Qabiliyyət, şəxsiyyətin bu və ya digər fəaliyyət növünə müvəffəqiyyətlə ifa etmək üçün şərt olan fərdi psixi xassəsinə deyilir. Psixoloqlar qabiliyyəti izah edərkən insanın fəaliyyət sahəsini, bu fəaliyyət sahəsində nə dərəcədə əhəmiyyət kəsb etməsini nəzərə alaraq qabiliyyətin ümumi və xüsusi növünü şərh etməklə onun 2 növünü göstərirlər. Onların fikrincə, ümumi qabiliyyət adından göründüyü kimi ümumi fəaliyyət sahəsini əhatə edir. Məsələn, bir çox peşə sahibləri üçün xarakterik olan müşahidəçilik qabiliyyəti.
İnsan fəaliyyətinin müəyyən bir sahəsinə aid olan və orada fəaliyyəti səmərəli icra etməyə yönələn qabiliyyət xüsusi qabiliyyət adlanır. Başqa sözlə, yalnız müəyyən, xüsusi fəaliyyət növünün uğurlu yerinə yetirilməsinə səbəb olan, şərt olan qabiliyyət xüsusi qabiliyyət adlanır. Bu cür qabiliyyətlərə musiqi, riyazi, linqvistik, texniki, ədəbi, idman və s. qabiliyyətləri aid etmək olar. Adətən ədəbi yaradıcılıq fəaliyyəti üçün poetik görmə, söz ehtiyatı və ifadəlilik, söz assosiasiyalarının zənginliyi, obrazlı təfəkkür, surət hafizəsi, yaradıcı təxəyyül və s. xüsusi qabiliyyətlər kimi qeyd etmək olar. Həyati faktlardan məlum olduğu kimi hər hansı bir fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün insanda qabiliyyətlərin həm ümumi, həm də xüsusi növlərinin formalaşması zəruridir.
29. Temperament şəxsiyyətin fərdi psixi xassəsi kimi Adətən, hər hansı bir insan qrupunda müşahidə apardıqda qrupdakı insanların birinin cəld, digərinin təmkinli, birinin tez özündən çıxan, digərinin müvazinətli, birinin hər şeyə tez reaksiya verən, digərinin ləng olduğunu görürük. İnsanların bir-birlərindən bu cür fərqli xüsusiyyətə malik olmaları qədim zamanlardan diqqəti cəlb etmişdir. Ona görə də, bəşəriyyət lap qədimdən müxtəlif adamların psixi xasiyyətinin tipik xüsusiyyətlərini ayırmağa, onların ümumiləşmiş portretlərini tipologiyasını verməyə cəhd göstərmişlər, temperament tiplərinin az sayını azaltmağa çalışmışdır. Bu cür tipologiya praktiki olaraq faydalı idi, belə ki, onun köməyi ilə konkret həyat şəraitində bu və ya digər insanın davranışını qabaqcadan görmək və nəzərə almaq olardı. Tarixən insanları bir-birindən fərqləndirən həmin xüsusiyyətlərə «temperament» adı verilmişdir.
Temperament – insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavabvermə sürətinin dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.Temperament latın dilindən «qarışıq, mütənasiblik» deməkdir. Temperament haqqında təlimin yaradıcısı qədim yunan görkəmli həkimi Hippokrat (e.ə. təxminən 460-377 illər) sayılır. O təsdiq edir ki, insanlar 4 əsas «orqanizm şirəsi» nin nisbətinə görə fərqlənirlər: qan, fleqma, sarı öd və qara öd. Bu, «orqanizm şirələrinin» nisbəti yunanca «krasis» sözü ilə ifadə olunurdu ki, sonralar həmin sözü yunanca temperamentum – «mütənasiblik» sözü ilə əvəz edildi. Hippokratın təliminə əsaslanaraq digər tanınmış antik dövr həkimi Klavdiy Qalen (təxminən 130-200-ci illər) məşhur traktatı «De temperamentum» kitabında şərh etdiyi temperamentlərin tipologiyasını işləyib hazırladı.Onun təliminə əsasən temperamentin tipi orqanizimdə bu şirələrdən birinin üstünlüyündən asılıdır.. Temperamentin bu 4 tipinin adı həmin şirələrin adına uyğun verilmişdir:sanqvinik (latınca sanqvius-qan), fleqmatik (yunanca fleqma-selik, bəlğəm), xolerik (yunanca chole-öd), melanxolik (yunanca melian chole – qara öd).