əmisinin üzündün öpdü:

-Əmi, muştuluq, mənim qardaşım olub! - dedi.

Sanki yuxudan oyanmış Əlisəttar qızı başı üstünə qaldırdı.

-Mənim gülüm, nə istəyirsən, mən hazır? - O əlini cibinə saldı. Cibində olan pulları qızın başına səpdi. Böyük qardaşına yaxınlaşdı, onu qucaqladı.

Əşrəfin oğlu, Əlisəttarın qızı olması xəbəri bir an keçmədi ki, bütün məhəlləyə yayıldı. Bunu eşidən dostları onlara tərəf axışırdı.

Babəli tez qaçıb Abasın dükanına gəldi. Onu qırağa çəkib, qulağına nəsə dedi.

Abas otağından çıxdı, “raboçusuna” maşının açarını verdi:

-Get skladdan bir yeşik araq, iki yeşik pivə, üç yeşik limonad yığ. İki dənə də "Ədes" pendir çıxart, yüklə maşına!

Özü isə Babəlinin yanına qayıtdı.

-Qoy mən dediklərimi maşına yıxsın, gedək! Bir də gedək, Hüseynağanı götürək.

-Tanıyırsan, harada olur?

-Kubinkada.

-Onda getdik.

***


Fazilgilin həyətinin ağzında klarnet səsi ucaldı. Qapını açan həyət uşaqları məəttəl qalmışdılar. Axı həyətdə toy yox idi. Hüseynağa dəstəsilə qapının ağzında çalırdılar.

Oynaya-oynaya içəri girən Abasa qoşulan Babəli eyvanın qabağında Əşrəfi rəqsə dəvət etdi. Onunla birgə ortaya düşən Əlisəttar, Əyyub, Nəriman, Volodya Hüseynağanın "Şalakosunun" ecazkar səsinə uyğunlaşaraq, elə ləzzətlə rəqs edirdilər ki, elə bil həyətə rəqs ansamblını dəvət etmişdilər.

-Qədeş, oğlunun kirvəsi mənəm! Onun duduxuna qurban! - deyə Abas əlini Əşrəfin çiyninə qoyub birlikdə rəqs edirdi.

Seyid Bikəni ortaya salan və onu rəqs etməyə vadar edən Əşrəfin dostları, həmişə olduğu kimi, zarafat etməyə başladılar.

-Seyidlər rəqs etmirlər, günahdır, Bikə xala?

-Nə danışırsan? Quranda bu yoxdur.

-Vallah, rəqqasə kimi oynayırsan?

-Mən gimnaziyada oxuyanda, bizə bal rəqsləri öyrədiblər.

-Məşədi Fazilnən vals oynayırdınız?

-Niyə ki bala, kimnən əksiyik?

-Onda mənimlə “Tərəkəmə” oyna! Hüseynağa bir “Tərəkəmə”!- deyə Abas qışqırdı

Seyid Bikə şahanə qamətilə onu əhatə edən oğullarının arasında süzürdü. Bəlkə də ondan çox sevinən yox idi. Çoxdan gözlədiyi arzusuna çatmışdı. Balaları ağıllı, başı aşağı. İyirmi yeddinin, otuz yeddinin, müharibənin dəhşətləri uzaqda qalmış, Cəfərli nəsli qanadların göylərə tuşlamışdı. Hər tərəfdən xoş xəbərlər gəlirdi.

Bağırov vəzifədən götürülmüş, deyirdilər ki, sürgün olunanları tezliklə Stalin əhf edəcəkdir.

Hər şey öz qaydasına düşməkdə idi. Nəvələri pis zamanda doğulmamışdılar. Gün-gündən bolluq yaranırdı.

-Ay na, dədəyə necə xəbər verək? - deyə Əyyub rəqs edən anasından soruşdu.

-Heç cürə bir-iki həftəyə özü gələcək, məktubda yazıb!

Su pərisini xatırladan ağayana xanımın, ağır seyid qızının rəqsi hamının könlünü oxşayırdı. Kənardan əl çalan Abas hərdən birdən söz atırdı:

-Məşədi Fazil, deyəsən sizi rəqs edəndə qaçırdıb, Bikə xala?

Seyid Bikəyə qoşulan həyət qadınları və kişilərini gülüşləri, zarafatları bütün məhəlləyə yayılırdı.

Nərgiz isə anasının çarpayısından uzaqlaşmırdı. Anasının alnını sığallayır, qardaşından gözünü çəkmirdi.

Yaxşıxanım Nərgizi qırağa çəkdi:

-Qızım, get, nənəni çağır!

Nərgiz bir anın içində eyvana çıxdı. Qızcığazın evdən çıxdığını görən Nəriman onu qucağına aldı. Ortaya gətirdi.

-Gülüm, əmiçün bir oyna! - dedi.

Nərgiz əmisinin sözündən çıxmadı, bununla belə oynaya-oynaya nənəsini axtarırdı. Onu görən kimi əli ilə işarə etdi ki, evə keçsin.

Nəvəsinin işarələrini o saat anlayan, Seyid Bikə eyvana qalxdı. Qız tərəfə boylandı. Nərgizin başını yelləndiyini görüb otağa keçdi.

Yaxşıxanım balağını əlinə alıb Seyid Bikəyə yan aldı:

-Bikə xatın, gəlinin südü yoxdur. Uşaq acdır! - deyə ağlayan uşağı göstərdi: - Qonşu qızlarından gör, kim uşaqlıdır, çağır, qoy uşağa süd versin!

Seyid Bikə vəziyyətin necə ciddi olduğunu o saat anladı və həyətə düşdü. Nisə adlı həyətin qadınlarından birini yuxarı çağırdı.

-Nisə, Raziyənin südü yoxdur. Uşağı yedizdirmək lazımdır.

Nisə düşünmədən içəri keçdi. Uşağı qucağına aldı. Süd dolu döşünü onun ağzına saldı. Bircə anın içində uşağın səsi kəsildi. Acgözlüklə süd anasının döşlərini əmməyə başladı. Həyətdəki səs-küyə baxmayaraq, evdə onun ağzının marçıltısi eşidilirdi.

***


ADQOYDU
İyulun əvvəlləri olardı Məşədi Fazil Məribdən qayıdanda. Səhər çağı həyətə girəndə, eyvanda heç kim yox idi. Gəlişini heç kim hiss etmədi.

Qapını açdı, içəri keçdi. O dövrdə qapıda kilid olmazdı. Yuxarı məhəllələrdə bu ayıb sayılardı. Həyətdə qonşu qonşunun malına əl uzatmazdı. Qonşuluğun yazılmamış qanunları vardı. Bu illərdən bəri xalqın bir-birinə hörmətindən yaranmışdı.

Məşədi Fazil otağın ortasında açılmış nənnini gördü.

-Bu kimdir? - deyə nənniyə yanaşdı. Bələyə bərk bükülmüş uşağın mürgülədiyini gördü. Anladı ki, ailəsində artım var. Ancaq oğlan və yaxud qız olduğunu başa düşə bilmədi.

Məşədi Fazil eyvandan boylanaraq arvadların harada olduğunu görmək istədi. Uzaqda, çərhovuzun arxasından, təndir olan yerdən, səs-küy eşidilirdi.

Məşədi Fazil anladı ki, dağlı qızı Səriyə arvad təndir salıb və hamı onun ətrafındadır, birlikdə çörək bişirilər.

Yerində dinc oturmayan Nərgiz dəqiqə-başı ayağa qalxır eyvana qayıtmaq istəyirdi.

Bunu görən Seyid Bikə Səriyə arvadın təndirdən çıxartdığı bir-neçə çörəyi onun qucağına qoydu:

-Apar evə, mən də gəlirəm! - dedi.

Eyvanda Nərgiz babasının uca qamətini gördü. Qaça-qaça gəlib əlindəki çörəkləri stolun üstünə qoydu.

-Baba, baba, can baba! - deyə qızcığaz Məşədi Fazilin boynuna sarıldı. O üzündən, bu üzündən doyunca öpdü.

Nəvəsinin alnından öpdükdən sonra Məşədi Fazil Nərgizi yerə qoydu.

-Qızım, bu balaca kimdir? - soruşdu.

-Baba, muştuluğumu ver, sonra deyim!

Məşədi Fazil əlini cibinə saldı və nəvəsinin ovcuna pul basdı:

-Mənim qardaşım!

-Hm, - deyə, Fazil qımıldandı.

-Bəs anan hanı?

-O biri otaqda yatıb.

-Gəl gedək, qardaşına bir də baxaq.

Məşədi Fazil içəri keçdi. Əlini cibinə saldı. Bir paçka yüzlük çıxartdı. Balacanın başının altına qoydu və eyvana qayıtdı.

-Ay nə, baba gəldi! -deyə Nərgiz ləhliyə-ləhliyə özünü nənəsinə çatdırdı.

Seyid Bikə elə bil heç nə olmayıb kimi, tələsmədən ayağa qalxdı, Nərgizin əlindən tutub eyvana tərəf yaxınlaşdı:

-A kişi, xoş gəlmisən! - deyərək ərini salamladı.

-Gözün də aydın nəvələrin olub!

-Mən birini gördüm, qalanı hanı?

-Əlisəttarın da qızı olub! Öz evlərindədir.

-Arvad, səni xoş xəbər olasan! - dedi. Fikrə daldı: Arvad, daha qocaldıq! - kədərli səslə əlavə etdi.

***

Bakının adətinə görə uşağın qırxı çıxmayana qədər ona ad qoymazdılar. Ad qoydu qırxdan sonra olurdu.



Adətən uşağın adını evin böyüyü adqoyduya çağırılan yaxın dostların və qohumların qarşısında molla "Quran" oxuduqdan sonra, uşağın qulağına üç dəfə onun adını deyərdi. Sonra camaatı süfrəyə dəvət edərdilər.

Məşədi Fazilin gəlişi uşağların qırxı ərəfəsinə düşdüyündən Seyid Bikə əlini göyə uzatdı:

-Allahıma qurban olum! Bizi naümid qoymadı. Hər şeyi vaxtında edəcəyik.

-Ay arvad, nəyi?

-A kişi, bəs uşağlara adqoydu eləməmişik. Səni gözləyirik. Sabah yox o birisi günü qırxları çıxır.

Məşədi Fazil dərin fikrə daldı:

-Bəli, uşaqlarım daha ev-eşik sahibi olurlar. Mən isə hələ xəlvəti, qorxa-qorxa yol ölçürəm. Ürəyim qalır burada. Daha bəsdir. Hər şeyi qaydaya salıb, geriyə dönmək vaxtı çatmışdır.

Axı necə?

Hamı dəyişiklər olacağını gözləyirdi. Səməd də ona bu haqda yazmışdı. Ancaq ortada heç nə yox idi. Bir də Səmərqənddəkilərin, Məribdəkilərin çörəyi idi, onların dolanışı Məşədi Fazildən asılı idi.

Seyid Bikə çay gətirdi. Soruşmadı ki, acsan ya yox? Təndir çörəyini dinməzcə ərinin qabağına qoydu. İçəri keçib qabın içində dağlı pendiri və nehrə yağı ilə qayıtdı.

Seyid Bikə bilirdi ki, evə qayıdanda o, həmişə ac olurdu.

Məşədi Fazil bir az çörək yedi. Təzədən fikrə daldı. Eşitdiklərinə qəlbən sevinsə də, ürəyində narahatçılıq keçirirdi.

-Uşaqların adını nə qoymaq istəyirsiz? - deyə soruşdu.

-Əlisəttar Fərhad və Şirin qoymağımızı istəyir. Yaxşı adlardır. Necə baxırsan?

-Onların adını mən qoyacağam! Çoxdan seçmişəm. Ad qoydu-günü deyəcəyəm.

-A kişi insafın olsun, heç olmasa mənə denən!

-Olmaz! - deyə Məşədi Fazil arvadının ağzından vurdu. Onun necə tərs olduğunu bilən Seyid Bikə birdə bu söhbətə qayıtmadı.

Seyid Bikə Nərgizin necə şeytan olduğunu və ərini necə istədiyini bilirdi. Ürəyində "Dayan, mənə demirsən, nəvənə deyərsən!" - deyib ondan uzaqlaşdı.

-Ay qız Nərgiz! Bəri gəl! - deyə nəvəsini çağırdı. Qaçıb özünü ona yetirən Nərgizi qırağa çəkdi:

-Mənim balam, babanı dilə tut! Gör, qaqaşa nə ad qoymaq istəyir? Bilək də.

Nərgiz yenidən eyvana qayıtdı. Dinməzcə stolun üstünü yığışdırdı. Süfrəni çırpıb, stolun üstünə sərdi.

-Ay qız, niyə danışmırsan? Dərslərin necədir? Neçəyə keçdin?

-Baba, dördə. Hamısı beşdir.

-Təbrik edirəm, mənim balam! Sabah səhər tezdən nə edirik?

-Sən, mama birdə mən univermağa gedirik!

-Elədir, mənim balam. Nə edirik?

-Mən nə istəyirəm, onu alırsan.

-Elədir, mənim balam!

-Ancaq alınmayacaq.

-Niyə, mənim balam?

-Çünki mamaya olmaz, qırxı çıxmayıb. Sonraya qalır.

-Qoymarıq qalsın! Nənəni apararıq.

Nərgiz başını yellədərək razılığını bildirdi, ancaq sonra yenə susdu. Qız elə bil fikrə dalmışdı.

-Sənə nə oldu, mənim balam? - deyə narahat qalan Məşədi Fazil soruşdu.

-Heç nə, baba!

-Sən düzünü de!- deyə Məşədi Fazil təkid etdi.

-Baba, qaqaşa nə adı qoyacaqsan?

Məşədi Fazil anladı ki, bu arvadının qurduğu oyundur.

-Sən də sınıq plastinka kimi nənən deyəni soruşursan şeytan? Nənə səni öyrədib?

-Yox, baba! Bütün həyət bilmək istəyir.

-Allah qoysa, ad günü bilərsiniz.

-Özün də deyirsən, mənim gül nəvəmsən! - deyə Nərgiz narazılığını bildirdi.

-Sən mənim gül nəvəmsən, ancaq adəti pozmaq olmaz, adqoydu günü hər şeyi bilərsən. İki gün qalır?

-Baba, yaxşı addır?

-Baban məgər pis ad fikirləşər?

-Mən də o fikirdəyəm, nənəyə də onu deyirdim... Nərgiz sirri açdığından tutuldu.

-Deməli, nənənlə tələ qurdunuz?

-Yox baba, yox! Biz səni çox sevirik. Qızcığaz Məşədi Fazilin boynuna tullandı.

Nərgiz nənəsinin yanına qayıtdıqda, Seyid Bikə soruşdu:

-Uşağa nə ad qoyacaq?

-Baba dedi ki, yaxşı ad!

***


Adqoyduya gəlmiş qohum-əqrəba, dost-tanış, həyət adamları eyvana yığışmışdılar. Məşədi Fazilgildən bir neçə həyət aralı Təzə Pirin şeyxi yaşayırdı. O, da dəvət olunmuşdu.

Bu məhəllələrdə adqoydu İslam adəti ilə keçirilərdi. Evin ağsaqqalları dəstəmaz alar, namaz qılar, namazdan sonra "Quran" açılar, istixarə edilər və sonra evin ağsaqqalı və yaxud şeyx uşağın adını qulağına oxuyardı.

Namazdan sonra şeyx, Məşədi Fazil, Dadaş xan eyvana qayıtdılar. Dadaş xan üzünü qızına tutdu:

-Uşağı gətir.

Raziyə içəri keçdi, qucağında uşaqla qayıtdı. Dadaş xan körpəni götürüb Məşədi Fazilə uzatdı:

-Məşədi, sənin nəslindir, adı da sən qulağına oxumalısan!

Məşədi Fazil Dadaş xanın əlindən uşağı aldı, üzündəki tülü açdı, qulaqlarını tutmuş papağı çıxartdı və gəlininə verdi. Balacanın üzündən öpdü.

Sakitcə durmuş uşaq vurnuxdu. Nəvəsinin sakitləşdiyini görən Məşədi Fazil ağzını uşağın qulağına yaxınlaşdırdı:

-Adın Tahir, Rəbbin Allah, Peyğəmbərin Məhəmməd, Dinin İslam, Nəslin Cəfərli, Allah səni saxlasın balaca insan! -dedi və uşağı gəlininə qaytardı.

Raziyə uşağı içəri aparan kimi, otaqdan qucağında qızı ilə Əlisəttarın yoldaşı Şeyda çıxdı.

Məşədi Fazil körpəni qucağına aldı və onun da üzündəki tülü və papağını açdı, ağzını uşağın qulağına yaxınlaşdırdı:

-Adın Zöhrə, Rəbbin Allah, Peyğəmbərin Məhəmməd, Dinin İslam, Nəslin Cəfərli, Allah səni saxlasın balaca insan! - dedi və uşağı gəlininə qaytardı. Sonra üzünü eyvana yığışmış qohum-əqrəba və dost tanışa tutdu:

-Yaxına gəlin! Şahid olun və şəhadət edin! Mən oğul nəvəmin adını Tahir, qız nəvəmin adını Zöhrə qoydum.

Sanki Hüseynağa bunu gözləyirdi, klanetin səsi bütün məhəlləni bürüdü. Həmin günü bütün həyət bayram etdi. İndiyə qədər məhəllənin qocalarının yadındadır. Bunu qələmə alan onların dillərindən yazır.

***

1953-ci ilin martın əvvəli Stalinin ölüm xəbəri bütün dünyaya yaydı. Rəhbərin ölümü demək olar ki, hamını kədərləndirmişdi. Onu istəyənləri də. istəməyənləri də.



Dəmir yumruğu ilə böyük bir ölkəni saat kimi idarə etmək hələm-hələm iqtidara nəsib olmayıb.

Bu insanın ölümü isə ölkədə sanki boşluq yaratmışdı. Özündən sonra fərasətli bir rəhbər qoymayan Stalin sanki əvəzedilməzliyini göstərirdi.

53-cü il Cəfərlilərin üçün xoşbəxt il idi. Məşədi Fazil məzuniyyətə çıxmış, Səmərqənddən Bakıya qayıtmış, ailəsini başına yığmışdı, hərdən bir iş yerinə zəng vururdu.

Hər şey öz axarı ilə gedirdi. Səməd ağa ilə Tiflisdəki kəlağayı sexini işlədirdilər, Basqaldan və Tiflisdən gələn kəlağayını Aşqabada, Məribə, Səmərqəndə və Orta Asiyanın başqa şəhərlərinə göndərirdilər.

Namiq əkə də öz adamlarıla Bakıya gəlmişdilər.

Bu səfər Namiq əkə Bakıya gələndə Nərigiz on üç yaşın içində yaraşıqlı xanıma çevrilmişdi. Onun iri qara gözləri, dağ qızına məxsus qaməti, incə beli, topuqlarına çatan hörükləri vardı. Yeddinci sinfə gedirdi.

Süfrəni açan Nərgizə Namiq əkə göz altı baxır, onu hər tərəfli süzürdü. Hiss olunurdu ki, Namiq əkə Məşədi Fazilə nəsə demək istəyir, ancaq cürət etmirdi.

Fikirlərini cəmləşdirdikdən sonra Məşədi Fazilə müraciət etdi:

-Fazil əkə, Vallah, bu qızı gözüm tutub, icazə versən, oğlum Əsədə nişanlayardım.

Söhbətin belə məcra aldığını görən Məşədi Fazil susdu. Fikrə daldı. Bir an gözləri önündə Namiq əkənin gözünün ağı-qarası Əsəd durdu. Ağıllı və qabiliyyətli bala. Onun gözü qabağında böyümüş, boya çatmış oğul. Demək olar ki, öz balaları qədər sevdiyi bir övlad.

Namiq əkənin bu gözlənilməz təklifi nə qədər onun ürəyincə idi. Məgər Məşədi Fazil bundan ağıllı övlada qız verəcəkdi. Ancaq hələ hər ikisi uşaq idi.

-Namiq əkə, sən ürəyimdən deyirsən. Əsəd mənim öz balamdır. Öz gözümün qabağında böyüyüb. Əsədin vur-tut on altı yaşı olar olmaz. Hər ikisi hələ uşaqdır, bu haqda danışmaq tezdir. Vaxtı deyil.

-Fazil əkə, mən əl yeri qoyuram da. Bilin, bu qızın adaxlısı Əsəddir.

-Mənim atam deyərdi ki, qızı verdin, sevin! Ancaq Nərgiz bizim gözümüzün nurudur. Onu necə gözdən qoyacağıq, heç özümüz də bilmirik.

-A kişi, sən elə danışırsan, elə bil Səmərqənd, Mərib sənin evin deyil? Əsəd igid oğlandır. Yaraşıqlı gəncdir. Bir-birlərinə də yaraşırlar.

-Namiq əkə, gəl bir az gözləyək. Allah bilən məsləhətdir. Qoy bir az böyüsünlər. Bir də Əşrəfi dilə gətirmək asan olmayacaq.

-O mənim boynuma.

***


Nərgiz üç yaşlı Zöhrənin saçını darayırdı. Tahir isə gah Zöhrənin, gah da Nərgizin saçını dartır, qəhqəhə çəkib gülürdü.

-Tahir, dayan, qoy qızın saçını darayım. Əmi gələr, bizi danlayar.

-Mən qoymaram! Əmi məni çox istəyir. Gedək bayıra, gedək! Mən gəzmək istəyirəm.

Tahirin mane olduğunu görən Nərgiz eyvanda xörək bişirən anasına üzünü tutdu:

-Ay na, Tahir qoymur, Zöhərənin saçını darayım. Əmigil indi gəlib, onu qonaq aparacaq!

-Tahir, qızlardan əl çək! - deyə Raziyə acıqlandı. Uşaq isə ağlamağa başladı.

Səsə eyvana Seyid Bikə çıxdı.

-Mənim balamın xətrinə kim dəyə bilər? Onların gözlərini çıxardaram.

-Nənə, bizim saçımızı dartır! - deyə Nərgiz şikayət etdi.

-Əcəb edir! Qız hörüyü nə üçündür? Oğlanlar dartmaq üçün! Qoy, öyrənsin! Vaxt gələcək birinin hörüyündən tuta-tuta evimizə gətirəcək.

Mənim balım, gəl, nənəylə gedək gəzməyə.

Seyid Bikə Tahirin əlindən tutub həyətdən çıxdılar. Çox çəkmədi ki, həyətə Əlisəttarla Şeyda daxil oldular.

Atasının gəlişini görən Zöhrə tez ayağa qalxdı. Başını aşağı salıb divara sıxındı.

Əlisəttar bir kəlmə belə uşaqla danışmadı. Boynuna sarılan Nərgizin alnından öpdü.

-Özünü necə aparıb? - deyə Zöhrəni göstərdi.

- Zöhrə? Çox gözəl. Aləmi bir-birinə Tahir qatır.

-Ona olar, çünki oğlandır. Qıza olmaz! Qız yerini bilməlidir.

-Əmi, axı sən mənimlə belə dolanmırsan?

-Çünki sən mənim böyük balamsan.

-Zöhrə də böyüyəcək.

-Onda baxarıq. İndi isə yerini bilsin.

Raziyə eyvana çıxdı.

-Yuxarı niyə çıxmırsız? - deyə soruşdu.

-İstəyirik bir Ağaxəlilgilə dəyək. Zakazımız var.

Ağaxəlil Əlisəttarın bibisi oğlu idi. Bakıda tanınmış zərgər idi.

Əlisəttar təhsilini başa vurandan sonra, onu Xəzər gəmiçiliyinə təyinatla tərcüməçi göndərmişdilər. Ənzəliyə gedən gəminin birində tərcüməçi işləyirdi.

Qıza müddət ərzində iş yerində hörmət qazanmışdı, hamı onun xətrini istəyirdi. Yaxşı dolanırdılar. Məşədi Fazilin onunla bağlı dərdi yox idi.

Fazil Bakıda günlərini kitablarla keçirirdi. Nə cür yorğun olsa da, kitab onun əsəblərini sakitləşdirirdi. Sanki o özünü dünyadan təcrid etmişdi. Təkcə Seyid Bikə bilirdi ki, bu saat bütün dünya onundur. Düz bir ay Məşədi Fazil gecə gündüz kitablardan əl çəkmədi. Hətta oxuduqları kitabları bir daha təkrar oxuyurdu.

Seyid Bikə etiraz edəndə ki, bir kitabı nə qədər oxumaq olar? Gülərdi.

-Mir Hüseyn ağa deyirdi ki, Peyğəmbər həzrətlərinin kitab oxumaq haqqında maraqlı sözləri vardır. Peyğəmbərimiz bir kitabı oxumaq və onu qırx il təkrar etməyi məsləhət bilirdi. Onun bu sözlərinin müdrikliyinə hər gün şahid oluram. Oxuduğum kitabları təkrar etdikcə, yeni detalları aşkar edirəm. Gözdən qaçırtdıqlarımı yenimdən oxuyuram.

Məşədi Fazil Seyid Bikənin aşağıdan yuxarı ona baxdığını görüb, kitabı əlindən yerə qoydu və üzünü ona tutdu:

-Seyid qızı, Aqutaqava Rünoskenin kitabını oxumamısan? - deyə soruşdu.

-Bəlkə də. Ancaq yadımda deyil.

-Bilirsən nə yazır?

-Yazır ki, "Ömrümüzün yarısını valideynlərim məhv etdi, yarısını uşaqlarım." Maraqlı burasıdır ki, bu romanı yazan özü iyirmi səkkiz il yaşayıb. Şükür Xudaya, bunu bizə aid etmək olmaz. Biz valideynlərimizdən əziyyət çəkməmişik, Allahın köməyilə balalarımızdan da çəkməyəcəyik.

-Nə olsun, Şura hökumətindən ki, çəkdik. Vətəndən digərgin düşdün.

Kimləri itirmədik. Atamı, qardaşlarımı... O cür qohum-əqrəbamı, dostları, ziyalıları... Eh Fazil-Fazil! Nə tez unutdun? Allah bunları heç kimə göstərməsin.

-Bikə, sən nə danışırsan? Bunları unutmaq olarmı? Yada salanda başımın tükləri biz-biz olur. Nələrdən keçməmişik.

27-ci ildə kamerada oturub güllələnməyimi gözləmirdim? Kameradan çıxarıb hara apardıqları indiyə qədər yadıma gəlmir. Fikir məni elə aparmışdı ki, ayılanda gördüm Krasnovodskidiyəm. Nə qədər adamı bunlar bədbəxt etdilər, ailələri başsız qoydular...

-O cür Seyid Rzaya əl qaldırdılar. Ondan savadlı adam vardı mı? Bəs Mir Kamil qardaşım? - Seyid Bikənin gözləri yaşardı.

Mir Kamil Seyid Bikənin 20-ci ildən itkin düşmüş, igid, sözü əməlilə düz gələn gözəl, savadlı, qabiliyyətli, tərbiyəli, vətənpərvər bir gənc idi. Ordu yaranan kimi Bakı universitetində təhsilini dayandırdı, əlinə silah alıb cavan Azərbaycan respublikasını qorumağa getdi.

Əlisəttar Mir Kamilə elə oxşayırdı ki, tkı çil bir almadı, yarı bölünüb. Hərdən Seyid Bikə çaşıb ona "qardaş" deyirdi. Mir Kamilə olan məhəbbəti Əlisəttara keçmişdi.

-Deyirlər ki, Mir Kamil qardaşın İranda generaldır

-İnanmıram! Mənə təskinlik vermə, Fazil! İyirmi beş il keçib. Nə izi var, nə tozu.

-Al, buna bax! - deyə Məşədi Fazil əlindəki "Pravda" qəzetini Seyid Bikəyə uzatdı.

Qəzetin birinci səhifəsində İran şahı və onun ətrafında general geyimində iki nəfərin şəkli vardı. Seyid Bikə qəzetə baxdı. Şappıltı ilə yerə dəydi. Onun ürəyi keçmişdi.

-Ay qız, Nərgiz! Hardasan? - deyə Məşədi Fazil Seyid Bikənin başını azca yerdən qaldırdı.

Qaynatasını səsinə Raziyə eyvana çıxdı. Seyid Bikənin yerə yıxıldığını, görüb qaçıb onun başını dizinin üstünə qoydu

-Dədə, anaya nə oldu?

-Heç mənim balam. İndi keçib gedər.

Məşədi Fazil otağa keçdi, apteçkadan naşatır spirti ğötürdü. Eyvana qayıtdı.

Gəlin Seyid Bikənin əllərini ovxalayırdı.

Məşədi Fazil naşatır spirtini flakonunu Seyid Bikənin burnuna yaxınlaşdırdı. Qadın sanki diksinərək gözlərini açdı.

-Mən bilirdim, belə olacaq, odur ki, sənə göstərmirdim.

-Fazil, belə çıxır ki, Mir Kamil ağa sağdır. - deyə gözlərini ərinə tutdu.

-Belə çıxır, özü də Allaha min şükür! Böyük vəzifədə, ad sanda. Ancaq xahiş edirəm, hay-küy salma!

-Ver, bir də baxım!

-Yenə də bu hala düşmək istəyirsən?

-Daha olmaz! Xəbər qəfil deyil. Ver, baxım!

-Əvvəl özünə gəl!

Raziyəylə onun qoluna girib, otağa keçirtdilər. Çarpayıya uzatdılar.

Ərinin otağı tərk etdiyini görən Seyid Bikə üzünü gəlininə tutdu:

-Qızım, eyvandakı stolun üstündəki qəzeti evə gətir.

Raziyə eyvana çıxdı. Qaynatasının qəzetə diqqətlə baxdığını gördü.

-Dədə, ana qəzeti istəyir.

-Denən, hələ tezdir. Bir balaca gözləsin.

-Qəzetdə nə var ki, ana bu hala düşdü?

-İtmiş qardaşı Mir Kamilin şəkli. -deyə Məşədi Fazil qəzeti gəlinə uzatdı.

Raziyə diqqətlə qəzetə baxdı.

-Dədə, məgər ananın Mir Kamil adlı qardaşı var?

-Var, mənim balam, itkin düşdüyündən bu haqda heç vaxt danışmırdı.

-Dədə, necə də Əlisəttara oxşayır. Elə bil, bir almadırlar. Ancaq bu bir balaca yaşlıdır. Bir əlli yaşı olar?

-20-ci ildə on doqquz yaşı vardı. Otuz dörd il keçir... Qızım, apar anana! Ona həyəcan keçirtmək olmaz!

Məşədi Fazil dərin fikrə daldı. "Dünya necə dardır!? Hər şey öz yerini alır." - düşündü.

Mir Kamilin şəklini bir ay bundan qabaq qəzetdə Səmərqəndə olanda görmüşdü. Namiq əkəyə qəzeti göstərib, məsləhət istəmişdi.

Belə qərara gəlmişdilər ki, Namiq əkə İrandakı qohumlarına bu qəzeti göndərir və şəkildəki generalın kimliyi haqqında məlumat öyrənsinlər. Çünki qəzetdə generalın adı yazılmamışdı. Mir Kamil ağaya oxşayan bir adam ola bilərdi...

Tehrandan gələn xəbərlər də sevindirici idi.

Namiq əkəyə yazırdılar ki, şəkildəkinin adı Mir Kamil ağadır. Şah qvardiyasının generalıdır və Mir Kamil ağa hər həftənin axırı Tehranın Cümə məscidində Şahənşahla birlikdə namaz qılırlar.

-Məşədi, istəyirsən səni İrana keçirdim, onunla görüşəsiniz. - deyə Namiq əkə təklif etmişdi.

-Baxarıq! - deyə Məşədi Fazil cavab vermişdi.

Seyid Bikə kiçik qardaşı Mir Kamili hamıdan çox istəyirdi.

-Ana, nə gözəl kişidir?! Necə də Əlisəttara oxşayır! - deyə Raziyə qəzeti Seyid Bikəyə uzatdı.

Qayınanasının gözlərindən yaş sel kimi axırdı.

-Ana, ağlama! Allaha min şükür, hər şey ki yaxşıdır. Niyə ağlayırsan?

-Qızım, sevindiyimdən. Sən bilmirsən, onu nə qədər istəyirdim. Bakıda ondan gözəl və ağıllı oğul yox idi. Evdən çıxanda gimnaziyanın qızlarının əlindən universitetə gedə bilmirdi. Qız gözəlliyi vardı. O, isə heç birinə baxmırdı. Çox ciddi və igid oğlan idi. Qorxunun nə olduğunu bilmirdi. Ölümün üzünə dik baxardı. Sənin Tahirin də bu xasiyyət var. Balacalığına baxma, o boyda dağlı itlərinin burnundan tutur. Quyruğunu dartır.

-Ay na, sən niyə keçmiş zamanda danışırsan? Axı o sağdır!

-İnanmağım gəlmir, Raziyə!

-Bu boyda yalan olmaz! Gözünüz aydın olsun!

-Qurban olum Allaha, bu gün ki günüm üçün! Ürəyimdə ki xisləti çıxartdı. Qardaşımın sağ olması xəbərini eşitdim. İnanıram ki, Allah qoysa, özünü də görəcəyəm.

Məşədi Fazil sakitcə otağa daxil oldu, Raziyə ayağa qalxdı:

-Sakitləşdin?

-İndi pis deyiləm. Qəzetə baxdım, üç-dörd ay bundan qabaq çıxıb. Niyə mənə demirdin?

-Səmərqənddə olanda bu qəzeti almışdım. Hər şey yaxşıdır. Qismət Allahındır, rəvadırsa, görüşəcəyik. Ancaq bu haqda daha heç kimə bir söz demə!

-Uşaqlara da olmaz?

-Uşaqlara demək olar, ancaq ağızlarını möhkəm saxlasınlar. Başımıza bəla aça bilər. Əlisəttarın işinə xələl gətirə bilər. Heç kimə deməyin.

-Baratgilə də?

-Onlara göndər.

-Axı, qəzet bir dənədir.

-Doğurdan ha!

Məşədi Fazil otağına keçdi.

-Nərgiz harda itib, batıb? - deyə Seyid Bikə soruşdu.

-Tahiri gəzdirir. İndi çağırtdıraram.

Raziyə həyətdə oynayan qonşu uşağı Seyfullanı səslədi:

-Seyfulla, get Nərgizi çağır, bura gəlsin!

Seyfulla elə bil bunu gözləyirdi. Qaça-qaça həyətdən çəmənliyə götürüldü.

Bir neçə dəqiqədən sonra eyvanın altından Nərgizin səsi eşidildi:

-Ay na, nə var?

-İçəri keç, səninlə işimiz var.

Nərgiz içəri keçib nənəsinin qarşısında dayandı:

-Nənə, nə lazımdır? - soruşdu.

Seyid Bikə əlindəki qəzeti qıza uzatdı.

-Mənim balam, Tahiri götür, gəzə-gəzə Sovetskiyə düş! Bu qəzetdən beş-altısını al gətir. Al, bu da pul.

Nərgiz diqqətlə qəzetə baxdı, birdən qəzetin birinci səhifəsindəki şəkli nənəsinə göstərdi:

-Nənə, bu necə Əlisəttar əmiyə oxşayır. Elə bil əmidir, zabit formasında.

-Əmin deyil, mənim balam! Bu mənim qardaşımdır.

-Nənə, hansı qardaşınız?

-İrandakı, mənim balam! Qəzetləri elə onun üçün alırsan.

Nərgiz qəzeti nənəsinə qaytardı. Həyətdən çıxan kimi geri qayıtdı.

-Ay nə, səndəki qəzetin tarixinə birdə baxım?-deyə müraciət etdi.

Nənəsi saralmış qəzeti ona uzatdı.

-Ay nə, bu qəzet iki ay bundan qabaq çıxıb! Bunu necə ala bilərəm?

-Vay, sən bir bizə bax, lap özümüzü itirmişik. Qayıdın geri!

Məşədi Fazil qəzetdə gördüklərinin kim heç kimə danışmamağı Raziyəyə Nərgizə də tövsiyə etdi.

***


Bu hadisədən bir həftə də keçdi. Hər şey əvvəlki qaydasıla gedirdi. Elə bil heç nə baş verməmişdi.

Seyid Bikə isə özünə yer tapa bilmirdi. Bir tərəfdən sevindiyini, digər tərəfdən səbirsizliyini təkcə Məşədi Fazil hiss etmirdi. Bütün həyət bu fikirdə idi ki, Seyid Bikə dəyişib, cavanlaşıb, sanki uçur.

Gecə yarsı Məşədi Fazil çarpayısında vurnuxan arvadına üzünü tutdu:

-Ay arvad, niyə yata bilmirsən?

-Fazil, görəsən Mir Kamili görə biləcəyik?

-Dərdin elə budur?

-Bundan başqa nə dərdim ola bilər? Onu görmək istəyirəm.

-İstəsən, təşkil edə bilərəm.

-Deyirsən, İrana gedək? Kimdir bizi ora qoyan?

-Qoy, Namiq əkə gəlsin, onunla məsləhətləşək.

-O, nə edə biləcək?

-Namiq əkə üçün sərhəd yoxdur. Adamları hər gün İrana, Əfqanıstana, daha nə bilim hara, gündə beş-altı dəfə keçirlər.

-Nə olsun?

-O olsun ki, onların adamlarından biri ilə Mir Kamilə xəbər çatdırarıq. Sərhədi keçək.

Mənə elə gəlir ki, səni gəzməyə aparacağam. Hazırlaş, gedirik Aşqabada!

-Sən zarafat edirsən? Bəs uşaqlar?

-Niyə ki? Maşallah evləri-eşikləri. Gəlinlərin də top kimi. Daha nə istəyirsən? Elə də qayınanalıq!

-Fazil, bəs uşaqlara nə deyək?

-Onlara heç nə.

-Nərgizi də onda özümüzlə aparaq. Tətildir.

-Sən bilən məsləhətdir.
***

1953-cü ilin iyun ayının axırı idi. Namiq əkə əvvəllər olduğu kimi yenə də hay-küylə Məşədi Fazilin həyətinə daxil oldu.

Qonaqları gülər üzlə qarşılayan Seyid Bikə onları eyvana dəvət etdi. Məşədi Fazil otağında kitab oxuyurdu.

Bu dəfə Namiq əkə tək gəlməmişdi. Oğlu Əsədi də özülə gətirmişdi.

Namiq əkənin özbəkliyinə baxmayaraq azərbaycanca çox gözəl danışırdı. O, Bakıya gələndə hamı onun azərbaycanlı olduğunu düşünürdü. Azərbaycan ədəbiyyatını, mədəniyyətini, musiqisini elə bilirdi ki, hərdən Məşədi Fazilin özünü də heyrətə gətirirdi.

-Ay Namiq əkə, bunları sən haradan bilirsən? - soruşurdı.

-Bu mənim qanımdadır, Məşədi. Dərinə getsək, bizim nəsli Səmərqənddə və Məribə Teymurləng Azərbaycandan köçürdüb.

Deyirlər ki, ulu babalarımız çox savadlı və dərrakəli insanlar olduğundan, Əmir onları öz dəstəsinə qatıb Səmrqənddə gətirmiş, mülk, malikanə, kəndlər vermiş və özünə yaxınlaşdırmışdır. İndiyə qədər bizimkilərin çoxu elə azərbaycanca danışırlar da.

Səmərqənd ətrafındakı kəndlərin çoxu musiqilərini də saxlayıblar. Görmürsən, necə muğamat oxuyurlar.

Teymurləng dahi insan olub. Bütün ağıllı insanları bir yerə yığıb, İslam aləminin ən qüdrətli səltənətini yaradıb. Ancaq əfsuslar olsun ki, ondan sonrakılar dağıdıblar.

-Namiq əkə, indi mənə aydın olur ki, Səmərqəndlilərin çoxu niyə bizim dili bilirlər.

Seyid Bikə Əsədin alnından öpdü. O, böyüyüb boya çatmışdı. Hündür qamətli bir oğul olmuşdu, iri qara gözlü, incə sifətli, aristokrat baxışlarından nəciblik yağırdı.

-Maşallah, bu nə böyük oğul olub. Bəydir! Qızımı alırsan? - deyə Seyid Bikə Əsədi zarafatla diqqətlə oğlanı süzən Nərgizi göstərdi.

Nərgiz nənəsinin gözlənilməz bu sözlərindən Əsədin qıpqırmızı qızardığını və utandığını gördü. Bu sözlərin ona da aid olduğunu anlayan Nərgiz də başını aşağı saldı.

-Hə bala! Qızım xoşuna gəlmir? - deyə Seyid Bikə davam etdi.

Əsəd daha da sıxıldı. Uşağın sanki dili tutulmuşdu.

-Səni igid bilirdim. Sən demə, heç dilin də yoxmuş? Gül kimi qız verirəm sənə, ağzını açıb bir «Sağ ol»» da demirsən. Belə getsə, səninlə mənimki tutmayacaq.

Namiq əkə oğlunun nə hala düşdüyünə fikir vermirdi. Seyid Bikənin isə bu zarafatına sevinirdi. Onun gözü Nərgizdə idi.

Başını aşağı salmış Nərgiz nənəsinin zarafatlarını eşitdikcə hərdən birdən başını qaldırıb Əsəd tərəfə baxır, nə hala düşdüyünü görmək istəyirdi. Qızın oğluna etinasız olmadığını Namiq əkə o saat hiss etdi.

-Nərgizim, bəs sən? Bu igidə ərə gedərsən? - deyə Namiq əkə soruşdu.

Nərgiz utandığından gözlərini yerə dikdi. Qımıldanmadı da.

Seyid Bikəylə Namiq əkə qəhqəhə çəkərək gülüşdülər.

Bu gülüşün səsinə səhərdən yazı stolunun arxasından durmayan Məşədi Fazil otaqdan çıxdı:

-Ay qardaş, xoş gəlmisən! - deyə Məşədi Fazil və Namiq əkə iki dəfə qucaqlaşdılar.

-Mən kimi görürəm, kürəkənimiz də gəlib! Əsəd bala, bizə xoş gəlmisən! - deyə oğlanı bağrına basdı. Sonra evdən Raziyəni çağırdı.

-Qızım, bayıra çıx. Bir kürəkəninə bax!

Qayınatasının bu sözünə doluxan Raziyə dinmədən eyvana çıxdı. Onun nə dediyini anlamaq istədi.

Məşədi Fazil ona Əsədi göstərdi:

-Bir oğula bax! Buna qayınanalıq edərsən?

İndi Raziyəyə çatdı ki, Məşədi Fazil kimi nəzərdə tuturdu. Dinməzcə Əsəd tərəfə baxdı. Gənc, doğrudan da, onu özünə cəlb edirdi. Çox yaraşıqlı oğlan idi.

-Dədə, bu cür balaya qızımı verməyə hazıram. Ancaq hələ Nərgiz uşaqdır. Böyüyər, sonra baxarıq.

Bayaqdan söhbətin onların xeyrinə getdiyini görən Namiq əkə dinmirdi. Ancaq Raziyənin sonuncu sözünə o, dözə bilmədi.

-Qızım, bir bunlara bax! Bir almadırlar, iki bölünüblər. Bunları ayırmaq olmar?

-Namiq əkə, mən ayırmıram. Bunun mən də tərəfdarıyam. Bəlkə də sizdən də çox. Ancaq hələ tezdir.

-Mən nə deyirəm? Gəlin, ad edək, nə qədər lazımdır gözləyək. - deyə Namiq əkə dilləndi.

-Hamımız razıyıq ki, pişiyin boğazından zınqırov asaq. Bəs zınqırovu kim asacaq? - deyə Seyid Bikə dilləndi.

-Ay arvad, sən nə deyirsən? - deyə Məşədi Fazil təəccübləndi.

-A kişi, Əşrəfdən qız ala bilərsən? Onun yanında Nərgizin adını tutmaq olar?

-Namiq əkə, arvad düz deyir. Gərək tədbirlə iş görək. Xətrinə dəyməyək. Əşrəf Nərgizlə nəfəs alır. Ürəyinin parasıdır. Onu mənə tapşır. Bir balaca gözləyək.

Qoy, qız bir az da böyüsün. Özün də görürsən ki, biz hamımız razıyıq.

Əşrəf mənim boynuma, ancaq gözləyək. İndi isə keçin içəri, xoş gəlmisiniz! Canım ciyərimsən.

Söhbətin onlara aid olduğunu görən gənclər utandıqlarından başlarını aşağı dikmişdilər. Bununla belə Nərgiz hərdən-birdən başını yuxarı qaldırıb, Əsəd tərəfə baxırdı. Onun iri gözləri oğlanın gözlərinə dəyən kimi başını aşağı salırdı. Deyəsən, bu gündən yeni bir məhəbbətin tarixçəsi başlayırdı.


***

Məşədi Fazili tanıyanlar yaxşı bilirdilər ki, o heç vaxt Seyid Bikənin xətrinə dəyməzdi. Bu mehribanlıqda cütlüyü hələ heç kim görməmişdi. Həyat yoldaşının ağzından çıxan sözü əvvəlcədən hiss edirdi, ürəyindən nə keçdiyini bilirdi.

O, seyid Bikənin ürəyinin qardaşının yanında qaldığını o saat duydu. Anladı ki, onunla görüşmək üçün canını verərdi. Fazilin əlindən bir şey gəlirdi - İrana keçmək və Mir Kamilə Seyid Bikəni görüşdürmək.

Azərbaycanın Cənub bölgəsindən keçmək qeyri-mümkün idi. Çünki bu bölgənin əhalisi sərhədçilərə elə xidmət edirdilər ki, elə bil sərhəddə duranlar ataları idilər.

Kəndə ayaq basan kimi "Zastavaya" xəbər çatdırırdılar. Nə hır qanırdılar. nə zır. Qardaş qardaşı satırdı. Son nəticədə hər ikisi NKVD-nin agenti çıxırdı.

Seyid Bikəni sərhədin o biri tayına keçirtməsəydi, onu sakitləşdirə bilməyəcəkdi. Odur ki, axşam yeməyindən sonra Namiq əkəni qırağa çəkdi Fikrini ona açdı.

-Mənimçün çətin iş deyil. Adamlarımı İrana keçirdərəm, xəbər gətirərlər.

-Namiq əkə, istəyirəm ki, Seyid Bikəni götürüb Aşqabada aparım. Oradan Məşhədə keçmək olur. Bəlkə keçib. görüşdük.

-Lazım bilərsən, mən özüm sizinlə keçərəm. İran mənim ikinci vətənimdir. Bizim qohum-əqrəbaların çoxu elə o taydadır.

-Onda danışdıq. Sizinlə birlikdə biz də Aşqabada qayıdırıq.

Seyid Bikə ərinin Namiq əkə ilə nədən söhbət etdiyini sanki hiss etmişdi.

-Fazil, Aşqabada getməyimizi Namikə dedin! - deyə onlara çay gətirən Seyid Bikə öyrənmək istədi.

-Bikə xatın, sən haradan bildin ki, biz nədən danışırıq? - deyə Namik əkə ondan soruşdu.

-Gördüklərimi görsəydin, sən də hər şeyi uzaqdan hiss edərdin! - deyə Seyid Bikə cavab verdi.

-Mənim bacım, biz çəkdiyimizi, Allah heç kimə göstərməsin. Ancaq Məşədi Fazil, doğurdan da, xoşbəxtdir ki, onun belə ağıllı xanımı var.

Gəlin, bazar günü birlikdə çıxaq. Nərgizi də özümüzlə aparaq. Qoy, balalarımız bir-birinə öyrəşsinlər. Bizim arzumuzdur, Allahın qisməti. Əşrəf balamızı da dilə gətirərik.

-Mən razı! - deyə Seyid Bikə ondan uzaqlaşdı, Nərgizə yaxınlaşdı. Qulağına nəsə pıçıldadı.

-Ora bax! - deyə Məşədi Fazil Nərgizlə Seyid Bikəni Namik əkəyə göstərdi

-Namiq əkə, Nərgizə xəbər verməsəydi, ürəyi partlayardı. Bu arvad bu qızsız yaşaya bilmir. Bütün dərdi-səri bu qızladır.

-Allah qoysa, hər şey yaxşı olacaq! -deyə Namiq əkə eyvanda qoyulmuş stolun arxasına keçdilər.


***

Səhərki günü Tiflisdən qayıdan Əşrəfə Seyid Bikə Məşədi Fazilin qərarını çatdırdı.

-Biz Aşqabada gedirik, Nərgizi də özümlə aparıram. Qoy, o da gəzsin, dünyanı görsün. Gördükləri elə buradır! - deyə oğlunun ağzını bağladı.

-Ay na, bəs anası nə deyir? Bəs Tahiri kim yola verəcək? - deyə Əşrəf soruşdu.

-Mən haçandan gəlindən icazə alan qaynana olmuşam. Tahirə Raziyə özü baxar! Nərgizi isə aparıram.

-Ana, məni başa düşmədin!?

-Çox yaxşı başa düşdüm. Bitdi! Hazırlaş, bizi yola salmağa!

Anasının bu qətiyyətini görən Cəfərli uşaqları o saat susurdular. Biri istəməzdi ki, Seyid Bikə hirslənsin. Onun hər sözü qanun idi.

Üç gün sonra Aşqabada gedənlər Abasın və Volodyanın "Pobeda"larına doluşdular. Bakı limanına üz tutdular.

Gəminin yola düşməsinə hələ vaxt var idi. Buna baxmayaraq liman adamla dolu idi.

Şəhərdə əyləncə yerlərinin az olduğundan gəminin qarşılanması və yola salınması bir əyləncəyə çevrilmişdi. Odur ki, burada sakinlər vaxt öldürürdülər.

Gəmiyə "posadka" üçün ayrılmış yerə ancaq bileti olanları və yola salanları buraxırdılar.

Çətinliklə qapıya tərəf irəliləyən sərnişinlər çalışırdılar ki, diqqətlərini itirməsinlər, çünki Bakı limanı oğru, cibgir və fırıldaqçılarla dolu olurdu. Bircə anın içində olan qalanının itirərdin.

Əşrəf, Abas, Volodya "posadkaya" keçmək üçün onlara yol ayırdılar.

Məşədi Fazil, Namiq əkə, Seyid Bikə, Nərgiz və Əsəd trapla yuxarı qalxmağa başladılar.

Nənəsindən ayrılan Tahir ağlamağa başladı:

-Mən də gəmiyə istəyirəm. Nənə, məni də apar.

Seyid Bikə arxaya baxa bilmirdi. Nəvəsinin hönkürtüsü onu dala qayıtmağa vadar edirdi.

Arvadının nə hala düşdüyünü görən Məşədi Fazil onun qoluna girdi və gəminin arxa tərəfinə keçirdi. Geri qayıdıb yuxarıdan Əşrəfi səslədi:

-Bala, hər şey yaxşıdır. Sağ olun! Uşağı buradan uzaqlaşdırın! Ayıbdır! Uşaqla bayıra çıxmazlar.

Birinci dəfə idi ki, Raziyə qayınatasının səsini qaldırdığını görürdü.

Həmişə mülayim və gülər üz olan bu insanın nədən dəyişdiyini bilmədi. Ancaq anladı ki, Tahirin küçədə ağlamasına o, pis baxır.

Əşrəf atasının dediklərini eşidib, dəstəsini oradan uzaqlaşdırdı. Maşınlara oturub evə qayıtdılar.

Əsədlə Nərgiz Bakı buxtasından uzaqlaşan gəminin göyərtəsindən üfüqə qatışan şəhəri izləyirdilər.

Uzaqdan təzə salınan Dağüstü parkın ağaclıqları asanlıqla seyr etmək mümkün idi. Gəmi Nargil adasının arxasına keçdikdən sonra dənizdə bir-birinin ardıca düzülmüş neft estakadalarının yanından ötürdü.

Nargilin arxası ilə Bayıl burnu arasında yüzlərlə neft platformaları qurulurdu. Neft vışkalarının başından qırmızı bayraqlar yellənirdi. Dənizdə ki buruqlar meşəliyi xatırladırdı və İliç buxtasına qatılırdı.

Bakıdan uzaqlaşdıqca dənizin Krasnovodsk istiqamətində ara-sıra buruqlar gözə çarpır, sanki səyahətə çıxmışların sonsuz sularda azmamaqları üçün onlara yol göstərirdi.

Axşama qədər göyərtədə gəzişdilər, şam yeməyindən sonra hərə öz kayutasına dağılışdılar.

Krasnovdskya səhər çağı yetişməli idilər. Nənəsilə babasına elə bil dalğalar layla çalırdı. İçəri girən kimi onları yuxu tutmuşdu. Nərgizin isə gözünə yuxu getmirdi. Narahatlıq hiss edirdi. Daxilində qorxu vardı. Nənəsi ilə babası yanında olmasaydı bəlkə də ağlayardı.

Kayutun balaca, insan başı boyda illyuminatorundan gözünü çəkmirdi. Qızın gözlərini qaranlığa sinə gəlib irəliləyən dəmir nəhəngin işıqları qamaşdırırdı.

Səhərə yaxın üfüqləri qovlayıb görünməyə başlayan günəşin şəfəqləri daha da yuxusunu qaçırdırdı. Sakitcə kayutdan göyərtiyə çıxan qızın qarşısında günəş get-gedə yaxınlaşdıqları şəhərin arxasından görünürdü.

Dünən axşam günəş qərbə hərəkətində dənizdə yoxa çıxmışdı, bu gün isə Nərgizin tanış olmadığı şəhərin arxasından görünürdü.

Göyərtədə dayanacağa söykənmiş Əsədi gördükdə daha da sevindi.

-Sən deyəsən, heç yatmamısan? - deyə Nərgiz soruşdu.

Əsəd bir söz demədi, susdu. Sanki nə deyəcəyini bilmirdi. Qarşısındakı qızın səhərə qədər fikrindən çıxartmayan gənc üçün ən çətin məsələ hansı sözü deməsi idi.

Maraqlısı bu idi ki, Əsəd tər-təmiz azərbaycanca danışırdı. Dildən də pərgar idi. Ancaq Nərgizin gözləri gözlərinə dəyən kimi özünü itirirdi.

Bütün axşamı göyərtədə bir olmaqlarına baxmayaraq, ağzından bir kəlmə də ağıla batan söz eşitməmişdi.

-Bilmirəm, niyə gözümə yuxu getmir? - deyə Əsəd söz tapdı.

-Bəlkə dəniz sənə düşmür?

-Bəs sən niyə yatmırsan?

-Gözümə yuxu getmir, fikrim qalıb Tahirin yanında. İndi aləmi bir-birinə qatır.

-Çox maraqlı uşaqdır: həm ağıllıdır, həm də dəcəl. Elə ki, görürdü, mən sənə yaxınlaşmaq istəyirəm, aramıza girirdi. Balacadır, ancaq elə bil hər şey bilir.

-Nəyi bilir?

-Bilir ki, səni...-Əsədin dili tutuldu.

Göyərtədə görünən Seyid Bikə işləri lap korladı. Onun gözünə görünməsin deyə, Əsəd göyərtədə olan boçkaların arxasına keçdi.

-Ay qız, səhər sübhdən burada neynirsən? Keç içəri! -deyə Seyid Bikə nəvəsini harayladı. Əsədin orada olduğunu bilsəydi, bəlkə çağırmazdı.

Nənəsinin sözünün qanun olduğuna adət etmiş Nərgiz bir anın içində kayutaya qayıtdı. Beləliklə Əsədin Nərgizə deyiləsi ürək sözünün ilk səyi boşa çıxdı.
***


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin