Dissertasiyanın quruluşu. Dissertasiya girişdən, ? paraqrafı özündə birləşdirən iki fəsildən, nəticə və istifadə edilmiş ədəbiyyatın siyahısından ibarətdir.
TƏDQİQATIN ƏSAS MƏZMUNU
Girişdə problemin aktuallığı əsaslandırılmış, işlənmə səviyyəsi, tədqiqatın obyekti, predmeti, məqsəd və vəzifələri, istifadə olunmuş tədqiqat metodları, müdafiəyə çıxarılan əsas müddəalar, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti öz əksini tapmışdır.
Dissertasiyanın I fəsli “Tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması üzrə işin nəzəri əsasları” adlanır. Bu fəsil 5 paraqrafdan ibarətdir. Fəslin birinci paraqrafında “Şəxsiyyətin milli-mənəvi mədəniyyətinin formalaşdırılmasının tarixi, fəlsəfi və sosial-pedaqoji aspektləri” kimi mühüm məsələ nəzərdən keçirilir. Göstərilir ki, şəxsiyyətin istər milli-mənəvi mədəniyyətinin, istərsə də sosiallaşmasının formalaşdırılması problemləri tarixən aktual olmuşdur. Odur ki, dissertasiyada ilk növbədə şəxsiyyətin milli-mənəvi mədəniyyətinin formalaşdırılmasının tarixi, fəlsəfi və sosial-pedaqoji aspektlərinə münasibət bildirilir.
Mütəfəkkirlər, filosoflar mənəvi mədəniyyətin rolunu həmişə yüksək qiymətləndirmişlər. Dissertasiyada Konfutsinin, Konfutsinin ardıcılı Xan Feyin, Sokratın, Platonun, Aritotelin, Demokritin, Protaqorun, Con Lokkin, Benedikt Spinozanın, İmannuel Kantın, Hegelin, Feyerbaxın, Mirzə Fətəli Axundzadənin, Abbasqulu ağa Bakıxanovun fikirlərinə müraciət edilir. Sokrat mənəvi mədəniyyətə yiyələnmədə “Özünü tanı” kəlamına öncül yer verirdi. Dahi filosofa görə, xeyir bilik öz ifadəsini tapırsa, şər cəhalətin nəticəsi kimi meydana gəlir. Var-dövlətə gəldikdə isə, sərvət, ümumiyyətlə, xeyir gətirmir. Sokratın qənaəti belə idi ki, adamlar əxlaqsız hərəkətlərin nə olduğunu aydın təsəvvür etsəydilər, pis hərəkətlərə yol verməzdilər. Nöqsanları doğuran bilməməzlikdir. Naqis əməl insanın səhvi kimi meydana gəlir.
Dissertasiyada Demokritin mənəvi mədəniyyətlə sıx bağlı olan aşağıdakı fikirləri diqqətə çatdırılır: “Yaxşı adam o şəxs deyil ki, yalnız pislik etməsin; o gərək heç bir pislik barədə düşünməsin də”.
Abbasqulu ağa Bakıxanov öz əsərlərində yaxşılığı şəxsiyyətin çox dəyərli keyfiyyəti, ən gözəl xasiyyəti kimi təqdim edirdi. Dahi mütəfəkkir yazırdı: “İnsan gərək öz həmcinsinə - insana “həmişə yaxşılıq etməyə çalışsın və bilsin ki, əxlaqı təmizləyib islah etməkdən məqsəd yaxşılıqdır. Çünki onsuz əməl meyvəsiz ağac kimi əhəmiyyətsiz olur”.
Tələbələr arasında tərbiyə işləri aparılarkən onlara başa salınmalıdır ki, mənalı həyat ən böyük sərvətdir. İnsan digər canlılarla müqayisədə eyni zamanda ictimai varlıqdır. Odur ki, o, kor-koranə ömür sürmür, şüurlu şəkildə öz həyatının mənası barədə fikirləşir. Elə bu səbəbdən də əxlaq nəzəriyyəsində xüsusi problem - insan həyatının mənası problemi mövcuddur. Sağlam düşüncəyə yiyələnmiş elə şəxs olmaz ki, həyatın mənasının nə olması ilə bağlı özünə sual verməsin. İnsanlar nə üçün mövcuddurlar, həyatın mənası olurmu, olursa nədədir, hansı həyat tərzini seçmək məqsədəuyğundur?
I fəslin ikinci paraqrafı “Tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması: mahiyyəti, məqsəd və vəzifələri” adlandırılmışdır. Paraqrafda bu məsələlər nəzərdən keçirilərkən “Ali təhsil müəssisəsinin nümunəvi Nizamnaməsi”ndə öz əksini tapmış ümdə vəzifələr yada salınır. Eyni zamanda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa da müraciət olunur. Qanunun “Təhsilin əsas məqsədi” adlı dördüncü maddəsi diqqətə çatdırılır.
Azərbaycanda gənclər siyasəti gənclərin hərtərəfli və ahəngdar inkişafına, cəmiyyət həyatında yaxından iştirakına, fəal vətəndaşlıq mövqeyi qazanmasına öz köməyini göstərir. Gənclər siyasəti gənclərin sağlamlığı, təhsili, tərbiyəsi, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin ayrı-ayrı sahələrində yaxından iştirakı kimi mühüm məsələləri özündə birləşdirir. Azərbaycan gəncliyi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və başqa sahələrdə uğurlara imza atır, dövlətçilik ənənələrini uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasa öz töhfələrini verirlər.
Yeni pedaqoji təfəkkür tələbələrdə milli-mənəvi mədəniyyətinin formalaşdırılmasını mühüm tələb kimi irəli sürür. Bu işin uğurlu olmasından ötrü milli şüur və mənəvi mədəniyyət barədə aydın təsəvvürə malik olmağımız və həmin istiqamətdə işlər aparılması lazımdır.
Mənəvi şüurun təşəkkülündə və mənəvi davranış təcrübəsinin formalaşmasında mənəvi inamın və mənəvi əqidə böyük rolu oynayır. Milli şüur və milli mədəniyyət istənilən millətin ayrılmaz və çox mühüm əlamətidir. Milli mədəniyyət milli özünüdərkin daşıyıcısı kimi çıxış edir. Mənlik şüuruna yiyələnən şəxs öz davranış və rəftar tərzini, hərəkətlərini müstəqil şəkildə seçə bilir, başqa adamlar qarşısında məsuliyyətini anlayır, özünü təhlil və özünümühakimə qabiliyyətinə yiyələnir, özünə gündəlik hesabat verir.
I fəslin “Tələbələrin sosiallaşması yeni pedaqoji təfəkkürün tələbi kimi” adlanan üçüncü paraqrafında aşağıdakı məsələlərin üzərində dayanılır: Yeni pedaqoji təfəkkür tələb edir ki, şəxsiyyətin sosiallaşması probleminə xüsusi diqqət yetirilsin. “Sosiallaşma” anlayışı konkret sosiomədəni kontekstdə insanın sosial kamilliyinin, sosial keyfiyyətlərinin inkişafının səviyyəsi deməkdir. “Sosiallaşma” termini latınca socialis — “sosial” (“ictimai”) sözündən əmələ gəlmişdir.
“Sosiallaşma” anlayışını elmə ilk dəfə XIX əsrin sonlarında fransız sosioloqu E. Dürkqeym gətirmişdir. Şəxsiyyətin, həmçinin tələbənin sosiallaşması problemi bu gün də öz aktuallığını özündə saxlayır. Sosiallaşma prosesi şəxsiyyətin cəmiyyətə adaptasiyasını nəzərdə tutur. Bu, o deməkdir ki, insan, ayrı-ayrı şəxslər cəmiyyətin fəal üzvləri olurlar. Deməli, sosiallaşma tələbə-gənclərin, insanların fəal vətəndaşlar, şəxsiyyətlər kimi formalaşma prosesi, bu cəmiyyətə, sosial birliyə, qrupa xas olan sərvətlərin, normaların, ustanovkaların, davranış nümunələrinin, mənsub olduğu toplumun bir hissəsi olduğunu öyrənməsidir. Başqa sözlə, şəxsiyyətin inkişafı, sosiallaşma insanların, təhsilalanların, o cümlədən tələbələrin yaşadığı cəmiyyətə uyğunlaşması deməkdir. Həmin prosesi həm də cəmiyyətə hazırlanma kimi də səciyyələndirirlər.
Sosiallaşma erkən uşaqlıqdan başlanır və bütün şüurlu həyatını əhatə edir. Şəxsiyyət kimi formalaşmada bioloji və psixoloji amillərlə bərabər, sosial amillər də təsir göstərir. Sosial amil dedikdə, söhbət ictimai-siyasi fəaliyyətdən gedir. Sosial amilin təsiri ilə fəal vətəndaş yetişir. Şəxsiyyətin sosiallaşma üçün, hər şeydən əvvəl mühit, başqa sözlə cəmiyyət, insanın sosiallaşmaya psixoloji hazırlığı və ehtiyacı böyük əhəmiyyət daşıyır. Sosiallaşmanın uğursuz olması mənfi davranışa yol açır. Bir sıra hallarda uşaq və yeniyetmələr, eyni zamanda tələbə-gənclər onları əhatə edən mikromühitin mənfi təsirini öz üzərlərində hiss edirlər. Belə davranış tərzi isə, adətən cəmiyyət və onun üzvləri tərəfindən qəbul olunmur.
Ailədə ata-analar oğlanlara kişi; qızlara isə, qadın üçün səciyyəvi sayıla biləcək sosial rolları mənimsətməyə çalışırlar. Həmin iş lazımı səviyyədə təşkil edilərsə, uşaqlar normal və öz rollarını mənimsəmiş halda sosial həyata daxil olarlar. Əks təqdirdə, uşaq və yeniyetmələrin, gənclərin davranışları və rəftar tərzləri ailə cəmiyyətin istəyi həmahəng olmaz.
Sosiallaşma məzmunu baxımından iki tərəfli bir proses kimi özünü göstərir. O həm cəmiyyətin sosial-tarixi təcrübəsinin, simvollarının, sərvətlərin və normaların ötürülməsindən (varislik prinsipi), həm də fərdin onları mənimsəməsindən ibarətdir.
Sosiallaşma prosesində başlıca istinad nöqtəsi öz “mən”inin dərk edilməsi və başa düşülməsidir. Bu, şəxsiyyətin öz müstəqilliyinə nail olması ”Mən” obrazının formalaşması prosesində iki fərqli məqamdır. Öz “Mən”ini başa düşmə - şəxsiyyətin sərvət özəyinin inkişafı prosesi kimi nəzərdən keçirilə bilər.
Tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması və bu əsasda onlarda sosiallaşmanın təşəkkül tapmasını təmin etmək məqsədi ilə gənc oğlan və qızlar arasında tərbiyəvi və təhsilləndirici işləri aparan ali təhsil müəssisələrinin pedaqoji kollektivləri mənəviyyatın mahiyyətini, onun yaranması və inkişafını, elmi meyarını və cəmiyyətin həyat və fəaliyyətində vəzifələrini düzgün anlamalıdırlar. Nəzərə almaq lazımdır ki, insanların davranış və rəftar qaydaları, norma və prinsipləri şəxsiyyətlərarası münasibətləri qura bilmək bacarığı tələbələrin hərəkətlərini qiymətləndirməyə imkan verir. Həmin qayda, norma və prinsiplər, ilk növbədə ictimai xarakterə malikdir. Şəxsiyyətin davranış və rəftarı, öz-özlərinə və başqalarına münasibətləri, mənəvi baxışları ictimai tələbatdan irəli gəlir. İctimai varlıq dəyişdikdə şəxsiyyətin mənəvi baxışlarında da müəyyən dəyişikliklər özünü göstərir.
Tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması və bu əsasda onlarda sosiallaşmanın yaradılması yolu ilə gənc nəslə qanuna hörmət tərbiyəsi aşılamaq olar. Onlar öz hüquq və vəzifələri ilə yaxından tanış olar, öz hüquqlarını tələb etməklə yanaşı Azərbaycan Respublikasının Konstitusiyası ilə üzərlərinə qoymuş vəzifələri yerinə yetirərlər. Milli-mənəvi dəyərlər ölkənin birlik və müstəqilliyini qorumaq üçün baza sayılır. Bu dəyərlər gündəlik həyatımızın əsasını, iqtisadi və siyasi münasibətlərin bünövrəsini təşkil edir.
Dissertasiyanın II fəslinin dördüncü paraqrafı “Tələbənin milli-mənəvi mədəniyyəti sosial-pedaqoji problem kimi” adlanır. Göstərilir ki, milli-mənəvi tərbiyə üzrə görülən işlər şəxsi inkişaf sferasında ali məktəbdə aşağıdakıları təmin etməlidir: mənəvi inkişafa hazır olma bacarığı, mənəvi özünütəkmilləşdirmə, özünəqiymət, öz həyatının mənasını dərk etmək, fərdi davranış məsuliyyəti; mənəvi və produktiv fəaliyyətin yaradıcı potensialda realizə edilməsinə hazırlıq və bu sahədə bacarıq; əxlaqi normalar əsasında sosial və peşəkar mobilləşmə, fasiləsiz təlim və hərtərəfli kamilləşmə və təkmilləşmə; azadlıq idealları, iradə və ölkənin mənəvi ənənələri, öz vicdanının səsinə qulaq asmaq; milli-mənəvi mədəniyyəti və sosiallaşmanın təşəkkülü; əxlaqi davranış, qanunun tələblərinin gözlənilməsi; yaxşılıq və xeyirxahlıq arzusu; vicdanın inkişafı, şəxsiyyətin mənəvi dərkolunması, mənəvi özünüyoxlama, əxlaq normalarını yerinə yetirməyi özündən tələb etmək, özünə və başqalarının hərəkətlərinə mənəvi qiymət vermək; milli-mənəvi dəyərlərin, milli-mənəvi ənənələrin şəxsiyyət tərəfindən qəbul edilməsinə nail olmaq; öz ictimai mövqeyini deyib üstündə dayanmaq və öz addımlarını, hərəkət və əməllərini tənqidi qiymətləndirmək bacarığı və istəyi; əxlaqi seçim əsasında həyata keçirilən müstəqil işlərə və hərəkətlərə tələbat, onların nəticələrinin məsuliyyətini anlamaq, məqsədə çatmaqda inadkarlıq; digər insanların qədir və qiymətini, insan həyatının dəyərini başa düşmək, həyata təhlükə yaradan hərəkətlərə, şəxsiyyətin fiziki və mənəvi sağlamlığına və ruhi təhlükəsizliyinə qarşı olan hərəkət və təsirlərə qarşı dözümsüzlük, onlara qarşı əks fəaliyyət göstərmək bacarığı; azadlıqsevərlik, şüurlu şəxsiyyətə, peşəkara, vətəndaşa, digər özünütəyinə və inkişafa rəğbət, ailə, cəmiyyət, Vətən, gələcək nəsillər qarşısında şəxsiyyətin əxlaqi cavabdehliyi;
İctimai münasibətlər sferasında milli-mənəvi inkişaf və tərbiyə ali məktəb tələbələrini aşağıdakılarla təmin etməlidir: vətənpərvərlik və vətəndaş həmrəyliyi hissinin inkişafı; milli-mənəvi dəyərlərin mənimsənilməsi, milli adər və ənənələrlə tanışlıq, onların qorunması və təbliği; vətənpərvərlik, yurdsevərlik nümayiş etdirmək; çoxmillətli Azərbaycan xalqının firavanlığı qayğısına qalmaq, etnikarası sülh və razılaşmanın qorunması; ailə dəyərlərinə rəğbət, ailənin şərəf və ləyaqətini qorumaq; şəxsi və ictimai şərəf və ləyaqət hisslərinə malik olmaq; Azərbaycan Respublikasının çoxmillətli xalqına olan mənsubiyyətimiz.
Vətənə lazımdır: ailəni başa düşən və ona dayaq olan mənəvi dayaqlar, məhəbbət, qarşılıqlı kömək, valideynə hörmət, kiçik və böyüklərə qayğı, digər insana olan məsuliyyət; insan həyatına həssaslıq, nəslin artırılması kimi müqəddəs duyğu, nəsillərin mənəvi, mədəni və sosial varisliyi.
Azərbaycan vətəndaşının milli-mənəvi inkişafı və tərbiyəsinin təmin olunması Azərbaycan Respublikasının müasir dövlət siyasətinin ən vacib məsələsidir.
Şəxsiyyətin milli-mənəvi inkişafı bütövlükdə mürəkkəb və çoxplanlı prosesdir. O, insan həyatının bütün sahəsini əhatə edir. Bununla əlaqədar olaraq ali məktəblərdə tədris və tərbiyə prosesində elə pedaqoji metodlardan istifadə etmək lazımdır ki, tələbə real həyati nümunələrə cəlb oluna bilsin, oxuyub-öyrənsin, əmin olsun ki, o, cəmiyyətə, Vətənə layiq övlad kimi böyüməli, yetişməlidir. İnsan xeyirxahlığı pislikdən ayıra bilmirsə, həyatı, ailəni, digər adamları düzgün qiymətləndirmirsə, yaxud obyektiv qiymətləndirmək fikrində deyilsə, o, yaxşı tərbiyə almamışdır. İnsan özünü hansı mənəvi münasibətlərdə tapırsa, həmin münasibətləri mühitində öz şəxsiyyətini inkişaf etdirir.
Əxlaqi dəyərlərin baza sistemləri şəxsiyyətin milli-mənəvi mədəniyyətinin inkişafının və bu əsasda sosiallaşmasının təşəkkülü əsasını təşkil edir.
Tələbə ali məktəb kursunu bitirərkən başa düşməlidir ki, özünü mənəviyyatlı, rəhmli, vicdanlı, mərifətli, nəzakətli, xoşqılıqlı etməklə ətrafındakı aləmə də zənginlik və gözəllik bəxş edir.
Tələbələrin milli-mənəvi mədəniyyətinin formalaşdırılması baxımından təlim prosesinin imkanları çoxdur. Ayrı-ayrı ali məktəb fənləri (Azərbaycan tarixi, Ədəbiyyat, Uşaq ədəbiyyatı, Pedaqogika, Psixologiya, Ailə pedaqogikası, Milli əxlaq və ailə etikası və s.) buna imkan yaradır.
I fəslin beşinci paraqrafı “Tələbələrin sosiallaşmasında milli-mənəvi mədəniyyətin rolu” adlanır. Bu paraqrafda göstərilir ki, yeni pedaqoji təfəkkür şəraitində hər bit şəxsin, o cümlədən ali təhsil müəssisələri tələbələrinin vahid sosial tamlığa gətirilməsi və cəmiyyətin həyatı ilə sıx bağlılığın təmin olunmasıdır. Bu sahədə şəxsiyyətin sosiallaşması xüsusi rol oynayır. Sosiallaşma hər bir kəsin cəmiyyətin tamdəyərli üzvü olmasına imkan və şərait yaradır.
Müasir milli tərbiyəvi ideal ölkəmizin taleyini düşünən, onun təhlükəsizliyi, suverenliyi, azadlığı uğrunda hər zaman mübarizəyə hazır olan, Vətənimizin keşiyində və müdafiəsində duran yüksək mənəviyyatlı, yaradıcı, təşəbbüskar, səriştəli Azərbaycan vətəndaşıdır.
Tələbə şəxsiyyətinin mənəvi-ruhi inkişafının və tərbiyəsinin, onun mənəvi həyat tərzi təşkili aşağıda göstərilənlərə əsasən həyata keçir: müəllimin mənəvi idealı; sosial-pedaqoji tərəfdaşlıq; fərdi inkişaf; mənəvi-ruhi tərbiyə proqramının inteqrativliyi; tərbiyənin sosial tələblər baxımdan aktuallığı və s.
Ali təhsil müəssisələri tələbələrin tərbiyəsi və milli-mənəvi inkişafının ictimai münasibətləri sahəsində aşağıda göstərilən məsələləri təmin etməlidir: tələbələr ümumi milli-mənəvi dəyərləri qəbul etməklə özlərini Azərbaycan Respublikasının vətəndaşları kimi hiss edərək bundan qürur və iftixar hissələri keçirməlidirlər; xarici və daxili çətinliklərə qarşı durmağı bacarmalıdırlar; vətənpərvərlik hissləri və vətəndaşlıq həmrəyliyi nümayiş etdirməlidirlər; Azərbaycan Respublikasının çoxmillətli xalqının rifah halına qayğı ilə yanaşmalı, etniklərarası sülhün müdafiəsində dayanmalıdır; cəmiyyətin özəyi kimi ailənin dəyərlərinə hörmət etməlidir və s.
Tələbələrin sosiallaşmasında mənəvi-ruhi mədəniyyətin formalaşdırılması zamanı bəzi meyarlar əsas götürülməlidir. Həmin meyarlar aşağıdakılar ola bilər: 1. Aktual sosial-pedaqoji problemlərin həlli məqsədilə təhsil metodikalarının əhəmiyyətinin dərk olunması; 2. Mənəvi-ruhi mədəniyyətin əsaslarının öyrənilməsi formaları və vasitələrinə, eyni zamanda mənəvi-ruhi ideal təhsil proqramlarının məzmunu və məqsədlərinə, metodikalarına uyğun olaraq, digər tərəfdən, Azərbaycan respublikasının təhsillə bağlı qanunvericiliyinə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dəsti-xətt seçmək.
Ali təhsil müəssisələrində tələbələrin sosiallaşmasında mənəvi-ruhi mədəniyyətin formalaşdırılması üzrə aparılan məqsədyönlü, sistemli və fasiləsiz iş nəticəsində aşağıdakılara nail olunur: xeyir və şərlə bağlı cəmiyyətdə qəbul olunmuş təsəvvürlər əsasında davranış təcrübəsinin formalaşdırılması; insan azadlığına, iradəsinə, milli adət-ənənələrə əsaslanan, vicdanın hökmü ilə səsləşən mənəviyyatın möhkəmləndirilməsi; mənəvi dəyərlərin, mili-mənəvi ənənələrin şəxsiyyət tərəfindən qəbul olunması; əxlaqın saflaşdırılmasına, mənəvi inkişafa, mənəvi özünütəkmilləşdirməyə, özünüqiymətləndirməyə, öz həyatının mənasını dərketməyə, fərdi məsuliyyətli davranışa hazır olma və bunlara qabiliyyətin mövcudluğu; özünün ictimai mövqeyini ifadə etmək və sözünün, mövqeyinin müdafiəsində durmaq qabiliyyəti; tənqid və özünütənqidə qabillik; mənəvi və əşyavi-produktiv fəaliyyətdə yaradıcı imkanın həyata keçirilməsinə hazırlıq və buna qabillik; əxlaqi normalar əsasında sosial və peşə mobilliyi, “yaxşı olmaq” üçün fasiləsiz təhsil və universal-mənəvi yönəlmələr; mənəvi seçim əsasında müstəqil fəaliyyət və hərəkətlərə qabillik, bunlara görə məsuliyyətin dərk olunması; nəticəyə nail olmada məqsədyönlülük və təkidlilik; başqa insanların, o cümlədən tələbə yoldaşlarının yaxşı tərəflərini, dəyərlərinin, insan həyatının qiymətinin dərk olunması; həyat üçün, fiziki və mənəvi sağlamlıq üçün təhlükə yaradan hərəkət və təsirlərə dözülməzlik; şəxsiyyətin ruhi təhlükəsizliyi; şəxsiyyətin mənəvi özünüdərki kimi vicdanın inkişaf etdirilməsi, şəxsi mənəvi öhdəliklərin formalaşdırılması qabiliyyəti; mənəvi özünənəzarətin həyata keçirilməsi; əxlaqi normaları yerinə yetirməyi öz-özündən tələb etmək, özünün və başqalarının hərəkətlərini mənəvi baxımdan qiymətləndirmə; azadlıqsevərlik - şüurlu şəxsiyyət, peşə, vətəndaşlıq və digər özünütəsdiq və inkişaf amili kimi, ailə, cəmiyyət, Vətən, gələcək nəsillər qarşısında əxlaqi məsuliyyət.
Şəxsiyyətin sosiallaşmasının mərhələləri: 1. Birinci sosiallaşma - şəxsiyyətin anadan olmasından onun təşəkkülünə qədər davam edir. 2. İkinci sosiallaşma - kamillik və sosiumda olma dövründə şəxsiyyətdə yenidən təşkilolunma baş verir.
Ali məktəblərin pedaqoji kollektivləri yuxarıda deyilən məsələləri öz fəaliyyətlərində nəzərə almalıdırlar.
Dissertasiyanın II fəsli “Milli-mənəvi mədəniyyətin formalaşdırılması üzrə işin praktik məsələləri” adlanır. Bu fəsil 4 paraqrafdan ibarətdir. Fəslin “Milli-mənəvi mədəniyyətin formalaşdırılması üzrə aparılan işlər tələbələrin sosiallaşmasının başlıca şərti kimi” adlanan birinci paraqrafında deyilir: Milli-mənəvi mədəniyyətin formalaşdırılması üzrə aparılan işlər tələbələrin sosiallaşmasının başlıca şərti kimi nəzərdən keçirilə bilər. Tələbələrin sosiallaşması yeni pedaqoji təfəkkür şəraitində mühüm məsələlərdən biri kimi diqqət mərkəzinə gəlir. Tələbələr ali təhsil müəssisələrində müəyyən peşələrə (müəllim), konkret ixtisaslara (tarix müəllimi) yiyələnirlər. Gələcək mütəxəssis üçüm mədəniyyət heç də bir dəstə dəyər deyil, əslində yaradıcı fəaliyyət imkanları, mənəviyyat, ruhi aləmdir, əxlaqi təmizlik, saflıqdır.
Tələbələrdə milli-mənəvi mədəniyyətin təşəkkülü istiqamətində aşağıdakı vəzifələr həyata keçirilməlidir: tələbələrdə mənəvi-ruhi inkişafa, mənəvi təkmilləşməyə, özünüqiymətləndirməyə, öz həyatının mənasını bilməyə, nümunəvi davranışa tələbat yaradılmalıdır; əxlaqi normalar əsasında mənəvi fəaliyyətdə, sosial və peşə mobilliyində fəallıq olmalıdır; azadlığa, iradəyə və mənəvi-ruhi milli ənənələrə əsaslanmaqla mənəviyyatı inkişaf etdirmək lazımdır, əxlaqın saflaşdırılması təmin olunmalıdır; tələbələrdə vicdanlılıq, xeyirxahlıq, ədalətlilik, humanizm, obyektivlik, insansevərlik, vətənpərvərlik və s. bu kimi müsbət keyfiyyətlərin formalaşdırılması qayğısına qalmaq lazımdır; milli dəyərlərə, milli mənəvi adət və ənənələrə hörmət hissləri inkişaf etdirilməlidir; milli şərəf və milli ləyaqət, ailə şərəfi və ləyaqəti, milli mənlik şüuru formalaşdırılmalıdır; tələbələrdə tənqidi təfəkkürün inkişaf etdirilməsi nəzərdə tutulmalı, özünütənqid bacarığı yaradılmalıdır; toleranqlığın tərbiyə olunmasına nail olunmalı, intolerantlığın yalnız düşmənə münasibətdə lazım gəldiyi tələbələrə başa salınmalıdır; başqalarının mənafeyinin tapdalanmaması, eyni zamanda insan həyatının dəyərinin başa düşülməsi təmin edilməlidir; insanların həyatına, bəşəriyyətin mövcudluğuna təhlükə törədə biləcək hallara qarşı barışmazlıq tərbiyə olunmalı, ətraf mühitin, ekologiyanın qorunmasına tələbat yaradılmalıdır; öz ailəsi, Vətənimiz üçün borc, məsuliyyət hissi, cavabdehlik formalaşdırılmalıdır və s.
Milli-mənəvi mədəniyyətin formalaşdırılması üzrə aparılan işlər tələbələrin sosiallaşmasına təsirini artırmaq üçün müəyyən meyarlar əsas götürülməlidir. Aşağıda qeyd edəcəyimiz meyarları məqsədəuyğun hesab edirik: definisial meyar (ruhi-mənəvi kateqoriyaları və onların tətbiqini bilmək); davranış-iradı yönlü meyar (fəaliyyətin hər hansı bir növündə şəxsiyyətin ruhi-mənəvi mədəniyyətə yiyələnməyə hazır olması, özünütəkmilləşməyə cəhdi, əxlaq normalardan kənaraçıxmalara qarşı barışmazlıq); imperativ meyar (məntiqi təfəkkürün formalaşdırılması, mənəvi-ruhi sahə çərçivəsində fəaliyyətin məqsədəyönəlmişliyi) və s.
Fəslin ikinci paraqrafı “Təlim prosesində tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması üzrə işin imkanları və yolları” adlanır. Tələbələrdə milli-mənəvi mədəniyyətin tərbiyə olunmasında təlim prosesinin özünəməxsus rolu vardır. Ali təhsil müəssisələrində bu iş mühazirə və seminar məşğələlərinin köməyi ilə həyata keçirilir. Mühazirəçi professor, dosent, baş müəllim ayrı-ayrı mövzuların tərbiyələndirici imkanlarından faydalanaraq tələbələri milli-mənəvi mədəniyyəti yiyələndirməklə onların sosiallaşması qayğısına qalır.
Tədqiqatın gedişində biz ali təhsil müəssisələrinin Azərbaycan tarixi, ədəbiyyat, uşaq ədəbiyyatı, pedaqogika, psixologiya, Milli əxlaq və ailə etikası və Ailə pedaqogikası fənlərinin dissertasiyada nəzərən keçirdiyimiz problem baxımından imkanlarını araşdırdıq, dərslər, mühazirə və seminar məşğələləri müşahidə olundu.
İlk növbədə Azərbaycan tarixi fənninin imkanları nəzərdən keçirildi. Diqqət milli-mənəvi mədəniyyətin və bu əsasda tələbələrə sosiallaşmanın aşılanması məsələlərinə yönəldi. Pedaqoji fakültənin və ədəbiyyat müəllimi hazırlığı fakültəsinin tələbələri tədqiqata cəlb edilmişlər.
Dissertasiyada Azərbaycan tarixi fənni üzrə tədqiqata cəlb olunan mövzularla tanış olmaq mümkündür. Aşağıdakı istiqamətlərə fikir verildi: Azərbaycan tarixi fənnindən "Yenidənqurma" və Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan münasibətlərinin kəskinləşməsi ilə bağlı məsələlərinin öyrənilməsi də tələbələrdə milli-mənəvi mədəniyyətin təşəkkül tapmasına və bu əsasda onlarda sosiallaşmanın formalaşmasına geniş imkan verir.
Bildiyimiz kimi, XX əsrin 80-ci illərinin ortalarında SSRİ-nin ictimai-siyasi, iqtisadi və mənəvi həyatı böhran içərisində idi. Elmi-texniki tərəqqi lazımi səviyyədə getmirdi, sənayedə avadanlığın mənəvi baxımdan aşınmaqda idi, infrastruktur zəifləmişdi, təbii ehtiyatlar hasilatı yaman gündəydi, maddi ehtiyatların qıtlığı yaranmışdı. Tələbələr həmin dövrə münasibət bildirirlər:
Tələbə Nigar: Böhran əsas etibari ilə SSRİ kimi dövlətin başında duranlarla bağlı idi. Baş katib vəzifəsi, digər əsas vəzifələr səriştəsiz rəhbərlərə, idarəetmə qabiliyyəti zəif olanlara həvalə edilirdi. Mixail Qorbaçov “yenidənqurma” şüarı ilə hakimiyyətə gəlmişdi. “Yenidənqurma” ilə deyil, “yenidənqırma” ilə məşğul idi. Qurmağa yox, dağıtmağa üstünlük verirdi. Özü də bunu etiraf edirdi. Türkiyənin Amerika Universitetindəki çıxışında demişdi: "Həyatının məqsədi kommunizmi məhv etmək olub". Təsəvvür edin belə bir şəxs Sov.İKP-nin Baş katibi idi. Özbəkistanda, Gürcüstanda, Moldovada, Azərbaycanda milli zəmində qırğınlar doğurdu. Yüzlərlə insan qan içində boğuldu.
Tələbə Ziyafət: Böyük bir dövlətin başçısı ola-ola hədiyyələr, bəxşişlərlə öz mənliyini, vicdanını itirməklə məşğul idi. Ermənilərdən qiymətli hədiyyələr alaraq Dağlıq Qarabağı onlara bəxşiş etməyə söz vermişdi. Bu vədi yubandığından o zamanlar Yerevanda bəxşişlərin geri qaytarılması tələbi ilə mitinqlər keçirilirdi. Hətta SSRİ Ali Sovetinin sessiyasında deputat İgityan Qorbaçova ona ərmağan olunan qiymətli hədiyyələri nəzərdə tutaraq "Axı siz söz vermişdiniz..." - demişdi. Bu, tarixi faktdır. Bir dövlət başçısı kimi Mixail Qorbaçovun xəyanətini göstərir.
M. Qorbaçovun sərsəm "yenidənqurma" siyasəti SSRİ-nin, o cümlədən bu imperiyaya daxil olan respublikaların iqtisadiyyatına sarsıdıcı zərbələr vurdu, eyni zamanda cəmiyyəti "siyasiləşdirdi". M. Qorbaçov çoxsaylı məkrli tədbirlər görməyə başladı. Həmin tədbirlərdən ən alçaq xarakterlisi respublikalar arasında ixtilafların yaradılmasından ibarət idi. Türkdilli xalqlar hədəfə alındı. Şovinistlər, o cümlədən qatı erməni millətçiləri müsəlman respublikalarının Türkiyə Respublikasına təbii meylini çox böyük təhlükə kimi dəyərləndirdilər. Ötən əsrin 70-80-ci illərində türkdilli xalqlar əhəmiyyətli sosial-iqtisadi, mənəvi-intellektual, siyasi inkişafda olmuşdular. Heydər Əliyev Sovet İttifaqının çox yüksək dövlət və partiya vəzifələrindən birini yerinə yetirirdi.
Seminar məşğələsində tələbələr buna görə milli iftixar hissi keçirdiklərini bildirdilər.
Tələbə Reyhan: Heydər Əliyevin SSRİ hakimiyyətində ən yüksək vəzifələrdən birində çalışması, Azərbaycan xalqının pənahı olması imperiyanın planlarına zidd idi. Mixail Qorbaçov onun artan nüfuzuna, bacarığına və səriştəliliyinə qısqanclıqla yanaşır, onu özünə rəqib hesab edirdi.
Mixail Qorbaçovun hakimiyyətdən getdikdən sonra özü etiraf edirdi ki, Heydər Əliyev "yenidənqurma prosesini, demokratikləşmə prosesini çox qızğınlıqla, ürəkdən bəyənirdi", "Siyasi Büronun fəal üzvü və son dərəcə ciddi rəhbər" idi. Lakin bütün bunlara baxmayaraq, 1987-ci ilin oktyabrında Heydər Əliyevi öz ərizəsinə əsasən vəzifəsindən azad etdi. Heydər Əliyevin Azərbaycan Respublikasında Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işlədiyi dövr ərzində onun fəaliyyətinin yoxlanılması ilə bağlı komissiyanın yaradılmasına nail oldu.
Mixail Qorbaçovun hakimiyyəti dövründə Azərbaycan xalqına qarşı misli görünməmiş soyqırım həyata keçirilməyə başladı.
Tələbə Ceyran: 1988-ci ildən bu günə qədər Azərbaycan xalqına qarşı çoxsaylı qəsdlər olmuş, XIX və XX əsrlərdə Vətənimizin torpaqları dəfələrlə işğala məruz qalmışdır. İşğal olunmuş torpaqlarımız Ali Baş Komandan, ölkəmizin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində geri qaytarıldı. Bu, tarixi hadisə idi.
Tədqiqat zamanı ali təhsil müəssisələrinin Azərbaycan uşaq ədəbiyyatı fənn proqram və dərsliyini də dissertasiyadan nəzərdən keçirilən problem baxımından araşdırıldı.
Fənn üzrə proqram və dərsliyin problem baxımından araşdırmaların nəticəsi dissertasiyada öz əksini tapmışdır. Əsərləri öyrənilməsi nəzərdə tutulan yazıçı və şairlərin yaradıcılıq nümunələrinin, hər birinin, eyni zamanda folklor nümunələrimizin tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması və bu əsasda onlarda sosiallaşmanın tərbiyə olunması baxımından imkanları vardır.
Seminar məşğələsində Abbasqulu Bakıxanovun həyat və yaradıcılığı ilə tanışlıq zamanı onun digər mənzum hekayələri ilə yanaşı “Ümidin boşa çıxması” əsəri üzərində xüsusi dayanılır. Bu mənzum hekayə də tərbiyələndirici, təhsilləndirici imkanlara malikdir.
Müəyyən bir hadisənin əhatəsi tədbir və tərbiyənin tərkibi olub bu və ya digər qrupda hər bir kollektiv üzvünün müəllim və tələbələr tərəfindən qiymətləndirilməsini nəzərdə tutur. İnformasiya mühiti elmi biliklər sistemi, şəhər və rayonlardakı, ölkə və dünyadakı hadisələr, əxlaqi sərvətlər haqqındakı informasiya, mədəniyyət sahəsindəki nailiyyətlər haqqında, tarixi şəxsiyyətlər barədə, ədəbiyyat və incəsənət, elm, texnika, idman və s. sahəsindəki yeniliklər barədə və s. təsəvvür yaradır. İnformasiya mühiti tələbələrin milli-mənəvi yönümdə formalaşması amili olur ki, burada hər bir fakt pedaqoji fakt kimi nəzərə alınır. Beləliklə, milli-mənəvi mədəniyyətin tərbiyəsi şərtlərinin müəyyənləşdirilməsində əsas istiqamətlərdən biri tərbiyəvi mühitin formalaşdırılmasıdır. Bu istiqamətdə aparılan işlər o zaman uğurlu sayıla bilər ki, mühitin hər bir komponenti əvəzolunmaz və digəri ilə qarşılıqlı əlaqədə olsun. Komponentlərin qarşılıqlı əlaqəsi tərbiyəvi fəaliyyətin təşkili zamanı mümkün ola bilər ki, bu da incəsənətin birgə yaradıcılığı ilə pedaqoji prosesin subyektlərinin münasibətlərində özünü büruzə verir. Əsas məqsəd milli-mənəvi mədəniyyətin səviyyəsinin qaldırılmasıdır.
Milli-mənəvi mədəniyyətin formalaşmasında ikinci şərt - tələbələrin milli-tərbiyəedici fəaliyyətə cəlb olunmasıdır. Bu zaman aşağıdakılar nəzərə alınmalıdır: tərbiyəvi tədbirlərin planlaşdırılmasında özünü göstərən ehtiyac, maraq, tələbənin arzu və meyli; fəaliyyətin aksioloji məzmununun tamlığı; tələbələrin subyektiv mövqelərinin inkişafına yönəlmiş tərbiyəvi işlər; tərbiyəvi tədbirlərin kollektiv planlaşdırılmasında tələbənin ehtiyacının, marağının, meylinin nəzərə alınması; fəaliyyətin aksioloji məzmununun dolğunluğu; təlimdənkənar yaradıcı fəaliyyətin təşkili zamanı sosial-mədəni fəaliyyətin tərbiyəvi imkanlarından faydalanmaq; tələbələrin subyekt mövqelərinə tərbiyəvi işlərin yönəlməsi; təlimdənkənar işlərdə tərbiyəvi təsirlərdə fərdiləşdirmə və diferensiallaşma əsasında dəyər emosiyaların stimullaşdırılmasında vasitələrin tətbiqi.
II fəslin üçüncü paraqrafı “Auditoriyadankənar tədbirlər zamanı tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması üzrə işin imkanları və yolları” adlanır. Bu paraqrafda aşağıdakı məsələlər diqqət mərkəzinə gətirilir: Mənəvi mədəniyyətin tərbiyəliliyi diaqnostikası 89 tələbənin yüksək, orta və aşağı qrup səviyyələrini təyin etməyə və mənəvi mədəniyyətin tərbiyəliliyi üzrə müxtəlif qrup tələbələri ilə müxtəlif iş formalarını planlaşdırmağa kömək göstərir.
Auditoriyadankənar işlərin təşkili zamanı aşağıdakı cəhətlər diqqət mərkəzində dayanırdı: tərbiyəvi tədbirlərin düzgün planlaşdırılması; tədbirlər planlaşdırılarkən tələbələrin arzu və istəklərinin, maraq və meyllərinin nəzərə alınması; tələbələrin müstəqilliyinə, təşəbbüskarlığına diqqət yetirilməsi; hər bir tələbənin subyektiv mövqelərinin inkişafına şərait yaratmaq; təlimdənkənar yaradıcı fəaliyyətin təşkili zamanı sosial-mədəni fəaliyyətin tərbiyəvi imkanlarından faydalanmaq; fəaliyyətin aksioloji məzmununun tamlığı və s.
Ali təhsil müəssisələrinin təcrübəsində auditoriyadankənar işin söhbət, müzakirə, disput, müsabiqə, yarış, dəyirmi masa ətrafında rəy mübadilələri, tematik axşam, görüş, ekskursiya, kino-filmlərə, televiziya və teatr tamaşalarına, sərgilərə baxışlar, “Şən və hazırcavablar klubu”nın fəaliyyəti və s. geniş yayılmışdı. Həmin iş formaları tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması və bu əsasda sosiallaşmanın təşəkkül tapmasına kömək göstərirdi.
Eksperimentə cəld edilmiş tələbə qrupları ilə “Azərbaycan mütəfəkkirləri mənəvi keyfiyyətlərə yiyələnməyin vacibliyi haqqında”, “Davranış mədəniyyəti”, “Xoşbəxtliyin sirri nədədir”, “Erməni qəsbkarlarının məkirli siyasəti”, “Yenidənqurma - yenidənqırma”, “Həyatın mənası”, “Xoşbəxt ailənin sirləri”, “Yaxşı dost”, İdeal oğlanın (qızın) portreti”, “Haradan başlanır Vətən”, “20 Yanvar - həyata keçirilmiş dəhşətli soyqırım”, “Xocalı faciəsi - dünyanı dəhşətə gətirən soyqırım” və s. mövzularda söhbətlər; Ailə səadətinin mənası nədir?”, “Layiqli oğul nə deməkdi”, “Sevimli adamın şərəfini necə qorumalı?”, “Haqsız təhqir”, “Sadəlik və təvazökarlıq”, “Sənin hüquq və vəzifələrin”, “Sənin qanun qarşısında borcun” və s. mövzularda müzakirə və disputlar keçirilirdi.
Nəinki təlim prosesində - mühazirə və seminar məşğələlərində, həmçinin təlimdənkənbar vaxtlarda müəllimin nümunəsi vacibdir. Tənəffüslərdə tələbələrlə ünsiyyətdə olmaq - onların tələb və maraqlarını öyrənməyin yaxşı üsuludur. Təlim məşğələlərindən kənar vaxtlarda, tənəffüslərdə tələbələri daha yaxşı tanımaq olur, nəinki mühazirə və seminarlarda. Təlimdənkənar vaxtlarda tələbələr bilavasitə təhsillə bağlı olmayan suallarla müəllimlərinə müraciət edirlər. Bu suallar ölkəmizin daxili və xarici siyasətinə, uğurlarına, mədəniyyət, incəsənət, elm və idmana, texniki nailiyyətlərə aid ola bilir. Belə suallara verilən müfəssəl, savadlı və bitkin, tələbələri razı sala biləcək cavablar müəllimin hörmətini artırır.
Auditoriyadankənar iş sistem xarakteri daşıyır. Bu işin vacib elementi fərdi məsləhətlər sayılır ki, onların da mövcudluğu və xüsusiyyəti ayrıca nəzarət tələb edir. Müəllimin tələbələrlə auditoriyadankənar ünsiyyəti böyük tərbiyəvi əhəmiyyət daşıyır. Müəllimin pedaqoji səriştəliliyi bu sahədə zəngin imkanlara malikdir.
Yeni pedaqoji təfəkkür şəraitində şəxsiyyətin, o cümlədən tələbə gənclərin sosiallaşması problemi özünəməxsus əhəmiyyət daşıyır. Sosiallaşma uşaqlarda erkən yaşlardan başlanır, ömrü boyu insanı müşayiət edir. Sosiallaşma şəxsiyyətin mədəniyyətə qovuşmasının hər bir prosesini (fərdin maariflənməsi və tərbiyələnməsi, şəxsiyyətlərarası münasibətlərdə iştirakı, cəmiyyətdə mövcud olan etik qaydalara, hüquq normalarına, sosial rollara, birgə fəaliyyət növlərinə, dünyagörüşünə yiyələnməsi və s.) özündə birləşdirir. Bütün bunlar şəxsiyyəti getdikcə bioloji varlıqdan sosial varlığa çevirir. Beləliklə, o, cəmiyyətdə yaşamağa və fəaliyyət göstərməyə qabil olur.
Deməli, anadan olan hər bir şəxs tədricən insan mədəniyyətini mənimsəməli olur, mühitin və tərbiyənin sayəsində özünəməxsus xüsusiyyətlərə yiyələnir, cəmiyyətdə özünə müəyyən yer tutur, həyatda özünü təsdiq edir. Nəticədə o, şəxsiyyətə çevrilir.
Yuxarıda deyilənlər ali məktəblərdə müəllim hazırlığında mühüm yer tutmalıdır. Gələcək müəllimlərin (hazırki tələbələrin) istər təlim prosesində - mühazirələrdə və seminar məşğələlərində, eyni zamanda auditoriyadankənar tədbirlərdə sosiallaşması qayğısına qalmaq institut və universitetlərin pedaqoji kollektivlərin ümdə vəzifəsi olmalıdır.
II fəslin dördüncü paraqrafı “Pedaqoji eksperimentin təşkili, aparılması və nəticələri” adlanır. Eksperiment zamanı aşağıdakı fərziyyə eksperimentdən irəli sürülmüşdür: tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması aşağıdakı şərtlər daxilində onlarda sosiallaşmanın əsası ola bilər:
-problemin nəzəri məsələləri aydın təsəvvür edilərsə;
-problemin praktik məsələləri yüksək səviyyədə həllini taparsa;
-təlim prosesində və auditoriyadankənar vaxtlarda tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılmasının pedaqoji mexanizmi düzgün qurularsa – təhsilalanların sosiallaşmasını təmin etmək mümkün olar.
Pedaqoji eksperimentin birinci - müəyyənedici mərhələsi tələbələrdə milli-mənəvi mədəniyyətin tərbiyə olunması və həmin əsasda onlarda sosiallaşmanın təşəkkülü problemi üzrə hazırki vəziyyət haqqında fikir formalaşdırdı.
Dissertasiyada nəzərdən keçirilən problem baxımından bəyəniləsi və nöqsanlı sayılacaq cəhətlər aşkara çıxarıldı. Eksperimentin müəyyənləşdirici mərhələsinin sonlarında eksperimental və kontrol qrupları ayırdıq. Azərbaycan tarixi, Uşaq ədəbiyyatı, Pedaqogika, Psixologiya, Ailə pedaqogikası, Milli əxlaq və ailə etikası ali məktəb fənləri üzrə mövzular eksperimentin əsas materialları kimi götürüldü. Eksperimentdə iştirak edən pedaqoji kollektiv üzvlərinin (həm eksperimental, həm də də kontrol), qrupların və tələbələrin səviyyələrinin bərabər olmalarına fikir verildi.
İş stajları təxminən eyni olan müəllimlər eksperimentə cəlb edildilər.
Eksperimentdə iştirak tələbə qruplarının müəllimləri və tələbələri arasında ardıcıl, məqsədyönlü və sistemli tədbirlər - söhbətlər, rəy mübadilələri, müsahibələr, məsləhət və tövsiyələr nəzərdə tutulurdu. Biz mütəmadi olaraq mühazirə və seminar məşğələlərində iştirak edir, auditoriyadankənar tədbirləri izləyir, müəllimlər və tələbələr arasında sorğu keçirir, onlarla söhbət edirdik.
Dəyişikliklərdən xəbər tutmaq üçün eksperimentin birinci mərhələsində ali təhsil müəssisələri tələbələrinə verdiyimiz sualları sonradan, eksperimentin ikinci mərhələsində eksperimental və kontrol qrup tələbələrinə təqdim etdik. Cədvəl 2.3.1. nəticələr barədə aydın təsəvvür yaradır:
Dostları ilə paylaş: |