Qanın ümumi kliniki təhlili – qanın ümümi təhlili deyərkən qeyd etmək lazımdır ki, qan qan sisteminin – qan yaradıcı orqanlar (sümük iliyi, dalaq, limfa vəziləri, qaraciyər) və qan parçalayan (dalaq, toxumalar) orqanların bir hissəsidir. Bu sistemin orqanları qarşılıqlı əlaqəli olub, bir-birindən asılıdır. Sümük iliyi qan hüceyrələrinin əmələ gəldiyi və yetişdiyi orqandır. Bir müddətdən sonra qan hüceyrələri qan-damar sisteminə daxil olur. Qan-damar sistemində eritrositlərin yaşama müddəti 120 sutka, trombositlərin 10 sutka, neytrofillər isə 10 saata qədər yaşaya bilir. Əgər eritrositlər və trombositlər qan-damar sistemində fəaliyyət göstərirsə qranulositlər (neytrofillər, eozinofillər, bazofillər) və makrofaqlar hələ toxumalarda öz funksiyalarını həyata keçirirlər. Qan hüceyrələri elementlərinin miqdarı mikroskop vasitəsilə və avtomatik təyin olunur. Qan hüceyrələri elementlərinin miqdarı müəyyən olunduqdan sonra bir çox xəstəliklərin, o cümlədən sümük iliyinin funksional vəziyyətini təyin etmək mümkün olur. Eritrositlərin, leykositlərin, trombositlərin və digər qan elementlərinin miqdarının, hemoqlobinin konsentrasiyasının (qatılığını) və eritrositlərin çökmə sürətinin müəyyən olunması bir çox iltihab xəstəliklərini (pnevmoniya, revmatizm, vərəm ) aşkar etməyə imkan verir.