İmam Xomeyninin misilsiz şəxsiyyət olması
İmamın vəfatının ildönümü İran xalqının əziz və böyük imama sevgi və ehtiramını yeniləməsi, həmçinin imamı, onun prinsip və ideologiyasını sevənlərin onun üsuluna, xəttinə və təsvir etdiyi məqsədlərə vəfadarlığını göstərmələri üçün bir fürsətdir. Məhz buna görə hər ilin 14 xordadı (4 iyunu) dünyanın siyasi analitikləri üçün xüsusi əhəmiyyətə malikdir. Bu gün ölkənin hər bir yerində xalq Böyük İmama həmişə göstərdiyi hörməti, məhəbbəti və səmiyyəti ifadə edir.
Mən bu münasibətlə imam, onun dünyada və müasir tarixdə zirvəyə ucaltdığı böyük və bənzərsiz inqilab barədə danışmaq istəyirəm. Əslində isə imam və inqilab barədə söhbətlər bir-birindən fərqli deyil.
İmamın şəxsiyyəti yalnız onun vücudunda olan və şəxsiyyətini təşkil edən dəyərli xüsusiyyətlərdən ibarət deyil. Şübhə yoxdur ki, bizim böyük imamımız müxtəlif cəhətlərdən dəyərli və uca bir şəxsiyyət, böyük bir alim, məktəb sahibi olan fəqih, dəyərli bir filosof, siyasətçi, böyük bir islahatçı, dəyərli və misilsiz xislət və xüsusiyyətlərə sahib bir insan idi. Bütün bunlar imamın şəxsiyyətini həm öz dövründə yaşayan, həm də sonra gələcək insanların gözündə ucaldır. Lakin bizim böyük imamımızın şəxsiyyəti bu xüsusiyyətlərlə məhdud olmur. Onun şəxsiyyətinin digər cəhəti bu ölkədə, bu bölgədə və bütün dünya xalqlarının gözü önündə təsvir etdiyi aydın üsul və xətlərdən ibarətdir. O həmin xətlər əsasında siyasi və ictimai bir quruluş yaratdı, dünya məzlumlarının və İslam ümmətinin qəlbində böyük ümidlər oyatdı. İmamın şəxsiyyəti onun əsas prinsiplərindən ayrı deyil. Əslində bizim inqilabımızın kimliyi və prinsipləri imamın şəxsiyyətinin əsas xətlərini də təşkil edir. İnqilab haqda nə qədər danışsaq, əslində imam haqda danışmışıq.
İmam Xomeyninin məqbərəsinin ziyarətçilərinin böyük toplantısında çıxışdan: 2002.
Hegemon güclərin inqilabları müsadirə etməyə dair siyasəti
Böyük İslam inqilabının onu analitik və düşüncə sahiblərinin gözündə son əsrlərin misilsiz bir fenomeninə çevirən və ondan öncə dünyanın böyük inqilablarının heç birində olmayan, nə Fransa inqilabında, nə sovetlərin kommunist inqilabında, nə də bu iki inqilabı örnək götürən və onların istiqamətində hərəkət edən digər kiçik iniqilablarda olan xüsusiyyəti var. Əlbəttə, bunu yaddan çıxarmayın ki, böyük güclər dünyanın müxtəlif xalqlarının ədalətsevər hərəkatlarını siyasi və mədəni cəhətdən həzm edib əslində onların kimliyini məhv etməyə çalışmışlar və indi də çalışırlar. Bu, İranda da baş vermişdir. Yüz il öncə Məşrutə şüarı ilə başlayan ədalətsevər hərəkat xalqın dini hərəkatı idi. O zaman dünyanın hakim siyasi gücü olan İngiltərə İslam prinsiplərinə əsaslanan bu ədalətsevər hərəkatı siyasi və mədəni cəhətdən həzm edib dəyişdirdi, məhv etdi və İngiltərə növündən olan bir Məşrutə hərəkatına çevirdi. Nəticədə antiavtoritar bir hərəkat olan Məşrutə hərəkatı Qacar avtoritorizmindən də pis, mənfur və qəddar olan Rza xan diktaturası ilə nəticələndi. Həmçinin neft sənayesini milliləşdirmə hərəkatı onu idarə edənlər vasitəsi ilə Amerika liberal-demokratiyasına qoşuldu və nəticədə həmin amerikalılar neft sənayesini milliləşdirmə hərəkatına xəyanət etdilər. Onlar İranda ədalətsevər qüvvələrin mübarizə apardığı ingilislərlə əlbir olub milli hərəkatı məhv etdilər, onun ardınca Məhəmmədrza dövrünün kobud və qəddar diktaturası otuz ildən artıq müddətə bu ölkəyə hakim oldu və xalqı ağır durumda saxladı. On illər boyu Afrika və Asiya xalqlarının ədalətsevər hərəkatları kommunistlər və istismarçı Sovet siyasəti tərəfindən müsadirə olundu, Sovet İttifaqının maraqları istiqamətində işləyən müxtəlif diktatorluqlarla nəticələndi. Dünyanın xalqların ədalətsevər hərəkatları ilə rəftarı belə olmuşdur.
İmam Xomeyninin məqbərəsinin ziyarətçilərinin böyük toplantısında çıxışdan: 2002.
İnbqilabın əsas prinsiplərini təyin etməkdə imamın məharəti
Bizim imamımızın böyük məharəti bu inqilab üçün möhkəm çərçivə yaratması idi. O bu inqilabın istismarçı siyasi güc və cərəyanlarda həzm olmasına imkan vermədi. İmamın təlimlərinin və göstərdiyi xəttin xalqın ağzına saldığı “nə şərqçi, nə qərbçi, İslam Respublikası”, yaxud “istiqlaliyyət, azadlıq, İslam Respublikası” şüarlarının mənası bu idi ki, bu inqilab nə Şərqin ozamankı sosializm düşərgəsinin prinsiplərinə, nə də Qərb düşərgəsinin liberal kapiralizm prinsiplərinə bağlı olan sabit və əsas prinsiplərə söykənir. Şərqin və Qərbin bu inqilaba düşmən olmasının səbəbi də budur.
Bu inqilab güclü əsaslar üzərində quruldu; həm ədalətin icrasını diqqətdə saxladı, həm xalqlar üçün ən mühüm dəyərlərdən olan azadlıq və müstəqilliyi, həm də mənəviyyat və əxlaqı. Bu inqilab ədalətsevərlikdən, azadlıqsevərlikdən, demokratiyadan, mənəviyyatdan, əxlaqdan təşkil olunmuşdur. Lakin bu ədaləti kommunistlərin keçmiş SSRİ-də, yaxud öz peyk ölkələrində şüar verdikləri iddialı və xəyali ədalətlə qarışdırmaq olmaz. Bu, özünün xüsusi tərifi olan İslam ədalətidir. Həmçinin İslam Respublikası quruluşunda mövcud olan azadlığı güc və sərvət sahiblərinin özbaşınalığı və insanların hər bir əmələ mütləq azadlığı mənasında olan Qərb azadlığı ilə səhv salmaq olmaz. Bu, İslam azadlığıdır. Onda həm ictimai azadlıq var, həm mənəvi azadlıq var, həm də İslamın tərif etdiyi fərdi azadlıq. İslam Respublikasının və İslam inqilabının öz prinsiplərinə daxil etdiyi bu mənəviyyatı və əxlaqı da bir çox cəmiyyətlərdə olan qapalı, məntiqsiz və durğun dindarlıqla səhv salmaq olmaz. O dindarlıqlar zahirdə və dildə dindarlıqdır, durğunluqla, qapalılıqla, cəmiyyət və insan üçün səadət yolunu dərk etməməklə yanaşıdır. Ədalət, azadlıq və mənəviyyat sözlərindən qabaq gələn bu İslam sözü çox mənalıdır və ona diqqət yetirmək lazımdır.
İmam bu prinsipləri inqilabın qələbəsindən öncə xalqa və ayıq insanlara izah etdi. İnqilabın qələbəsindən sonra onun əsasında İslam Respublikasını yaratdı, yaşadığı qədər bu prinsiplər üzərində dayandı və onlar üçün çalışdı. Məhz buna görə İslam Respublikası yeni və misilsiz bir fenomen kimi müsəlman cəmiyyətlərdə ümid oyatmağı bacardı. Bütün İslam dünyasında və onun xaricində hər kəs anladı ki, bu, şüarını Şərq və Qərb rejimlərinin etimadsız dillərindən eşitdiklərinin təqlidçi forması deyil. Bu, yeni və canlı bir fenomen, yeni fəaliyyət gücüdür. Buna əsasən, İslam Respublikası yaranandan sonra bütün müsəlman xalqlar yeni hərəkət və ümid əldə etdilər. İndi də belədir. İndi bütün dünyada hegemonluğun təbliğat siqnallarının İslam Respublikası əleyhinə zəhərli təbliğat aparmalarına rəğmən, İslam quruluşunun dünya müsəlmanlarının qəlbində yaratdığı ümid hələ də yaşayır. Müsəlman ziyalılar, gənclər və İslam ölkələrində inkişaf etməkdə olan nəsillər ümid dolu bu aydın nöqtəni görürlər.
İmam Xomeyninin məqbərəsinin ziyarətçilərinin böyük toplantısında çıxışdan: 2002.
İranın yeganə səadət yolu: İslam və İslam Respublikası
İran xalqı bir məqama diqqət yetirməlidir. Allaha şükür olsun ki, bu 23 il ərzində də diqqət yetirdiyini göstərmişdir. Bu inqilabın və bu xalqın düşmənləri də bunun nə olduğunu bilsinlər:
Bu ölkənin xilası və bu xalqın layiqli mövqeyə ucalması yalnız İslamın, İslam Respublikasının və İslam quruluşunun sayəsində mümkündür. İnqilabın qələbə çaldığı dövrü görməyən və inqilabdan qabaqkı illəri yaşamayan gənclər bilsinlər ki, İslam inqilabı və bizim böyük imamımız olmasaydı, bu ölkədə inqilabın və dəyişikliyin arxasında İslam durmasaydı, bu məmləkətdə Amerikanın təhqiredici istismarının və qəddar Pəhləvi diktaturasının sona çatacağına heç bir ümid olmazdı. Bu ölkədə bütün mümkün yollar sınaqdan keçirildi və hamısı uğursuz çıxdı. Müxtəlif siyasi partiyaların, Şərqə və Qərbə bağlı cərəyanların və silahlı hərəkətlərin hamısı müəyyən bir dövrdə önə keçdilər, amma heç biri xalq üçün bir iş görə bilmədi və repressiya günbəgün gücləndi. İnqilabdan qabaqkı son illərdə gənclər silahlı mübarizəyə qalxanda çox sərt şəkildə məhv edildilər, Pəhləvi rejiminin nəzarəti də artdı və ümidsizlik tədricən hər yeri bürüdü. Pəhləvi rejiminin önündə həqiqətən dayana bilən qüvvə xalq idi. Yəni bütün xalq meydana çıxıb azğın, asılı, diktator və zalım Pəhləvi rejimini və onun arxasında duran Amerikanı məğlub etməli idi. İranda ruhanilərdən və din xadimlərindən başqa xalqı səfərbər edəcək heç bir güc yox idi. Bu bizim ölkəmizin böyük bir təcrübəsidir. Bunlara diqqətlə baxmaq lazımdır.
Din alimləri olmasaydılar, Məşrutə hərəkatı yaranmaz və qələbə çalmazdı. Qərbpərəstlər və İngiltərənin İrandakı nökərləri din alimlərini və din şüarlarını kənarlaşdıranda isə yenə də istibdad, xarici təsir və hökmranlıq başlandı. Neft sənayesini milliləşdirmə hərəkatında da belə oldu. Mərhum Ayətullah Kaşani bu mübarizənin ən əsas başçılarından biri idi. Ruhanilər meydanda olunca xalq da meydanda qaldı. Amma yanlış rəftarlar, səhv üsullar və inhisarçılıq səbəbindən mərhum Kaşani kimi aydın, ayıq və qorxmaz bir ruhani təcrid ediləndə xalq da kənara çəkildi, milli hərəkat hökumətinin başçıları yalqız qaldılar və düşmən istədiyini etdi.
İmam Xomeyninin məqbərəsinin ziyarətçilərinin böyük toplantısında çıxışdan: 2002.
Xalqın ruhanilərə daimi etimadı
İranda xalq həmişə din çağırışı ilə meydana çıxmış, ədaləti dinin sayəsində görmüşdür. Ruhanilər harada öncül olmuşlarsa, xalq onları yalqız qoymamışdır. Bizim böyüm imamımız bir təqlid müctəhidi, din alimi, sınaqdan çıxmış pak və səmimi bir insan kimi güclü iradəsi ilə meydana atılanda və ruhanilər də onun arxasınca səhnəyə çıxanda bütün xalq meydana atıldı və düşmən heç bir müqavimət göstərə bilmədi. Və xalqın fəallığı bu ölkədə avtoritorizmin kökünü kəsdi.
Əziz qardaş və bacılar! Bizim ölkəmizdə diktatorlar həmişə xarici istismarçılara arxalanmışlar. Pəhləvi və ondan öncə başqa bir formada Qacar rejiminin diktatura və hegemonluğu onların əcnəbi qüvvələrə söykəndiyinə görə idi. Rza xan İngiltərəyə arxalanırdı. Məhəmmədrza əvvəlcə İngiltərəyə arxanlanırdı, sonra isə Amerikaya üz tutdu. O, Amerikanın maraqlarını və nüfuzunu onların istəyinə uyğun şəkildə təmin edirdi. Onlar da onu müdafiə edir, sonra bu ölkəyə və bu xalqa qarşı istədikləri işi görürdülər. Bu xalqı əlli il repressiya şəraitində saxladılar. Beynəlxalq baxımdan inkişaf üçün ən yaxşı və ən hazırlıqlı bir dövrdə bu xalqın elm, sənaye, mədəniyyət və əxalq inkişafının qarşısını aldılar, bu xalqı və bu ölkəni geriyə saldılar. Onların məqsədi eyş-işrət, sərvət toplamaq və öz xarici ərbablarına xidmət göstərmək idi. Onlar həmin xarici qüvvəyə arxalanaraq özlərini İranda tam möhkəmlətmişdilər. Onları uzaqlaşdırmaq, bu əyri, zərərli, lənət, nifrət və uğursuqla dolu rejimi devirmək hər kəsin işi deyildi. Böyük İmam İslam bayrağı ilə hərəkat yaratdı. İmamın prinsipləri İslam prinsipləri, ədaləti İslam ədaləti, demokratiyası İslam demokratiyasıdır.
Bizim Böyük imamımız və İslam quruluşumuz barədə ən böyük insafsızlıqlardan biri budur ki, əcnəbi təbliğat imamı, İslam quruluşunu və İslam Respubilkasını avtoritorizmdə və demokratiyadan uzaq olmaqda ittiham edir. Bu inqilab İranda belə möhtəşəm şəkildə baş verdi, qələbədən sonra xalq ilk referendumu keçirdi. Bu heç bir inqilabda görünməmişdi. Siz baxın, bir ölkədə bir çevriliş, kiçik bir dəyişiklik və yerdəyişmə baş verəndə seçkilər 2-3 il təxirə düşür. Ölkədə xalq seçki qutusunu tanımırdı. Tağut rejimi dövrünün seçkiləri formal və yalançı idi. Xalq heç zaman seçkilərdə iştirak etməmiş və sözün həqiqi mənasında səs verməmişdi. Parlament seçkilərində kimi istəyirdilərsə, qutulardan onun adını çıxarırdılar. Belə bir şəraitdə inqilabın qələbəsindən iki ay sonra imam xalqı seçki məntəqələrinə çağırdı və xalq İslam Respubilkasına səs verdi. Bir ildə xalq beş dəfə seçkilərdə iştirak etdi. İnqilabdan ötən 23 il ərzində bizim xalqımız 23 dəfə İslam Şurası Məclisi, Dini Ekspertlər Məclisi, prezident və bələdiyyə seçkiləri, həmçinin konstitusiya və İslam Respubilkası quruluşunu təyin etmək üçün 23 dəfə seçkilərdə iştirak edib, səs verib. Hətta zahirən demokratik olan hansı quruluşda xalqın səsinə və istəyinə bu qədər önəm verilir? Bu inqilabın və bu xalqın həyasız düşmənləri bu insafsızlığı edir, bu inqilabı, onun böyük banisini və memarını demokratiyaya müxaliflikdə ittiham edirlər.
İmam Xomeyninin məqbərəsinin ziyarətçilərinin böyük toplantısında çıxışdan: 2002.
İnqilab təlimlərinin qalın kitabı
İnqilabı bir kitab kimi açdıqda onun daxilində təlim dolu fəsil və sətirlərin mövcud olduğu görünür: dini təlimlər, siyasi təlimlər, əxlaqi təlimlər. Bütün bunlar inqilab sözündə cəm olmuşdur. İnqilab siyasi sahədə yalnız İran xalqı üçün yox, bütün bəşəriyyət üçün ən yeni və ən gözəl sözə malikdir. Bəzi adamlar elə bilirlər ki, Qərbin dırnaqarası liberal-demokrat düşərgəsində hazırlanıb ölkəyə gətirilən elmi söz və terminlər inqilabın eşitmədiyi yeni söz və sovqatlardır, inqilab və inqilabçılar bu sözləri indi eşitməlidirlər. Bu yanlışdır. İslam inqilabı və bu qalın elmi kitab bu sözlərin hamısının həm söz kimi, həm də real nümunə kimi mövcud olduğu bir vaxtda yazıldı və baş verdi.
Xalq başında Amerikanın durduğu Qərb düşərgəsinin əsl mahiyyətini bu gün Amerikanın siyasətindən anlayır. Lakin o zaman bundan əlavə marksizm, kommunizm və sosializm adlanan, iddiası da Qərb liberallarından olduqca çox olan başqa bir cərəyan da vardı. Biz İslamın tapşırdığı əsaslardan, İslamın siyasi, yaxud elmi gərəklərindən danışanda onlar deyirdilər ki, "gərək" nədir? Bizdə "gərək" yoxdur. Marksizm elmdir. Siz deyirsiniz ki, gərək belə olsun. Biz deyirik ki, istəsəniz də, istəməsəniz də, belə olacaq. Onlar marksizmin təlimlərini bu qədər qəti hesab edirdilər. Yüz il və ondan da artıq oturub dünyada sosialism və sonra kommunizm quruluşunu yaradacaq amilləri bir-bir yazmışdılar və deyirdilər ki, bunun oyan-buyanı yoxdur, siz istəsəniz də, istəməsəniz də, baş verəcək; marksizmə doğru proses təbii şəkildə gedir və bütün dünyanı əhatə edəcək. Marksistlərin təsvir etdiyi həmin qəti və qaçılmaz məsələlərdən bu gün dünyada heç bir əsər-əlamət qalmayıb. Özü gedən kimi adı, etibarı və imici də getdi. Bu gün həmin gərəkləri, qaçılmaz və qəti məsələləri qərblilər öz məfhumları üçün təkrarlayırlar: “Çarə yoxdur, qloballaşma bəşərin qaçılmaz taleyidir, istəsəniz də, istəməsəniz də, baş verəcək”. Kommunistlər öz həyat reallıqlarını dəmir pərdə arxasında saxlamışdılar ki, heç kim görməsin və həqiqətdən xəbər tutmasın. Buna görə də çoxlu gənclər həmin sözlərə aldanırdılar. Bunların isə işlərinin mahiyyəti bəllidir, amma eyni zamanda xəcalət çəkmir və iddia etdiklərinin həyasızlıqla qəti və qaçılmaz olduğunu söyləyirlər. Bir qrup sadəlövh yazıq da - mənim fikrimcə, onlar üçün ən yaxşı təbir sadəlövh sözüdür - bu sözləri götürüb qəti məsələ kimi qəbul edir, gənclərin və qeyri-gənclərin elmi arenasına çıxarır və təbliğ edirlər; onlar üçün sinə döyür, özlərini öldürür, bu məfhumları insanların beyninə yeritməyə çalışırlar. İnqilab baş verəndə bunların hamısı vardı və inqilab bu sözlərin hamısını puça çıxardı.
İslam İnqilabının Mühafizəçiləri Korpusunun üzvləri ilə görüşdəki çıxışdan: 2002.
Qərb dünyasının yalançı gözəlliyi
Qərblilərin təsvir etdiyi, insan haqlarının, azadlığın və seçim hüququnun olduğu gözəl dünyanı biz Pəhləvi dövründə öz həyatımızda gördük, ozamankı demokratiyanın və insan haqlarının mənasını anladıq. Amerikalıların özləri SAVAK təcridxanasının yaradılmasında, işgəncə yerlərinin və alətlərinin hazırlanmasında, gəncləri ovlamaq və xalqı əzmək üsullarında Pəhləvi rejimi ilə əməkdaşlıq etdilər. Onların bu gün dünya xalqlarına vəd etdiyi və radiolarının biz daxil üçüncü dünya xalqlarını çağırdığı liberal-demokratiya budur. Biz bunu öz həyatımızda sınaqdan keçirmişik, bizim üçün yeni bir şey deyil. Biz pəncələrindən qan daman, başından fəsad tökülən Amerikanın sayəsində bütün cinayətləri törədən Pəhləvi diktaturasının qəddar hakimiyyətini yaxından görmüşük. Bu məsələlər bizə yeni deyil. Biz Amerikanın insan haqlarını burada - həbsxanalarda və işgəncə yerlərində öz ətimiz və qanımızla hiss etmişik. Məgər İran xalqı bunları unudar?!
İnqilab öz siyasi görüşünü ortaya qoyanda dünyada bütün bu sözlər vardı və inqilabın sözü belə bir şəraitdə rezonans doğurdu. Onları bu inqilabın əleyhinə çıxmağa vadar edən amil həmin rezonansdır. Bütün xalqlar və ziyalılar onların puç məfhumlarına şübhə ilə yanaşdılar. Bu gün də Qərbin Amerikanın Dövlət Departamentinə, CIA təşkilatına və müxtəlif qurumlarına bağlı olan dırnaqarası ziyalılarının söylədiyi, yaxud azad adlandırdıqları, əslində isə əsla azad olmayan mətbu orqanlarında yazıb nəşr etdirdikləri bütün sözlər istər İslam dünyasında, istər onun xaricində olan gənc nəslin, ziyalıların və ayıq insanların nəzərində tamamilə sual atına düşmüş, bir çoxu qətiyyətlə rədd olunmuşdur. Əlbəttə, siyasətçilər üz vurmur və həmin sözləri siyasi mövqedən və amiranə şəkildə təkrarlayırlar. Lakin İslam və İslam inqilabı öz işini gördü. İslam inqilabı təqdim etdiyi siyasi görüşlə istibdada qarşı çıxdı. Hər hansı bir adla və hər hansı bir şəxs tərəfindən olan avtoritorizm İslama görə yasaqdır. İslam inqilabı hegemonluğa, xarici müdaxiləyə, məzlum xalqlara təcavüzə, qəddar və zalım müharibələrə və zahiri gözəl olan adlar altında xalqların maraqlarını mənimsəməyə qarşı çıxdı. İslamdan götürülən bu məfhumlar dünyada İslam quruluşunun və İslam Respublikasının siyasi məktəbi kimi təqdim olundu və hamı onun önündə baş əydi.
Böyük İmamın adının yayılmasına bunlar səbəb oldu. Siz dünyanın hansı ölkəsinə getdinizsə, insanların İmam Xomeyninin adı önündə təzim etdiklərini gördünüz. Səbəb xalqların həm anladığı və bütün vücudları ilə dərk etdiyi, həm də dərdlərinin yeganə dərmanının olduğunu düşündükləri məfhumların olmasıdır. Bəzi xalqlar üçün əlverişli şərait yarandı və bu proqrama əməl edə bildilər, bəziləri isə əməl edə bilmədilər və məğlub oldular. Dünyanın çoxlu yerlərində bəzi hissələrinə əməl etdilər və təsirini gördülər.
İslam İnqilabının Mühafizəçiləri Korpusunun üzvləri ilə görüşdəki çıxışdan: 2002.
Hegemonluq - bugünkü dünyanın problemi
Bu gün dünyanın problemi böyük güclərin diktatorcasına müdaxiləsi və təcavüzüdür. Məgər belə deyil?! Böyük güclər iradə edib 48 saat ərzində bir-iki ölkəni bütün iqtisadi fəaliyyətlərindən məhrum edir və çökürdürlər. Bir neçə il öncə gördünüz ki, İndoneziya və Malayziyada bu işləri gördülər. Bu ölkələrin valyuta və iqtisadiyyatına sahib olduqlarına görə bu ölkələrdən öz pullarını çıxarmaqla bir neçə gün ərzində onların iqtisadi göstəricilərini 40-50 faiz endirdilər. Xalq bu zülmkar istismarı duyur. Əfqanıstan kimi, Avropanın və digər yerlərin müsəlmanlar yaşayan bölgələri kimi yerlərdə xalq bir hegemon gücün hansısa bəhanə ilə ölkəyə daxil olub ürəyi istəyən işi görməsinə şahid oldu. Xalq hiss edir ki, belə güclərlə mübarizə aparan və onları cilovlamağa çalışan məktəb və inqilab haqlıdır. O məktəb İslam və onun təmsilçisi İslam Respublikasıdır.
Cənubi Afrikada xalq irqi ayrıseçkilikdən əziyyət çəkirdi. Həmin günlərdə hələ aparteid rejimi iş başında olduğu zaman Cənubi Afrikanın ziyalıları imama və buranın mübarizlərinə hörmət ifadə edirdilər. Sonradan prezident olan Nelson Mandela o zaman həbsdə idi. Mən bir görüş üçün Zimbabveyə getmişdim. O, həbsxanadan mənə mesaj göndərdi ki, salamımı imama çatdırın. Sonra onlar İmam Xomeynidən öyrəndikləri üsulla işə başladılar və aparteid hakimiyyətini devirdilər. Onların qonşu ölkəsində və dünyanın bir çox başqa yerlərində də belə etdilər. Buna əsasən, inqilab yaşayır.
İslam İnqilabının Mühafizəçiləri Korpusunun üzvləri ilə görüşdəki çıxışdan: 2002.
Düşmənin inqilabı təcrid etməyə çalşması
İnqilabın əvvəlindən düşmənlər tərəfindən başlanan işlərdən biri inqilabın qlobal nüfuzunu inkar etmək, onun təcrid olunduğunu və heç kim tərəfindən qəbul edilmədiyini söyləmək idi. İyirmi il öncəki bu sözləri indi də deyirlər. Onda da yalan idi, indi də yalandır. İnqilab məfhumları bütün dünyada yaşayır. Bizim inandıqlarımız dini demokratiya, haqq din, dini və əxlaqi dəyərlərə hörmət, hegemon güclərə nifrət, onlarla mübarizə aparmaq, bütün insanların və insaniyyətin hüququnu tanımaq – bunlar bütün xalqların qəbul etdiyi və bəyəndiyi məsələlərdir. Sözsüz ki, düşmənlərin təbliğatı güclüdür. Mən dəfələrlə demişəm: Bu gün pul, güc və hiylə birlikdə hegemonluğun ixtiyarındadır və hiylələrini informasiya şəbəkələri vasitəsi ilə həyata keçirirlər.
İnqilab canlı və dinamikdir. İnqilabın mühafizəçisi belə bir canlı, dinamik, aktiv və inkişafda olan varlığı qoruyur. Əgər belə olmasaydı, İslam inqilabı və İslam quruluşu indiyədək on kəfən çürütməli idi. Amma canlı varlığı dəfn etmək və hərəkətdən saxlamaq olmaz; yaşayır və yaşayacaq. Bizim xalqımız da bu məfhumları qəbul etdi; qərəzsiz və insaflı şəxsiyyətlər də qəbul edirlər. Bu xüsusiyyətlərə malik olan inqilabın və quruluşun duruş gətirmək gücü var. Bunu bizim düşmənlərimiz də anlamışlar. Onların yeganə ümidi budur ki, xalqın və ondan öncə məmurların bu məfhum və əsaslara inamı zəifləsin və şübhəyə düşsünlər. Bu quruluşun hər hansı bir mühüm sahəsində çalışanlarda bu şübhələri yaratmaq istəyirlər. Şübhə çox pis xüsusiyyət və təhlükəli ünsürdür. Bu şübhəni dəlillə təlqin etmirlər; dəlil yoxdur. Bu gün dünya rəhbərliyinə iddialı olan və başında Amerikanın durduğu sistem zülmdən, qətldən, misilsiz qəddarlıqlardan, hüquq pozuntusundan və ayrıseçkilikdən başqa bir şey göstərmir və heç kimin qəlbində əminlik yarada bilmir. Onların dəlili yoxdur. Onlar təbliğatla, insanları satın almaqla, onun-bunun ağzını şirinləşdirməklə İslam quruluşu daxilində pozuntu yaratmağa çalışırlar. Bundan ehtiyatlı olmaq lazımdır. Yalnız siz yox, bizim hamımız bu təhlükədən ehtiyatlı olmalıyıq. Hər kəs birinci növbədə öz qəlbindən, sonra isə idarəsindən və yaxınlarından ehtiyatlı olmalıdır. İman və etiqadla dolu olan aydın qəlblər heç zaman məğlub olmur və qorxmurlar. Qorxmaq, məğlub və təslim olmaq üçün əvvəlcə qəlblərdə şübhə yaratmaq lazımdır. Bu şübhələr həmişə beyin yolu ilə yaradılmır. Bəzən fiziki yolla yaradılır; fiziki istək və meyllər, pula meyl... Cəbhə zamanı bizim gənclərimizin çoxu Səhifeyi-Səccadiyyənin bir duasının bu hissəsini oxuyurdular: “Fitnə törədən mal fikrini onların qəlbindən çıxar”. Həmçinin fitnə törədən sərvət istəyi, vəzifəpərəstlik, rahatlığa can atma, eyş-işrətə və dəbdəbəyə təmayül cisim və ehtiraslar yolu ilə insanın qəlbinə və beyninə şübhə salan amillərdir. Bunlardan ehtiyatlı olun.
İslam İnqilabının Mühafizəçiləri Korpusunun üzvləri ilə görüşdəki çıxışdan: 2002.
İnqilab proqnozunun imkansızlığı
Əgər bir xalq bu mənəvi və dini məfhumlarla tanış olsa, onları qəlbən mənimsəsə və öz hərəkətini bu meyarlarla tənzimləsə, irəliləyəcək və qarşısındakı dağları da aşacaq. Bizim xalqımız tarixi bir anda belə bir vəziyyətə düşdü və bu inqilab baş verdi. Siz elə bilməyin ki, bu inqilab proqnoz verilirdi. Xeyr! Proqnoz ediləsi deyildi. Bu qədər möhtəşəm idi. Bir xalqın yalın əllə azğın və çürük, lakin dünyanın bütün zalım gücləri tərəfindən tam dəstəklənən, ölkəni ən sərt şəkildə idarə edən və heç kəsin nəfəs almağa cürət etmədiyi bir rejimi devirib yerinə öz etiqadı və amalı olan İslamı gətirməsi əsla təsəvvür olunmurdu. Hətta optimist insanlar da belə bir şeyin mümkünlüyünü düşünmürdülər. Amma bizim xalqımız bu işi gördü. Mənəvi və əxlaqi amallar və böyük arzular bu xalqa elə qüvvə verdi ki, heç bir zor, şiddət, təhdid və acı hadisə onu yarıyolda saxlayıb dayandıra bilmədi.
İmam Hüseynin (ə) doğum gününün ildönümü və Mühafizəçi günü münasibəti ilə korpus mühafizəçiləri ilə görüşdəki çıxışdan: 2002.
Mehdilik – zalım dünya düzəninin məhvi
İnsanlar çalışıb məhdud bir bölgədə olsa belə ədalət bayrağını ucalda bilərlər. Bu gün dünyanın müxtəlif yerlərində zülm altında yaşayan xalqlar zülmlə mübarizənin mümkünlüyünə ümidvar olsalar, siz görün dünyada hansı hadisə baş verər və xalqlar necə oyanarlar! Bir zaman İran xalqı da tağut rejiminin qüdrətli pəncəsində bu məyusluğa düçar olmuşdu. Amma bizim böyük imamımız İslam təlimləri ilə bu məyusluğu qəlblərdən çıxarıb xalqa ümid və şücaət verdi. Nəticədə bu xalq ayağa qalxdı, hərəkətə başladı, çətinliyə dözdü, mübarizə apardı, canını əsirgəmədi və dünyanın bu nöqtəsində zülm amilləri, zalım və şeytani sistemlə mübarizə aparıb onun kökünü kəsə və devirə bildi.
Bu gün dünyanın hegemon mərkəzlərinin informasiya şəbəkələri və onlara bağlı ziyalılar belə təbliğat aparırlar ki, indiki zalım sistemin önündə heç bir hərəkət mümkün deyil. Onlar inqilab və amalçılıq düşüncəsi ilə mübarizə aparıb xalqları qane etmək istəyirlər ki, dünyanın indiki vəziyyəti ilə razılaşsınlar və ona heç bir reaksiya verməsinlər. Mehdiyə (ə) inam bu yanlış və zülmkar təbliğatın ziddinədir. Gənclər, ziyalılar və bizim bütün xalqımız Mehdinin (ə) zühuruna inamla bu güclü etiqadı öz qəlblərində yaradırlar ki, zalım dünya düzəni məhv olasıdır, əbədi deyil, onunla mübarizə aparmaq və qarşısında duruş gətirmək mümkündür.
Şəban ayının 15-i İmam Mehdinin (ə) doğum günü münasibəti ilə Tehran müsəllasında xalqın müxtəlif təbəqələri ilə görüşdəki çıxışdan: 2002.
Mehdiyə (ə) etiqadın dərsləri: mənəvi paklıq və ayıqlıq
Mehdiyə (ə) etiqadın və 15 Şəban bayramının bizim üçün başqa bir dərsi budur: Həzrət Mehdiyə (ə) etiqad uca bir amal olsa və bunda heç bir şübhə olmasa da, onu yalnız amal kimi saxlamaq olmaz. Yəni onu yalnız ürəkdə, yaxud uzaqbaşı dildə bir arzu kimi və ya bayram formasında saxlamaq olmaz. Bu amalın ardınca əməl gəlməlidir. Barəsində danışılan intizar yalnız oturub ağlamaq deyil. İntizarın mənası odur ki, biz özümüzü dövrün imamına əsgər hazırlayaq. Dövrün imamının əsgəri olmaq asan iş deyil. Bütün beynəlxalq güc və fəsad mərkəzləri ilə mübarizə aparan böyük bir xilaskarın əsgəri olmaq üçün mənəvi paklıq, ayıqlıq və aydınlıq lazımdır. Bəzi adamlar bu etiqadı özlərini, yaxud digərlərini uyutmaq üçün vasitə edirlər. Bu yanlışdır. Dövrün imamı gəlib dünyanı ədalətlə dolduracaq deyə bizim uzərimizə heç bir vəzifənin düşmədiyini düşünməmiz yolverilməzdir. Əksinə, bu gün bizim vəzifəmiz həmin istiqamətdə hərəkət edib o həzrətin zühuruna hazır olmaqdır. Eşitmisiniz ki, keçmişdə imamı gözləyənlər həmişə silahlı olurdular. Bu, simvolik xarakter daşıyır. Yəni insan özünü elm, düşüncə və əməl baxımından hazırlamalı, fəaliyyət və mübarizəyə hazır olmalıdır.
Dövrün imamına etiqad kənara çəkilmək demək deyil. İnqilabdan öncəki azğın cərəyanlar bunu təbliğ edirdilər. İndi də bəzi yerlərdə təbliğat aparırlar ki, dövrün imamı gəlib vəziyyəti düzəldəcək, bu gün bizim hansısa hərəkətimizə lüzum yoxdur. Sanki qaranlıq bir gecədə çıraq yandırmır və deyirik ki, sabah günəş doğacaq, gündüz olacaq və bütün dünya işıqlanacaq. Sabahkı günəşin mənim və sizin indiki vəziyyətimizə dəxli yoxdur. Bu gün biz dünyanın hər bir nöqtəsində zülmün, ədalətsizliyin, ayrıseçkiliyin və hegemonluğun olduğunu görürüksə, bunlar dövrün imamının mübarizə aparacağı amillərdir. Əgər biz dövrün imamının əsgəriyiksə, özümüzü bu mübarizəyə hazırlamalıyıq.
Şəban ayının 15-i İmam Mehdinin (ə) doğum günü münasibəti ilə Tehran müsəllasında xalqın müxtəlif təbəqələri ilə görüşdəki çıxışdan: 2002.
13 Aban - Amerikanın İslam hərəkatı ilə üz-üzə gəldiyi gün
İslam inqilabının qələbəsindən öncə bizim ölkəmiz bu bölgədə Amerika imperatorluğunun bir hissəsi sayılırdı və Amerikaya çox sadiq idi. Amerikanın siyasətləri İranda və bu ölkə vasitəsi ilə mümkün olan hər bir yerdə icra olunurdu. Milli sərvətlər təmənnasız olaraq Amerikanın ixtiyarına verilirdi. Ozamankı siyasi qüvvələr - hökumət, parlament və Ali Məhkəmə bütünlüklə amerikalıların iradəsinə tabe idi. Bizim qonşu ölkələrimizin əksəri belə idi. O zaman Amerikanın dünyadakı böyük rəqibi Sovet İttifaqı və o da bizimlə qonşu idi. Buna görə amerikalılar öz istismar pəncələrini bizim ölkəmizə daha qanlı və daha həyasızcasına batırmışdılar. Bu ölkədə vəziyyət belə idi.
Amerikanın istismarı altında olan ölkəmiz onun bütün soyğunçuluqlarına rəğmən, hətta bir addım da inkişafa doğru getmədi. Onda nə elmi inkişaf etdik, nə iqtisadi inkişaf, nə bir sənaye işi gördük. Tamamilə asılı, Amerikanın və digərlərinin məhsullarının istehlakçısı qaldıq. Yalnız sənaye məhsullarında yox, hətta əkinçilik, mədəni və digər məhsullarda da istehlakçı idik. İran kimi sərvətli bir bölgə Amerikanın mülkü, Amerika hökumətini idarə edən və etməkdə olan kompaniyaların əlində idi.
1962-ci ildə İslam hərəkatı başlayanda bu hərəkatın təhlükəsini hamıdan çox Amerikanın casus və kəşfiyyat şəbəkələri duydular. Buna görə 1964-cü ildə imamı İrandan sürgün etdilər. Düzdür, İran hökuməti sürgün etdi, amma işin arxasında amerikalılar dururdu. Onlar imamı bizim qonşu ölkəmizə apardılar və ora da Amerikaya bağlı hərbçilərin və hökumətlərin tabeliyində idi.
13 Abanın (4 noyabrın) birinci hadisəsi Amerika rejiminin İslam hərəkatı və İslam oyanışı ilə üz-üzə gəlməsindən ibarətdir. Onlar güman edirdilər ki, İslam müsəlmanların qəlbində dirçəlsə və əməllərində təcəssüm olunsa, bu yalnız İranla kifayətlənməyəcək və İslam dünyasını bürüyəcək. Necə ki, inqilabın qələbəsindən sonra Fələstində, Livanda və bir çox müsəlman və ərəb ölkələrində elə də oldu. Bir neçə ildən sonra İranda İslam hərəkatı gücləndi. İnqilabın qələbəsindən öncə - 1978-ci ilin 13 abanında şagird qırğını törədildi. Yəni yenə də arxasında Amerikanın kəşfiyyat şəbəkələrinin durduğu rejimin qəddar siması aşkarlandı. Bu da İslam hərəkatı ilə qarşıdurma idi və təbii ki, heyvani qəddarlıqla. Həmin günlərdə Amerika prezidenti və Amerikanın media təmsilçiləri İranı ideal bir nöqtə, sabitlik və təhlükəsizlik adası adlandırır, onunla fəxr edir və indi daim təkrarladıqları insan hüquqları və bu kimi məsələlərə əsla toxunmurdular.
13 Aban hadisələrinin ildönümü münasibəti ilə tələbə və şagirdlərlə görüşdəki çıxışdan: 2002.
İnqilabın qələbəsindən öncəki acı həqiqətlər
Hər bir xalq bu müharibədə öz məqsədlərinə və iradəsinə uyğun şəkildə iştirak edir. Siz bizim xalqımızı təsəvvür edin. Bizim xalqımız ən azı ötən əsrin əvvllərindən, yəni yüz il öncədən sərhədlərimiz xaricindəki güclərin iradə və istəyi ilə idarə olunmuşdur. Ondan öncə ayrı formada idi, amma təxminən 120 il öncədən bu ölkənin idarəsi və bütün təsirli qurumları xaricdə tərif olunan və əcnəbilərin maraqlarının nəzərə alındığı siyasətlərin təsiri altında olmuşdur. Onlar öz maraqlarından ötrü gəlib şahdan, nazirlərdən, deputatlardan və digərlərindən istifadə edirdilər. Bu, bizim cəmiyyətimizin inqilabın qələbəsindən öncəki həqiqətlərinin bir hissəsidir - yəni asılılıq hissəsi, əsas insani və maddi sərvətlərimizin əncəbilərin əlində olması.
Bizim cəmiyyətimizin inqilabın qələbəsindən öncəki həqiqətlərinin başqa bir hissəsinin daha qədim kökü var və bu, ölkəmizdə istibdad və zadəganlığın hakimiyyətidir. Uzun əsrlər bu mədəniyyətə, tarixə və istedada malik olan bu xalqa hakim olanlar məmləkəti özlərinki bilirdilər. Sanki bir mülkədarın tarlası, kəndi, yaxud mülkü var və bir qrup adam da orada işləyir və yaşayır. Onu düşündürən həmin insanlar yox, onun özüdür. Mülk onunkudur; gəliri və təbii ki, zəhmətləri də var. Həmin insanlar üçün də zəhmət çəkməlidir. Məsələn nə vaxtsa həkim çağırmalıdır, dindar olsalar, onlar üçün ruhani gətirməlidir, məscid tikməlidir, su çəkməlidir və sair. Hökumət başçılarının xalqla rabitəsi belə olmuşdur. Onlar xalqı heç vaxt ölkənin əsas sahibləri saymamışlar. Bu böyük mülkdə bütün xalqı öz nökərləri hesab edən Nasirəddin şah hökumət başında olmuşdur. O, Sədri-əzəmdən tutmuş nazirlərə, saray adamlarına qədər rəsmi nökərlərindən əlavə, bu mülkdə işləməli olan xalqı da qulu bilirdi; yəni özləri bir şey yeyirdilər və bu hökumətin maraqları da qorunurdu. Uzun əsrlər bütün ölkəyə hakim olan siyasət və zehniyyət belə olmuşdur və xalqın siyasətdə heç bir rolu olmamışdır.
Bu inqilab baş verib hər iki sahədə qəti və əsaslı işlər görmüşdür. İkinci sahədə aristokrat təbəqəsini, ölkənin hakim və sahiblərini tamamilə məhv etmişdir. Bu gün bu ölkədə elə bir şəxs yoxdur ki, ölkənin sahibi olduğunu hətta ağlından belə keçirə bilsin. Bu ölkənin sahibi xalqdır. Hər hansı şəxsin hakimiyyətə və vəzifəyə gəlməsinin şərti budur ki, xalq onu istəsin, xalqla yaxşı münasibəti olsun, xalqın maraqlarına cavab versin, yaxud bunları zahirdə göstərsin. Yəni hamı xalqın bu ölkəyə sahib olmasını rəsmən tanımağa məcburdur. Bizim inqilabımız belədir.
Həmin ikinci sahədə inqilab ölkənin xarici qurumlara bütün rəsmi asılılıqlarına son qoydu. Əlbəttə, bilirik ki, iqtisadi, yaxud mədəni asılılıq bu asanlıqla bitəsi deyil. Amma asılılığın əsas görünən tərəfi siyasi asılılıqdır və İslam inqilabı beynəlxalq güc mərkəzlərinin sözünü eşitmək, onlara yaltaqlanmaq, onların maraqlarına riayət etmək işinə birdəfəlik son qoydu. Bu xalq amallarını, məqsədlərini, ideya və arzularını həyata keçirmək istəyir və bunun üçün heç bir qlobal gücü nəzərə almır. Məqsəd birinci növbədə ölkənin və xalqın böyük və uzunmüddətli amallarını reallaşdırmaqdır. Bu amallar din, azadlıq, rifah, təhlkəsizlik və bu kimi sözlərdə xülasə olunur.
Teleradio şirkətinin məsul işçiləri ilə görüşdəki çıxışdan: 2003.
Azğın Qacarlar, daha azğın Pəhləvilər
Pəhləvilər hakimiyyətə gələndən sonra Qacarları pisləməyə başladılar. Qacarlar çox pis idilər, amma Pəhləvilər qədər yox. Onlar da avtoritar, asılı və azğın idilər, amma Pəhləvilər daha pis idilər. Onların arasında da bacarıqlı və bacarıqsız vardı, bunların arasında da; yəni müqayisə etmək olmaz. Şübhəsiz ki, onların keçmişdə gördüyü işlərin çoxu bunların gördüyü işlərdən ya zamana nisbətən yaxşı, ya da eyni həddə idi. Lakin bunlar onları tamamilə gözdən salmaq və özlərini haqq göstərmək üçün uzun illər sərf etdilər.
Biz bacarıqsız, azğın, asılı, dinsiz, sui-istifadə edən, eqoist və digər çirkin xüsusiyyətlərə malik bir rejimi devirmişik, amma bunların nə etdiyini xalqa demirik. Onların bacarıqsızlığı bir kitabdır, asılılığı bir kitabdır, əxlaqi və cinsi fəsadları bir kitabdır, iqtisadi fəsadları bir kitabdır. Bunların hər biri böyük bir fəsildir. Bunlar gənc nəslə deyilməlidir ki, öz mənfi və qaranlıq cəhətlərini gizlətməyə, məchul və yanlış bir tarix yazıb gənclərimizin beyninə ötürməyə cürət etməsinlər.
Teleradio şirkətinin məsul işçiləri ilə görüşdəki çıxışdan: 2003.
29 Bəhmən - Təbrizin izzət və şərəf bayrağı
Əziz və sayıq Təbriz əhalisinin bu hərəkətinin – yəni 29 Bəhmənin xatirəsini uca tutmaq həqiqətən oyanışdan irəli gələn ayıq bir hərəkətdir. Dünyanın siyasi istismarçıları bütün səylərini inqilabın yadigarlarını, xalqın dini və milli qeyrətinin əlamətlərini öz təbliğat ajiotajları altında gizlədib unutdurmağa yönəltmişlər. Lakin ayıq-sayıq olanlar bu şeytan siyasətinin tam əksinə əməl edir, bu xalqın izzət və şərəf amillərini ucaldırlar. 29 Bəhmən belə bir gündür və siz öz hərəkətinizlə - uzun yol gəlib burada toplaşmanızla bu adı və xatirəni yaşadırsınız. Bu həqiqətən oyanışdır. Mən burada iştirak edən siz əzizlərə, bütün Təbriz və Azərbaycan əhalisinə deyirəm:
Azərbaycan! Oyaqsan! İnqilaba dayaqsan!
Bu oyanış çox dəyərlidir. 1978-ci ildə 29 Bəhmən hadisəsini yaradan oyanış idi. Qorxmaz Təbriz əhalisi və həqiqi mübarizlər Qum şəhidlərinə qırx mərasimi keçirib əslində iqnilabı hərəkətə gətirdilər. Bu əməl üçün sayıqlıq lazım idi. Tağut rejimi elə bilirdi ki, həmin ilin 19 deyində Qum əhalisinin qiyamını yatırtmaqla məsələ bitdi. Amma təbrizlilər buna imkan vermədilər, 29 bəhməndə Qum şəhidlərinin və o möhtəşəm hərəkətin qırx mərasimini keçirdilər və bəlli tufanı yaratdılar. Bu həm sayıqlıqdır, həm dini və milli qeyrətdir, həm də fədakarlıqdır. Bu xüsusiyyətlərin məcmusu Təbriz və Azərbaycan əhalisini ucaltmışdır. İnqilabdan öncə Məşrutə hadisələrində və ondan qabaqkı hadisələrdə də belə olmuşdur. Tənbəki qadağasında İngiltərə şirkətinə və İngiltərənin İrandakı iqtisadi istismarına qarşı mübarizədə əsas mərkəzlərdən biri Təbriz və onun böyük alimi mərhum Hacı Mirzə Cavad Müctəhid idi. Məgər bu keçmişi unutmaq olar?!
Şərqi Azərbaycan əhalisi ilə görüşdəki çıxışdan: 2003.
Pəhləvi rejiminin İran cəmiyyətini fəsada çəkməsi
İnqilabdan öncə ölkəmizin rəsmi təbliğatı xalqı pozğunluğa və əyyaşlığa sövq edirdi. Hətta insanların bir parça çörəyə möhtac olduğu yoxsul və məhrum bölgələrdə də əyyaşlıq imkanları yaradılırdı. Bu iş universitetlərdə, hərbi hissələrdə və gənclərin olduğu digər yerlərdə qəsdən, həm də gənc instinktinin təbii tələbi qədərincə yox, nəslin başını qatmaq və onu fəsada çəkmək üçün görülürdü. Bir nəslin gəncləri fəsada uğradıqda isə daha xalq yoxdur və müqavimət mövcud deyil.
Sistan və Bəlucistan gəncləri ilə görüşdəki çıxışdan: 2003.
Həmişəyaşar İslam oyanışı düşüncəsi
İslam inqilabı ölkə daxilində təkcə dəyişiklik yox, həm də bir mədəniyyət yaratdı. Bu mədəniyyət bütün İslam ölkələrində beyinlərə, xüsusən də gənclərin, ziyalıların və universitet mənsublarının beyinlərinə təsirini - bəzi ölkələrdə çox güclü, bəzilərində bir qədər zəif təsirini buraxdı. Siz İslam ölkələrinin gənc təbəqəsinin inqilaba, imama, İran xalqının dəyərlərinə və müqavimətinə sevgisi barədə mütləq eşitmisiniz. Əmin olun ki, eşitdikləriniz həqiqətdə mövcud olanlardan qat-qat azdır. Bu 21-22 ildə İslam təfəkkürü, İslam oyanışı və İslama qayıdış düşüncəsi tədricən zehinlərdə silinməz bir düşüncə kimi formalaşmışdır.
Şəhid Behişti universitetinin tələbələri ilə görüşdəki çıxışdan: 2003.
Möhtəşəm və ümumrespublika İslam oyanışı hərəkatı
Böyük İslam ümməti uzun əsrlər boyu problem və yayınmalara düçar olmuşdur. Biz özümüzü İslamdan uzaqlaşdırıb, İslamın çəkindirdiyi işlərlə məşğul olduq, bu uzun tarixdə daxili müharibələrə getdik, tağut qüvvələri vasitəsi ilə başımız qatıldı. Nəticə bu oldu ki, İslamın ilk əsrlərindən sonra uzun əsrlər boyu böyük İslam ümməti özünü İslam Peyğəmbərinin (s) və əziz İslamın nəzərdə tutduğu məqsədə çatdıra bilmədi. Allah-Taala İslam ölkələrində çoxlu maddi sərvətlər yerləşdirsə və bu bizim inkişafımıza səbəb ola bilsə də, elm, sənaye və bir çox inkişaf göstəricilərində dünyanın geriqalmış yerlərindən olduq. İslam bizim üçün bunu nəzərdə tutmamışdı. Bu, biz müsəlmanların pis əməlinin, rəftarının və qafilliyinin nəticəsi idi: "(Ey insan!) Sənə üz verən hər bir pislik özündəndir".1 Qafillik səbəbindən tarix boyu özünü bu vəziyyətə salan biz olduq.
Bu gün İslam dünyasında vəziyyət dəyişmişdir. Bu gün bütün İslam dünyasında İslam oyanışı hiss olunur, İslam dünyasının hər bir yerində müxtəlif mərhələlərdə olan əzəmətli hərəkatlar müşahidə olunur, başucalığı, inkişaf və tərəqqi amili olan İslam təməllərinə və prinsiplərinə qayıdış istəyi görünür. İslam dünyasının ziyalıları, alimləri və siyasi xadimləri bu hərəkatı gücləndirməlidirlər. İslam dünyasında kimlərinsə gənclər arasındakı İslam oyanışı hərəkatının hökumətlərin zərərinə olduğunu güman etməsi səhvdir. Xeyr! Müsəlman hökumətləri İslam oyanışı sayəsində hegemon qüvvələrin onlardan aldığı başucalığını özlərinə qaytara bilərlər. Bir nümunə bizim ölkəmiz, inqilabımız və imamımızdır. Biz uzun əsrlər istibdada və tam iki əsr əcnəbilərin hömkranlığına məruz qaldıqdan sonra özümüzə gəldik. Böyük İmam başucalığını bizim xalqımıza qaytara bildi. İngilislər, ruslar və amerikalılar növbə ilə bu ölkəyə ağalıq və həqiqi hökmranlıq etdilər. Zahirən hökumətin başında durmasalar da, ölkənin hər bir işi onların əlində idi. Bizim xalqımız öz hüququndan, sərvətlərindən, izzətindən və dininin həqiqi dadından məhrum olmuşdu.
Bizim Böyük imamımız İslama qayıdışla, İslama sarılmaqla ölkəmizdə istibdad və müstəmləkənin uzunmüddətli hökmranlığına son qoyub bizə başucalığı bəxş edə bildi. O bizim xalqımıza İslam kimliyi hissini qaytardı. Hiss etdilər ki, öz ayaqları üstə dura bilirlər, özləri qərar verə, seçə bilirlər, taleyüklü məsələlərdə özləri "hə", yaxud "yox" deyə bilirlər. Bizim xalqımız əsrlər uzunu belə bir şey görməmişdi. Bunu İslam onlara verdi. Dünyanın hər hansı bir nöqtəsində İslam oyanışı hərəkatı güclənsə və möhkəmlənsə, o ölkənin xalqı və gəncləri İslama sarı yaxınlaşdıqlarını duysalar, kimliyin və başucalığının uyğun yenilənməsi baş verəcək.
17 Rəbiüləvvəl Peyğəmbərin (s) mövlud bayramı münasibəti ilə quruluşun məsul şəxsləri ilə görüşdəki çıxışdan: 2003.
Mübarizənin məşəqqətləri
Mübarizə dövründə sizin bir çoxunuz meydanda idiniz, hamı deyirdi ki, nə üçün əbəs yerə vuruşur və faydasız mübarizə aparırsınız. Həqiqətən də tağut rejiminin polisi elə bir qüvvə deyildi ki, onunla asanlıqla mübarizə aparmaq mümkün olsun. Bu iddiaçıların, marksist və ziyalı baxışı, iddiası və sözü olan şəxslərin çoxu o zindanları görəndə, hətta bir çoxu verilən işgəncələri görməyib, yalnız eşidəndə yarıyoldan qayıtdılar, təslim oldular, çoxları da yollarına davam etdilər, hərəkət edib gəldilər. Hərəkətlərinin ilk faydası kimi, Allah-Taala onların səmimiliyini xalqa aşkarlardı, yollarının düzgün olduğunu göstərdi və xalq onlara dəstək verdi. Xalq dəstək verəndə isə hər şey düzəlir. Əsas odur ki, mübariz və qərarlı qrup öz səmimiliyini sübuta yetirsin və sədaqətlə bu işə girişdiyini göstərsin. O zaman Allah-Taala yardımını göndərəcək. İmam Əli (ə) Nəhcül-bəlağədə buyurur ki, Allah bizim səmimiliyimizi, doğru danışdığımızı, dünya, pul və nəfs ardınca getmədiyimizi görəndə bizi qalib, düşmənlərimizi isə məğlub etdi.1 Bizim mübarizəmizdə də belə oldu. Bu 23-24 ildə də belə olmuşdur. Ölkə və hökumət həmişə təzyiq altında olmuşdur.
İslam Şurası Məclisinin deputatları ilə görüşdəki çıxışdan: 2003.
Din və siyasətin əlaqəsinə dair yüzəlliillik fəryad
Yüz əlli ildir bizim xalqımızın ən dəyərli və ən şərafətli siyasi və dini şəxsiyyətləri İslam hakimiyyəti bayrağını ucaltmış, bunun yolunda fədakarlıq etmiş və canlarını vermişlər; məsələn müdərrislər, axundxorasanilər, seyidcamallar və sair. Bu yalnız bu günə aid məsələ deyil ki, din və siyasətin bir olduğunu deyək; bəziləri təsdiq etsinlər, bəziləri də desinlər ki, xeyr, əsl belə deyil. Bu günün sözü deyil, bu sözün yüzəlliillik kökü var. Bu ölkənin ən dəyərli şəxsiyyətləri bu düşüncə uğrunda məşəqqətlər çəkmiş, minlərlə pak insan şəhid olmuş, Müdərris kimi bir şəxsiyyət sinəsini sipər etmişdir. Ümumiyyətlə İran məşrutəsi bundan ötrü yarandı, sonradan isə yolundan çıxdı. Bəziləri pis və naşı rəftar etdilər, bəziləri də xarici güclərə söykənib onu xalqın əlindən qapdılar. Böyük İmam gələndə də əvvəldən bunun əsasında hərəkət etdi, İran xalqı da bunu istədi və istəyir. Mən sizə deyirəm ki, bu gün ətrafımızda olan ən laik dövlətlərin xalqları da belədir. Mən bu ölkələrin adlarını çəkmirəm, özünüz bilirsiniz. Yəni əgər şərait yaransa, imam kimi bir insan və ozamankı şərait kimi bir şərait meydana çıxsa, hökumətlərinin laiklikdən dəm vurduğu, sekulyar təfəkkür əleyhinə azca danışan, yaxud hərəkət edən hər bir kəsin başına oyun açılan bu ölkələrdə xalqlar həmin bayrağın ətrafına toplaşarlar. İslam budur, bu düzgün və xalqların xeyrinədir. Xalqlar bunu bilirlər. Əgər bu gün bu məmləkətdə İslam hökmləri icra olunsa, yəni mən və siz onları icra etmək səadətinə nəsib olsaq, bütün bu düyünlər və problemlər həll olunar. Biz nə qədər geri qalmışıqsa, bu sahələrdə ya səhlənkarlıq etdiyimizə, ya da mümkün olmadığına görə geri qalmışıq. Bu fəryad yüz əlli illdir müsəlmanların arasında ucalır. Məgər ondan dönmək olar?! Minlərlə pak insanın canının məhsulu olan bu yüzəlliillik səyin timsalı nədir? Bu yolda canından keçib şəhid olanlar adi insanlar deyildilər, mübarizlər, fədakarlaq, şərəfli, rəşadətli və qorxmaz insanlar idilər. Hər halda, bu yüzəlliillik səyin timsalı İslam Şurası Məclisi, İslam Respublikası hökuməti və İslam quruluşudur. Bütün bu səylərin məhsulu bunlardır.
İslam Şurası Məclisinin deputatları ilə görüşdəki çıxışdan: 2003.
Dözüm və yəqin - haqq yolunu göstərənlərin iki xüsusiyyəti
Söhbətimi bizim böyük imamımızın real nümunəsi olduğu bir Quran ayəsi ilə başlamaq istəyirəm. Allah-Taala mübarək Səcdə surəsində mübariz, çalışqan və mömin xalqlar, tayfalar və insanlar haqda danışarkən buyurur: “(Çətinliklərə) dözdükləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etdik”1. Özlərində iki xüsusiyyəti yaradanlar Allah-Taala tərəfindən insanlara rəhbərlik tapşırığının verilməsindən ibarət olan böyük səadətə nail oldular. Həmin iki xüsusiyyətin biri dözüm, digəri isə yəqindir: “(Çətinliklərə) dözdükləri və ayələrimizə ürəkdən inandıqları üçün”. Yəqin aydın və ayıq imandır; vəsvəsələr onu zəiflədə bilmir. Dözüm böyük bir insana ayıq şəkildə və aydın baxışla seçdiyi amallar yolunda problemlərlə üzləşərkən özünü və yolunu itirməmək, məqsədi unutmamaq və yoldan dönməmək imkanı verən xüsusiyyətdir. Bütün peyğəmbərlər, haqq yolunu göstərənlər, bəşər tarixində həmişəyaşar və təqdirəlayiq təsir buraxan bütün şəxslər bu iki xüsusiyyətə malik olmuşlar. Bizim xalqımız və İslam ümməti arasında İslamı yenidən yaşadan mərhum imamımız da bu iki xüsusiyyətə malik idi.
Bu gün 15 Xordad (5 iyun) hadisəsindən qırx il ötür. Siz görürsünüz ki, imamın məzlum hərəkatı bütün İslam dünyasına yayılmışdır. Bir zaman bu Tehran şəhərində və Qumda bugünkü və sabahkı günlərdə insanlar məzlumcasına can verirdilər. Çünki onlar Böyük İmamı eşidib İslam şüarı ucaldır, bu ölkədəki əcnəbi istismarına, əcnəbilərin vasitəsi ilə bu ölkənin həyati sərvətlərinin talan edilməsinə qarşı çıxırdılar. O zaman kim bu səhnəyə baxsaydı, bəlkə də bu sözün və bu fəryadın sona çatdığını düşünərdi. İmamı çox qəddarlıqla tutub evindən apardılar, xalqı çox vəhşiliklə yatırtdılar, amma bu düşüncə Allahın həmin böyük qaydasından - yəni dözüm və yəqinin birləşməsindən ilham alıb yoluna davam etdi. İmam on beş il mübarizə apardı və həmin ayıq iman sayəsində İran xalqını bütünlüklə daxili istibdad və beynəlxalq hegemonluqla qarşıdurma səhnəsinə çəkə bildi. Bir qarşıdurmada xalq meydana çıxsa, qələbə qətidir.
Bizim böyük imamımızın son bir-iki əsrin digər İslam islahatçıları ilə fərqi bu idi. İmam meydanda, xalqın arasında idi, xalqla danışdı, öz proqramlarını xalqa izah etdi və onlara öz imanı kimi aydın və ayıq iman bəxş etdi. Bundan sonra isə xalqın imanı, həvəsi və İslam təlimələri qarşıdurmanı haqqın və həqiqətin xeyrinə bitirdi. Digərləri bu çətin mərhələni adlaya bilmədilər, imam isə bunu bacardı. İran xalqı bu proqramlara inandı, iman gətirdi və onun yolunda mübarizəyə başladı. Nəticədə əvvəla bütün əngəllərə və düşmənliklərə rəğmən, İslam quruluşu qələbə çaldı və günbəgün gücləndi. İkincisi isə İslamın yenidən həyata qayıtması, canlanması, İslam ümmətinin hegemon güclərin zülm və hegemonluğundan qurtuluşu düşüncəsi bu ölkənin sərhədləri daxilində qalmadı.
Siz bu gün İslam dünyasının şərqində və qərbində olan hər hansı müsəlman ölkəsinə - istər Orta Şərqə, istər ərəb ölkələrinə, istər Şimali Afrikaya, istər Şərqi Asiya ölkələrinə və istər müsəlmanların kompakt yaşadığı digər bölgələrə getsəniz, müsəlmanlıq hissinin, İslam hakimiyyətinə rəğbətin, istismarçıların, müstəmləkəçilərin və zalımların hökmranlığına nifrətin xalq, xüsusən də gənclər, yeniyetmələr, elita və ziyalılar arasında güclü olduğunu görəcəksiniz. İslam dünyasında belə şeylər yox idi. İmamın prinsipləri nə idi ki, bu böyük nailiyyəti əldə edə bildi?
İran İslam Respublikasının banisi həzrət İmam Xomeyninin vəfatının on dördüncü ildönümü tədbirində çıxışdan: 2003.
İslam və xalq - imamın əsas prinsipləri
Bizim böyük imamımızın bütün proqram və prinsipləri iki şeydə xülasə olurdu: İslam və xalqda. Bizim imamımız xalqa inamı da İslamdan götürmüşdü. Xalqların haqqı, xalqların iradəsinin əhəmiyyəti, onların cihad və mübarizəsinin təsiri üzərində təkid göstərən İslamdır. Buna görə Böyük İmam İslamı və xalqı mərkəz seçdi: İslamın və xalqın əzəməti; İslamın və xalqın qüdrəti; İslamın və xalqın məğlubedilməzliyi.
Bizim böyük imamımızın İslam dünyası səviyyəsində gördüyü ən mühüm iş İslamın siyasi və ictimai yönlərini dirçəltməkdən ibarətdir. İslam ölkələrinə daxil olan gündən müstəmləkəçi və istismarçıların bütün səyləri İslamın siyasi və ictimai yönlərini, ədalətsevərliyi, azadlıqsevərliyi və istiqlalsevərliyi İslamdan çıxarmağa yönəlmişdi. İstismarçılar İslam ölkələrinin xalqlarını və sərvətlərini daha çox istismar etmək üçün İslamın siyasi cəhətlərini ondan ayırmaqdan və İslamı müxtəlif hadisələr, işğalçı, zalım və güclü düşmən qarşısında təslimçi kimi izah etməkdən başqa çıxış yolu görmədilər. İmam İslamın unudulmuş həqiqətlərini dirçəltdi, azadlıqsevərliyini ucaltdı, ayrıseçkiliyə, təbəqələrarası fərqlərə və zadəganlığa müxalif olduğunu aşkara çıxardı. Böyük İmam ömrünün son günlərinə qədər məzlum, məhrum və yoxsul təbəqələrə xüsusi diqqət yetirdi. İslam quruluşu yarananda və İslam quruluşunun rəhbəri vəzifəsində çalışdığı səmərəli on il boyu məmurlara və hamıya tapşırdı ki, zəif təbəqələrə qayğı göstərin, siz bu ölkənin yoxsul təbəqəsinə borclusunuz. Mənim əzizlərim! Böyük İran xalqı! Biz harada və hansı işdə imamın bu tövsiyəsinə diqqət yetirdiksə, proqramlarda, qanunlarda, icra işlərində, vəzifəyə təyin etmələrdə bu nəsihətə əməl etdiksə, işlərimiz uğurlu oldu.
İran İslam Respublikasının banisi həzrət İmam Xomeyninin vəfatının on dördüncü ildönümü tədbirində çıxışdan: 2003.
Əsl Məhəmməd (s) İslamı
İslam xalqın xoşbəxtliyini məqsəd seçir, fəsada, zülmə və ayrıseçkiliyə qarşı çıxır. İslam xalqın mənəviyyatının kənarında onun rifahı üçün də çalışır. İmam mübarizələrin başlandığı zamandan İslam quruluşu yaranana və ömrünün sonuna qədər bunu dəfələrlə bəyan etdi. Bizim əzəmətli imamımız İslam dünyasına göstərdi ki, İslam fiqhi - yəni xalqın idarəsinə dair qanunlar İslam fəlsəfəsinin - yəni aydın, dərin və əsaslı təfəkkürün və İslam irfanının - yəni zahidliyin, Allaha bağlanmağın və nəfsdən uzaqlaşmağın kənarında necə böyük möcüzə edə bilər. İmam əməldə siyasi İslamın elə mənəvi İslam olduğunu göstərdi. Müstəmləkə dövründə İslam düşmənləri və müsəlman xalqların oyanışını istəməyənlər mənəvi və əxlaqi İslamın siyasi İslamdan ayrı olduğunu təbliğ edirdilər. Bu gün də bu təbliğatı aparırlar. Bu gün də İslam quruluşunun düşmən cəbhəsinin informasiya şəbəkələri müxtəlif üsullarla siyasi, ictimai və ədalətsevər İslamı dünyaya kobud tanıtdırmağa, xalqı təcrid olunmuş və təslimçi İslama, təcavüzkar, zalım və hegemon qarşısında heç bir reaksiya verməyən İslama sövq etməyə çalışırlar. İmam İslam haqda bu yalançı təsəvvürü rədd edib əsl İslamı ortaya qoydu. İmamın ortaya qoyduğu əsl İslam qapalı və xurafatçı İslama, həmçinin əcnəbi və eklektik məktəblər qarşısında rəngini itirmiş İslama zidd idi. Siyasəti mənəviyyatdan ayırmaq həm o zaman, həm İslam quruluşu uğrunda mübarizə illərində, həm də ondan sonra bu günə qədər İslama düşmən cəbhənin təkidlə dayandığı məsələlərdən biridir. Yəni kimsə müsəlman olmaq istəyirsə, başını tutub bir küncdə oturmalı, düşmənin, təcavüzkarın və işğalçının nə etdiyinə fikir verməməlidir. Bu gün də bunu təbliğ edirlər. İmam İslam dünyasında bunun əksini ortaya qoydu və bu gün İslam dünyası öz daxilində bu möhtəşəm dalğaya malikdir. Siz müsəlman ölkələrin hansına getsəniz, orada elitaların, gənclərin, universitet mənsublarının alimlərin və azadlıqsevər insanların nəzərində canlı İslamın xalqı dünya hegemonları, quldurları və təcavüzkarları qarşısında qoruyub himayə edən, ona toxunulmazlıq verən, düşmənə müdaxilə, hökmranlıq və istismar icazəsi verməyən İslam olduğunu görərsiniz. Onlar bu İslamı istəyirlər və əsl Məhəmməd (s) İslamı budur.
İran İslam Respublikasının banisi həzrət İmam Xomeyninin vəfatının on dördüncü ildönümü tədbirində çıxışdan: 2003.
Demokratiyanın dindarlıqla uyğunluğunun isbatı
İmamın xalq barədə gördüyü ən mühüm işi demokratiya məfhumunu Qərbin demokratiya nəzəriyyəçilərinin və onların əməli tərəfdarlarının istədiyindən tamamilə uzaqlaşdırmasıdır. Onlar təlqin edirdilər ki, demokratiya dindarlıqla uyğun gəlmir. İmam bu batil məfhumu rədd edib dünyada dini demokratiyanı, yəni İslam Respublikasını ortaya qoydu. O, sözlə kifayətlənmədi və yalnız elmi dəlil göstərmədi, bunu əməldə göstərdi.
İran İslam Respublikasının banisi həzrət İmam Xomeyninin vəfatının on dördüncü ildönümü tədbirində çıxışdan: 2003.
Vəramin əhalisinin fədakarlığı
Allaha şükür edirəm ki, bu gün bu pak torpağı və siz əziz xalqı ziyarət etmək səadətini mənə nəsib etdi. Xordad ayının çox möhtəşəm xatirəsinə görə görüşün bu ayda baş tutmasını istəyirdim. Vəraminin xordadı unudulmaz zamandır. Bu bölgənin dəyəri Vəramin, Pişva, Qərçək, Cavanabad və Pakdəşt şəhərlərinin bütün əziz əhalisinin iman və iradəsindən yaranmışdır. Həqiqət də budur. İmam Musa ibn Cəfərin (ə) böyük övladı olan həzrət Cəfər ibn Musanın (ə) düşmən və müxaliflər tərəfindən təzyiqlərlə üzləşdikdən sonra Vəramin əhalisinə sığındığı, bu əhalinin bu uca məqamlı imamzadəni şirin can kimi qəbul etdiyi və onun aldığı yaralar səbəbindən burada şəhadətə qovuşduğu gündən bu xalqın uca İslam dəyərlərinə sadiqliyi sübuta yetdi; xüsusən də iradə və mübarizəyə ehtiyacı olan məsələlərdə. Vəramin əhalisi 1963-cü ilin xordad ayının 15-də (5 iyunda) həqiqət yolunda, haqqı və İslamı müdafiə etmək üçün hətta canları bahasına olsa belə, sona qədər dayandıqlarını göstərdilər. Vəraminlilər həzrət Cəfər ibn Musanın (ə) pak məqbərəsində and içib Tehrana yola düşdülər və yarıyolda qaniçən Pəhləvi rejiminin qəddarlığı ilə üzləşdilər, Baqirabad və Qərçək bölgələrində pak qanları töküldü, məzlumcasına can verdilər. O zaman heç kim güman etmirdi ki, gün gələcək bu məzlum və tanınmaz şəhidlər yalnız Vəraminin yox, bütün müsəlman İranın səmasında parlaq ulduz kimi işıq saçacaqlar. Onlar məzlumcasına can verdilər, Allah da onların məzlumluqlarına və qürbətlərinə bərəkət verdi. Onların fədakarlığı digər fədakarlıqlara səbəb oldu və haqq hərəkəti hər gün daha gücləndi.
Vəramin əhalisi ilə görüşdəki çıxışdan: 2003.
Xalqın iradə və əzmkarlığının inanılmaz və ideal şəkildə reallaşması
Əziz gənclər! Burada əksəriyyəti təşkil edən əziz övladlarım! Bilin ki, sizin İranınızda İslam quruluşu yaratmaq bir zaman hətta yuxu, xəyal və röya da sayılmırdı, heç kimin təsəvvürünə gəlmirdi. Yalnız burada yox, İslam dünyasının heç bir yerində kimsə inanmazdı ki, İslam ümmətinin yolu üzərinə tökülən böyük daş-qayalar arasında bir xalq İslam adı altında baş qaldırıb inkişaf edə, İslam bayrağını ucalda, dünyanı İslam ədalətinə və azadlığına dəvət edə bilər. Bunu kim düşünərdi?! Amma bu baş verdi və həm də təsadüfi olmadı. Bu xalq öz iradə və əzmkarlığı ilə Allah-Taalanın tarixi hadisələr üçün müəyyən etdiyi səbəbləri biri o birindən sonra yaratdı və nəticə hasil oldu.
O zaman çoxları xalqı və mübarizləri məyus edib deyirdilər ki, faydası yoxdur. Zahiri gedişat da onların sözünü təsdiqləyirdi. Baqirabad körpüsü üzərində bir qrup kəndli və şəhərli mömin gəncin qanı töküldü; nə dünyanın hüquq təşkilatları xəbərdar oldular, nə azadlıq müdafiəçisi olduqlarını iddia edənlər Pəhləvi rejiminə qaş çatdılar. Həmin gün Tehranda və Qumda bir neçə min gənc Pəhləvi muzdurlarının silahları ilə asfalt üzərində qana bələşdilər, insan hüquqlarının həmin yalançı və həyasız iddiaçıları isə dünyada Pəhləvi rejiminə ən az etiraz belə etmədilər. Kim inanardı ki, bu məzlum şəhadətlər bir gün belə çiçəklənsin və inkişaf etsin. Zahiri vəziyyət də məyus edənlərin sözlərini təsdiqləyirdi. Lakin müqavimət, iradə və səy bu imkansız işi mümkün etdi. Bu gün də belədir. Bu gün də dünyanın bütün təbliğat mikrofonları işə düşmüşdür. Onlar həm İran xalqına, həm də digər müsəlman xalqlara zorla qəbul etdirmək istəyirlər ki, faydası yoxdur, İslam oyanışının nəticəsi olmayacaq, İranda yaranan bu İslam quruluşu yarıyolda qalacaq. Onlar indiyədək əllərindən gələn hər bir işi görmüşlər və görəcəklər, lakin Allahın lütfü ilə nəhayət burunları ovulacaq və məqsədlərinə çatmayacaqlar.
Vəramin əhalisi ilə görüşdəki çıxışdan: 2003.
Dostları ilə paylaş: |