TÜRKİYƏ XIX əsrin 70-ci illərinin əvvəllərində iqtisadi böhran



Yüklə 42,23 Kb.
səhifə3/4
tarix17.11.2019
ölçüsü42,23 Kb.
#29598
1   2   3   4
TÜRKİYƏ


Gənc türklər inqilabı

XX əsrin əvvəllərində Çində, Hindistanda, İranda, həmçinin Cənubi Qafqazda, Rusiyada inqilabi şərait yetişmişdi. Odur ki, 1906-1908-ci illərdə Türkiyədə yaranan inqilabi şərait az sonra inqilabla nəticələndi. İki hadisə: əvvəla, Makedoniya milli-azadlıq hərəkatının çoşqun surətdə artaraq partizan mübarizəsi formasına keçməsi və ikincisi, Makedoniya üzərində ingilis-rus nəzarəti qoyulması və lazım gələrsə, hətta buraya qoşun yeridilməsi haqqında İngiltərə ilə Rusiya arasında sövdələşmə (1908-ci ilin iyununda Reveldə rus çarı ilə ingilis kralının görüşü) gənc türklərin açıq çıxış edərək sultandan konstitusiyasını bərpa etmək tələbini irəli sürməsi üçün zəmin hazırladı. Xatırladaq ki, İngiltərə və Rusiya bu yolla Avstriya-Macarıstan tərəfindən Makeondiyanın tutulması təhlükəsini aradan qaldırmaq ümidində idilər. Bununla da Avstriya-Macarıstanın Makedoniyanı tutması Balkanlarda eyni zamanda Almaniyanın mövqeyinin də xeyli güclənməsi demək idi. Hər iki halda Osmanlı imperiyası Makedoniyanı itirmiş olacaqdı. Əbdülhəmid və onun dəstəsi həm Makedoniyadakı milli-azadlıq hərəkatı qarşısında, həm də imperialistlərin qəsbkarlığı qarşısında tam aciz olduğunu nümayiş etdirdi. Buna görə də gənc türklər mövcud beynəlxalq gərginlikdən istifadə edərək təcili olaraq çıxış etmək qərarına gəldilər.

Makedoniyada Resna adlı kiçik bir şəhərin komendantı leytenant Niyazi bəy birinci olaraq üsyan bayrağı qaldırıb 1908-ci il iyulun 3-də öz dəstəsilə dağlara çəkildi.

Niyazi bəy elan etdi ki, inqilab "hökumətə və Revel sazişlərinə qarşı" çevrilmişdir. "Bizim inqilabımız... bizi və bütün digər milliyyətləri bir-birinə düşmən edən idarə üsuluna qarşı üsyan olacaqdır. Bu inqilab azadlıq, bərabərlik və qardaşlıq elan edəcəkdir".

İlk günlər Niyazi bəyin cəmi 160 nəfərdən ibarət olan dəstəsinə bir neçə həftə ərzində təqribən 3 min könüllü qoşuldu. Sonralar gənc türklərin rəhbərlərindən biri olan mayor Ənvər bəy də (Ənvər paşa) üç gündən sonra Niyazi bəy kimi hərəkət etdi. Ənvərin də dəstəsi tez bir zamanda könüllülər hesabına artdı.

Sultan hökumət orqanlarının üsyanı yatırmaq səyləri boşa çıxdı, çünki təkcə əhali deyil, bütün ordu da üsyançılar tərəfində idi. "İttihad və tərəqqi" partiyasının Mərkəzi komitəsi radikal, azadlıqsevər çağırış və vədlərlə əhaliyə, orduya müraciət edirdi. Eyni zamanda Mərkəzi Komitə konstitusiyanı bərpa etmək haqqında sultana hörmətli xahişlər göndərirdi. Lakin sultan vaxt qazanmağa çalışırdı.

"İttihad və tərəqqi" partiyasının Mərkəzi komitəsi 1908-ci il iyulun 23-də gərgin bir şəraitdə Monastır şəhərindəki böyük bir mitinqdə konstitusiyanın bərpa olunmasını elan etdi. Sultana ultimatum göndərildi. Ultimatumda sultana qəti surətdə bildirilirdi ki, konstitusiyanın bərpa edilməsi haqqında üç günə kimi fərman verməsə İstanbul üzərinə yüz min nəfərlik bir ordu göndəriləcəkdir. Sultan Əbdülhəmid İstanbul qarnizonunun üsyançılara rəğbət göstərdiyini görüb təslim oldu və 1908-ci il iyulun 24-də gecə iradə (sultan fərmanı) verib 1876-cı il konstitusiyasının bərpa edildiyini, bu yaxınlarda parlamentə seçkilər keçiriləcəyini elan etdi. Beləliklə, Türkiyədə Sultan Əbdülhəmidin 32 illik despotik və qanlı rejiminə son qoyuldu.

Bütün imperiyada xalqı sevinc bürümüşdü. Qadınların da (müsəlman irticasının hiddətlənməsinə baxmayaraq) iştirak etdiyi saysız-hesabsız nümayişlərdə xalq kütlələri sultana öz nifrətini, xalqların azadlıq və qardaşlığına can atdığını ifadə edirdi.

İstanbuldakı rus hərbi agenti inqilab günlərində küçələrdə əhalinin hərəkətini aşağıdakı sözlərlə təsvir edirdi: "Klublarda və meydançalarda zabitlər, ruhani xocalar və xalq içərisindən çıxan sadəcə həvəskarların söylədikləri nitqlərdə əlahəzrətlərini ən yaramaz sözlərlə söyürlər. Müxtəlif ictimai və xüsusi idarələrdən onun şəkillərini küçələrə tullayır və təhqir edirlər. Müsəlmanlar qeyri müsəlmanları da özlərinə qardaş bildiklərini hər vasitə ilə nümayiş etdirirlər".

Əlbəttəə, siyasi mahiyyətinə görə "Gənc türklər" hərəkatı mütərəqqi hadisə idi. Amma təəssüflər olsun ki, xalqın arzuları reallaşmadı. Sadə xalq gözləyirdi ki, inqilab onun ağır maddi vəziyyətini yüngülləşdirəcək, insan kimi yaşamaq imkanı verəcəkdir.

Türkiyədəki rus səfiri xəbər verirdi ki, "qara camaat azadlığı, vergi verməmək hüququ kimi başa düşür və mövcud hökumət orqanlarına tamamilə etinasız yanaşır".

İstanbulda və bəzi başqa fəhlə mərkəzlərində fəhlə hərəkatı yüksəlməyə başladı. Bir-birinin ardınca tətillər baş verirdi. Fəhlələr heç bir icazə almadan öz həmkarlar ittifaqlarını yaradırdılar. Xalq aldandığını dərk edərək daha mütərəqqi dəyişikliklər tələb edirdi.


İnqilabdan sonra gənc türklərin xalqa zidd və şovinist siyasəti

1908-ci ilin iyulunda baş verən hadisələr göstərdi ki, bütün millətlərdən olan xalq kütlələri gənc türklərdən ictimai sahədə və milli məsələdə əsaslı islahatlar gözləyir. Lakin gənc türklər inqilabı dərinləşdirmək deyil, onu məhdudlaşdırmaq siyasəti yeridirdilər. Məhz buna görədir ki, gənc türklər inqilabından iki həftə sonra V.İ.Lenin onu qələbə kimi deyil, yarımqələbə kimi qiymətləndirdi, "çünki Türkiyə iqtidarı xalqı aldatmaq yolu ilə hələlik məşhur Türkiyə konstitusiyasını bərpa etmək vədi ilə yaxasını qurtarmışdır"2. Bu isə azadlıq və ədalətin bərpası deyildi.

Mövcud şəraitdə gənc türklər yarımqələbəni tam qələbəyə çevirə biləcək kütlələrin inqilabi fəallığından qorxurdular. Sultan hökuməti və bütün hakimiyyət aparatı öz yerində qalmışdı. Doğrudur, gənc türklər mərkəzdə və əyalətlərdə olan öz komitələri vasitəsilə hökumət orqanlarının işi üzərində fəal nəzarət qoymuşdular. Onların razılığı olmadan hökumət orqanları heç bir məsul qərar qəbul edə bilməzdi. Lakin gənc türklər öz nəzarətini xalq kütlələrinin mənafeyi naminə deyil, xalq kütlələrinin mənafeyinə zidd olaraq həyata keçirirdilər. Gənc türklər kəndliləri torpaqla təmin etmək, fəhlələr üçün əmək mühafizəsi qoymaq, türk olmayan millətlərə hüquq bərabərliyi vermək haqqında inqilab ərəfəsində verdikləri vədlərdən imtina etdilər. Onlar fəhlə tətillərini silah gücünə yatırırdılar.

Beləliklə, gənc türklər ölkənin ictimai-iqtisadi tərəqqisinin zəruri şərti olan dərin ictimai dəyişikliklər həyata keçirmək vəzifəsini öz qarşılarında qoymamışdılar. Gənc türklər ölkəyə zülm edən imperializm əsarətinə qarşı da mübarizə aparmağı qarşılarına məqsəd qoymamışdılar. Kütlələr isə məhz belə bir mübarizə üçün hazır idi. Misal üçün, 1908-ci ilin oktyabrında Avstriya-Macarıstan Bosniya və Hertsoqovinanı ilhaq etdikdə və Avstriya-Macarıstana qarşı Türkiyədə iqtisadi boykot elan edildikdə xalq kütlələri boykot nəticəsində çətinlik çəkməsinə baxmayaraq fəal surətdə mübarizəyə qoşulmuşdu. Gənc türklər özləri artıq təslim olduğu bir vaxtda da xalq kütlələri mübarizəni davam etdirmək əzmində olduqlarını göstərdilər.

Konstitusiya bərpa edildikdən sonra 1908-ci il noyabrın 2-də birinci parlament açıldı. Parlamentdə 230 yerdən 150-si gənc türklərə məxsus idi. Lakin gənc türklər parlamentdəki çoxluqlarından antifeodal və antiimperialist islahatlar keçirmək üçün istifadə etmədilər. Buna görə də imperialistlər gənc türkləri tərifləyirdilər.

Gənc türklərin belə hərəkət etməsi birinci növbədə "İttihaq və tərəqqi" partiyasının, xüsusilə partiya rəhbərliyinin sinfi tərkibi ilə izah olunur. Partiya rəhbərliyi çox vaxt feodallar və bürokratiya içərisindən çıxmış olan, əsasən mülkədarlardan, zabitlərdən, məmurlardan və burjua ziyalılarından ibarət idi. Gənc türklər obyektiv olaraq türk burjuaziyasının mənafeyini ifadə edirdilər. Lakin yuxarıda göstərildiyi kimi türk burjuaziyası başqa millətlərdən olan burjuaziya tərəfindən sıxışdırılırdı. Buna görədir ki, türk burjuaziyası üçün hakim mövqe əldə etməyə çalışan gənc türklər başqa millətlərdən olan burjuaziya ilə toqquşurdu.

Lakin gənc türklər bir də ona görə inqilabı məhdudlaşdırmaq siyasəti yeridirdilər ki, gənc türklər inqilabında "xalq kütləsi, onun böyük əksəriyyəti nəzərə çarpacaq dərəcədə fəal və müstəqil çıxış etmir, öz iqtisadi və siyasi tələblərini irəli sürmürdü". Buna görə gənc türklər inqilabı burjua inqilabı olsa da hər halda yuxarıdan edilən inqilab xarakteri daşıyırdı.

Gənc türklərin milli məsələ sahəsindəki siyasəti inqilab üçün son dərəcə təhlükəli idi. Məzlum xalqların ədalətli tələblərinin əksinə olaraq gənc türklər hakim millətçilik məfkurəsi olan mürtəce "osmanizm" ideologiyasını irəli sürürdülər. Bu nəzəriyyəyə əsasən Osmanlı imperiyasının bütün əhalisi dini və milli fərqindən asılı olmayaraq və guya hüquqca bərabər olduğuna görə "vahid osmanlı millətini" təşkil edir. Əksinə, siyasi hakimiyyəti möhkəmləndirmək üçün millətçilikdən çox vətəndaş həmrəyliyi lazım idi. Odur ki, gənc türklərin rəsmi ideologiyasına çevrilən bu mürtəce nəzəriyyə məzlum millətləri onlardan uzaqlaşdırırdı.

Gənc türklərin ictimai və milli məsələ sahəsindəki mürtəce siyasəti buna səbəb oldu ki, onların ictimai bazası son dərəcə məhdudlaşdı. Gənc türklərə qarşı müxalifətdə olan siyasi dəstələr, o cümlədən "Əhrar" ("Liberallar") partiyası, habelə "İttihadi müsəlman" partiyasını yaratmış olan sultan tərəfdarları və konstitusiya əleyhdarları bundan istifadə edərək 1909-cu il aprelin 13-də irticaçı hərbi çevriliş düzəltdilər. Lakin belə bir gərgin vəziyyətdə bütün millətlərdən olan xalq kütlələri, xüsusilə Makedoniya partizan dəstələri bu dəfə də gənc türklərə yardım göstərdi, çünki onlar mənfur Əbdülhəmid rejiminin bərpa olunmasını istəmirdilər. Ölkədə siyasi pərakəndəlik, mərkəzi hakimiyyətin öz siyasi müvazinətini itirməsi milli ucqarlarda separatizmi gücləndirdi. Makedoniyada "Qurtuluş ordusu" yaradıldı və İstanbula hərəkət edərək aprelin 26-da əks-inqilabi qiyamı yatırtdı. Sabahı günü II Əbdülhəmid taxtdan salındı. Devrilmiş sultanın qardaşı, qoca, xəstə və iradəsiz V Mehmed Rəşad taxta çıxarıldı. V Mehmed Rəşadın hakimliyi əslində rəmzi xarakter daşıyırdı. Bu dəfə gənc türklər açıqdan-açığa hakimiyyəti öz əllərinə aldılar.

Az sonra türklər parlament vasitəsilə konstitusiyaya bir sıra əhəmiyyətli düzəlişlər etdilər. Bu düzəlişlər sultanın səlahiyyətini məhdudlaşdırır və deputatlar palatasının (parlament deputatlar palatasından və senatdan ibarət idi) hüquqlarını genişləndirirdi. Yeni konstitusiya burjuaziyaya 1876-cı il konstitusiyasında olduğundan çox hüquq verirdi, lakin xalqın geniş kütlələrinin siyasi hüquqları əvvəlki kimi son dərəcə məhdud idi. Buna baxmayaraq zəhmətkeşlər yeni deputatlar palatasına özlərinin bir neçə sosialist-deputatını keçirə bildilər. Bu sosialist deputatlar palatada zəhmətkeşlərin mənafeyini müdafiə edirdi. Onların ən böyük uğurlarından biri də parlamentə əmək haqqında qanun layihəsi təqdim etdilər. Bütün cəmiyyət üçün lazım olan müəssisələrdə tətillərin qadağan edilməsi haqqında qanunun və mütərəqqi, demokratik, milli-azadlıq təşkilatlarının yaranmasını hər vasitə ilə çətinləşdirməyi nəzərdə tutan "Cəmiyyətlər haqqında qanunun" gənc türklər tərəfindən hazırlanan layihələrini sosialist deputatlar kəskin tənqid atəşinə tutdular. Bütün çətinliklərə baxmayaraq 1909-cu ildə Salonikidə və İstanbulda sosialist təşkilatları yarandı. 1910-cu ildə isə türk Osmanlı sosialist partiyası təşkil edildi. Türkiyə tarixində ilk dəfə olaarq 1911-ci ildə 500 fəhlə gizli halda beynəlxalq 1 may gününü qeyd etdi.

Xarici siyasət məsələlərində gənc türklər böyük çətinliklərlə üzləşdi. Əsas çətinlik bunda idi ki, gənc türklər inqilabı bütün imperialist dövlətlərin vahid cəbhəsi ilə üz-üzə gəlmişdi. İmperialist dövlətlər Türkiyə inqilabının müstəmləkələrə və asılı ölkələrə təsirindən qorxurdular. Bu ölkələrdəki inqilab isə öz növbəsində metropoliyalarda inqilabi hərəkatın artmasına səbəb ola bilərdi. İmperialistlər Türkiyədə azacıq da olsa onların mənafeyinə toxunulmasına yol vermirdilər. Rusiyada 1905-1907-ci illər inqilabının məğlubiyyəti imperialistlərin mövqeyini möhkəmlətdi. Belə bir şəraitdə yalnız kütlələrlə sıx əlaqə saxlanılması və onlara arxalanması, ictimai və milli məsələlərdə radikal islahatlar keçirilməsi imperialistlərlə mübarizədə gənc türklərin mövqeyini möhkəmlədə bilərdi. Lakin gənc türklər irticaçılardan və imperialistlərdən deyil, məhz xalq kütlələrindən ən çox qorxurdular. Gənc türklər imperialistlərə qulluq göstərmək siyasətini daha münasib bilərək yalnız elə bir dövlət quruluşu seçməyə çalışdılar ki, həmin dövlətdə gedən proseslər onların hakimiyyətini uzunmüddətli etsin və onlar üçün mənfəətli olsun.
1911-1913-cü illərdə Trablis və Balkan müharibələri

İmperialist dövlətlər gənc türklərin daxili zəifliyini yaxşı görür və Osmanlı imperiyasının torpaqlarını bölüşdürmək üçün bu zəiflikdən istifadə etməyə çalışırdılar. İtaliya 1911-ci il sentyabrın 24-də Türkiyədən ultimatum şəklində tələb etdi ki, Trablisi ona versin. Sabahı gün isə müharibəyə başladı. Sayca az olan və uzaq Türkiyədən yardım ala bilməyən türk qoşunları bir-birinin ardınca məğlubiyyətlərə düçar olurdu. Ölkədə isə siyasi stabillik pozulmaqda idi.

Gənc türklərin əleyhdarları bundan istifadə etdilər və 1912-ci ilin iyulunda gənc türklər hakimiyyətdən salındı. Müxalifətçi, ingilispərəst "Hürriyyət və ittilaf" ("Azadlıq və ittifaq) partiyası yeni hökuməti təşkil etdi. Siyasi böhran zamanı mövqeyini dəyişsələr də "Azadlıq və ittifaq" cəbhəsinin tərəfinə keçdilər. Bundan sonra gənc türkləri təqib etməyə başladılar.

Türkiyədə hakimiyyət dəyişikliyinə baxmayaraq yeni hökumət ölkə üçün heç bir mütərəqqi dəyişiklik edə bilmədi. Məhz bu səbəbdən müharibədə Türkiyənin tam məğlubiyyətinin qarşısı alınmadı. 1912-ci il oktyabrın 15-də Lozannada imzalanan gizli müqaviləyə görə Türkiyə İtaliyanın xeyrinə olaraq Trablisdən və Kirenaikadan əl çəkdi. Oktyabrın 18-də isə İtaliya ilə açıq müqavilə imzalandı. Trablis və Kirenaika İtaliyanın müstəmləkəsinə çevrildi və Liviya adlanmağa başladı. Müharibə gedişində Türkiyə sahilləri yaxınlığındakı Dodekanez adalarını da İtaliya işğal etmişdi.

Lakin İtaliya ilə sülh imzalanması türk xalqına və dövlətinə sülh gətirmədi. İtaliya ilə sülh imzalanan günü Bolqarıstan, Serbiya, Yunanıstan və Qaradağdan ibarət Balkan ölkələri ittifaqı ilə yeni müharibə, yəni birinci Balkan müharibəsi başlandı.

Müharibə üçün bəhanə Türkiyənin Makedoniya və Frakiyaya muxtariyyət verməkdən imtina etməsi oldu. Balkan ittifaqına daxil olan ölkələrin hökumətlərinin güddüyü məqsədlərdən asılı olmayaraq müharibə hələ də Türkiyənin əsarəti altında olan xalqlara azadlıq gətirməli idi. Türkiyə isə bu xalqlar üzərində hökmranlığını saxlamaq üçün mövqeyini dəyişmədən müharibə aparırdı. Nəhayət, koalisiya qüvvələrinin sistemli şəkildə hücumu nəticəsində Balkan müharibəsində türklər məğlub oldu. İttilafçılar hökuməti sülh istədi. 1912-ci ilin dekabrında Bolqarıstanla bağlanan barışığa əsasən Türkiyə Ədirnə şəhəri də daxil olmaqla Avropada olan öz torpaqlarının xeyli hissəsini Bolqarıstana verməli oldu.

Bu dəfə isə gənc türklər ittilafçıların hərbi müvəffəqiyyətsizliyindən istifadə etdilər. Gənc türklərin rəhbərlərindən biri Ənvər bəy öz tərəfdarlarından ibarət bir qrupla 1913-cü il yanvarın 10-da hərbi çevriliş düzəltdi və gənc türklər hakimiyyət başına qayıtdı. Onlar Bolqarıstanla müharibəni davam etdirdilər, lakin vəziyyəti yaxşılaşdıra bilmədilər. 1913-cü il mayın 30-da imzalanan London sülh müqaviləsinə görə Türkiyənin Avropada olan yerlərinin, demək olar, hamısı qalib dövlətlər arasında bölüşdürüldü. Albaniya müstəqil knyazlıq elan edildi.

Lakin birinci Balkan müharibəsindəki müttəfiq olan dövlətlər Türkiyədən alınan yerləri bölüşdürmək üstündə öz aralarında çəkişərək 1913-cü il iyunun 30-da bu dəfə bir-biri ilə yeni müharibəyə başladılar ki, bu da ikinci Balkan müharibəsi idi. Bu müharibə 1913-cü il avqustun 10-dək davam etdi. Gənc türklər bundan istifadə edib Ədirnəni və ətrafındakı yerləri Türkiyəyə qaytardılar.

Balkan müharibələri dövründə və müharibədən sonra gənc türklərin daxili siyasəti daha artıq irticaçı xarakter kəsb etdi.

Ölkədə "gənc türklər triumviratının", yəni gənc türklərin üç rəhbərinin: hərbi nazir və baş qərargah rəisi Ənvər paşanın, daxili işlər naziri və "İttihad və tərəqqi" partiyası Mərkəzi komitəsinin sədri Tələt paşanın, Dəniz qüvvələri naziri və İstanbulun hərbi qubernatoru Camal paşanın diktaturası quruldu.

Fəhlə hərəkatına qarşı təqib və cəza tədbirləri gücləndi. Makedoniyada,Ərəb ölkələrində, ermənilər içərisində milli-azadlıq hərəkatı silah gücünə yatırılırdı. Balkan müharibələri dövründə puça çıxmış "osmanizm" ideologiyasını daha irticaçı və təcavüzkar ideologiya olan pantürkizm əvəz etdi. Pantürkizm gənc türklərin hakim dairələrinin rəsmi ideologiyası oldu. Bu nəzəriyyə Qafqaz və Orta Asiya xalqları da daxil olmaqla türk dillərində danışan bütün xalqların Türkiyə hakimiyyəti altında birləşdirilməsi zərurətini irəli sürürdü. Pantürkizm başlıca olaraq Rusiyaya qarşı çevrilmişdi. Hakimiyyətdən devrilmiş olan II Əbdülhəmidin vaxtilə geniş istifadə etdiyi digər irticaçı nəzəriyyə, o cümlədən panislamizm də eyni xarakterdə idi. Panislamizm bütün müsəlmanları Türkiyə sultanı - xəlifənin hakimiyyəti altında birləşdirməyə çalışırdı. Türk zülmkarlarına qarşı ərəblərin milli-azadlıq mübarizəsini məğlub etmək fəndi kimi panislamizmdən gənc türklər də istifadə edirdilər.

Gənc türklər türk burjuaziyasının maraq və mənafelərini təmin etmək üçün bəzi tədbirlər gördülər. Misal üçün, onlar Türkiyə sənayesini genişləndirmək haqqında qanun, dövlət və vəqf torpaqlarının əmtəə tədavülünə cəlb olunmasını asanlaşdıran bir neçə qanun qəbul etdilər. Lakin, Türkiyənin iqtisadiyyatında hələ də imperialistlər ağalıq etdiyinə görə və torpaq sahibliyində feodalizm qalıqları aradan qaldırılmadığından bu qanunlar səmərəli nəticə verə bilmədi və bu qanunlar təkcə hakim təbəqələrə xidmət etdiyinə, proteksionist xarakter daşıdığına görə müsbət nəticə verə bilməzdi.

Gənc türklərin hakimiyyət başında olduğu qısa müddət ərzində Türkiyənin imperialist dövlətlərdən iqtisadi asılılığı daha da artdı. Misal üçün, 1890-cı ildən 1908-ci ilədək, yəni 18 il ərzində Türkiyə xaricdən 45,3 milyon lirə borc aldığı halda, gənc türklərin hökmranlıq etdiyi 6 il ərzində 49,4 milyon lirə borc almışdı. Məhz belə səbatsız daxili və xarici siyasət nəticəsində büdcənin və xarici ticarətin kəsiri təhlükəli bir dərəcəyə çatmışdı.

Gənc türklərin apardığı xarici siyasəti də müstəqil siyasət deyildi. Türkiyə bir-birinə düşmən olan iki imperialist qrupun, bir tərəfdən İngiltərə, Fransa və Rusiyanın, digər tərəfdən də Almaniya və onun müttəfiqlərinin təzyiqi altında idi. Almaniya artıq Osmanlı imperiyası torpaqlarının imperialist dövlətləri tərəfindən bölüşdürülməsi haqqında gizli sövdələşmə məqsədini qarşısında qoymuşdu. Osmanlı imperiyasının bütövlükdə ərazilərinə yiyələnmək ümidində olan Almaniya zahirən onun bölüşdürülməsi əleyhinə çıxırdı. Bundan bşqa Almaniyanın hakim dairələri gənc türklərin pantürkizm nəzəriyyəsindən doğan avantürist planlarını qızışdırır, bu nəzəriyyədən öz mənafeyi üçün istifadə etməyə və gənc türkləri öz təcavüzkar siyasətinin alətinə çevirməyə ümid bağlayırdılar. Məhz buna görədir ki, gənc türklərin rəhbərləri, xüsusilə Ənvər paşa və Tələt paşa aldanaraq Almaniyaya meyl göstərirdilər.

1913-cü ildə Türkiyəyə başda general Liman fon Sandersin durduğu alman hərbi missiyası dəvət olundu və türk ordusunun rəhbərliyini öz əlinə aldı.


Türkiyə birinci dünya müharibəsi illərində

1914-cü ilin iyununda nəhayət ki, I dünya müharibəsinin başlanması üçün məlum bəhanə tapıldı. Birinci dünya müharibəsi başlandıqdan bir gün sonra, yəni 1914-cü il avqustun 2-də Türkiyə Almaniya ilə hərbi ittifaq bağladı. Lakin zahirən Türkiyə özünü bitərəf elan etmişdi. İttifaq haqqında müqaviləyə görə Türkiyə Almaniya tərəfində müharibəyə qoşulmalı idi. Türkiyənin müharibəyə cəlb olunması hələ 1879-1892-ci illər "Üçlər ittifaqı"nın formalaşması prosesində hazırlanmışdı. Almaniya isə Rusiya torpaqlarına qarşı gənc türklərin təcavüzkar planlarını müdafiə etmək haqqında müəmmalı vədlər verirdi. Bu zaman türk ordusunun başında artıq alman zabitləri dururdu. Almaniya türk donanmasını da özünə tabe etməyə tələsərək admiral Suşonu türk donanmasına rəhbər təyin etdi. Almaniya Türkiyəni daha çox özünə tabe etmək üçün ona hərbi borclar verirdi. Gənc türklərin rəhbərləri içərisində Almaniya ilə hərbi ittifaqa zidd olanlar da var idi. Onlar Rusiya ilə müharibədən xüsusilə qorxurdular. Lakin onlar hadisələrin qarşısını almağa aciz idilər.

Dövlətçilik tarixinə yaxşı bələd olan Osmanlı imperiyasının tənəzzülünü dərk edən və Almaniyanın diktəsilə müharibəyə hazırlaşan "Gənc türklər" haqlı olaraq narahatçılığını 72 yaşlı sultan V Mehmed vahimə içərisində demişdi: "Rusiya ilə müharibə! Bizi əzmək üçün onun təkcə cəsədi belə kifayətdir!"

Sultan V Mehmed öz fikrində haqlı idi. Çünki Türkiyə nə iqtisadi, nə də sırf hərbi cəhətdən müharibəyə hazır deyildi. Bununla belə hökumət bitərəflik pərdəsi altında gizlənərək səfərbərlik keçirməyə başladı. İlk vaxtlar orduya 650 min adam çağırıldı. Tezliklə ordunun sayı 4 milyon nəfərə çatdırıldı. Məlum məsələ idi ki, 4 milyon nəfərlik ordunun təchizatı müşgül məsələ idi.

Şərqi Prussiyada və Qalitsiyada rus qoşunlarının müvəffəqiyyətli hücumu və Fransada Marna çayı sahillərində alman hücumunun müvəffəqiyyətsizliyi Almaniyanı məcbur etdi ki, Türkiyənin tezliklə müharibəyə qoşulmasını tələb etsin. Almaniya türk ordusunun köməyi ilə düşmənlərinin qüvvələrini şərqə cəlb etmək ümidində idi. Türkiyə ilə Rusiya arasında müharibəni sürətləndirmək üçün "Geben" və "Breslau" adlı iki alman kreyseri gözdən pərdə asmaq üçün bunları türk gəmiləri elan etmişdilər. Həmin gəmilər ingilis donanmasının səhlənkarlığı nəticəsində əvvəl Aralıq dənizindən Mərmərə dənizinə gəldi, sonra da Ənvər paşanın razılığı ilə Qara dənizə keçib, sonra da 1914-cü il oktyabrın 29-da rus gəmilərinə basqın etdilər, sabahı günü isə Sevastopol, Feodosiya və Novorossiyskini top atəşinə tutdular. Beləliklə, Türkiyə Rusiyaya qarşı müharibəyə başladı. Bundan sonra Rusiya Türkiyəyə müharibə elan etdi. Türkiyə noyabrın 11-də Antanta ölkələrinə qarşı "cihad müharibəsi" elan etdi.

Müharibə nəticəsində Osmanlı imperiyası çox böyük uğursuzluğa düçar oldu. Rus ordusu onu, böyük məğlubiyyətə uğratdı və üstəlik, Ərzurum və Trabzon limanı da daxil olmaqla Şərqi Anadolunu tutdu. Bir sıra müvəffəqiyyətsizliklərdən sonra 1917-ci ilin axırlarında ingilis qoşunları Osmanlı imperiyası tərkibinə daxil olan bütün ərəb torpaqlarını tutdular. Öz istiqlaliyyəti uğrunda mübarizəni müharibə dövründə daha da qüvvətləndirmiş olan ərəblərin özləri bu sahədə ingilislərə kömək etdi.

Rusiyada fevral-burjua demokratik inqilabı, eləcə də oktyabr inqilabından sonra gənc türklər Türkiyənin tamamilə darmadağın edilməsini gözləmədən müharibədən çıxmaq üçün gözəl imkan əldə etmiş oldular. Lakin onlar səhv olaraq Türkiyəyə ilhaq etmək ümidində olduqları Qafqaza hərbi müdaxilə təşkil etməyi daha münasib bildilər. Qafqaz xaqları Türkiyənin hərbi müdaxiləsini heç də qəlbən qarşılamadılar. Əvvəla məğlub olmuş Türkiyə qoşunlarının Qafqazda qalmaq imkanları yox idi, digər tərəfdən Antanta qüvvələri buna imkan verməzdilər. Lakin gənc türklər hökuməti Sovet Rusiyasına əsarətli Brest sülh müqaviləsini qəbul etdirməkdə Almaniyaya yardım göstərdi.

Amma yeni avantüralar da Türkiyəni müharibədə fəlakətli məğlubiyyətdən xilas edə bilmədi. Ərazi itkisindən başqa Türkiyə rəsmi məlumata görə, təkcə cəbhələrdə ölənlər və əsirlikdə həlak olanlar içərisində 490 min nəfər tələfat verdi. Əslində isə müharibə qurbanlarının sayı bundan xeyli çox idi.

Müharibənin Türkiyəyə vurduğu iqtisadi ziyan son dərəcə böyük idi. Kənd təsərrüfatı tənəzzül etmişdi. Bütün bitkilər üzrə əkin sahələri 2,5 dəfə, mal-qara isə iki dəfədən çox azaldı. Milyonlarla kəndli müflisləşdi. Bununla yanaşı mülkədar və qolçomaqlar varlanmışdı. Sənayenin bir çox sahələri dağılmışdı. Lakin müharibə dövründə xarici rəqabətdən yaxa qurtaran bəzi sahələr (müharibənin əvvəllərində kapitulyasiyalar ləğv edilmişdi) bir qədər inkişaf etdi. Şəhərlərin zəhmətkeş əhalisi aclıq çəkirdi, lakin zəhmətkeşlərin iztirabları hesabına çoxlu tacir möhtəkirlik yolu ilə hərbi ləvazimat satmaqdan, Almaniyaya ixracatdan böyük mənfəət əldə etmişdi. Beləliklə, müharibə illərində şəhərlərdə və kəndlərdə burjuaziya, başlıca olaraq ticarət burjuaziyası artdı və varlandı. Sinfi ziddiyyətlər olduqca kəskinləşdi.

Müharibə nəticəsində Türkiyənin maliyyəsi də tamamilə pozulmuşdu. Saysız-hesabsız kağız pul buraxılması nəticəsində türk lirəsi qiymətdən düşmüşdü.

Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycanın dağlıq ərazilərinə, həmçinin Qarabağa erməni ailələri köçürüldü.

Müharibə illərində Almaniya, işin əslində Türkiyəni öz müstəmləkəsinə çevirmişdi. Almaniya Türkiyəyə əsarətli borclar verir və bu pullar Almaniyanın özündən silah alınmasına sərf edilirdi. Türkiyə Almaniyanın xammal və ərzaq bazasına çevrilmişdi. Türkiyənin öz əhalisi aclıq çəkdiyi halda, Almaniya və Avstriya-Macarıstan Türkiyənin ərzağını daşıyıb aparırdılar. Bu ərzaq kəndlilərdən icbari qiymətlərlə alınırdı. Almaniya Osmanlı dövlət borcu idarəsini, Osmanlı bankını və imperializmin Türkiyədə başqa bu kimi istinadgahlarını öz əlinə almışdı.

Bütün ölkədə və orduda gənc türklərin siyasəti və almanların ağalığı əleyhinə narazılıq ildən-ilə artmaqda idi. Bu narazılıq vergi verməkdən və yerli hökumət orqanlarına tabe olmaqdan imtina etmək, partizan dəstələri (çətələr) təşkil etmək, alman əsgərləri və zabitlərini öldürmək, aclığa qarşı qadınların nümayişlərini keçirmək, Almaniyaya göndərilən ərzaq qatarlarının əhali tərəfindən ələ keçirilməsi şəklini alırdı.

1918-ci ilin sentyabrında müttəfiqlərin ordusu Saloniki cəbhəsində hücuma keçib Bolqarıstanı təslim olmağa məcbur etdi və Türkiyəni Almaniyadan ayırdı. İflasa uğrayan gənc türklər yenə də ingilis diplomatiyasının təsiri altına düşdülər. İngilispərəsət qüvvələrdən ibarət yeni hökumət yaradıldı. Bu hökumət 1918-ci il oktyabrın 30-da Mudros limanında "Aqamemnon" adlı ingilis zirehli gəmisinin göyərtəsində ingilislərin qoyduğu bütün şərtləri qəbul edərək barışıq imzaladı və beləliklə, müttəfiqlər qarşısında tamamilə təslim oldu. Türkiyə məğlub olmuş ordusunu bütün işğal ərazilərindən, o cümlədən Azərbaycandan da çıxarmağa məcbur oldu. Barışıq şərtlərinə əsasən müttəfiqlər Türkiyə ərazisinin istədikləri hissəsini işğal etmək ixtiyarı aldılar, boğazları tutdula. dəmiryolları və bütün başqa rabitə vasitələrini öz nəzarətinə tabe etdilər. Türkiyə ordusu dərhal tərxis edilməli, donanma isə müttəfiqlərə verilməli idi. İmperialist müharibəsində Türkiyənin iştirakına beləliklə, xitam verildi.

V.Ulyanov göstərmişdir ki, kapitalizmin qeyri-bərabər inkişafının nəticəsi olan və onun ümumi böhranını əks etdirən 1914-1918-ci illərdəki dünya müharibəsi "ən böyük tarixi böhran, yeni dövrün başlanğıcı" deməkdir. Bu müharibə kapitalizm ziddiyyətlərini kəskinləşdirdi, onu zəiflətdi, Qərbdə və Şərqdə inqilabi böhranın yetişməsinə səbəb oldu. "İmperialist müharibəsi asılı xalqları dünya tarixinin yenidən başlanması üçün onları özünə cəlb etdi"3.

Birinci dünya müharibəsinin Türkiyə üçün də böyük, həm də mütərəqqi nəticələri oldu. Belə ki, müharibə ölkədə sinfi ziddiyyətləri və imperialist zülmkarlara qarşı nifrət hissini son dərəcə kəskinləşdirdi. Buna görə də Rusiyada Oktyabr hadisələri baş verdikdə dünyanın başqa ölkələrinin zəhmətkeşləri də ölkələrində ədalətli cəmiyyət yaranacağına ümid bəsləyirdilər. Türk xalqı bu səadətə 5 il sonra, yəni 1923-cü il oktyabrın 29-da nəsib oldu.



Yüklə 42,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin