T.Ə. CƏFƏRLİ BİR Əsr bir nəSİl budur gəldi bahar fəsli



Yüklə 1,19 Mb.
səhifə10/13
tarix31.01.2017
ölçüsü1,19 Mb.
#7184
1   ...   5   6   7   8   9   10   11   12   13

AŞQABADDA
Nənə-babasız qalmış Nərgizin üzü gülmürdü. Səhərdən axşama qədər oturub ya kitab oxuyur, ya da ki Səlimin arvadı Ruhsarəyə kömək edirdi. Bir adamla bir kəlmə belə söz kəsmirdi.

Bədbəxtlikdən Əsəd də harasa çıxıb getmişdi. Təkcə Namiq əkə Səlimlə hərdən bir evə dönür, sonra isə yoxa çıxırdılar. Axşam isə şam etdikdən sonra dəstərxanda oturub nərd oynayırdılar.

İki gün beləcə ötdü. Əsəd həyətə girəndə, hava qaralmışdı. Evlə dəstərxan arasında məsafə uzaq olduğundan evdəkilərin gəlişindən xəbəri olmadı.

Səlimin balaca oğlu qaça-qaça mətbəxə girdi.

-Əsəd əmi gəlib, atam deyir ki, süfrə açasız.

Əsədin gəliş xəbəri sanki evdəki abu-havanı dəyişdi. Nərgizin gözləri parıldamağa başladı.

Bayaqdan hər şeyə etinasız yanaşan qızın dəyişməsi Ruhsarənin gözündən qaçmadı.

-Nərgiz, bəlkə stolu birlikdə açaq? Nə fikirdəsən?

-Mən? Mən hazıram. Gəl, Bakı stolu açaq.

-Məgər bizimki sizinkindən fərqlidir?

-O qədər də yox! Ancaq nənə mənə elə şeylər öyrədib ki, onları heç kim bilmir.

-Onda hazırla, baxaq!

Nərgiz mətbəxdəki stolun üstündə olan göyərtini, tərəvəzi, limonu, meyvələri qablaşdırdıqca, onların arasından bəzilərini seçir, qruplaşdırır və ayrıca boşqaba qoyurdu. Nə isə etmək istəyirdi.

Dəstərxanı sahmana salan Ruhsarə geri döndükdə, gözlərinə inanmadı. Boşqablara tərəvəzlər və meyvələr elə yığılmışdı ki, elə bil sənət əsəri idi.

Bunlar ortaya çıxdıqda Namiq əkə üzünü Ruhsarəyə tutdu:

-Gəlin, bu sənin işin deyil. Qızımın işidir.

-Adamın yeməyə əli gəlmir. -deyə Səlim əlavə etdi.

-Mən isə ürəklə yeyəcəyəm, Nərgiz təzəsini düzəldər. -deyə Əsəd əlavə elədi. Birdən atasının yanında yüngüllük etdiyini anladı. Başını aşağı saldı.

Oğlanın tutulduğunu görən Namiq əkə və Səlim gülüşdülər.

-Biz də elə onu istəyirik də! - deyə Səlim əlini Əsədin çiyninə qoydu: - Bu bizim hamımızın arzusudur.

Uzaqdan dəstərxanda nə baş verdiyini görməyən Nərgizin ürəyi orada qalmışdı: "Görəsən, hazırladığım salatlar onların xoşuna gəldi mi?" - düşünürdü.

Həyətin ortasından gələn gülüşmənin səbəbini isə bilmək istəyirdi. Limondan hazırladığı şərbəti dolçalara töküb dəstərxana tərəf apardı.

Nərgiz dolçaları süfrənin üstünə qoydu.

-Şərbət yaddan çıxmışdı.

-Qızım, çox sağ ol! Çox gözəl hazırlamısan. O qədər qəşəng bəzəmisən ki, yeməyə əlimiz gəlmir.

-Namiq əkə, siz yeyin, mən yenə də hazırlayaram.

-Bizim elə istəyimiz budur da.

Hamı gülüşdü. Təkcə Əsəd və Nərgiz susurdu. Bu gündə belə keçdi.

***

Səhərki günü nahardan sonra Namiq əkə üzünü Əsədə tutdu:



-Nərgiz darıxmasın deyə, onu apar, Aşqabadı gəzdir.

-Ata, mən ona necə deyim ki, səni istəyirəm aparım gəzdirməyə?

-Doğrudan da, uşaqsan. Məşədi Fazil ona görə sənə hələlik qızı vermək istəmir. Əl-Əşrəf də bunu deyəcəkdi. - deyə narazılığını bildirərək başını yellədi. - Sənin daha kişiləşən vaxtındır. Dur get, fikirləş!

Həyətin ortasında qızıl gül ləkləri adamı özünə cəlb edirdi. Dəstərxandan baxanda ağ, qırmızı, al, çəhrayı güllər türkmən xalçaları kimi elə bil həyətə sərilmişdi.

Ruhsarənin xoşladığı iş bu gülləri sulamaq və dəymiş gül ləçəklərini yığıb mürəbbə hazırlamaq idi.

Bu səhər Nərgiz Ruhsarəyə gülləri sulamaqda kömək edirdi ki, dəstərxandan onlara baxan Əsədi gördü. O, dəstərxanın kənarına söykənib qəmgin-qəmgin onlar tərəf baxırdı.

Susəpənin suyu qurtardı. Yenidən ona su doldurmaq lazım idi. Özü də bilmədən Nərgiz Əsədi yanına çağırdı.

-Əsəd, nə ordan baxırsan? Gəl, bizə kömək elə, gülləri sulayaq! - dedi.

Əsəd əmr gözləyən əsgər kimi bir anın içində onlara tərəf qaçdı. Susəpəni götürüb krantın altına qaçdı. Su ilə doldurub geri qayıtdı. Nərgizə uzatdı. Susəpəni güclə götürdüyünü görüb Əsəd soruşdu:

-Ağır deyil?

-O qədər də yox. Gücüm çatar.

-Kömək edim?

-İstəyirsən et! Çox az qalıb.

Əsədin istədiyi elə bu idi. Qızın əlindən susəpəni aldı, ləklərin arasıla keçib gülləri sulamağa başladı.

Nərgiz isə əlini belinə qoyub, ona tamaşa edirdi. Bir neçə an belə davam etdi. Susəpəndə su qurtaran kimi qaçıb onun yanına gəldi.

-Qurtardım!.- deyə susəpəni ona uzatdı. - Darıxmırsan?- soruşdu

-Yaman darıxıram. Hamıdan çox, nənə üçün.

-Onlar üçün darıxma, hər şey qaydasındadır. Tezliklə qayıdacaqlar.

-Sən haradan bilirsən?

-Bəs mən iki gün harada idim? Xəbər gətirməyə getmişdim.

Ruhsarə da əlindəki susəpəni yerə qoydu. Onlara yaxınlaşdı.

-Nə durmusunuz burda? Gedin, şəhəri gəzin. Yaxşı kinolar gəlib. Hamı "Tarzana" baxmağa gedir, siz niyə getmirsiniz?

-Namiq əkə nə deyər? Ayıbdır axı?

-Namiq əkə özü deyib ki, səni Əsəd gəzdirsin. O, isə utanır. İgid də utanar?

-Mən... mən? - deyə Əsədin dili tutuldu və heç nə deyə bilmədi.

-Niyə susursan? Qız, cavabını gözləyir! - deyə Ruhsarə onun köməyinə çatdı..

-Əgər Nərgiz istəyirsə, apara bilərəm.

-Niyə istəmir? Bundan yaxşı nə ola bilər?! Ancaq tez gəlin!

Nərgizin güldüyünü görüb, Əsəd ürəkləndi:

-Necə, gedək? - deyə ondan soruşdu.

-Qoy geyinim, sonra. - deyə Nərgiz cavab verdi.

Yarım saatdan sonra hər iki gənc yeni salınmış şəhərin küçələri ilə gülüşə-gülüşə addımlayırdılar.


***

MİR KAMİL
Günorta namazından sonra Mustafa Payan qaldığı evin qapısından çıxdı. Qoltuğunda albomu xatırladan bağlama vardı. Dünənki mülk tərəfə addımlamağa başladı.

İş günü olduğundan Şirvanın küçələri bomboş idi. İşsizlər öz bağ-baxçasına çəkilmiş, günəşin yandırıcı şüalarından sərinlik gətirən ağacların altında vaxt öldürürdülər.

O, dünən gəldiyi yolu yada sala-sala, axtardığı küçəni tapdı, uzaqdan mülkü gördü.

İçəri daxil olanda müğənnini gülər üzlə Seyid Bikə qarşıladı və onu həyətin içərisindəki dəyirmi stola dəvət etdi.

Məşədi Fazillə Hüseyn ağa Şirvanı gəzməyə getmişdilər.

Mustafa Payanın əlindəki bağlamanı Seyid Bikəyə uzatdı:

-Seyid qızı, bunları sənin üçün gətirmişəm. Bakı dilində desək, mənim plastinkalarımdır. Bilirəm ki, tezliklə vətənə qayıdacaqsınız. Qoy, məndən hədiyyə olsun! Sağ-salamat olduğumu dostlarım da bilsin!

-Mustafa, hədiyyəyə görə çox sağ ol! Bu dəyərsiz diqqətinizdən xəbər verir. Göz bəbəyi kimi onları qoruyacağam.

-İcazə versəydiniz, sizdən ayrılardım.

-Heç yana getdi yoxdur. Bu gün də bizim qonağımızsan. Kamil ağanın gəlişini gözləyirik. İndi Məşədi Fazillə Hüseyn ağa da qayıdacaqlar.

Qulluqçular dəyirmi stolun üstündəki süfrəni dəyişdirdilər. Yenidən ora mer-meyvə və çərəz qoydular.

-Buyurun! - deyə Seyid Bikə onu stola dəvət etdi.

Stolun arxasında Seyid Bikə Mustafanı söhbətə tutdu:

-Nənəş, arvaddan nə xəbər var? - deyə soruşdu.

-Bakıdan bura köçürülən kimi Ənzəlidən Tehrana gəldilər. Stambulidə dükanlar aldılar. Pis yaşamırlar. Bakıda necə idi, burada da elədir.

Üç gün bundan qabaq Şirvanda idi. Məşhədə ziyarətə gedirdi. Tez-tez görüşürük. Oğlanlarıla dostluq edirəm.

-Gələn səfər gəlməli olsam, onunla görüşəcəyəm. Nənəş arvad kişilərdən igiddir. Bakıda tək başına dəvəni yerə yıxıb, başını kəsərdi. Nəhəng qadındır.

Onun qardaşı qızı Raziyəni Əl-Əşrəfə almışam. Mənim salamımı çatdırarsan. Bəs oğlu Sarı necədir?

-Bakıdakı kimi, qabağından yeyən deyil. Tehranın tanınmış adamlarından biridir. Hamının köməyidir. Farslar ondan it kimi qorxurlar.

-Təbriz də necə, olursan?

-Demək olar ki, ayda bir dəfə konsertim olur. Yenə də əvvəlki kimi mövhumat içindədirlər. Ancaq deyəsən oyanma da var.

-Təbriz bütün Azərbaycanın mərkəzidir. Əfsuslar olsun, hələ birləşməyimiz çox çəkəcək.

-Bircə yollar açılsaydı. Bakının yerini heç nə vermir. Bakı-Bakıdır. Orada hər şey var. Xalqı da çox ağıllı, dərrakəli, uzaqgörəndir. Bakılılar qonaqpərvər gülərüzdürlər.

-Mustafa, səni bilirsən necə sevirdilər? Əfsuslar olsun ki, Bakıda sənin plastinkaların yazılmadı. İndi mən aparacağam, hamı səsini eşidəcək.

Əşrəfin müharibə dostu onun üçün maqnitofon deyilən bir şey alıb. Bakıya göndərəcək. Əşrəf deyir ki, səsi indi lentə yazırlar. Gələn kimi plastinkaları lentə köçürdəcəyəm. Orda deyirlər yaxşı alınır.

-Bizdə də var. Ancaq hələm-hələm adamda yoxdur.

-Allah qoysa, hamıda olar. Bir də gəlməli olsam, sənin üçün gətirərəm.

-Seyid qızı, Allah ürəyincə versin.

Söhbətin şirin yerində qulluqçular təşvişə düşdülər. Qaçaraq evin darvazasını taybatay açdılar.

Qapıdan içəri qara rəngli iki "Ford" minik maşını girdi və evin eyvanın altında dayandı.

Maşının qabaq qapısından düşən hərbiçi arxa qapını açdı. Oradan qara kostyümlu qara şlyapalı hündür boylu bir kişi düşdü. O, əlini uzadıb yanındakı xanımın düşməsinə kömək etdi. Arxadakı maşından isə iki cavan oğlan və bir qız düşdü.

Hamının düşdüyünü gözləməyən Mir Kamil ağa ora bura boylandı. Qulluqçular həyətin ortasını göstərdilər. O, başındakı şlyapanı çıxarıb yerə ataraq, həyətin ortasına tərəf qaçdı:

-Bikə xatın, Bikəm mənim. Anam mənim, canım mənim, gözüm mənim, gəl səni bağrıma basım! - deyə qışqırdı.

Seyid Bikənin ayaqları daşa dönmüşdü. Nə eşitdiklərinə, nə də gördüklərinə inanmırdı. "Bu yuxudur? Ya həqiqət? "- düşünürdü. Onun dili tutulmuş, özünü itirmişdi. Seyid Bikənin ürəyi keçmişdi.

-Tez olun, bura gəlin! - deyə Mir Kamil ağa gələnləri haraya çağırdı. Yerə yıxılan bacısının başını götürüb dizi üstünə qoydu.

Mir Kamil ağanın xanımı Xalidə baldızının ürəyinin keçdiyini dedi. O, həkim idi.

-Qorxulu heç nə yoxdur. Sevincdəndir. Bu dəqiqə hər şey qaydasına düşəcək! - deyə qulluqçulara evdən dava-dərman gətirməyi əmr etdi.

Mir Kamil ağa Seyid Bikənin başını sığallayır, əllərini ovxalayırdı. Gözlərindəki yaşı saxlaya bilmirdi. Bu qeyri-adi bir hal idi. İndiyə qədər bir insan deyə bilməzdi ki, Mir Kamil ağanın göz yaşlarını görən olub.

-Bikə xatın, oyan anam! Bilsəydim, belə olacaq, heç gəlməzdim. Oyan, gülüm! - deyə Kamil ağa özünü saxlaya bilmirdi, gözlərindən sel axırdı.

Xalidə xatın, naşatır spirtini Seyid Bikənin burnuna yaxınlaşdırdı. Onun kəskin iyi baldızını özünə qaytardı. Gözləri açıldı. Xalidə onun üzündən öpüb, ayağa qalxdı.

Seyid Bikə başı üstündə qardaşını gördü. İki əlini uzadıb ona tərəf əyilən Kamil ağanın boynunu qucaqladı.

-Atam, sənə canım qurban! - dedi və Xalidənin və Kamilin köməyi ilə ayağa qalxdı. Seyid Bikə özünə gəldikcə gözləri yaşla dolurdu. Otuz üç ildən sonra itkin düşmüş qardaşını görürdü.

-Bu yuxu deyil? Mən səninləyəm, qardaş? - deyə soruşdu.

-Mənim bacım, ürəyim həmişə səninlə olub. Anamı düşünəndə, sən gözümün önünə gəlmisən. Ancaq səni yada salmışam. Son zamanlar tez-tez yuxuma girirdin. Həmişə səni arzulamışam.

Seyid Bikə onun başını tumarlayır. Ətrafdakılara belə fikir vermirdi. Mir Kamil ağanın arvadı və uşaqları dinməzcə durub onlara tamaşa edirdilər. Bu səhnə bir-neçə dəqiqə davam etdi.

-Mənim bacım, sən bir bunlara bax! Mir Hüseyn nəslidir! - deyə Mir Kamil ağa uşaqlarını bacısına göstərdi.

- Bu mənim böyük oğlum, Mir Hüseyndir, kiçiyim Mir Mahmud, qızım isə Fatimədir.

-Atamın və anamın adını yerdə qoymamısan! Adlarıycan yaşasınlar! - deyə Seyid Bikə keçib əvvəl Mir Hüseynin, sonra Mir Mahmudun, axırda isə Fatimənin üzündən öpdü.

-Bu isə külfətimizin xanımıdır - Xalidə xatın. Baldızlıq edə bilərsən! - deyə Mir Kamil ağa zövcəsini göstərib zarafata keçdi

-Axı mən necə edim? İndicə məni ölümdən qurtardı! -deyə Seyid Bikə gəlinin üzündən öpdü.

Mir Kamil ağa onları sakitcə durub seyr edən Mustafa Payana üzünü tutdu:

-Mustafa, bağışla səni görmədim. Xoş gəlmisən! Lap yerinə düşdü! - deyə Mir Kamil ağa Mustafa Payanla görüşdü.

-Sən Allahın işinə bax! Kim inanar ki, otuz üç ildən sonra bacı qardaş görüşər. Gözlərimə inanmıram. Xoşbəxtəm ki, bütün bunları görürəm.

-Bəs yeznəm, hanı? - deyə Mir Kamil ağa bacısından soruşdu.

-Hüseyn ağaynan şəhərə çıxıblar.

Onlar söhbət edə-edə həyətin ortasında qoyulmuş dəyirmi stol tərəfə keçdilər.

Axşam düşməyə başlayırdı ki, Meşəd Fazillə Hüseyn ağa həyətə geri döndülər. Onları Mir Kamil özü qarşıladı. Hər ikisinin gözləri dolmuşdu.

-Fazil, sən bilmirsən, nə qədər xoşbəxtəm? Ömrümdə bu qədər sevinməmişdim. Ən yaxın adamlarımı görürəm.

Mənə demişdilər ki, səni sürgün ediblər. Elə bir yerə ki, ordan geri dönmək mümkün deyil.

Evinizi də müsadirə ediblər. Şəhərdən yoxa çıxmısınız. Nə iziniz var, nə də sorağınız! Sən isə sağsan! Hələ üstəlik bacımı götürüb, Sovet sərhədini keçib İrana gəlmisən.

Dədəm düz deyirdi: "Basqallılar od parçasıdır, istədiklərini edirlər, hər bəladan canlarını qurtara bilirlər!"

-Biz də səni itkin bilirdik. Qəzetdə şəkilini gördük. Axtarıb tapdıq.

Çalançıların gəlmə xəbərini qulluqçu Mir Kamil ağaya çatdırdı. O, üzünü Müstafa Payana tutdu:

-Mustafa, sən onlarla məşğul ol! Yerləşdir. Bu gün burda bayramdır.

Musiqiçilər dünənki stolun arxasında yerləşdirildi. Hüseyn ağa isə dəyirmi stolun qaydaya salınması ilə məşğul oldu.

-Məşədi Fazil, oğuldan-qızdan nəyiniz var? - deyə Kamil ağa soruşdu.

-Dörd oğuldur. Qızım yoxdur.

-Dədəm həmişə deyərdi ki, basqallıdan soruşma, dolanışın necədir? Bunu xoşlamırlar. Onların ki, heç vaxt pis olmaz, çox zirəkdirlər.

-Mir Hüseyn ağa həmişə düz deyib. Əvvəlki kimi.

-Deməli yaxşıdır.

-Elədir. Yenə də dəzgahlarımız işləyir, pulumuz var. Böyümü və ortancılımı evləndirmişəm. Biri hələ cavandır, ikincisini buradan qayıdım, nişanlayacağam.

Mir Kamil ağa qulluqçuya əl elədi. Qulluqçu tez ona yaxınlaşdı. Tapşırığını alıb ev tərəfə yol tutdu.

-Mənimkilər indi gələrlər. Seyid Bikənin yanındadırlar. İki oğlum var, bir qızım. Böyüyüm oğlandır, ortancılım qız, kiçiyim yenə oğlan. Böyüyümün on yeddi yaşı var. Adı Mir Hüseyndir. Qızıma anamın adını - Fatimə, balacamsa Mir Mahmud qoymuşam. Qızın on beş, kiçiyin on dörd yaşı var.

-Niyə belə balacadırlar?

-Mən gec evləndim.

-Bizim atanız haqqında heç bir məlumatımız yoxdur. Biz İstanbuldan qayıdanda dedilər ki, 20-ci ilin mayından yoxa çıxıb, onu görən olmayıb.

Mir Kamil bir az fikrə daldı.

-Onu, ADR-in bütün həbs olunmuş üzvlərilə birlikdə Xəlil paşanın göstərişilə Salyan körpüsündə güllələyib, Kürə atmışdılar. Yerli camaat cəsədlərini Kürdən çıxarıb körpünün sağındakı qəbiristanlığda basdırıblar…

Mir Kamil qəhərləndi, gözləri yaşarmışdı.

-Mənə Aşqabadda danışdılar ki, Ənvər paşanın son ana qədər yanında olmusan. - deyə Meşədi Fazil onu fikirdən ayırdı.

-Eşidəndə ki, Xəlil paşa Azərbaycan hökumətinin yüzdən artıq üzvünü aparıb, Salyan körpüsündə güllələyib, mən Lənkəranda hərbi hissədə idim. Dədənin ölümü haqda orada eşitdim.

Hərbi hissənin zabitlərindən heç biri bolşeviklərə qoşulmaq istəmədi. Hərə bir yana dağıldı.

Salyan körpüsündə güllənənlərin arasında mənimlə xidmət edənlərin ataları, qardaşları vardı. Onlar da mənə qoşulub, Xəlil paşanı axtarıb, tapmaq qərarına gəldik. Bir neçə adamını Gəncədə tapıb gəbərtdik. Xəlil paşa isə yoxa çıxmışdı.

Gəncədən yenidən Muğana qayıtdıq. Lənkərandan xəlvəti barkasla Türkmənistana keçdik. Orda Ənvər paşaya qoşulduq. Ənvər paşanın ölümündən sonra da Tükistanda qalıb on ilə qədər ruslarla vuruşduq. İrana keçməli olduq. Dədənin Şirvandakı bu mülkünə gəldik.

Rəhmətlik necə qoymuşdu, eləcə də dururdu. Bir ara burada yaşadıqdan sonra Şaha bizim haqda xəbər çatdırdılar.

Əsli-nəcabətli olduğumuza görə çox gözəl qəbul etdi. Mən və mənimlə gələn zabit dostlarımı orduya dəvət etdi.

İndi buranın generalıyam və mənimlə sərhədi keçənlərin hamısı mənsəb sahibidirlər. Bəs sənin başına nələr gəlib, Fazil?

-28 aprel çevrilişindən sonra İstanbulda təhsilimi davam etdirirdim. 23-cü ildə Seyid Bikə ilə Bakıya qayıtdıq.

Məcbur olduq, yenə də kəlağayıçılıqla məşğul olaq. Tiflisdəki, Basqaldakı dəzgahları işə saldıq. Yaxşıca dolanırdıq. Uşaqların ikisi anadan oldu.

İyirmi yeddinci ildə İçəri şəhərdəki mülkümüzü əlimizdən aldılar və məni qolçomaq elan edib tutdular. Güllələmək istəyirdilər. Bacın Xədicənin əri Şamil NKVD-də böyük vəzifədə olduğundan bir təhər məni aradan çıxardı, Məribə sürgün etdirdi.

-Bəs Bikəgil?

-Bikə və uşaqları yuxarı məhəllələrdə evimizdə yerləşdirdi.

Məribdə də ipəkçilik sexini təşkil etdim. Vəziyyətimiz düzəldi. Bunlara rüşvət verməklə istədiyim vaxt Bakıya, Tiflisə gedib gələ bilirdim.

Səmərqəndə, Aşqabadda, Daşkəndə, Düşənbədə alış verişim vardı, Mərib də ipək sexi açmışam, işləyənlər sürgün olan azərbaycanlılar və yerli camaatdır. Hamının kefi yaxşıdır. Pis dolanmırlar. İndi Səmərqəndə kombinatın direktor müaviniyəm.

-Xədicəni dedin, Bəs Barat bacım? Əhməd qardaşım?

-Barat basqallı Səməd ağaya ərə getdi. Yadındadır, sənin uşaqlıq dostun idi. Tiflisdə məşhur adamdır. Kəlağayı sexi işlədir. Beş oğlu var: Məmməd, Ağırza, Davud, Cavad, Rafiq, iki qızı: Almaz, birdə Firəngiz. Xədicənin bir oğlu iki qızı var. Oktay, Tamilla - Toma deyirlər , birdə Cülleta. Xədicəgil bu saat Çindədirlər. Yoldaşı Şamil Nəzərli Sovet səfirliyinin yüksək vəzifəli işçisidir.

Qardaşın Əhməd Şamaxıda komsomolun böyüyüdür, institut qurtarıb ali savadlı müəllimdir. Həm də dərs deyir. Bircə nigarançılığımız səndən idi. Allaha min şükür! Hər şey qaydasındadır.

-Bəs Seyid Rzadan nə xəbər var?

-Seyid Rza Özbəkistanın siyasi bürosunun üzvü idi. 37-ci ildə Şamaxıya gəlmişdi. Çuxuryurda arvadı ilə dincəlirdi. Tutub aparıb güllələdilər. Adını da qoydular vətən xaini.

-Dədəm ona deyirdi ki, bolşeviklərə qoşulma! O, isə bildiyini edirdi.

-Seyid Rza çox savadlı, dərrakəli adam idi. Çoxlu dil bilirdi. Marksı, Engelsi özbək, fars, türkmən və s. dillərə çevirmişdi. Onlara çox inanırdı. Sonu nə oldu? Azərbaycanın əsl ziyalılarının başına gələn oyunları onun da başına açdılar.

-Bakı necə, dəyişib?

-Alman əsrləri bir neçə yaxşı bina tikiblər. Stalin öləndən sonra göndərdilər evlərinə. Başlı başına qalıb.

-Stalin öləndən sonra SSRİ dağılmağa başlayacaq. Onun qorxusu bu dövləti saxlayırdı.

-Mir Kamil, bacına bax! - deyə Məşədi Fazil Mir Kamilin oğlanlarının qoluna girib onlara yaxınlaşan Seyid Bikəni göstərdi.

-Sənin nə cəngavər oğulların var, Mir Kamil? Mənim Nərgizimə yaraşırlar. Nərgiz qızımı nahaq bura keçirtmədim. Mir Hüseynə verərdim. Yaşları tən gəlir.

-Nərgiz mənim ürəyimin parasıdır. - deyə nəvəsinin adını eşidən Seyid Bikə davam etdi:

-Gəlinimizə deyirəm ki, Xalidə, bilsəydin necə qızdır? Xalidə deyir alıram. Əsl mənim adamımdır.

-Ay arvad, bura elçiliyə gəlməmisən. Hərənin öz qisməti, öz taleyi var .- deyəMəşədi Fazil dilləndi

-Mən bacımın təklifi ilə razıyam. Bacım mənə pis qız təklif etməz! Adam göndərək, gedib gətirsinlər. - deyə Mir Kamil ağa sözə qarışdı.

-Mir Kamil, Sovet sərhədi Həmədan bazarı deyil, burdan gir, ordan çıx. Qorxuludur.

-Ürəyini sıxma, Hüseyn ağa sovet sərhədini elə Həmədan bazarına çevirib. İstədiyiniz vaxt gəlib, gedə bilərsiz. Mənimlə sizin aranızda əlaqəçi olacaq. Bəs Xalidə və Fatimə hanı? - deyə Seyid Bikədən soruşdu.

-İndi hazırlaşıb düşürlər! Qoy, gəlinimizi Məşədi Fazil qəşəng görsün. Basqallılar sözbazdırlar. Sabah deyəcək ki, Mir Kamilin yoldaşı gözəl deyil.

Məşədi Fazilin sözü ağzında qaldı. Zadəgan geyimində bir-birindən yaş fərqi hiss olunmayan iki gözəl onlara yaxınlaşırdı.

-Bikə, bunlardan hansı anadır, hansı qız? - deyə soruşdu.

-Onu Mir Kamil ağadan soruş! - deyə cavab verdi.

Mir Kamilin qızı ilə yoldaşı arasında yaş fərqinin olmasına baxmayaraq, Məşədi Fazil hansının ana, hansının qız olduğunu müəyyən etməyə çətinlik çəkirdi.

Xalidə və Fatimə eyni cürə geyinmiş, eyni zinnət əşyaları taxmış, eyni cürə gözə dəyirdilər.

-Bunları son zamanlar bir-birindən ayırmaq mümkün deyildir. - deyə Mir Kamil ağa üzünü Məşədi Fazilə tutdu: - Fatimə böyüdükcə elə bil Xalidəyə çatır, Xalidə isə necə var elə də qalmaqdadır.

-Mənim qocalmağımı istəyirsən? - deyə Xalidə ərinin dediklərinə qarşı çıxdı.

Məşədi Fazil indi anladı ki, danışan Bikənin baldızıdır.

-Xanım, Mir Kamil ağa sizə çox yaxşı baxıb, yoxsa mən Seyid Bikəni qocaltmışam! - deyə üzünü Xalidəyə tutdu.

-Fazil, məni sən yox, zəmanə qocaltdı. Gördüklərimi heç kim görməsin! - deyə Seyid Bikənin əhvalı döndü.

-Mənim anam, hər şey arxadadır. İstəyirsiz, burada qalın! Hər şəraitiniz olacaq. - deyə Mir Kamil ağa onu qucaqladı.

Mir Kamil ağa hamını dəyirmi stolun arxasına dəvət etdi. Mustafa Payana əl elədi. Şirvanın sakit gecələrini musiqi sədaları pozdu.

Kiçik şəhərcik nəfəsini dərərək, bir-birinin ardınca çalınan azərbaycan-fars müsiqisindən həzz alırdı. Hərdən birdən Mustafanın həzin muğamı qulaqlarını şəkləyib qulaq asanların bədənlərinə qeyri-adi şirin bir titrətmə gətirir, bu ecazkar sədanın kimin olduğunu düşündürürdü.

Mustafa Seyid Bikənin xahişiylə birdə "Qara giləni" oxudu.

-Mustafa, bu sənin vizit kartoçkandır! - deyə Seyid Bikə onu təriflədi. Birdən fikrə daldı. "Vizit kartoçkası" sözünün haradan ağlına gəldiyini düşündü. Mustafa Payanın bu sözün mənasının nə olduğunu başa düşməyəcəyini anladı

-Mustafa, Bakıda böyük adamlar Nikolay vaxtında bir adama özünü təqdim etmək istədikdə, ona öz "vizitkasını" verərdi. Sənin "Qara gilən" sənin səsinin "vizitkasıdır".-deyə Seyid Bikə əlavə etdi.

Arvadının ağzından bu sözləri eşidən Məşədi Fazil douxdu.

-Bikə, bu sözlər haradan ağlına gəlir? - deyə soruşdu.

-Fazil, elə bir əhatəyə düşmüşəm ki, ata evimdə olduğum kimi özümü hiss edirəm. Sanki o dövrü yaşayıram. Fikir ver, özümdən asılı olmayaraq burada özümü Bikə xatın kimi aparıram. - deyə Seyid Bikə gülümsədi.


****

BACI VƏ QARDAŞ
Günəşin şəfəqləri dağları aşaraq Şirvanın üzərinə düşməmiş Seyid Bikə yuxudan durub həyətdə gəzişirdi. Yorğunluq hiss edib, Ərik ağacının altında oturdu. Dizlərini qucaqlayaraq dağların ətəyinə düşən işığı seyr edirdi.

Səhərə qədər yata bilməmişdi. Bir həftəyə yaxın idi ki, burdadır. Ancaq fikri-zikri bakıdakıların, birdə Nərgizin yanında idi. Özü də bilmədən ev üçün darıxmağa başlamışdı.

Arxadan ayaq səslərinin gəldiyini hiss edərək arxaya döndü. Mir Kamili gördü. Əlində kiçik döşəkcəni və dəvə yunundan örtüyü ona uzatdı:

-Ana, sənə soyuq olar! Dağ ətəyində səhərlər nəmişlik olur. - dedi.

O, uşaqlıqda olduğu kimi bacısını belə çağırırdı. Seyid Bikənin əlindən tutub ayağa qaldırdı. Döşəkcəni yerə atdı, örtüyü çiyninə saldı:

-İndi arxayın ola bilərəm, sənə heç nə olmayacaq.

Qardaşının üzündən öpdü, sonra hər ikisi oturdular.

-Səhərdən uşaqları düşünürəm, gözümə yuxu getməyib.-deyə Seyid Bikə burada olmağının səbəbini anlatdı.

-Sən heç onlardan danışmadın.

-Böyüyüm Əşrəfdir, iki uşağı var? Böyüyü Nərgizdir, kiçiyi Tahir. Gəlinim Ərdəbildəndir. Dadaş xanın qızıdır. İnqilabdan sonra İrandan Bakıya köçmüşlər.

İkincim Əyyubdur, hələlik təhsil alır, nişanlıdır, gedib toyunu edəcəyəm. Onun nişanlısı da Ərdəbilli qızıdır, Dadaş xanın nəslindəndir. Üçüncüsü Əlisəttardır, elə bil sənsən, təhsilini qurtarıb. Qırmızı diplom alıb. Ənzəli - Bakı arasında işləyən “Dərbənd” gəmisində tərcüməçidir. Həftədə bir dəfə Bakıdan Ənzəliyə gedib gəlir. Evlidir, hələlik bir qızı var, adı Zöhrədir. Tahirdən bir saat balacadır. Ondan bir saat sonra dünyaya gəlib.

-Məşədi Fazilin yanında soruşmağa çəkindim. Yaşayışınız necədir? Kömək lazımdır?

-Çox sağ ol, mənim atam. Hər şəraitimiz var. Əvvəllər necə idik, indi də elə yaşayırıq. Necə deyim ki, arxayın qalasan? Basqallı kimi.

-Mir Hüseyn ağa deyərdi ki, basqallı heç vaxt ac olmaz! Məni arxayın etdin.

Ənzəliyə gəlib, Əlisəttarla görüşəcəyəm. Bakıya çatanda ona denən ki, ola bilsin səni orada dayın və yaxud dayının adamları qarşıladılar. Çəkinməsin və qorxmasın! Nə lazımdır, sizin üçün göndərəcəyəm. Bakıda yaşamaq çətindirsə, köçün gəlin bura.

Hüseyn ağa deyir ki, bu gün qayıtmalısınız. Mən göstəriş vermişəm hazırlıq görsünlər.

-Heç inanmaq istəmirəm ki, biz ayrılırıq.

-Əsas odur ki, biz bir-birimizi tapdıq. Qalanı asandır.

-Dədənin məzarı haradadır? Biz onu bilmirik.

-Xəlil paşa, onları Salyan körpüsündə ADR hökumətinin 120 nəfərini güllələyib. Onlar xalqımızın qaymaqları idilər. Yerli camaat sağ olsun, güllənənlərin kim olduğun bilib, onları ədəb-ərkanla basdırıblar.

-Yerli camaat məzarların harada olduğunu bilir?

-Kimdən soruşsan, göstərər.

-Burdan gedən kimi ora baş çəkəcəyəm. Dədəmizin ruhu şad olsun.

-Ürəyimdən tikanı çıxartdın, bacı!

-Bu sözləri sənə demək istəyirdim. Dədə hər cümə axşamı yuxuma girir. Məscidə hər cümə Quran oxutdururam. Ancaq qəbir çəkir, məni onların ruhları rahat qoymur. Bir oğul kimi məzarın üstünə gəlməliyəm. Ancaq gələ bilmirəm. Heç olmasa sən Fazillə ziyarət et! Mən onların qanını almışam, alacağam da. Qoduq Xəlilləri Azərbaycana buraxanlar xalqımızın düşmənləridir. Onların Azərbaycandan ayağını kəsmək lazımdır.

Allah sərhəd çıxardanın evini yıxsın! Biz sizdən uzaq, siz bizdən. Bircə yollar açılsaydı.

-Bunu siz etməlisiniz!

-Şahın fikri də belədir ki, sərhədi qıfılda saxlamaq lazım deyil. Amerika ilə sıx əlaqə yaratdığından sovetlər, onu bəyənmirlər. Mənə elə gəlir ki, düz yol tutmuşuq. Bu İranın inkişafı deməkdir. Onsuz da sovetlərdən kömək gözləmək axmaqlıqdır.

-Oğlanların, Maşallah, böyüyüb, nə fikirdəsən?

-Dədəmiz dini rəhbər olsa da, nəslimiz Şirvanda savadı və mədəniyyəti ilə ad çıxartmışdı. Gələn il böyük oğlum məktəbi qurtarır, fikrim budur ki, Amerikaya göndərim, yaxşı savad alsın. Qızı da ali savad verəcəyəm. Dədə səni oxudan kimi. Xalidəyə oxşamaq istəyir. Fikri həkim olmaqdır.

-Lap yadımdan çıxmışdı, sənə deyim! Hamımızın şəkillərini Xalidyə vermişəm. Sizinkilərin də götürmüşəm.

-Heç bilmirəm səndən necə ayrılacağam. 20-ci ildən bu günə qədər düşündüyüm sən idin. Səni də mənə Allah yetirdi. Qəlbim rahatlandı. O dövrlərdə ki, Mir Kamilə çevrilmişəm. İstədiyim adamların əhatəsindəyəm. Fazilin xətrini necə istədiyimi də bilirsən?

-Atam, əsası odur ki, qəlbimizdə ki, nigarançılığı sildik. Dədəmin məzarının harada olduğunu öyrəndim. Bizi burda birləşdirən Peyğəmbər nəslinin ruhudur. Şəhidin məzar yerini balalarına göstərir.

-Sizdən daha nigaran olmayacağam. Çətinliyə düşsəniz, xəbər göndərin! Lazım gələrsə, Hüseyni tapın, sizi sərhəddən keçirtsin.

-Darıxsam, belə edəcəyəm. Xalidəyə ünvanlarımızı yazmışam. Sizinkini də götürmüşəm. Məktub yazacağam.

Dağ şəhərcik və kəndlərində səhər birdən açılır. Qaranlıq yoxa çıxır, elə bil gecə olmayıb.

Eyvanda həyətə baxan Məşədi Fazilin silueti göründü. Mir Kamil bacısının əlindən tutdu. Ayağa qaldırdı. Seyid Bikə qardaşının qoluna girib evə tərəf irəliləməyə başladılar.

Məşədi Fazil bağın ortasında qardaşla bacının gəzişdiyini gördü. Onların aram addımlarından səadət, xoşbəxtlik və rahatlıq duyulurdu. Bu da Məşədi Fazili sevindirirdi: "Bikə daha xəstələnməyəcək!" - deyə düşünürdü. Zaman hər şeyi yerinə qoyur.


****

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin