Həmcins üzvlərin tələffüzü - Həmcins üzvlərin də özünəməxsus intonasiya çalarları vardır. Aralarında bağlayıcı olmayan həmcins üzvlər sonuncudan başqa, sadalama intonasiyası ilə söylənilir. Belə həmcins üzvlər arasındakı fasilə eyni olur. Sonuncu həmcins üzvdən qabaq nisbətən az fasilə edilir və səsin tembri dəyişir, yüksəlir. Bu söz bir növ sadalanmanın qurtarmağını xəbər verirmiş kimi, ucadan və güclü vurğu ilə tələffüz edilir. Məsələn; Mən öz qardaşıma mehman gələndə, Bir qələm, bir dəftər, bir can gətirdim. Dağların döşünü toplar dələndə Ləkəsiz, boyasız vicdan gətirdim. (Ə.Tudə) İkinci və dördüncü misralardakı həmcins üzvlər (qələm, dəftər, can, ləkəsiz, boyasız) sadalayıcı intonasiya ilə bağlanmışdır. Axırıncı həmcins üzvlər (can, boyasız) əvvəlkilərə nisbətən yüksək səs tonu ilə tələffüz olunur. Cümlədə həmcins üzvə tabe söz olarsa, həmin söz həmcins üzvlə birlikdə, bir nitq taktında tələffüz edilir.
Ara sözlərin deyilişi -Ara sözlər xitablar kimi cümlə üzvlərindən müəyyən fasilə ilə ayrılır. Bu fasilənin müddəti, əsasən, xitablarda edilən fasiləyə bərabər olur. Xitablarla ara sözlərin intonasiyasında müəyyən fərqli cəhətlər də vardır. Xitablar danışanın arzusundan asılı olaraq bir qədər yüksək intonasiya ilə tələffüz olunur. Ucadan söylənilən xitabın intonasiya əyrisi çox yüksək olur. Xitablara məxsus olan bu xüsusiyyət ara sözlərə eyni ilə aid edilə bilməz. Doğrudur, ara sözlər də danışanın arzusundan asılı olaraq alçaq və yüksək intonasiya ilə söylənilə bilər. Lakin ucadan söylənilən ara sözlərin intonasiya əyrisi eyni səs yüksəkliyində deyilən xitabların intonasiya əyrisindən xeyli aşağı olur.
VİDEO
https://youtu.be/tpwYzsxK5rI
ƏDƏBİYYAT
Abdullayev A.S. Nitq mədəniyyəti və natiqlik sənəti. B, 1981.
Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Bakı, 2013.
Abdullayev N.Ə. Orfoepiya və orfoqrafiya təlimi məsələləri. Bakı, 1995.
Abdullayev N.Ə., Məmmədov Z.T. Nitq mədəniyyəti məsələləri. Bakı, 2002.
Abdullayev N.Ə., Məmmədov Z.T. Orfoepiya və orfoqrafiya lüğəti. Bakı, 2004.