Amerikanların qələbə sevinci
Payızda qəflətən hadisələrin qabarması baş verdi. Kornvallis cənub
sahillərində olan əməliyyat mənbələrindən xeyli uzaqlaşmağa cəsarət etdi. O,
Karolinalar ölkəsinin içərilərinə getdi. Bərqoyn Hadson çayının yuxarı axınının
üstündə yerləşən meşələri keçmək istəyərkən mühasirəyə alındığı kimi, Kornvallis də
mühasirəyə düşdü. Qeyts özünün Kamdendəki məğlubiyyətindən sonra onu izləyirdi.
Bu uğurlu müharibədə bacarıqlı zabitlər yetişmişdi ki, onlar Kornvallisi tam
məğlubiyyətə uğratmaq vəzifəsinin öhdəsindən gələ bilərdi. Bu siyahıya döyüş
keyfiyyətləri Trenton və Prinstonda, Brendivaynda, Cermantaunda və Monmutda bol
qaydada sınanılan Natanel Qrin təbiətin və müharibənin çətin məktəbi tərəfindən
süvari dəstəsi komandanı edilmiş dəliqanlı Henri Li, veteran döyüşçü və ardıcıl
olaraq vuruşan Şteyben, Saraqota yaxınlığında Arnoldla birlikdə qalib gələn və adını
ləkəsiz saxlayan Morqan, baş komandanın uzaq qohumu Uilyam Vaşinqton daxil idi.
Geniş meşələr isə partizan dəstələri ilə dolu idi, onların başçılarından britaniyalılar
çox qorxurdular.
Karolinalıların arxa diyarlarının işğalı daimi qaydada aparılırdı və aparılmalı
idi. Səpələnmiş məskunlar və ayrı-ayrı plantasiyalardakı adamlar kral dəstələrinə
kömək göstərir və onların gəlişinə sevinirdilər. Lakin hər yerdə olduğu kimi burada
da soyğunçuluğu və bütün qanundan kənar macəraları sevən adamlar var idi və güclü
ordu onları təslim etmək tapşırığını alırdı. Lakin burada elə adamlar da var idi ki,
onlar öz ruhlarını və prinsiplərini Möhür Aktının qarşısı alındığı vaxtdan başlayan
yeni günlərdən götürmüşdü və onlar öz evlərindən qovulmuşdular, özlərini kral
qüvvələrinə tabe etmədiklərindən, kralın adamları buradan gedən kimi yenidən
geriyə qayıdacaqdılar. Savannada və Çarlstondakı ingilis komandirləri bildirirdilər
ki, onlar təkcə dəniz limanlarında deyil, ölkənin özündə də səmərəli fəaliyyət
göstərirlər.
Dekabrın əvvəllərində general Qrin Qeytsin yerini tutmağa gəldi və ingilis
komandanları yeni çətinliklərlə üzləşdilər. Qrin özünün kiçik ordusundan bir
hissəsini irəli sahilə göndərdi ki, Kornvallisin kommunikasiyalarını kəssin, digər
dəstəni isə cənuba tərəf quru postlarına qarşı göndərdi. Strategiyada çox qüvvətli
olan və müasir Robin Qud kimi adamları özünə cəlb edən Frensis Marion ilk top
batereyası ilə yollandı. İkinci dəstə ilə Deniel Morqan getdi. Qrin yenidən öz
qüvvələrini bir yerə yığdı. Lakin Kornvallis ona zərbə endirdi. Elə bil ki,
məğlubiyyət Vaşinqton kimi, Qrin üçün də az faydalı olmadığını göstərdi. Ona görə
də məğlub olmuş ordu möhkəm dayanmışdı və ingilislər Vellinqtona, sahilə geri
çəkildi. Əlbəttə, ordunu yenidən cənuba, özü də ehtiyatları ilə birlikdə meşədən
keçirməklə aparmaq risqli iş idi, ancaq Qrin bunu etməli oldu. Artıq ingilislərə
xidmət edən general Arnold Virciniyada idi. Kornvallis cənub əvəzinə şimala
getməyi və Virciniyada Arnoldla birləşməyi qərara aldı. Qrin onun izi ilə yavaş-
yavaş gedirdi, sonra isə şimala tərəf yenidən içərilərdəki postların qarnizonlarına
qarşı döndü. Hər iki dəfə ingilislər geri çəkildilər ki, öz kommunikasiyalarını xilas
etsinlər. Virciniyada lord Kornvallis bir qədər sərbəst və təhlükəsiz hərəkət edirdi,
lakin bu ona olduqca az müddətə müyəssər oldu. General Vaşinqton markiz Lafayeti
min iki yüz nəfər yüngül piyada qüvvəsi ilə cənuba göndərdi və 1781-ci ilin yayında
142
Lafayet kifayət qədər güclü qüvvə ilə britaniyalıların qarşısında dayanmışdı. Nəhayət
fransızlar köməyə gəldi. General-leytenant de Qrass iyirmi səkkiz gəmi ilə xəttə
düzülmüşdü, altı freqat və on iki min adam isə Vest İndiyada idi. Vaşinqton onlardan
xahiş etmişdi ki, nəhayət ya Nyu Yorka, ya da Çesapikə gəlsinlər. Avqustda o, xəbər
göndərdi ki, o, özü Çesapikə gələcəkdir. Vaşinqton bir daha qəflətən Trentonda və
Prinstonda olduğu kimi açıq-aydın hərəkət etməyə başladı. Roşambo ona kömək
göstərmək üçün indi azad idi. Dörd min fransız və iki min nəfərlik öz kontinental
əsgərləri ilə Vaşinqton bütün dörd yüz mil uzunluğunda yolu qət edərək, birbaşa
York çayına, Virciniyaya yürüş etdi.
Klintonu aldatmaq üçün Vaşinqton və Roşambo hazırladıqları planları hətta
öz zabitlərindən də gizli saxlayırdılar. Onlar dörd min fransız və iki min amerikan
əsgəri ilə 19 avqustda Hadson çayını keçdilər. Cersi sahili ilə aşağı hərəkət edib
Delaver qarşısına çatanda, ekspedisiyanın məqsədi məlum oldu. Ordu Filadelfiyaya
gəlib çatanda isə hamıya aydın oldu ki, məqsəd Kornvallisi əsir götürməkdən
ibarətdir. Bu, şəhər əhalisinin gur sevincinə səbəb oldu. Cənuba yürüş vaxtı
Vaşinqton qaçaraq da olsa Maunt Vernondakı evinə baş çəkdi. O, son altı il ərzində
burada olmamışdı.
De Qrass York çayının mənsəbinə gəlib çatdı və Lafayetin ordusuna
qoşulmaq üçün sahilə dörd min adam göndərdi. Britaniyalılar da Vest İndiyada
admiral Rodnenin komandanlığı altında güclü donanmaya malik idi. Rodne
xəstəliyinə görə İngiltərəyə döndüyündən, donanma admiral Hudun başçılığı altında
şimala doğru irəliləyirdi. Hud öz donanmasını admiral Qreyvsin donanmasına
birləşdirdi və onların hər ikisi de Qrassla görüşmək üçün Çesapikə tərəf üzdü. Döyüş
15 sentyabrda baş verdi. Bir neçə ingilis gəmisi elə zədə aldı ki, Qreyvs və Hud
onları təmir etmək üçün Nyu Yorka üzdülər və bu vaxt de Qrassı Çesapikin tam ağası
kimi qoyub getdilər. Bu Vaşinqton üçün həyati əhəmiyyətə malik məsələ idi, çünki
Kornvallisin dənizlə qaçmasının qarşısı alınırdı. O, yalnız Şimali Karolinaya geri
çəkilə bilərdi, lakin burada da onun qarşısını Lafayet kəsəcəkdi. O, səkkiz min
adamla yarımadanı kəsən xətt boyu dayanmışdı. Klinton Vaşinqtonun cənuba
yollandığını eşidib, tam çaş-baş qaldı. Vaşinqtonu geriyə dönməyə şirnikləndirmək
ümidi ilə o, Komnektikut sahilini təşvişə salmaq üçün Arnoldu göndərdi, lakin xain
general bir andaca yığılan adamlar dəstəsi tərəfindən qovulub oradan çıxarıldı.
Müttəfiq ordular Yorktauna avqustda gəlib çatdı və oktyabrın 6-da şəhərin
bombardman edilməsi başlandı. Şəhərdən aşağı çayın sahilində iki güclü redut var
idi. Onlardan biri baron de Viyominil tərəfindən tutuldu, digəri isə Amerika tarixində
böyük rol oynayacaq Aleksandr Hamiltona məğlub oldu. 17 oktyabrda, Bərqoynun
təslim olması günündən dörd il sonra Yorktaun divarında ağ bayraq dalğalandı. Top
atəşləri kəsildi və təslim olma iki gün sonra baş verdi. Şərtlər Linkolnun Çarlstondakı
şərtlərinə uyğun idi. Linkoln indi də Kornvallisin qılıncını almağa göndərilmişdi,
ingilis generalı xəstəlik adı ilə general O`Hara vasitəsilə qılıncı göndərdi. Britaniya
ordusunun 8 min adamı, bir neçə yüz dənizçi daxil olmaqla məğlubiyyət nəticəsində
müharibə əsiri oldu. Bu hadisə 19 oktyabr 1781-ci ildə baş verdi və Atlantik
okeanının hər iki sahilində müharibənin başa çatması kimi qiymətləndirildi. Amerika
qalib gəlmişdi. Klinton isə Nyu Yorku daha iki il ərzində əlində saxladı. Lakin
143
düşmənçilik bitdi və bu vaxt artıq yalnız müqavilə vasitəsilə yoluna qoyulacaq sülh
gözlənirdi.
Amerikanın Kornvallisin təslim olması münasibətilə keçirdiyi sevinc hissləri
hədsiz idi. Bu xəbər Filadelfiyaya 24 oktyabrın erkən səhər saatlarında çatdı və
alman nəzarətçisi öz reydini davam etdirəndə özünün ənənəvi “Bast dree o’qlock” -
"Saat üçdür" sözlərinə bu məlumatı da əlavə etdi: “und Qorn-vallis ist daken” - "və
Kornvallis əsir götürülmüşdür".
Xəbər Parisə çatanda qələbə şəhərin gözəl illyumaniyası ilə bayram edildi.
Hətta İngiltərədə də müharibə əleyhinə olan partiyanın tərəfdarlarının çoxu buna
sevinirdi.
Qraf Kornvallisin Yorktaunda təslim olması təkcə Amerikadakı Britaniya
generallarının karyerasına son qoymadı, həm də inqilabın özünü sona çatdırdı. Cənub
kampaniyası Kornvallisin özünün arzusu və planı ilə həyata keçirilmişdi. O, Cənub
limanlarının bağlanmasının necə böyük əhəmiyyət kəsb etdiyini bilirdi. Xüsusən
okeanın o tayından müntəzəm qaydada təchizat qəbul edən Çesapikin bağlanması
çox vacib idi. O, inanırdı ki, cənub limanları xeyli azaldıqdan sonra Cənubdan
Virciniyaya səmərəli hücum etmək olar və bu britaniyalıların qitədəki hakim
mövqelərini demək olar ki, təhlükəsiz edəcəkdir. Əgər Klinton qısqanmaq əvəzinə
ona tez kömək etsəydi, o, yəqin ki, öz niyyətlərinə nail ola bilərdi. Klinton onun
komandan yoldaşı təslim olana qədər Nyu Yorkdan çıxmadı. Və adi bir hadisə baş
verdi. Klinton ancaq kampaniya qurtardıqdan sonra vaxtilə Bərqoynun yanına gedən
kimi, indi də Kornvallisə köməyə tələsdi.
144
Birləşmiş Ştatların müstəqilliyi
Baş nazir lord Nort bu xəbərin nə demək olduğunu başa düşürdü. O, bunu "öz
sinəsinə vurulan güllə" kimi qəbul etdi və əllərini geniş açaraq dəlicəsinə qışqırdı:
"Allah! bu hər şeyin sonudur!". Bu alçaldıcı zərbə idi və onu göstərirdi ki, İngiltərə
üçün amerika müharibəsi başa çatmışdır. İngiltərə mühasirəyə alınmışdı. Fransa və
İspaniya koloniyaların bu qiyamından, İngiltərəyə hücum etməkdən daha çox fayda
götürəcəkdi. Heç də ona görə yox ki, onlar Amerikanı sevirdilər və ya onun azadlıq
ideyalarına hüsn-rəğbət bəsləyirdilər. Onlar ancaq İngiltərəyə qarşı olan qorxulu
bədbəxtliyin baş verməsini arzu edirdilər. Onlar birləşərək dənizdə İngiltərə kimi
güclü olmuşdular. XVI Lui pulları Fransa üçün gəmi qayırılmasına xərcləyirdi.
1779-cu ilin əvvəllərində fransız qüvvələri İngiltərənin Afrika qitəsində olan
Senaqaldakı və Qambiyadakı torpaqlarını tutdu. La-Manş boğazında fransızlar və
ispanlar birləşdilər və ingilis qüvvələri onlara qarşı dayana bilmədi. Çesapikdə işini
bitirdikdən sonra de Qrass yenidən Britaniya Vest İndiyasına hücum etməyə qayıtdı
və o biri yaz başlamamışdan əvvəl Yamayka, Barbados və Antiqua istisna olmaqla,
bütün Karib dənizindəki ingilis adalarını tutdu. Nyu Yorkdan çıxan ingilis donanması
Çesapik burnunda ona hücum etdi, lakin məğlub oldu. 1781-ci ilin mayında ispan
qüvvələri Pensakolanı götürdü və ingilisləri Floridadan qovdu. 1782-ci ilin fevralında
isə ispanlar Minorkanı işğal etdilər və Gibraltara çox yaxınlaşdılar. Özünü dünyanın
yarısı ilə müharibəyə cəlb olunmuş görən İngiltərə okeanlarda düşmənlərinə məxsus
olan malları axtarmağa başladı ki, tapdıqda onları müsadirə etsin. Bundan başqa
İngiltərə onun blokada qoyduğu düşmən limanları ilə ticarət edən gəmiləri tutmaq
hüququnu öz üzərinə götürdü və beləliklə dünyanın qalan hissəsini də öz əleyhinə
qaldırdı. Rusiyanın başçılıq etdiyi Avropanın şimal ölkələri "Silahlı neytrallıq"
liqasına daxil olub, "azad gəmilər azad mallar daşıyır" devizi altında zor tətbiq
etməklə fəaliyyət göstərməyə başladılar.
Dənizdəki münaqişəyə görə İngiltərə 1780-ci ilin dekabrında Hollandiya
respublikasına qarşı müharibəyə başlamaq barədə formal bəyanat verdi. 1778-ci ildən
Hindistanın yerli dövlətləri ilə başlanan müharibələr üst-üstə toplanaraq əlavə yükə
çevrilirdi. Rəylər də tale kimi koloniyalara qarşı müharibənin aparılması əleyhinə
dəyişirdi. Ölkədə tacın hökmranlığının ixtisar edilməsi və parlamentə təsirinin
azaldılması barədə böyük təbliğat qalxdı. Bundan başqa korrupsiyanın qarşısını
almaq üçün qulluqçu maaşlarının qaydaya salınması tələb olunurdu. 1780-ci ildə
İcmalar Palatasının viqlərdən olan üzvü Con Danninq palatadan "tacın təsiri
artmışdır, artır və azaldılmalıdır" kimi qətnamə keçirə bildi. Qəflətən kütlə və söz-
söhbətlər siyasətdə dəyişiklik etmək barədə tələblərlə Londonu çalxalamağa başladı.
Böyük Çatamın oğlu gənc Pitt hələ Kornvallis cənuba qalibiyyətli yürüş edəndə
müharibəni "lənətli, əxlaqa zidd və barbar müharibəsi" adlandırmışdı. Çarlz Foks
Vaşinqtonun son qələbəsi xəbərini eşidəndə əl çalmışdı. Lord Nort hələ Bərqoyn
təslim olanda istefa vermək istəyirdi. Nəhayət, İcmalar Palatası özü camaatın tələbinə
baş əyərək, müharibənin dayandırılmasına səs verdikdə, özünün azad olmasına
sevindi.
27 fevral 1782-ci ildə isə İcmalar Palatası Konveyin təklifi ilə Nazirlər
Kabineti əleyhinə əlamətdar qərar qəbul etdi. Bu qərarda deyilirdi: "Bu İcmalar
145
Palatasının rəyidir ki, Amerikaya qarşı təcavüzkar müharibənin davam etdirilməsi
hazırki şəraitdə bu ölkənin özünün Avropadakı düşmənlərinə qarşı səylərini
zəiflətmək deməkdir və qarşılıqlı düşmənçiliyin artması meyli Böyük Britaniyanın və
Amerikanın hər ikisinin mənafelərinə məhvedici təsir edir". Martın 4-də qəbul edilən
qətnamədə isə deyilirdi: "İcmalar Palatası o adamları Alihəzrətin düşmənləri hesab
edəcəkdir ki, onlar Şimali Amerika qitəsində təcavüzkar müharibənin bundan sonra
da davam etdirilməsi barədə məsləhət verir və ya buna cəhd edir". Ayın axırında Nort
baş nazirlikdən getdi və Rokinqem bir daha bu kürsüyə sahib oldu. Vətəndəki bu
dəyişikliklərlə yanaşı kənardan yaxşı xəbərlər gəlirdi. Hindistanda yerli dövlətlər
yenidən tabe olmağa məcbur edildilər və Fransa buradan heç bir xeyir götürə
bilmədi.
Rodne 12 aprel 1782-ci ildə Vest İndiyada de Qrassı məğlub etdi, Fransanın
hərbi-dəniz qüvvələri darmadağın edildi və mübahisə mənbəyi olan sahillərdə
İngiltərə yenidən ağa oldu. Fransa və İspaniyanın birləşmiş qüvvələri Gibraltarın
mühasirəsindən əl çəkdilər. Həmin il İngiltərənin öz Avropa düşmənləri üzərində
zəfər ili oldu. İndi vəzifə bu qələbələrdən müdrikliklə istifadə etməkdən ibarət idi.
Kral tərəfindən pozulmuş və Nort tərəfindən düzgün istifadə edilməyən hökumət
islahata uğramalı idi. Yalnız bu vaxt uğurlar tezləşər və genişlənərdi. Amerikada
öyrənilən dərs Nazirlər Kabinetinin fəaliyyətinə müxtəlif yollarla təsir edirdi. Onlar
başqa şeylərlə yanaşı, İrlandiyanın müstəqil parlamentə malik olması barədə də
güzəştə getdilər. İrlandiya protestantları özlərini müdafiə etmək üçün səksən min
nəfərlik könüllü hərbi qüvvə yaratmışdılar. İndi onlar vaxtilə arzuladıqları müstəqil
parlamenti artıq rədd edə bilməzdilər. Lakin Nazirlər Kabinetinin ən böyük nailiyyəti
sülh idi. Lord Rokinqem isə baş nazir vəzifəsində cəmi üç ay qaldı. O, öldüyünə
görə, 1782-ci il iyulun əvvəlində lord Şelburn hökumətin başçılığına gəldi, Viqlər
onun rəhbərliyi altında işləməkdən imtina etdilər. Fransa və İspaniya müharibədə öz
iflaslarını başa çatdırdılar. İngiltərənin nüfuzu saxlanmışdı, müharibəni davam etdirə
bilərdi, onlar isə buna qadir deyildilər. İngiltərə demək olar ki, nə diqtə etsə, onlar
bunu yerinə yetirəcəkdi.
Sülh xəbəri Vaşinqtona döyüş cəbhəsində, Konqressin İcraiyyə Komitəsinə
Filadelfiyada, Franklinə Parisdə, Con Adamsa isə Haaqada gəlib çatdı. Bu qəti
qələbə idi. Lakin hələ Amerikada, Kanadanın ətrafında, həmçinin qərbdə və şərqdəki
körfəzə və İndiya adalarına tərəf postlar da nəzərə alındıqda qırx min nəfərlik ingilis
hərbi qüvvələri var idi. Onlardan on yeddi mini Nyu Yorkda idi, yeddi mini isə
cənubda general Qrinlə üz-üzə dayanmışdı. Yorktaunda öz işini bitirən Vaşinqton iki
min adamı Cənubi Karolinaya, general Qrinə köməyə göndərdi, özü isə geriyə
Hadson üzərindəki Nyuburqa yollandı ki, oradan Nyu Yorkda olan Klintonu
müşahidə etsin. O, Roşambonu və dörd min nəfərlik fransız dəstəsini Virciniyadakı
Vilyamsburqda qoyub getdi, onlar Çesapikə girişi mühafizə etməli idilər. O çox
qayğılı idi. O, bilirdi ki, ölkə tam taqətsizliyə gəlib çatmışdır, letargiya və
başıpozuqluq vəziyyətindədir. O, orduya heç kəsi götürə bilmirdi. Əsgərlərə maaş
verilmirdi, onların yalnız yarısı geyindirilmişdi. O, başa düşürdü ki, şərait ciddi
sürətdə təhlükəlidir və britaniyalılar da onun belə zəifləməsini yaxşı bilir.
Klinton Nazirlər Kabinetinə xəbər göndərmişdi ki, əgər ona on min nəfərlik
kömək göstərilsə, o, vəziyyəti dəyişməyi öz üzərinə götürə bilər. Rodne bu
146
yaxınlarda Fransa sahillərini təmizləmişdi, ona görə də göndəriləcək təzə qüvvələrə
ərzaq və silah ehtiyatının gəlməsinə heç kəs mane ola bilməzdi. Hökumət isə sülhdən
başqa heç nə istəmirdi, Vaşinqtonun özü isə buna çətinliklə inanırdı.
Lakin yeni il xoş yeniliklər gətirdi. İngiltərə hökumətinin liderləri Amerikanı
işğal etməyin mümkün olmadığına şübhə etmirdilər. Onların generalları döyüşdə
nadir hallarda məğlub olsalar da, məğlubiyyətlər də baş vermişdi. Bərqoyn köməksiz
qaldıqda nəhayət, şimal meşələrində məğlub olmuşdu. Kornvallis sərbəst şəkildə,
demək olar ki, qalib kimi hərəkət edirdi, lakin Yorktaunda tələyə düşdü. Britaniya
hərbi dəstələri yalnız işğal etdikləri yerlərə nəzarət edirdilər, bütün ölkəni isə işğal
etmək çətin məsələ idi. İcmalar Palatası müharibə əleyhinə bəyanat verdi. Yeni
hökumət ona son qoymağı qərara aldı. Hətta bu, Amerikanın öz istiqlaliyyətinə nail
olmasına başa gəlsə də, hökmən edilməli idi. Artıq bu yalnız müddət məsələsinə
çevrilmişdi. 1782-ci ilin mayında general Klinton general Karltonla əvəz olundu.
Ona göstəriş verilmişdi ki, Amerika hökumətinin başçılarını qəti surətdə sülh
şərtlərini axtarmağa inandırsın. Bu adam ona verilən tapşırığa ürəkdən sevinirdi.
İyulun 11-də Savannadakı Britaniya qarnizonu çıxardılıb, Nyu Yorka göndərildi.
Avqust ayında Vaşinqton ondan qəti təminatlar aldı ki, Birləşmiş Ştatların
müstəqilliyi sülhün ilkin şərti olacaqdır və sentyabrda Virciniyada qalan fransızlar
Hadsonda amerikanlara qoşuldu. Oktyabr ayında onlar Fransaya qayıtmaq üçün
gəmilərə oturdular.
Noyabrın axırında müvəqqəti sülh müqaviləsi razılaşdırıldı. Dekabrın 14-də
isə ingilislər Çarlstondan çıxdılar və bütün Cənub Britaniya silahlı qüvvələrindən
azad olundu. Karlton, sülhə tam əminlik yarandıqda, Britaniya xidmətinə götürülmüş
loyalist alayları buraxmağa başladı və onların nizami dəstələrinin çoxunu Vest
İndiyaya, Nova Skotiyaya və İngiltərəyə göndərdi. Heç kəs artıq şübhə etmirdi ki, bu
acı hadisənin nəhayət ki, sonu gəlib çatmışdır. Ona görə də hamı rəsmi sülh
müqaviləsinin bağlanmasını səbirsizliklə gözləyirdi. Lakin sülhün real cəhətdən
rəsmiləşməsi heç də asan məsələ deyildi. Amerika və Fransa bir-birilə yaxından və
şərəfli ittifaq təəhüddləri ilə bağlı idi. Fransa isə öz növbəsində İspaniya ilə müttəfiq
idi. Filadelfiyadakı Konqress öz səlahiyyətli adamlarına dəqiq göstəriş verdi ki,
"Fransa sarayının arzularını əsas götürsünlər".
Franklin, Con Adams və Con Cey bu komissiyanın tərkibinə daxil idilər,
onlar namuslu və hazırlıqlı adamlar idi və Birləşmiş Ştatların Fransa qarşısındakı
borcuna da hörmətlə yanaşırdılar. Bu borc isə Fransanın həm pul, həm də cəbhələrdə
döyüşən silahlı qüvvə köməyindən yaranmışdı, bunlarsız isə qələbə qeyri-mümkün
idi. Fransa, əlbəttə, heç də Amerikanın əliaçıq dostu kimi deyil, yalnız İngiltərənin
düşməni kimi öz strateji mənafeyi və xeyri üçün bu köməyi etmişdi. Amerikanın
komissiya üzvləri separat qaydada razılığa gəldilər, danışıqları gizli aparırdılar.
Amerikanlar onların ittifaqı olmadan sülh əldə edə bilməzdilər, lakin Fransanın
qoyduğu şərtləri də qəbul edə bilməzdilər. Fransızların hiyləgər naziri qraf de Verjen
Amerikada qüvvələr tarazlığının əldə edilməsini, ölkəsinə Avropada fayda gəlməsi
ilə əlaqələndirirdi. O, güman edirdi ki, onlar İngiltərəyə kömək etməlidirlər ki,
amerikanları Nyufaundlenddəki balıq ovundan kənarlaşdırsınlar və Birləşmiş
Ştatların şimal sərhədləri Böyük Göllər əvəzinə Ohayo çayından keçsin. O, təklif
edirdi ki, Amerikanın qərbdəki sakinləri ilə Missisipi arasında neytral zona
147
yaradılsın. Həmçinin Birləşmiş Ştatlarla İspaniyanın birgə himayəsi altında olan
hindular üçün ayrıca region yaradılsın. İspanların bu yaxınlarda sahib olduğu
Floridanın şimal tərəfindən amerikan sərhədi keçməlidir. Amerikanın komissiyası bu
tələblərə məhəl qoymadı və öz şərtlərini irəli sürdü. Amerikanların şərtləri belə idi:
Birləşmiş Ştatların müstəqilliyi, dövlətin şimal sərhədləri Böyük Göllərdən, qərb
sərhədləri Missisipidən keçməlidir və o, Kanada balıq ovu hövzələrindən istifadə
etməlidir. Amerika komissiyasının üzvləri nəyi nəzərdə tutmuşdularsa, onların
hamısına nail oldular.
Müqavilə Parisdə imzalandı. Amerikanın nümayəndələri Bencamin Franklin,
Con Cey və Con Adams idi. Franklin artıq Parisdə olanda Cey Madriddə,. Adams isə
borc almaq üçün Hollandiyada səfərdə idi. Amerikanın müstəqilliyi əvvəlcədən baş
vermişdi və Avropanın hər bir dövləti, yalnız İspaniya istisna olmaqla, belə nəticədən
razı qalmışdı. İspaniya isə müstəqil dövlət kimi Birləşmiş Ştatların onun
Amerikadakı torpaqları üçün təhlükə olacağını əvvəlcədən görürdü.
Amerika nümayəndələri təlimatlandırılmışdılar ki, Fransanın razılığı olmadan
İngiltərə ilə separat danışıqlar aparılmasın. Franklin bu təlimata ciddi əməl edirdi.
Lakin Cey aşkarladı ki, fransız naziri Verjen İngiltərəyə məxfi təklif etmişdir ki,
Birləşmiş Ştatlar Alleqan dağları və Misssisipi çayı arasındakı bütün regiondan
İspaniyanın xeyrinə məhrum edilsin və həmçinin Amerikan balıqçılarına Kanada
sularında balıq ovlamaq qadağan edilsin. Cey də Fransanın razılığı olmadan İngiltərə
ilə gizli müqavilə bağlamağı təklif etdi.
Bu təklif baş nazir Şelburn tərəfindən razılıqla qəbul edildi. Franklin isə
Ceyin xəttini bəyənmirdi. Lakin Adams bu vaxt Hollandiyadan gəlib çıxdı, Ceyin
tərəfini saxladı və artıq Franklin güzəştə getməli oldu. Onlar əvvəlcədən Şelburnla
müqavilə bağladılar və bu müqavilə 30 noyabr 1782-ci ildə imzalandı. Həlledici
müqavilə isə 3 sentyabr 1783-cü ilə qədər bağlanmadı. Bu uzun ləngimə Avropadakı
şəraitlə əlaqədar idi. Müqaviləyə əsasən Birləşmiş Ştatların müstəqilliyi tanındı, onun
sərhədləri cənubda Florida, qərbdə Missisipi, şimalda isə Kanadanın cənub sərhədi
idi. Coğrafi biliklərin dəqiq olmamasına görə şimal sərhədi mütləq qaydada
qoyulmadı. Bu, 60 il sonra edildi. Missisipi həm Amerika, həm də Britaniya gəmiləri
üçün açıq saxlanıldı. Amerikanların Nyufaundlend sahillərində və Müqəddəs
Lavrenti körfəzində balıq ovu hüququ saxlanıldı.
Bu müqavilə bütünlüklə Birləşmiş Ştatlar üçün diplomatik qələbə idi. Ağıllı
qaydada gözlənildiyinə uyğun olaraq amerikanlara heç bir şey imtina edilmədi.
Müstəqilliklə yanaşı Missisipinin saxlanılması ölçüyə sığmaz zəfər idi, üstəlik
Birləşmiş Ştatların qərb sərhədi kimi Alleqan dağları saxlanılmışdı. Tezliklə
Luiziananın satın alınması böyük əhəmiyyət kəsb etdi. Bu yeni respublikanın Qərb
okeanına tərəf genişlənməsinin ilk addımından iyirmi il sonra baş verdi.
|