AZƏRBAYCAN DİLİNİN TƏDRİSİNDƏ İNFORMASİYA KOMMUNİKASİYA TEXNOLOGİYALARINDAN İSTİFADƏ
Açar sözlər: Azərbaycan dili, İKT, tədris prosesi, məqsəd, səviyyə, tələbə, effektiv.
Ключевые слова: Азербайджанский язык, ИКТ, процесс обучения, назначения, уровень, студенты, эффективные.
Key words: Azerbaijani Language, ICT, learning process, purpose, level, students, effective.
Azərbaycan dili ən qədim və zəngin dillərdən biridir. Bu dil xalqımızın milli sərvətidir. Bu dildə hələ yüz illərlə bundan əvvəl dünya ədəbiyyatı xəzinəsinin ən gözəl inciləri yaradılmış, böyük elmi əsərlər yazılmışdır.
Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan dili ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində geniş şəkildə işlənməyə başlandı. Onun dövlət dili kimi statusu möhkəmləndi, hərtərəfli inkişafı üçün mütərrəqi addımlar atıldı. Artıq dilimiz bütün sahələrdə dövlət qayğısı ilə əhatə olunmuşdur. Bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tətbiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü ana dilimizin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə qalxmasını zəruri edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşması şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı da bu zərurətdən irəli gəlmişdir.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda
-
Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması
-
elektron tezlik
-
terminoloji lüğətlərin hazırlanması
-
Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi
-
əlyazmaların elektron portalının yaradılması
-
Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyasının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi – linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi kimi məsələlər həlli vacib prioritet istiqamətlər kimi xüsusi göstərilmişdir.
Bütün bunlar Azərbaycan dilinə dövlət səviyyəsində qayğının parlaq nümunəsidir. Ana dilimizin tədrisində nümunəvi nitq mədəniyyətinə malik hərtərəfli inkişaf etmiş gənclərin yetişdirilməsi məsələsi əsas yerlərdən birini tutur. Respublikamızda Azərbaycan dilninin tədrisi prosesində Təhsil İslahatından irəli gələn vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Bu tələbləri müvəffəqiyyətlə yerinə yetirən dil müəllimləri tələbələrə dilimizin fonetika, orfoqrafiya, orfoepiya, leksika, frazeologiya, söz yaradıcılığı, morfologiya və sintaksis, eləcə də digər sahələrinə aid müvafiq elmi-nəzəri bilikləri verir, onlarda hərtərəfli nitq hazırlığı, yəni savadlı yazı, düzgün oxu vərdişləri yaradır, qəbul olunmuş məlumat və informasiyaları düzgün başa salmaqla gündəlik ünsiyyətin müxtəlif sahələrində öz fikrini şifahi və yazılı şəkildə sərbəst ifadə etmək bacarıqları aşılayırlar.
“Dövlət proqramı”nda ali məktəblərin qeyri-filoloji fakültələrində uyğun ixtisaslar üzrə “Nitq mədəniyyəti” fənninin tədris olunması nəzərdə tutulur. Çünki ali məktəblərin məqsədi yalnız mütəxəssis hazırlamaq yox, eyni zamanda müasir tələblərə cavab verə bilən ziyalı korpusu hazırlamaqdan ibarət olmalıdır. Ziyalılığın əsas şərtlərindən birincisi, həm də ən başlıcası, hər bir mütəxəssisin öz ixtisası ilə yanaşı, ana dilinin bütün incəliklərini dərindən bilməsi, həmçinin onun şifahi nitqininin sadə, aydın, dəqiq və məntiqi ardıcıllığa malik olmasıdır.
Tədris prosesində təhsil alanın sosial həyatın subyekti kimi özünü inkişaf etdirməsi üçün şəraitin yaradılması təhsil prosesinin xarakterinin dəyərləndirilməsini tələb edir. Ona görə də subyektin sosial şəxsiyyət kimi inkişaf etdirilməsi üçün təlimin kollektiv formalarından istifadə edilməli, təhsil alanın özünü təhlili üçün şərait yaradılmalidir. Bunun ucun asagadakilar vacibdir:
-
Tələbələrlə təmas vaxtının azaldılması və sərbəst düşünmək ,müstəqil fəaliyyət göstərmək üçün daha çox vaxt verilməsi;
-
Təlim prosesində informasiya-kommunikasiya texnologiyalarından və müasir təlim metodlarından istifadə;
Bu məqsədlə aşağıdakı təlim strategiyalarından istifadə edilir:
-
Məlumat bazalarından məqsədyönlü ( electron kitabxana və İnternet) istifadə;
-
Problem həlli;
-
Tədqiqat;
-
Hadisənin (video, audio, mətn) araşdırılması;
-
Müzakirə;
-
Öyrənənlərin təqdimatları (Microsoft Power Point və Word vasitəsi ilə);
-
Müşahidələr və görüşlər;
-
Müəllimlə məsləhət;
-
Mühazirə (müəllimin PP təqdimatları);
-
Müstəqil oxu.
Uğurlu dərs forma və üsulu seçmək də hələ keyfiyyətli dərsin təşkil edildiyindən xəbər verə bilməz. Buna nail olmaq üçün məqsədin reallaşdırılmasına xidmət edən, dəqiq düşünülmüş təlim materialları və təlim tapşırıqları müəyyən edilməlidir ki, fənnin keyfiyyətli tədrisinə nail olmaq üçün bu baxımdan da ciddi işlər aparılmalidir. Belə ki, təhsilin müasir tendensiyaları ilə bağlı tədqiqat əsərlərinin məhdud olduğunu və ya əldə edilməsinin asan olmadığını nəzərə alaraq təlim prosesində tədqiqatın aparılması üçün əhəmiyyətli hesab edilən çox dəyərli Azərbaycan dilində olan əsərlərin elektron versiyası, ingilisdilli əsərlərin tərcüməsi xüsusi qovluqlarda hər bir tələbəyə təqdim edilməlidir.
Müxtəlif məqsədlərlə müşahidələr aparmaq, təhlil etmək, müzakirələrdə iştirak etmək, mühakimələr yürütmək məqsədi ilə uğurlu və nöqsanlı dərs nümunələrinin DVD versiyaları müəllimlərin tədris vəsaitlərinin sırasına daxil edilməlidir. Təlim prosesini informasiya-kommunikasiya texnologiyalarından kənarda təsəvvür etmək qeyri-mümkündür.
Fənnin tədrisi prosesində İKT-nin yalnız İnternet imkanlarından deyil, həm də multi-media imkanlarından geniş istifadə edilməlidir. Tələbələrin müxtəlif qavrama imkanları nəzərə alınmaqla resurslar sırasına bütün təlim boyunca hər dərsi əhatə edən Power Point təqdimat daxil edilməlidir ki, bu da tələbələrə təqdim edilən məlumatların vizual, səsli, animasiyalı və s. şəkildə çatdırılmasına yardımçı olur.
Tədqiqatlar aparmaq, İnternet səhifələrindən məlumatlar əldə etmək nəticələri ilə bağlı təqdimatlar və hesabatlar hazırlamaq (İnternet Explorer; Microsoft Word və Power Point proqram təminatı vasitəsi ilə) kimi tapşırıqlar tələbələrin İKT-nin fəal istifadəçisinə çevrilməsinə yardımçı olur.
Zəruri materialların tələbələrə qovluqlarda təqdim edilməsi fənnin eksperimental olmasından və təlim materiallarının sınaqdan keçirilməsindən irəli gəlir. Ugur qazanmis dərs vəsaitləri cap olunmalıdir. Vəsait interaktiv xarakter daşımali, tələbələrlə sanki ünsiyyətə girir və onların öyrənmə fəaliyyətini istiqamətləndirməlidir. Vəsaitə DVD-lər da əlavə edilməli, audio, video, animasiyalı və linqvistik xarakterli elektron materiallar onu unikal və orijinal müstəqil təlim materialı kimi səciyyələndirməlidir.
Açıq cəmiyyətdə səmərəli vətəndaşlığa hazırlaşmaq tələbələrdən mühüm idrak qabiliyyəti tələb edir, onlar öz fikrini formalaşdırmağı, təcrübə və düşüncədən məna çıxarmağı, məntiqi arqumentlər tapmağı, fikirlərini aydın və inamla ifadə etməyi bacarmalıdırlar. Amma vətəndaşın formalaşması üçün təkcə bu qabiliyyətlər kifayət deyil, sosial sahədə zəruri olan münasibət və qabiliyyətlər var ki, bunlar tələbələri gələcəkdə dəyərli vətəndaş olmağa istiqamətləndirir. Tələbələrdə özünə inam hissi onda yaranır ki, onlara dərsin təşkilində iştirak etməyə icazə verilir, öyrənmədə sərbəstlik verilir və onların fikirləri ictimai müzakirəyə səbəb olur.
Müasir təlim metodlarından və İKT-dən istifadə tədris mühitində dəyişiklik etməyə və müəllimlə tələbə arasında, tələbələrin öz aralarında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Son zamanlar Azərbaycanda tətbiq olunan müasir təlim metodikalarından biri olan interaktiv təlim üsullarından və İKT-dən geniş istifadə olunur. Hər bir müəllim, diqqətlə və ağılla, həmin nəzəriyyələrdən irəli gələn tədris üsullarından istifadə edərək səmərəli öyrənmə və tələbələrin təhsildə təşəbbüskarlıq göstərməsi üçün təlimat proqramı hazırlaya və tədbiq edə bilər.
Azərbaycan dili dərslərində İKT-nin tətbiqinin əsas məqsədi dərsdə İKT-ni tətbiq etməklə tədris prosesini xeyli canlandırmaq, təhsilin və biliyin səviyyəsini artırmaq, dərsləri tələbələrlər üçün daha maraqlı və başa düşülən etmək, təhsildə idarəetmə sisteminin effektivliyini və şəffaflığını artırmaq, universitetin vahid informasiya məkanını yaratmaq, müəllim, tələbə və valideyn arasında rahat ünsiyyət forması qurmaqdır.
Azərbaycan dilinin tədrisi zamanı kompyuterdən istifadə etmək İnteraktiv modellərlə, illyustrasiyalı materiallarla, multimedia ilə aparılan tədris təhsil prosesini yüksək səviyyəyə qaldırmaqla bərabər, həm də ənənəvi sxem və cədvəllərlə verilən dərslərdən daha maraqlı və rəngarəng edəcək. Nəticədə tələbənin dərsə marağı artacaq və növbəti dərslərdə o ozü tədqiqatçı olacaq, yəni o internetdən sərbəst istifadə etməkə lazim olan materialları əldə edəcək.
İKT vasitəsilə keçirilən dərs prosesində tələbənin subyekt olması təmin ediləcək, müəllim, əsasən, tələbənin köməkçisi, məsləhətçisi, onun fərasətini bilik və bacarıqlarını qiymətləndirən, tələbənii aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən şəxs rolunda çıxış edəcək.
Təhsil sistemində aparılan islahatlar müasir dərsin məzmununun təkmilləşdirilməsi Azərbaycan dilinin tədrisi prosesində yeni təlim texnologiyalarının tətbiqini tələb edir. İnteraktiv təlim metodlarından istifadə təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir. Bu gün təlim-tərbiyə prosesində tələbələrə daha çox müstəqillik verilməli, öz fikirlərini sərbəst, çəkinmədən söyləməyə, arzu və istəklərinə müvafiq məşğuliyyətlər seçməyə şərait yaradılmalıdır.Müəllimlərin dərsdə cütlərlə, qruplarla iş aparması Azərbaycan dilinin tədrisində texnologiyalardan istifadə zamanı tələbələr üçün daha əlvrişli şərait yaradır.Belə ki,hər tələbəyəə bir kompyuter vermək çətinlik yaradırsa, hər qrupun bir kompyuterdə işləməsini təşkil etmək daha əlverişlidir.
İKT-nin tətbiqi ilə keçilən müasir dərslər ənənəvi dərslərdən bir çox üstün cəhətləri ilə fərqlənir.
Müasir dərs şəxsiyyətyönümlü olur. Müasir dərsdə tədqiqat və inkişafetdiricilik əsas amil kimi önə çəkilir.
Müasir dərsin əsas cəhətlərirndən biri tələbələrin fəallığıdır ki, buna da interaktiv təlim metodlarından istifadə etməklə nail olmaq mümkündür. Bu metodlara əsasən aşağıdakı iş formaları müəyyən edilir:
-
fərdi
-
cütlərlə
-
böyük və kiçik qruplarla
iş daha əlverişlidir. Tələbə ünsiyyət prosesində özünü daha yaxşı dərk etdiyinə görə istər qrup, istərsə də cütlərlə işdə fəallıq, tələbələrin fəaliyyətində bir-biri ilə əməkdaşlıq, yaradıcılıq, qarşılıqlı münasibətlər formalaşır. Müəllim texnologiyalı dərs formasını seçərkən tələbələrin marağını nəzərə almalıdır. Bu gün dərsdənkənar mühitdə mövcud informasiya vasitələrindən fəal istifadə edən tələbə dərsdə onlar üçün maraqlı olanları görmək istəyir. Bunun üçün müəllimin İKT-dən yüksək istifadə etmək bacarığı olmalıdır. Həm də bu texniki təminatı lazımi materiallarla zənginləşdirməyi bacarmalıdır. İKT vasitələri təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir.
Yuxarıda sadalanan metodlardan istifadə etməklə dərsləri keçdikdə, tələbələrdə düşünmə qabiliyyəti artır və aşağıdakı istiqamətlərdə inkişaf gedir:
-
Şəxsilikdən ictimailiyə doğru
-
Asılılıqdan müstəqilliliyə doğru
-
İKT-dən istifadə vərdişlərinə doğru
-
İntuisiyadan məntiqə doğru
-
Tək fikirlilikdən alternativliyə doğru
-
Yaradıcılığa və vizual effektlərə doğru
-
Müstəqil tədqiqat işlərinin aparılması vərdişləri təkmilləşir
-
Analiz etmək, araşdırmaq, dərketmək və ümumiləşdirmək qabiliyyəti artır
-
Ətrafda mövcud olan hər hansı bir obyektin əlamətlərini xarakterizə etmək bacarığı formalaşır
-
Yeni kompüter proqramları ilə tanış olurlar
-
Şəxsi araşdırmalarını təqdimat şəklində hazırlamaq bacarığı formalaşır
-
Auditoriya qarşısında sərbəst çıxış etmə qabilləti yaranır.
Əlbəttə, bütün bu yeniliklərin məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi,bu halda isə Azərbaycan dili tədrisinin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli, elmi dünyagörüşlü, müstəqil düşünmək və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsindən ibarətdir. Bundan ötrü müasir dünyanın şəxsiyyətyönümlü təhsil sferasına daxil olmaq, tələbatlara uyğun interaktiv məzmun, ən yeni təlim strategiyaları, qiymətləndirmə mexanizmləri, demokratik idarəetmə sistemi işləyib hazırlamaq üçün ənənəvi və mütərəqqi dünya texnologiyalarından istifadə zəruridir.
ƏDƏBİYYAT
-
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı
-
Bayramovİ. Rus məktəblərində Azərbaycan dili üzrə nitq inkişafı metodikası.-Bakı, Maarif, 1988
-
İsaxanlı H., İsmayılova E., Nəsirova F., The Azerbaijani language-Azəbaycan dili.-Bakı, Xəzər Universitəsi, 1997
Aynur Faracova
Summary
The main objective of the teaching process through the use of ICT is to stimulate, enhance the level of education and knowledge, make classes more interesting and understandable for students and to increase efficiency and transparency in education management system.
Айнур Фараджева
Pезюме
Основная цель учебного процесса за счет использования ИКТ для стимулирования, повышения уровня образования и знаний, сделать занятия более интересным и понятным для студентов и для повышения эффективности и прозрачности в системе управления образованием.
Çapa tövsiyə edən: Azərbaycan Texniki Universiteti.
Rəyçilər: filologiya elmləri doktoru,professor Ə.Tanrıverdiyev
filologiya üzrə fəlsəfə doktoru H.Mirzəyev
Aygün İsgəndərova
Milli Aviasiya Akademiyası.
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ
PARONİMLƏR
Açar sözlər: paronim, leksik, məna, omonim, omofon, omoqraf.
Ключевые слова: пароним, лексический, слово, значение, омонимия, омофон, омограф.
Key words: paronym, lexical, word, meaning, homonymy, homophone, homograph.
Paronimlər mövcud dil hadisələrindən biridir. Leksikoloji terminologiyada paronim sözü mənşəcə yunan sözü “para” - “yanında, ətrafında” və “onoma” - “ad” sözlərindən yaranmışdır. Paronimlərə gündəlik həyatda hər an təsadüf edildiyindən onlar hər zaman dilçilərin diqqətində olmuşlar. Ayrı-ayrı dilçilərin paronimlər haqqında müxtəlif fikir və mülahizələri mövcuddur və bu səbəbdən də paronimlər haqqında təklif olunan təriflər də müxtəlifdir. A. Qurbanov paronimləri belə səciyyələndirir: “Dildə səslənmə cəhətdən bir-birinə yaxın, müxtəlif məna ifadə edən və nitqdə səhvən biri digərinin yerində işlənən sözlərə paronim deyilir” [1, 350]. Bəzi dilçilər isə paronimləri eyni köklü sözlər kimi səciyyələndirirlər, digərləri isə belə leksik vahidləri eyni səs formalı sözlərə aid edirlər və bununla da bu tip sözləri söz ailələri, yaxud omonimlərlə bərabərləşdirirlər [2, 208].
Paronimlər mənşəcə və səs forması və mənasına görə yaxın olan, bu səbəblərdən qarışıq salınması mümkün olan, ancaq faktiki olaraq fərqli və müxtəlif mənaya və işlənməyə malik olan, səhv olaraq qarışıq salınan, əvəzlənən sözlərdir [2, 208]. Məsələn:
Azərbaycan dilində: Sizin probleminizin mənə dəxli yoxdur; Bu sizin ailənin daxili məsələsidir; Oradan daxılı mənə ver. Bu cümlələrdə işlənən dəxli (aidiyyatı), daxili (içərisində, içində) və daxılı (pul saxlanan əşya) sözləri paronmlərdir. Səs formasına görə cüzi fərqlənən bu sözlərin izahından göründüyü kimi semantik cəhətdən tamam fərqli mənalı dil vahidləridir.
İngilis dilində: I often think about my work (Mən tez-tez işim haqqında fikirləşirəm); Their ship didn’t sink in the storm last winter (Onların gəmisi keçən qış tufanda batmadı). Bu cümlələrdəki think (fikirləşmək) və sink (batmaq) felləri bir səslə fərqlənən paronimlərdir.
А.Qurbanov paronim sözlərin bir-birindən semantik, fonetik və morfoloji xüsusiyyətlərə görə fərqləndiyini qeyd edir [1, 352-352]. Mənaca fərqli sözlər olan paronimlərin fonetik cəhətdən fərqlənməsi, ən azı bir səs müxtəlifliyi ilə təzahürü onların mövcudluğunu şərtləndirən amillərdəndir. Azərbaycan və ingilis dillərində sözlərin səs fərqi sözün müxtəlif yerlərində ola bilər:
-
Birinci hərfi, yaxud səsi fərqlənən paronimlər:
Azərbaycan dilində: süz-düz, ahəng-əhəng, səhər-zəhər, şəhər-səhər və s.
İngilis dilində: accept (qəbul etmək)-except (müstəsna olaraq), think (fikirləşmək)-sink (batmaq), sick (xəstə)-thick (qalın), till (qədər, kimi, -dək)-dill (şüyüd), fit (uyğun olmaq)-bit (bir az) və s.
-
Ortasındakı hərfi, yaxud səsi fərqlənən paronimlər:
Azərbaycan dilində: süfrə – sürfə, şahid – şəhid, xeyr – xeyir, həyat – həyət, məhsul – məsul, mətn – mətin, əmr – əmir və s.
İngilis dilində: collision (toqquşma, çarpışma, üz-üzə durma, konflikt)-
collusion (gizli sözləşmə, əlbir olma), bear (ayı)-beer (pivə)-bare (çılpaq), complement (əlavə etmə, edilmə)-compliment (xoş söz, iltifat, tərif), cap (papaq)-cup (fincan) və s.
-
Sonuncu hərfi, yaxud sözün son hərfləri fərqlənən paronimlər:
Azərbaycan dilində: serviz-servis, sənəd-sənət, qəlb-qəlp, ehtiras-etiraz, saç-sac, iraq-irad, inam-iman və s.
İngilis dilində: physics (fizika- elm)-physique (fiziki göstərici, bədən quruluşu), economics (iqtisadiyyat-elm kimi)-economy (iqtisadiyyat, təsərrüfat-sahə kimi), politics (siyasət-elm kimi)-policy (siyasət-sahə kimi) və s.
Tərkibindəki hərflərdən ən azı biri fərqlənən, mənaları bir-biri ilə əlaqəsi olmayan paronimlər sözlər Azərbaycan və ingilis dillərində geniş işləkliyi ilə müşahidə olunur və bəzən omonimlərlə də qarışdırılır. Bu dillərdə səslənməsinə görə bir-birinə oxşar olan sənəd-sənət, süfrə-sürfə, qəlb-qəlp, məhsul-məsul, mətn-mətin, əmr-əmir, atlaz-atlas, əsr-əsir, şahid-şəhid, xeyr-xeyir, həyat-həyət, serviz-servis, yaxud ingilis dilində: cap (papaq)-cup (fincan), pan (tava)-pat (kündə, yağlı tikə), bed (çarpayı)-bad (pis) və s. sözlər omonim deyil, çünki yazılışları fərqlidir, onlar paronim adlanır [1; 2; 3].
Paronimlər haqqında irəli sürülən bu mülahizələr az və ya çox halda paronimlərin səciyyəvi xüsusiyyətlərini əks etdirir ki, bu xüsusiyyət də onların oxşar tələffüzlü, ancaq fərqli yazılış və mənalı sözlər kimi təzahürüdür.
Azərbaycan və ingilis dillərində paronimlər nitq hissələrinin iştirakına görə aşağıdakı kimi qruplaşır:
-
Hər iki dildə paronimlərin ancaq isimdən ibarət olan qrupu:
Azərbaycan dilində: həyat-həyət, hərəkət-hərəkat, əsr-əsir, hakim-həkim və s.
İngilis dilində: courage (hünər)-carriage (vaqon), cost (qiymət)-coast (sahil), draught (yelçəkər)-draughts (şaşki), sergeant (serjant)-surgean (cərrah), diary (gündəlik)-dairy (südçü dükanı), collision (toqquşma, çarpışma, üz-üzə durma, konflikt)-collusion (gizli sözləşmə, əlbir olma), resident-president [6, 24) və s.
-
Hər iki dildə paronimlərin isimlə sifətdən ibarət olan qrupu:
Azərbaycan dilində: mətin-mətn, əsgi-əski, hərif-hərf, yorğan-yorğun və s.
İngilis dilində: bear (ayı)-bare (çılpaq), model (model)-modal (modal), law (qanun)-low (alçaq), personnel (şəxsi heyət)-personal (şəxsi), worse-[wə:s]-daha pis- verse-[və:s]-şeir və s.
-
Hər iki dildə paronimlərin ancaq sifətdən ibarət olan qrupu:
Azərbaycan dilində : sabiq-sadiq, bağlı-tağlı, güllü-küllü və s.
İngilis dilində: angry-['æŋgrı]-qəzəbli, acıqlı-hungry-['hʌŋrı]-ac, thick-[θık] qalın-sick-[sık]-xəstə və s.
-
Hər iki dildə paronimlərin ancaq feldən ibarət olan qrupu:
Azərbaycan dilində: çaxmaq-çıxmaq, yonmaq-yolmaq, qorxmaq-qormaq, qurmaq-qormaq, salmaq-solmaq və s.
İngilis dilində: close-[klouz]-bağlamaq-clothe [klouð]-geydirmək, raise-[reız] -qaldırmaq-rise-[raız]-qalxmaq, think-[θıŋk]-fikirləşmək-sink-[sıŋk]-batmaq və s.
-
Hər iki dildə paronimlərin fel və digər nitq hissəsindən ibarət olan qrupu:
Azərbaycan dilində: aç-ac, qaç-qıç, uç-uc, gəl-göl, ört-dörd, qol-qal, gül-kül, yat-yad, biç-bic, gir-kir, qorxmaq-toxmaq, durmaq-dürmək və s.
İngilis dilində: accept-(feil)-qəbul etmək; except-(sözönü)-müstəsna olaraq, thing-[θıŋ]-(şey, əşya)-sing-[sıŋ]-mahnı oxumaq, thing-[θıŋ]-(şey, əşya)-think-[θıŋk]-fikirləşmək, hope-[houp]-ümid-hop-[hɔp]-hoppanmaq, lock-[lɔk]-qıfıllamaq-luck-[lʌk]-bəxt, tale
Paronimlər iki və daha artıq sözün formaca, yaxud da mənaca qismən oxşar olması səbəbindən belə sözlər tələffüz olunanda, yaxud eşidiləndə çaşqınlıq yaradır. Dilçilikdə “paronim” termini həm dar, həm də geniş mənada işlənir. Dar mənada “paronim” termini oxşar səsli sözlərə aid edilir, məsələn, affect/ effect, yaxud feminine/ feminist. Geniş mənada isə bu termin hər bir görünüşcə, mənaca oxşar çaşqınlıq yarada bilən sözlərə aid edilir [7, 4].
Paronimlərdən danışanda bu qrupa daxil olan leksik vahidləri omonim və omonim altqrupları sayılan, yaxud S. Cəfərovun təsadüfi omonimlər adlandırdığı [8, 25] omoqraf, omofon və leksik- qrammatik omonimlərdən fərqləndirmək zəruridir. Baxmayaraq ki, paronimləri yalançı omonimlər də adlandırırlar [9, 146], onları omonimlərdən fərqləndirən başlıca cəhət paronim sayılan cütlüklərə daxil olan sözlərin formaca eyni deyil, oxşar olmasıdır. Məsələn, bear [bɛə](ayı)- beer[bıə] (pivə)-bare [bɛə] (çılpaq) və s. Omonim sayılan cüt sözlərin isə fonemik və qrafemik təqdimatı tamamilə oxşar olur və onlar eyni tələffüzə malik olurlar. Məsələn: İngilis dilində: sprin-bahar, yaz; spring-bulaq və s.
Azərbaycan dilində: top-silah; top-futbol oynamaq üçün yumru əşya. Omoqraflara gəlincə, omonimlərin bu altqrupunun yalnız qrafemik təqdimi oxşar, səslənməsi isə müxtəlif olur. Omoqraflara aid edilən cüt leksik vahidlərin hər biri başqa- başqa nitq hissələrinə aid olur və onlar müxtəlif qrammatik dəyişməyə məruz qalır [8, 25]. Məsələn: İngilis dilində: bow-[bou] (kaman); bow-[bau] (təzim etmək, baş əymək); lead [li:d] (rəhbərlik etmək, aparmaq)-lead [led] (qurğuşun); tear [tiə] (göz yaşı)-tear [teə] (cırmaq, parçalamaq) və s.
Azərbaycan dilində: Bağlama stolun üstündədir. Qapını bağlama. Birinci cümlədəki “bağlama” düzəltmə ismi bağlı olan əşya deməkdir. İkinci cümlədəki isə felin əmr formasında olan “bağlamaq” felidir. Başqa bir nümunəyə nəzər salaq:
Ağacda püstə sarı, Dolan gəl dosta sarı,
Saçların kəfən eylə, Cənazəm üstə sarı. (Bayatı)
Bu bayatının birinci və ikinci misrasındakı “sarı” sözü birinci misrada rəng bildirir, II misrada isə istiqamət bildirən qoşma olub əsil omonimlərdir. Bunların hər ikisində vurğu ikinci hecaya düşür. Axırıncı misradkı sarı sözü isə sarımaq, dolamaq mənasında olan feldir, felin əmr formasında olduğu üçün vurğu birinci hecaya düşür.
Omofonlar isə fonemiк təqdimatı, yaxud tələffüzü eyni olan, eyni cür tələffüz olunan sözlərdir. Məsələn: İngilis dilində: By (tərəfindən)-buy (almaq)-bye (xudahafiz)-[baı]; deer (maral)-dear (əziz, baha)-[dıə]; dye (rəngləmək)-die (ölmək)-[daı]; fair (yarmarka, 2.ağbəniz)-fare (yol haqqı)-[fɛə] və s.
Azərbaycan dilində:
Eləmi, gül düyümü, Açılsın gül düyümü,
Əlin əlimə dəysə, Görərsən güldüyümü. (Bayatı)
Bu bayatının birinci bəndində gül düyümü II növ təyini söz birləşməli söz birləşməsi gül qönçəsi mənası daşıyır. Burada hər iki söz vurğuludur, düyümü sözündə vurğu axırıncı hecaya düşür. Amma axırıncı bənddəki güldüyümü sözü mənim gülməyimi anlamını verir və vurğu ikinci hecaya düşür.
Leksik-qrammatik omonimlərdə qarşılaşdırılan sözlərdən biri leksik, nominativ mənasını saxlayır, ikincisi isə qrammatik dəyişmə nəticəsində öz qarşılığına omonim olmaq hüququ qazanır [8, 27]. Məsələn:
Azərbaycan dilində:Qarşıda qazan ağlar, Od yanar, qazan ağlar. Yuyub götürən gülər, Qəbrimi qazan ağlar. (Bayatı). Yuxarıdakı misraların ikincisində işlənən qazan sözü əşya bildirən ümumi isimdir. Birinci və dördüncü misrada işlənən qazan sözü qazmaq felinin feli sifət formasıdır. Bu iki söz kontekst tərkibində bir-biri ilə omonimləşir.
İngilis dilində: alms (sədəqə)-arms (1. qollar, 2. silahlar)-[a:mz]; blue (mavi, göy)-blew (blow-əsmək felinin keçmiş zaman forması)-[blu:]; found (əsası qoymaq)-found (find-tapmaq felinin keşmiş zaman forması)-[faund]; thought (fikir, düşüncə)-thought ( to think- fikirləşmək felinin keçmiş zamanı);
-
Qurbanov Azərbaycan dilində paronimlərin iki növünü göstərir:
1. Leksik paronimlər; 2. Poetik paronimlər [1, 351].
Leksik paronimlər hər hansı bir kontekstdən asılı olmayaraq özlərinin səciyyəvi xüsusiyyətlərini qoruyub saxlayırlar. Məsələn: adət-ədat, bala-bəla, ədəbi-əbədi, əsr-sir, ətalət-ədalət, hüzn-hüsn, hərəkət- hərakat, iblis- ilbiz, iraq- irad, kəc- gəc, mətin- mətn, nəfis- nəfs, tərs- tərz, yiyə, yeyə və s.
Poetik paronimlər başlıca olaraq poetik diksiyada işlənirlər. Bunlar eyni zamanda kontekstual paronimlər də adlanırlar. Məsələn:
Ə. Hacıyeva paronimlərin aşağıdakı tiplərini fərqləndirir:
-
Bir, yaxud eyni köklü, ancaq müxtəlif derivasional prefiksli sözlər. Məsələn: precede (əvvəl getmək, qabaq olmaq, qabaqca olamaq)-proceed (davam etmək, davam etdirmək); prescription (yazılmamış qanun, göstəriş, əmr)-prescription (elan, göstəriş-qanundean kənar); preposition (sözönü)-proposition (təklif, təklif etmə); anterior (qabaq, ön, qabaqkı, əvvəlki)-interior (daxili, daxili hissə).
-
Bir, yaxud eyni köklü, ancaq müxtəlif derivasional suffiksli sözlər. Məsələn: popular (məşhur, hamıya məlum, geniş yayılmış, tanınmış)-populous (əhalisi sıx olan, gur, izdihamlı).
-
Müxtəlif köklərdən yaranmış sözlər. Məsələn: complement (əlavə etmə, edilmə)-compliment (xoş söz, iltifat, tərif) [9, 146- 147].
İngilis dilinndə olan paronimlərin yuxarıda sadalanan tiplərinə əlavə olaraq fərqlənən dördüncü tipi də biz qeyd etmək istərdik:
-
Sait səslərin uzunluğu və qısalığı baxımından fərqlənən paronimlər. Məsələn: bean-[bi:n]-paxla-bin-[bın]-zibil vedrəsi; beat-[bi:t]-döymək, vurmaq-bit-[bıt]-az; dark-[da:k]-qaranlıq-duck-[dʌk]-ördək; deal-[di:l]-iş, əmək-dill-[dıl]-şüyüd; feat-[fi:t]-hünər-fit-[fıt]-əhvali-ruhiyyə; feel-[fi:l]-hiss etmək-fill-[fıl]-doldurmaq; feet-[fi:t]-ayaqlar- fit-[fıt]-əhvali-ruhiyyə; heal-[hi:l]-sağaltmaq-hill-[hıl]-təpə; heat-[hi:t]-istilik- hit-[hıt]-vurmaq; seat-[si:t]-oturacaq, yer-sit [sit]-oturmaq; seek-[si:k]-axtarmaq-sick [sık]-xəstə; sheep-[ʃi:p]-qoyun-ship-[ʃip]-gəmi; sleep [sli:p]-yatmaq- slip-[slıp]-sürüşmək [10, 37] və s.
T. Əfəndiyeva paronimlərin ən çox Azərbaycan dilində folklorda - atalar sözlərində işləndiyini qeyd edir və göstərir ki, paronimlər burada fikrin dürüst, yığcam və oynaq bir şəkildə ifadəsi üçün istifadə olunur. Məsələn: saxla samanı, gələr zamanı; danışıram pis olur, danışmıram hiss olur.
Bədii dildə paronimlərdən əksər halda cinas yaratmaq üçün istifadə edilir. Cinas yaratmaq üçün bir sözlə fərqlənən leksik vahidlərdən-paronimlərdən istifadə olunur. Şeir dilində tələffüzcə uyğun olan, səsləşən sözlər (Məsələn, od-ot, dağ-tağ-bağ, bir-pir, kor-gör) qarşılaşdırılır və bunun nəticəsində əsərin məzmunu qabarıq və parlaq şəkildə oxucuya çatdırılır [11, 81].
T.İ. Arbekova ingilis dilində formaca eyni olmayan, ancaq oxşar olan sözlərin mövcudluğundan bəhs edərək göstərir ki, yalançı omonimlər, yaxud paronimlər adlanan bu sözlərə həm etimiloji cəhətdən bir-birinə bağlı sözlər, həm də formaca təsadüfən yaxın, oxşar olan sözlər daxildir. Müəllif eyni zamanda ingilis dilində praktik planda semantik ümumilik təşkil edən, eyni zamanda sinonimlər, yaxud da yalançı sinonimlər kimi təzahür edən paronimlərin diferensiasiyasının xüsusi çətinlik yaratdığını qeyd edir [12, 141-142]. Belə paronimlərə nümunə kimi rise (qalxmaq)-raise (qaldırmaq), lie (uzanmaq, yerləşmək)-lay (qoymaq, sərmək, döşəmək), crush (basabas, basırıq)-crash (qəza, avariya), prosecute (aparmaq- məşğələ və s.)-persecute (izləmək, güdmək, dalına düşmək) və s. nümunə göstərmək olar. İngilis dilinin leksik sistemində olan bəzi paronimlərin differensiasiyası forma oxşarlığına və Azərbaycan dilində fərqli mənasına görə çətinlik yaradır. Məsələn: economics (iqtisadiyyat-elm kimi)-economy (iqtisadiyyat, təsərrüfat-sahə kimi), politics (siyasət- elm kimi)-policy (siyasət-sahə kimi), physics (fizika-elm)-physique (fiziki göstərici, bədən quruluşu), material (material)-materiel (inventar, avadanlıq, təchizat) və s.
İngilis və Azərbaycan dillərinin leksik sistemində özünə yer tapan, gündəlik həyatda, adi danışıq dilində tez-tez işlənən və bəzən də çaşqınlıq yaradan paronimlər bədii ədəbiyyatda, poeziyada cinas, kalambur və qafiyə yaratmaq baxımından istifadə olunur. Paronimlərin hər iki dildəki təhlili və araşdırılması bu mövcud dil hadisəsinin bu dillərdəki təzahürünün ifadə vasitələrini və səbəblərini aşkarlamağa imkan verir. Belə ki, bu dil hadisəsi hər iki dil üçün səciyyəvidir və geniş şəkildə işləkliyi ilə fərqlənir. Azərbaycan və ingilis dillərində daha çox folklorda, poeziyada istifadə olunan paronimlər semantik və fonetik baxımdan fərqli leksik vahidlərdir.
Dostları ilə paylaş: |