ƏLİMİ VERMİŞƏM ƏLƏ
Nənəsigil gedəndən sonra Nərgizin üzü gülmürdü. O, qırağa çəkilir və dərin fikrə dalırdı. Hiss olunur ki, qız onları düşünür.
Ruhsarə əlindən gələni edirdi ki, qız darıxmasın, onun gözəl çöhrəsindən gülüş yağsın. Çaplışırdı ki, onun könlünü alsın
-Nərgizim, bəsdir də Əsədi düşündün! - deyə zarafat edirdi.
-Mən Əsadi yox, babala nənəni düşünürəm. Görəsən, harada qaldılar?
-Nərgi,z arxayın ol, Hüseyn əkəylə gediblər, sağ-salamat qayıdacaqlar.
-Bircə tez qayıdaydılar! – deyə qızcığaz yenə də fikrə dalırdı.
Güngündən Nərgizin Əsədi isindiyi hiss olunurdu. Namiq əkə bunu görür, qəlbində sevinirdi. Nərgiz isə öz növbəsində bütün qonum-qonşunu fəth edirdi.
Ruhsarə ilə bütün günü çalışırdı, səliqəsi, sahmanı, bişirib düşürməsi isə hamını valeh edirdi.
Həyətə Ruhsarənin yanına gələn qadınlar, qızlar Nərgizin kim olduğunu soruşduqda, "Əsədin nişanlısıdır!" - deyə türkməncə cavab verirdi.
Nərgiz onun dediklərini başa düşsə də, özünü bilməməzliyə vururdu.
Namiq əkə qızın darıxdığını görüb onu yanına çağırdı:
-Qızım, darıxma, bir-iki günə qayıdarlar. İndi isə gedin, Əsədlə şəhəri gəzin!
Qızın razılaşması Namiq əkənin ümidlərini artırırdı. Deyəsən, hər şey onun istədiyi kimi olacaqdır.
Nərgizin əlindən tutub Aşqabadın küçələrini gəzdirən Əsədin sevincinin həddi hüdudu yox idi. Onun qəlbində oyanan məhəbbəti sanki qız da hiss edirdi, ancaq Seyid Bikə tərbiyəsi görmüş Nərgiz özünü elə aparırdı ki, elə bil heç nə hiss etmirdi.
Yaşıllıq içinə qərq olan şəhərin küçələrini hər gün gəzirdilər. Elə bir küçə, elə bir məhəllə yox idi ki, Əsəd ona göstərməsin və onlar haqqında maraqlı şeylər danışmasın.
Nərgiz isə ona qulaq asır, danışdıqlarını yadında saxlamağa çalışırdı, ancaq bu yad şəhər onu maraqlandırmadığından, eşitdiklərini tezliklə unudurdu.
“Tarzana” baxdıqdan sonra isə bütün günü Əsəd Tarzandan danışırdı. Başqa söhbətə isə keçə bilmirdi. Tarzan hər ikisini söhbətinə çevrilmişdi.
-Görəsən, bu doğurdan belədir? - deyə Ruhsarə Əsədi dinləyərkən soruşdu.
-Niyə ki, belə adamlar olub! - deyə Əsəd cavab verdi
-Gərək onu öz gözünlə görəsən! - deyə Nərgiz sözə qarışdı: -Gəl sabah birlikdə gedək, baxaq!
-Bəs uşaqlar? - deyə Ruhsarə çiynini çəkdi.
-Biz uşaqlara baxarıq, sən isə Səlimlə kinoya gedərsən! -deyə Nərgiz təklif etdi.
Səlim üçün gözlənilməz olan bu təklif, onu karıxdırdı. Namiq əkənin üzünə baxdı. Böyük qardaşının nə deyəcəyini gözlədi:
-Nə üzümə baxırsan? Götür arvadını, apar kinoya. Yazıq gəlin bir küçəni-bacanı görsün də. Qızım isə uşaqlarına baxar!
-Bəs xörəyi kim bişirəcək? Bəs sən? - deyə Səlim təəccüblə soruşdu.
-Nərgizimizə nə olub ki? Durun ayağa hazırlaşın, mən də sizinlə gedirəm! -deyə Namiq əkə göstəriş verdi.
Sevincindən Ruhsarə Nərgizin boynuna sarıldı. O, bilmirdi ki, sevincindən nə etsin.
Hər ikisi Ruhsarənin otağına keçdilər. Çox keçmədi ki, geri qayıtdılar. Namiq əkəylə Səlimin qarşısında təmtəraqla geyinmiş başqa bir qadın durmuşdu.
Səlimə elə gəldi ki, onu yenidən evləndirirlər.
-Namiq əkə, Rahibi də götürək, dəcəldir, Nərgizə əziyyət verəcək! - deyə Ruhsarə yerində donub qalmış ərinə baxa-baxa dilləndi
-Nə edirsiniz edin, ancaq tez! - deyə Namiq əkə cavab verdi.
Ruhsarəgil getdikdən, sonra həyətdə Əsədlə Səlimin balaca qızı qalmışdı. Bütün ailə kinoya getmişdi.
Nərgiz isə özünü mətbəxə vermişdi. "Maşınkanın" altını yandırdı. Əsədi harayladı:
-Əsəd, gəl mənə kömək elə. Onlar iki saata qayıdacaqlar. Xörəyi tez hazırlamaq lazımdır.
-Mən nə edə bilərəm?
-Sən həyətdəki ləkdən göyərti yığ, səbzi qovurma bişirək. Bakılıların sevdiyi yeməkdir.
-Axı mən bilmirəm, nə yığım?
-Ora bax, beş lək var, hərəsindən bir dəstə yığ bura gətir, mən isə əti hazırlayım.
Balacanın əlindən tutub ləkliyə apardı, Əsəd gördü ki, ləklərin sayı yeddidir.
-Nərgiz, burada yeddi lək var. Hansından dərim?
-Hamısından dər, ancaq nanə ilə reyhandan az.
Əsəd bir on-on beş dəqiqə ləkdə eşələndikdən sonra geri qayıtdı.
-İndi nə edim?
-İndi ket, bulağın başına bunları yu!
-Qonşular məni görsələr, nə deyərlər? Bizdə kişi bulaq başında göyərti yumaz!
-Onda sən burda qal, mən özüm yuyum. - deyə Nərgiz içi göyərtilə dolu teşti götürüb həyətdən çıxdı.
Əsəd sakitcə oturub qızın qayıtmasını gözləyirdi. Bir-neçə dəqiqəyə o, geriyə döndü. Gülə-gülə teşti Əsədə ötürdü:
-Bulaqda deyirlər ki, Əsəd niyə sənə kömək eləmir? Sən nə desən onu edər. Qoy, gəlib teşti o daşısın.
-Sən nə dedin?
-Mən dedim ki, bu kişi işi deyil. Evdə qadının qadın işi var, kişinin kişi.
-Sən belə dedin?
-Bəs mən nə deməliydim?
-Heç! Düz demisən. Mən sənin üçün hər şey etməyə hazıram.
-Onda al bu bıçağı, göyərtini doğra?
-Axı mən bacarmıram.
-Bacararsan!
Nərgizin söz-söhbəti tez asanlıqla dəyişməsi, Əsədi məyus etsə də, qızın üzündəki təbəssüm onu canlandırırdı. Qızın ürəyinə yatan bir söz demək istəyirdi, ancaq bacarmırdı. Əlindəki bıçaqla acığını göyərtilərdən salan Əsəd az qalmışdı barmaqlarını doğrasın. Nərgiz isə diqqətlə onun hərəkətlərini izləyirdi.
-Ehtiyatlı ol, barmaqlarını kəsərsən! Hələ sən mənə lazımsan!
-Doğurdan?- Əsəd qulaqlarına inanmadı.
-Qazanı qarışdıracaqsan! - deyə Nərgiz onu daha da hirsləndirdi.
-Bu kişi işi deyil! - deyə göyərtini doğrayıb bıçağı əlindən qoydu.
-Mən də bilirəm. Sən özün dedin ki, nə istəyirsən eləyim, odur ki dedim göyərti doğra! - deyə Nərgiz onun könlünü aldı.
Göyərti dolu teşti, götürüb qazana yaxınlaşdırdı, göyərtinin hamısını ora tökdü.
-İndi qalır gözləmək. Bu gün səni ləzzətli yeməyə qonaq edəcəyəm. Ömründə belə yemək yeməmisən. - deyə əlavə etdi.
Əsədin gözləri Nərgizdə idi. Əmisi qızı isə həyətdə xalçanın üstündə gəlinciyi ilə oynayırdı.
-Ora fikir ver, gör nə qədər ağıllı qızdır? - deyə Əsəd körpəni göstərdi. -Bizim də belə uşaqlarımız olacaq!
-Kimin belə uşaqları olacaq? - deyə Nərgiz səsini ucaltdı
-Bizim...
-Başa düşmədim?
-Nərgiz, mən səni sevirəm. Valideynlərim isə istəyir Əşrəf əminin yanına elçiliyə gəlsinlər. Sənin razılığın olmalıdır.
-Mənim? Mən kiməm? Mən nəkarəyəm? Bu haqda mənlə danışma! Sənə heç nə deyə bilmərəm. - bütün bunları birnəfəsə deyən Nərgiz başını aşağı saldı. Qəlbində isə oyanan hisləri cilovlaya bilmədi. Bir-neçə dəqiqə beləcə qaldı.
Əsədin ona yaxınlaşdığın görmədi. O, iki əli ilə qızın başını yuxarı qaldırdı və əlini çəkdi. Onları gözləri bir-birinə toqquşdu.
-Mən səni doğurdan sevirəm! - deyə indi Əsəd başını aşağı saldı. Bir an araya sükut çökdü.
-Mənim də sən çox xoşuma gəlirsən, Əsəd. Ancaq nə edə bilərəm?
Əsəd başını qaldırdı. Özü də bilmədən qızın üzündən öpdü. Otağa sükut çökdü.
Nərgiz nə edəcəyini, nə deyəcəyini bilmirdi. Gözlərindən yaş sel kimi axırdı.
-Sən neylədin? - deyə hirsli-hirsli Əsəddən soruşurdu.
Əsəd nə deyəcəyini bilmirdi, hərəkətindən peşman olacağını düşünməmişdi. Özünü ələ aldı. Başını qaldırdı, sakitliyə son qoydu:
-Mən səni, ancaq səni sevirəm! İstəyirəm ki, həmişə mənimlə olasan. İndi isə ağlama.
Nərgiz gözlərini yaşını sildi.
-Nənə bilsə, məni öldürər! - dedi
-Nənə özü istəyir ki, sən mənim nişanlım olasan. Baba da razılığın verib. Təkcə qalır Əşrəf əmi.
-Yalan deyirsən!
-Nənə gələr, özün soruşarsan. Bəs sən? Məni sevirsən?
-Nənə gələr, baxarıq! - deyə Nərgiz ondan uzaqlaşdı. Qazana tökdüyü göyərtini qarışdırdı.
-Nə mənə baxırsan, get, uşaqla oyna! Xörəyi hazırlamalıyam, ya yox! İndi qayıdarlar. İki saatdan çox keçib! -deyə Nərgiz Əsədi otaqdan qovladı.
Kor peşman uşaq oturan xalçaya özünü salan Əsəd, gəlinciyi onun əlidən aldı və üzünü beş yaşlı Səyyarəyə tutdu və Nərgizi göstərdi:
-Səyyarə, gəlincik gözəldir, yoxsa o qız? - deyə bərkdən soruşdu ki, Nərgiz də eşitsin.
-Qaqa, o qız.
-Onun adı nədir?
-Nərgiz.
-Bəs onunla niyə oynamırsan.
-Özün dedin ki, ona mane olma. Otur burda, oyna! Mən də oynayıram. Mən istəyirəm o, mənə yenə nağıl danışsın.
-İndi xörəyi bişirib, sənin yanına gələr.
Əsəd başını yuxarı qaldırdıqda Nərgizin əlini belinə qoyub ona baxdığını gördü.
-Niyə mənə tərs-tərs baxırsan?
-Get, samovara kömür sal!
-Bu mənim işim deyil. Bunu kişi etməz.
-Deməli belə? Onda mən də sənə "yox" deyəcəyəm.
-Yaxşı-yaxşı, bu dəqiqə. Hər şeyi qaydasına salaram. Sən başımın bəlasısan.
-Bax, bu başqa məsələ. Mən dediyimi edəcəksən.
Qızın sonuncu sözünü qulaq ardına alan Əsəd samovar səmtə qaçdı. Nərgiz isə qızcığazı yenidən xalçanın üstündə oturdub, ona nağıl danışmağa başladı.
Hava yenicə qaralmışdı ki, kinoya gedənlər geri döndülər. Ruhsarə içəri girən kimi keçib Nərgizin üzündən öpdü:
-Evlənəndən sonra birinci dəfədir ki, kinoya gedirik. Allah səni xoşbəxt eləsin! Sən gəldiyin evə sevinc gətirirsən.
-Hm!?- deyə Nərgiz qımıldandı. Üzünü Əsədə tutdu:
-Görürsən, gəlin nə deyir? Sən isə deyirsən ki, mən bəlayam.
Əsəd dinmədi. Anladı ki, dediyi bütün sözlərə Nərgiz o saat reaksiya verir. Odur ki, bundan sonra danışığına fikir vermək qərarına gəldi.
Nərgiz isə Ruhsarə ilə əl-ələ verib, o saat dəstərxanda süfrə açdılar. Xörəkləri ortaya gətirən də, Namiq əkə üzünü qardaşı arvadına tutdu:
-Sən gərək kiçik gəlindən dərs alasan! - deyə türkməncə dedi. Namiq əkə üzünü Nərgizə tutanda gördü ki, qızın üzü utandığından qızarıb. Anladı ki, qız dediklərini başa düşüb.
Dediyə peşman oldusa da, digər tərəfdən ürəkdən sevindi. Deyəsən, hər şey öz yerini alır. Üzünü Nərgizə tutdu:
-Qızım, Allah səni xoşbəxt eləsin! Şamını yandırdığın evdə həmişə səadət olsun! Gəl, sən də bizimlə otur, ürəyimin parasısan. Allah Əl-Əşrəfə insaf versin!
Nərgiz son sözlərə fikir vermədi, ancaq anladı ki, atasından onlar yaman çəkinirlər və qorxurlar.
***
RİZƏ DAĞIN ƏTƏYİNDƏN
Səhərin qaranlığında Hüseyn ağanın dəstəsi Rizə dağının ətəyində Məşədi Fazillə Seyid Bikənin gəlməyini gözləyirdilər. Səhərin açılmasına hələ çox qalırdı. Dağın ətəyindən yamac boyu duman uzanırdı. Meşələrin üstünü örtürdü. Qarşıdakı düzəni ağ örpəkdə gizlədirdi. Demək olar ki, qarşıda heç nə görünmürdü.
Dəstə İran tərəfindən ehtiyat etmirdi. Sərhədi ancaq Sovet tərəfi qoruyurdu. İran tərəfində isə sərhədi adı vardı. Sərhədçilər isə nadir halda gözə dəyirdilər.
Həzrətqulu uşaqlara diqqətli olmağı tapşırmışdı. Çünki dumanda gələnlər aza bilərdilər. Uzaqda, sıx dumanının arasından yarıb keçən bir neçə maşın farasının işığı görünüb itirdi. Maşınların işıqlarını yoldaşlarına göstərən Mehmanqulu "Narahat olmasınlar!" - deyə əlilə gizlənməyin lazım olmadığını işarə etdi.
Dumanın içindən bir-neçə gün bundan əvvəlki "Fordlar" çıxdı. Maşınlar düz dağın ətəyindən başlayan cığırın yanında dayandı.
Bura maşını ilk dəfə sürdürüb gətirən də Hüseyn ağa olmuşdu və bura qədər yolu çəkdirən də o.
Gələnlər arasında general geyimində bir nəfərin olduğunu görən Həzrətqulu və dəstəsi bir az şaşqın qaldı. Ancaq keçmiş komandirini gördükdə ona tərəf cumdular:
-Sənə canım qurban, Mir Kamil ağa, bu sənsən?
-Bəs sən kimi gözləyirdin? - deyə general səsini qaldırdı.
-Neçə ildir ki, sizi görmürük? Nə xoşbəxtəm. İndiyə qədər türkmənlər sizdən danışır. Hüseyn ağa demişdi ki, elə bir adamı gətirəcək, heç gözlərinə inanmayacaqsan.
-Hüseyn ağa düzünü deyib?
-Elədir sərdar! - deyə Həzrətqulu diz üstə çöküb onun əlindən öpdü.
Qardaşının buralarda belə şan-şöhrətli olduğunu əvvəl hiss etmişdisə də, indi gözü ilə görən Seyid Bikə Məşədi Fazilin qoluna sığınıb bu səhnəni fərəhlə seyr edirdi.
-Həzrətqulu, sənə çox minnətdaram! Məni bacımla və qardaşımla görüşdürdün! Bu tayda nə istəsən, sənin üçün etməyə hazıram. Hüseyn ağaya denən, mənə çatdırsın.
Hüseyn ağa sizinlə gələn səfər qayıdacaq. Hələlik o, burada mənə lazımdır. İndi yenə də qardaşımı və bacımı sənə tapşırıram. Sağ salamat keçirtməlisən!
- Baş üstə, sərdar!- deyə Həzrətqulu o saat cavab verdi.
Mir Kamil ağa ondan aralanıb Seyid Bikəyə yaxınlaşdı, onu bağrına basdı. Hər ikisi özünü saxlaya bilmədi. Gözləri dolmuş, dilləri tutulmuşdu. Bir kəlmə deməyə gücləri çatmırdı.
-İstəyirsiniz, qalın! Uşaqları da bura keçirdək. Hər şəraitləri olacaq! - deyə Mir Kamil ağa özünü ələ aldı.
-Kamil, onlar Bakısız yaşaya bilməzlər. Ora öyrəşiblər. Bir də hərəsinin ailəsi, işi-gücü. Elə eləyin ki, İranla Sovetlərin arası yaxşı olsun! Gediş-gəliş açılsın, elə Nikolayın vaxtındakı kimi, biz də rahat gedək, gələk.
-Anam, mən əlimdən gələni edəcəyəm ki, belə olsun. Ancaq hər zamanın öz hökmü var! - demişlər.
Seyid Bikədən sonra üzünü Məşədi Fazilə tutdu:
-Tam arxayınlıqla keçəcəksiz! Nəyin çatışmasa Hüseyn ağayla xəbər göndər. Nə lazımdırsa, göndərəm. Bunları isə al, balalarına dayılarından hədiyyə olsun! - deyə Mir Kamil ağa əlindəki balaca portfeli ona uzatdı:
-Korluq çəksən, xəbər göndərin! İndi isə ayrılmalıyıq. Hava işıqlanmağa başlayır. Sağ və salamat qalın!
Seyid Bikəni ağlaya-ağlaya ata mindirdilər. Hamı atlandı. Dəstə bir anın içində dağın ətəyi boyu uzanan ağ dumanın içində yox oldu.
Bir-neçə saat dağ cığırları ilə sakitcə yuxarı qalxdılar. Zirvəyə çatdıqca arxadan duman seyrəlirdi. Atlar sanki dumanın arxasınca gedirdi.
Aşağı baxdıqca maraqlı bir səhnəni seyr etmək olurdu. Duman çəkildikcə yuxarı qalxırdı. Dumanın altından aşağıdakı meşələr, çöllər, göllər, kəndlər, yollar görünürdü.
Şərqdən düzənin arxasından görünməyə başlayan günəşin qırmızı şüaları da dumandan aşağı idi. Dumanı altdan işıqlandırırdı.
-Tələsin, tez olun, dumanın içinə girin! - deyə Həzrətqulu atlıları və onlara bələdçilik edənləri dumanın içinə girmələrini əmr edirdi.
Arxada isə elə bir gözəl mənzərə yaranmışdı. Seyid Bikəyə elə gəlirdi ki, onlar göyün yeddinci qatındadırlar. Yuxarıdan aşağı baxırlar. Ancaq tələsmək lazım idi. Bura gəzməyə gəlməmişdilər.
-Xanım görürəm, təbiətə valeh olmusunuz, ancaq tələsməliyik! - deyə Həzrətqulu onun atının arxasına çubuq vurdu.
Həzrətqulunun tələsməsinə əsas vardı. Daha sovet sərhədini keçmişdilər, duman isə onların indi yeganə müttəfiqi olaraq qalırdı.
Sərhədçilər onların çıxdığı yerlərə çıxa bilməsələr də, aşağıdan binoklla dağlara baxırdılar. Əgər onları görsələr, dağa dırmaşacaq, keçidi axtarıb tapacaqdılar. Odur ki, dumanın içindən çıxmaq keçidi itirmək demək idi.
Dəstə sağ-salamatlıqla mağaranın içinə daxil oldu. Atlardan düşdülər.
Mağaranın ortasında yenə də tonqal yanırdı. Ətrafında oturanlar dəstənin gəldiyini görüb, ayağa qalxdılar və Həzrətquluya yaxınlaşdılar:
-Şükür Allaha! Gəlib çıxdınız. Yaman gecikirdiniz. Ağlımıza çox şey gəlirdi. - deyə ötən səfər onlardan ayrılıb mağarada qalan türkməni Məşədi Fazil o saat tanıdı. Bu Həzrətqulunun köməkçisi və yerlisi idi.
-Narahatçılığa əsas yoxdur. Sən denən, aşağıda vəziyyət necədir?
-Aşağıda vəziyyət xoşa gələn deyil. Gözləməli olacağıq. Sərhədçilər dağ ətəklərini addım-addım gəzirlər. Odur ki, axşama qədər burada qalmalıyıq. Gecənin qaranlığında yola çıxmalıyıq.
-Malları niyə yola salmamısan?- deyə mağaranın o biri tərəfində dayanan atları göstərdi.
-Sənin yolunu gözləyirdim.
-Onda onları da gecə yola salmalı olacaqsan. Hüseyn ağa, aşağıda sizi gözləyir. Biriniz keçin, ona məsələni agah edin! Sabah malların ona çatacağını deyin!
Həzrətqulu dəstənin üzvlərinə göstərişlərini verdikdən sonra, Seyid Bikə ilə Məşədi Fazili tonqalın ətrafına dəvət etdi.
-Məşədi yorulmusunuz, axşama qədər burada dincələcəyik, gecə yola çıxacağıq.
Seyid Bikən yenə də o günki dəvə dərisinin üstünə atılmış xalçanın üstündə oturdu.
Tonqalın istisi dağların soyuqluğunu Seyid Bikənin bədənindən çıxarırdı. Yorğunluq və isti ona sakit bir yuxu gətirdi.
Məşədi Fazil başının altına döşəkcəni qoydu və üstünə yorğançanı çəkdi, ayağa qalxıb bələdçilərin yığışdığı mağaranın o biri tərəfinə keçdi.
Burada da ocaq qalamışdılar, üstünə çaynik və qazan da qoymuşdular. Yemək hazırlayırdılar.
Məşədi Fazili görən Həzrətqulu ayağa qalxdı və ona yer göstərdi:
-Məşədi, buyurun əyləşin! Deyəsən, bacımız yatıb? Yarım saata yemək hazır olacaq.
-Qoy yatsın! Deyəsən, yaman yorulub. Yuxudan durar, sonra baxarıq. At üstündə onu yedizdirmişəm. - deyə Məşədi Fazil keçib döşək üstündə oturdu. Həzrətqulu əlilə mağaraya işarə edərək dedi:
-Bura bizim ikinci evimizdir. Elə vaxt olur ki, burada beş-altı gün qalırıq. Odur ki, hər dəfə mağaraya un, yağ, qənd, pendir və başqa məhsullar gətiririk. Bir hissəsin yeyir, qalanını isə saxlayırıq buradakı anbarda.
Burada hər şey var. Hətta hamamımız da. Mağaranın içində dincəlmək üçün hər bir şərait yaratmışıq.
Divarların birindən gurultu ilə axan suyun səsi eşidilirdi. Məşədi Fazilin suyun şırıltısına qulaq asdığını görən Həzrətqulu ayağa qalxdı.
-Məşədi, gəl, sənə mağaranı göstərim! -dedi.
Məşədi Fazil ayağa qalxdı. Su səsi gələn tərəfə irəlilədilər. Qarşısındakı divara yaxınlaşdılar. Yuxarıdan axan sudan buxar çıxırdı. Əlini suya uzatdı və tezliklə çəkdi:
-Əlim yanmışdı! Bu ki, qaynar sudur. - dedi.
-Məşədi, bu möcüzədir. Siz o birisi tərəfdən axan suya baxın.
Məşədi Fazil əlini qaynar şırımdan yarım metr aralı axan suya tutdu.
-Həzrətqulu, bu isə bumbuz! - deyə əlini geri çəkdi.
-Bu sular haradan çıxır və hara gedir, heç kim bilmir. İsti suyun axarını aşağı yönəltmişik, aşağıda beş-altı çala qazımışıq, su axıb çalalara dolur. Biz də orda çimirik. Adını da qoymuşuq - hamamxana.
Buranın suyuna sabun lazım deyil, suya girən kimi insanın bədənini təmizləyir. Beş dəqiqədən artıq qalmaq mümkün deyil.
-Kükürd iyi gəlir. Deyəsən, kükürdlü sudur.
-Mən də belə düşünürəm.
Ocağın ətrafına qayıtdılar. Mehmanqulu əlindəki çaynikdən piyalələrə çay süzürdü. Keçib yerlərində oturdular.
Həzrətqulu ona piyalədə çay uzatdı:
-Bizlər yaşıl çayı xoşlayırıq. Qara çayda tam olmur! -dedi.
-Qara çayın da öz ləzzəti var. Ancaq hər şey vərdişdən asılıdır. İnsan nəyə vərdiş edibsə, onu xoşlayır. Mən yol boyu fikir verirdim, o tayda da çoxlu türkmən yaşayır.
-Bu dağların qarşısı: Şiravan və Məşhəd xətti boyu bizim ata-baba yurdlarımız uzanır. Oralar türkmən yerləridir.
-Sizləri də bizim kimi bölüblər.
-Biz məgər boş-boşuna qaçaqçılıqla burdan ora, ordan bura keçirik. Qohum-əqrəbanın çoxu orda olmasaydı, biz nə edə bilərdik? Həm özümüz dolanırıq, həm də onları dolandırırıq.
-Bir vaxt vardı, hamımız bir idik: azərbaycanlı, özbək, türk, türkmən
-İndi də ola bilərik, əfsuslar olsun ki, bizi birləşdirəcək ağsaqqallarımız qalmayıb. Bizi parçalayıb asta-asta soyurlar. Maraqlıdır ki, özümüzkilərin əlilə.
-Biz Sultandan kömək istədik, ordusunu Bakıya çağırdıq, bizə Ənvər paşa, Nuru paşa kimi igidləri göndərdi. Bizi azad etdilər. Ancaq sonra nə oldu? Atatürk Leninə qoşulandan sonra, Xəlil paşa gəldi. Bizi ruslara tabe etdirdi... Ənvər paşanı, Nuru paşanı türk xalqının düşməni elan etdi. İndiyə qədər onların adını çəkənin Türkiyədə dədəsini yandırırlar. Gəl, bundan sonra bu birliyə inan.
-Ənvər paşa deyirdi ki, Osmanlı imperiyasına son qoyanlar özümüzkilər olub. “Demokratam” deyə böyük dövləti dağıdıb, beşdə bir hissəsini saxlayıblar.
Xəlifəti də dağıtdılar. İslam birliyinə son qoyublar. Baxın, indiki Türkiyəyə: camaatı cındır içindədir. Hələ bir əlli il də cındır Türkiyə olub qalacaq. Onun bunun əlində oyuncaq olacaq. Çünki böyüklüyünü kiçikliyə dəyişdirib.
-Onların böyüklüyü Osmanlı imperatorluğu ilə qurtardı. Bizim böyüklüyümüz yenidən Şərqdən başlamalıdır. Onlardan fərqli olaraq, biz bir-birimizə daha yaxınıq. Bizi bir sərhəd birləşdirir. İndi bundan istifadə edib, daha sıx birləşməliyik.
-Sovet dövləti də dağılacaq, Osmanlı dövləti kimi. Bir axmağın əlinə düşəcək, dağıdacaq.
Stalindən sonra dövlətə sahib duran ağıllı bir insan yoxdur. Ondan sonra hakimiyyətə gələn bu axmaqlar dağıdacaq.
-Allah ağzından eşitsin, biz də bir rahat nəfəs alarıq.
Seyid Bikə gözlərini açıb ətrafa boylandı. Həyat yoldaşının onu axtardığını görən Məşədi Fazil ayağa qalxdı, üzünü Həzrətquluya çevirdi:
-Seyid Bikə oyandı, gedim görüm nə istəyir, -deyə oradan uzaqlaşdı.
Seyid Bikə ərinin ona yaxınlaşdığını görüb əlləri ilə dizlərini qucaqlayıb oturdu.
-Yaman yatmışdın! Ürəyim gəlmədi, səni durğuzum. Dur, gedək isti sula əlini-üzünü yu!
-Burada isti su nə gəzir?
-İndi özün görərsən. Qayaların arasında isti su bulağı qaynayır.
***
ƏSƏDİN ETİRAFI
Namiq əkə Əsədi Məribə göndərmişdi. İki gün idi ki, ondan xəbər yox idi. Nərgiz yenə də darıxırdı.
Namiq əkə ilə gülər üzlə görüşsə də, ondan ayrılan kimi gülüş üzünü tərk edirdi.
Namiq əkə qızın qəmginliyinin səbəbini oğlunun gedişi ilə əlaqələndirdi, buna görə sevinsə də, qızın dərd çəkməsi onun qəlbini kövrəldirdi.
On dörd yaşlı Nərgizin gözlərinin yolda qaldığını gördükcə, özü hirslənir və ürəyində özünü danlayırdı: Əsədi niyə göndərdim? Qaça-qaç idi? - düşünürdü.
Axşam sərini yenicə düşməyə başlamışdı ki, Ruhsarəni Namiq əkə yanına çağırdı:
-Ruhsarə, Nərgizi bütün günü işlədirsən. Qızı, heç olmasa, bir az gəzdirin! Buraya ev təmizləməyə gəlməyib ki. Götürün, aparın gəzməyə!
-Namiq əkə, bizdə günah yoxdur. Özü heç yana getmək istəmir. Bu qız mətbəxdən çıxmır.
- Onu bir yanıma göndər!
Nərgiz dinməzcə Namiq əkəyə yanaşdı. Salam verdi. Namiq əkə onun alnından öpdü:
-Qızım, kiminçün belə darıxırsan? - deyə soruşdu.
-Nənəynən baba üçün...
-Allah qoysa, bu gün-sabah qayıdarlar. Hər şey öz qaydasına düşər.
-Namiq əkə, yaman nigaranam, axı bu gün gəlməlidirlər.
-Narahat olma, səbirli ol, tezliklə qayıdacaqlar. Nənən qardaşını tapıb onunla görüşüb. Gəlib özü hər şeyi danışar.
-Siz haradan bilirsiz?
-Mənim balam, məgər onları aparanlar mənim qohum-əqrəbalarım deyil? Hər şey qaydasındadır. Əsəd də sabah səhər gələcək. İndi isə darıxmayasan deyə, Səlim, Ruhsarə ilə gedin şəhəri gəzməyə!
-Namiq əkə, olarmı heç yana getməyək. Sabah gedərəm. Mən istəyirəm ki, evdə qalım.
-Nə deyirəm, mənim qızım? Sənə necə xoşdur, mənə də elə...
Səhəri gün Nərgiz yuxudan duranda həyətdə heç kim yox idi. Sübh-tezdən olduğundan hamı yatırdı. Təkcə Nərgiz yuxudan durmuşdu.
Hansı bir qüvvəsə sanki Nərgizi həyətin ortasına gətirdi. Gözləri dəstərxana dikildi.
Əsəd arxasını evə çevirib oturmuşdu. Nəyisə düşünürdü.
Oğlan qızın gəldiyini hiss etmədi. O, dəstərxana çox asta yanaşdı. Qəlbində sevinsə də, Nərgiz bu sevinci biruzə vermədi. Hisslərini gizlətdi.
-Sən haçan qayıtmısan? - deyə qəfildən soruşdu.
Qəflət səsdən Əsəd diskindi. Ancaq tez özünü ələ aldı:
-Sən durmusan? - soruşdu.
-Haçan gəlmisən?
-Səhər sübhdən. Gördüm, hamı yatıb, keçib burda oturdum.
-Deyəsən, yorğunsan? Sənin üçün çay hazırlayım?
-Yox, lazım deyil.
-Onda mən gedim?
-Xahiş edirəm, getmə. Deyiləsi sözüm var.
-Nə demək istəyirsən?
-Gedəndən, səni düşünürəm, ancaq səni. İstəyirəm ki, fikrini bilim. İstəyirəm, sən də məni sevəsən, mən səni sevdiyim kimi... - daha Əsəd bir söz demədi. Başını aşağı salıb susdu. Qızın gözünün içinə belə baxa bilmədi.
Həyətdə tam sakitlik idi. Hamı yatmışdı. Hətta quşların səsi də eşidilmirdi. Təkcə axan bulağın suyu bu sakitliyi pozurdu.
Nərgiz başı üstündə durub onu süzürdü, bu hala düşməyinə sevinirdi. Dinmirdi. Yenə də Əsədin danışmağını gözləyirdi. Bir neçə dəqiqə belə keçdi.
Evin astanasında Ruhsarə göründü.
-Mən gedim, Ruhsarə bacıya gömək edim! - deyə Nərgiz oradan uzaqlaşmaq istədi.
-Dayan! Axı sən mənə cavab vermədin?! - deyə Əsəd qəmgin-qəmgin soruşdu.
Nərgiz yenə də susdu.
-Xahiş edirəm, mənə bir söz de! - deyə Əsəd təkid etdi.
Nərgiz bu təkidin qarşısında dayana bilmədi. Birdə ki, onlara Ruhsarə yaxınlaşırdı.
-Bizə elçi gəlsəniz, mən yox deməyəcəyəm! - deyib Ruhsarəyə tərəf qaçdı.
***
Dostları ilə paylaş: |