23.Nəsiminin qəzəlləri
Deyildiyi kimi, bütövlükdə hürufilik baxışlarının bədii-fəlsəfi ifadəsinə xidmət edən nümunələr az deyil. Məsələn, şairin «Söz», «Sığmazam», «İçindədir», «Mənəm, mən» rədifli, yaxud «Mərhəba, insani-kamil, canımın cananəsi», «Ey üzün cənnəti-ədnin, vey boyun tubi-rəvan», «Daim ənəlhəq söylərəm, həqdən çü Mənsur olmuşam», «Səqahüm rəbbihüm xəmri dodağın kövsərindədir», «Ənəlhəq söylərəm həqdən, ələl-ərş istiva gəldi» misraları ilə başlayan qəzəlləri, «Əlif-Allah, sidrə boyun müntəhadır, müntəha» (əlif-lam), «Sal bürqəyi üzündən, əya surəti-rəhman» (müstəzad), «Müshəfi-natiqəm, kəlam oldum» (tərcibənd), «İbtidadır, ibtidadır, ibtida» (məsnəvi) misraları ilə başlayan şeirləri, bir çox tuyuğ və rübailəri bu qəbildəndir. Bu və bu tipli bir sıra poetik nümunələr Nəsiminin mənsub olduğu təriqətin bəzi baxış və müddəalarını tipik və ümumiləşdirilmiş şəkildə əks etdirir. Belə şeirlər filosof şairin hürufilik görüşlərinin və bütövlükdə bu təriqətin ideya-inanc sisteminin müəyyən spektrlərini aydınlaşdırmaq, dərk etmək üçün xeyli dərəcədə material verir. Bu tipli şeirlərdən bəzi nümunələrin təhlili həm də hürufiliyin ideya nəzəri və bədii-fəlsəfi cəhətdən anlaşılması istiqamətində faydalı təsəvvür və təəssüratın yaranmasına kömək etmiş olur. Bunu nəzərə alaraq şairin ana dilində qələmə aldığı bu qəbil şeirlərdən bəzilərini yığcam şəkildə təhlil etmək yerinə düşər.
Dostları ilə paylaş: |