Tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış, ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan adamların nisbətən sabit birliyi qrup adlanır. Adamların qeyri-mütəşəkkil yığımından, təsadüfü birliyindən fərqli olaraq qrup üzvləri qrup üçün tipik olan fəaliyyət növlərinə daxil olurlar. Məsələn, ali məktəbin tələbə qruplarında gələcəyin mütəxəssisi kimi formalaşmalı olan insanlar birləşirlər. Onlar üçün tipik fəaliyyət növü təlim fəaliyyəti olub, bu prosesdə müvafiq peşə bilik, bacarıq və vərdişlərinin formalaşması baş verir.
Adətən hər bir adam müxtəlif qrupların üzvü ola bilir. Lakin hər hansı adam bütün qruplarda eyni statusa malik olmur, müxtəlif qruplarda müxtəlif rolları yerinə yetirir. Məsələn, uşaq ailədə övlad (oğul və ya qız), məktəbdə şagird, voleybol komandasında idmançı rolunu; yaşlı adam ailədə valideyn, işdə müdir və ya adi işçi və s. rolunu yerinə yetirə bilər. Hər şeydən əvvəl hər cür insan birliyini, məsələn, təsadüfən avtobusda, metroda, küçədə birgə gedən adamları qrup adlandırmaq düzgün deyildir. Bu adamlar fiziki cəhətdən birləşmiş fərdlər olmaqla, bir-birlərinə qarşılıqlı təsir göstərmirlər. Hər hansı bir insan birliyini qrup adlandırmaq üçün həmin adamların vahid məqsəd uğrunda birgə fəaliyyətə girişməsi tələb olunur. Bu cür ümumi mənafe və birgə fəaliyyət olmadıqda insanların birliyinin son məqsədi də məlum olmur. Bu cür təsadüfi birləşmədə insanların bir-birinə qarşılıqlı təsiri, onların bir-birini qavraması halları da aradan çıxır. Bu baxımdan görkəmli amerika psixoloqu D.Mayersin qrupa verdiyi tərif diqqəti cəlb edir. «Qrup bir-birinə qarşılıqlı təsir göstərən, bir-birinə uzun müddət təsir göstərməklə özlərini «biz» kimi qavrayan iki və daha artıq insan birliyidir». Məhz buna görə də qrupları sosial mənsubiyyətə, birgə fəaliyyətin və ünsiyyətin xarakterinə görə birləşən insan birliyi kimi səciyyələndirmək lazım gəlir. Qeyd olunduğu kimi, adi insan biriliklərində adamlar ümumi mənafe, sərvət və davranış normalarına malik olmurlar. Yalnız sosial qruplarda hər cür sosial münasibətlər mövcud olur. Sosial qruplar cəmiyyətin qəbul etdiyi, özünün məqsəd və vəzifələri onun xeyrinə olan qruplardır. Bu cür qruplara ailəni, orta və ali məktəb qruplarını, təşkilat və idarələrdə toplanmış insan qruplarını, hərbi və idman qruplarını və s. aid etmək olar. Həmin qrupların strukturu, normaları cəmiyyətin mövcud tələblərinə uyğun olmaqla, bir növ cəmiyyət tərəfindən idarə olunur. Təsadüfü insan biliklərində isə çox vaxt bu cür idarə olunma mövcud olmur. Bu cür insan birlikləri bir növ kütlə xarakteri daşıyır