«Söz» qəzəli Nəsiminin və hürufilərin sözə münasibətini aydın şəkildə təcəssüm etdirir. Şeirdə «Söz nədir?» sualına göstərilən etiqadın baxış prizmasından müstəqim mənada cavab tapmaq mümkündür. Söz ucadır və məkanı da göylərdir. Çünki o, göylərdən nazil olmuşdur və ali məqsədə xidmət edir. Necə ki, bütün canlı məxluqu, məsələn, insanı yaşadan candır, cansız insanın varlığı qeyri-mümkündür, cəmi mövcudatın varlığı da sözə bağlıdır. Belə ki, Allah-taala bütün məxluqatı yaradarkən sadəcə olaraq söz («kon» - «ol») demiş və varlıq da olmuşdur. Başqa sözlə, həm sufilərin, həm də hürufilərin qəbul etdiyi Allah(söz(məxluq düsturuna əsaslanan varlıq və yaradılış düzənində söz ikinci yerdə durur. Quranda da Allah-taalanın dünyanı yaratmaq istəyərkən sadəcə olaraq «ol» dediyi və kainatın da bu əmrə müvafiq yarandığı dəfələrlə təkrarlanır. Bu məntiqə söykənən, lakin islam təfsirçilərindən, xüsusilə də təsəvvüf ideoloqlarından fərqli olaraq sözü müsəlman panteizminin müstəvisinə daxil edən Nəiminin müridinə görə, söz cahanın yaranması üçün vasitə, səbəb və elə «xaliqi-cahandır».
Nəsiminin “Ağrımaz” qəzəli ilə mövzu, məzmun və ideyaca yaxın olan bir neçə başqa şeiri də vardır: “Etdilər”, “Xoşdur, yaxşıdır”, “Səninçün”, “Gözlərindən çağrışırlar, dadlar, bidadlar.” Müəllifin dilindən ovqatın lirik bəyanı şəklində deyilmiş bu qəzəllərdə motiv və məzmun eynidir. Yəni sənətkar həmin şeirlərində eşqi və əqidəsi yolunda “cəhli-namərd”in onu günahlandırdıqlarından,imansızların ona küfr yaxdıqlarından, “murdar sallaxlar”ın, “bidadlar”ın, “şəddadlar”ın, “pəlid qəssablar”ın onu cismani işkəncəyə, fiziki əzaba məruz qoyduqlarından danışır. Ən nəhayət, dərisinin soyulduğunu (“Dabanımdan yardılar, başdan ayağa soydular”;“Üzdülər çıxardılar çün bir Hüseyninin tənin”;“Nəsimini soyarlar Şam içində” və s.) bupoetik örnəklərin hamısında xüsusi olaraq vurğulayır.
Sənətkarın eşq və məstlik barədə müxtəlif şeirlərinə səpələnmiş bədii-fəlsəfi fikirləri “Məst” rədifli şeirində vurğulayır, bütöv mətnin əsas mövzu obyekti və ideya hədəfidir. Eşq məstliyi məna və mülk aləmindəki xilqətin canındadır, ondan ayrılmazdı və ilahiyə olan əbədi hiss kimi hər bir zərrəyə təlqin olunmuşdur. Həmin “eşqi-sübhani meyi” bəndəyə də “bəzmi-əzəldə” içirilmişdir və aşiq bu vəhdət meyindən əbədi sərxoşluğa düçardır.
Yara olan ilahi eşq xumarlığından huşyar olmaq, ayılmaq müşküldür: Sənətkarın dünyəvi məhəbbət və gözəlliyi təsvir və tərənnüm edən xeyli şeiri vardır. “Bu nə adətdir, ey türki-pərizad”, “Ey Məsihadəm, nişə can vermədin cansızlara”, “Şənbə günü mən uğradım ol sərvi-rəvanə”, ”Ayrılıqdan yar mənim bağrımı büryan eylədi”, “Firqətindən, dilbəra, könlüm pərişan oldu, gəl”, “Gətir, gətir, gətir ol kaseyi-rəvan pərvər”, “Firqət içində yürəgim gör ki, nə parə-parədir” misraları ilə başlayan, “Xoş gördük səni”, “Susadı”, “Oldu gəl”, “Bəri gəl”, “Gəl”,Neylərəm?”, “Etməgil”, “Yanaram” (“Səndən iraq ey sənəm…”) rədifli qəzəlləri, habelə başqa janrlarda yazdığı bir sıra şeirləri bu tipli bədii nümunələrdir.
Dostları ilə paylaş: |