pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)
Biliyin xüsusiyyətləri. Bilik müxtəlif xüsusiyyətlərə malik ola bilər. Biliyin xüsusiyyətlərinə aşağıdakıları aid etmək olar:
Sistemləşdirmə;
Ümumiləşdirmə;
Dərk etmə;
Elastiklik;
Aktivlik;
Tamlıq;
Davamlılıq.
Təlim prosesində əldə olunmuş biliklər, şagirdlərin onun mahiyyətinin dərinliyinə baş vura bilməsi ilə səciyyələnir. Bu isə öz növbəsində aşağıdakılarla şərtənir:
Təşkil olunmuş məktəb təlimi konkret olaraq biliyin dərinliyini və genişliyini müəyyən etməyi, həcmini və konkret mahiyyətini formulə etməyi tələb edir.
Biliyin dərk olunması, başa düşülməsi, onların konkret mənasının dolğunluğu şagirdlərin öyrənilən faktları yalnız təsvir edə və söyləyə bilməsi ilə deyil, həm də onu izah etməsi, onların qarşılıqlı əlaqə və münasibətlərini göstərməsi, mənimsənilmiş bilikləri əsaslandırması, onlardan nəticə çıxarması və s. dolğun bilikləri formalaşmış biliklərdən fərqləndirir.
Məktəbdə əsasən biliyin tamlığının və davamlılığının diaqnostikası aparılır. Biliyin digər göstəricilərinin əqli inkişafa göstərdiyi təsir nadir hallarda müəllimin diqqət mərkəzində olur. Halbuki bu məsələ həmişə diqqət mərkəzində olmalıdır.
Təlim prosesi özündə həm də pərakəndə bacarıq və vərdişlərin ümumi (dərs haqqında informasiyanın axtarış üsulları, onun yadda saxlanılması, hifz olunması, kitablarla iş və s.) və xüsusi (hesab, yazı və s. vərdişləri) formalarını birləşdirir. Bunların diaqnostikasının aparılması keçmiş təlimin nöqsanları haqqında nəticə çıxarmağa imkan verir. Təlimin nailiyyəti testlər və ənənəvi yoxlama işləri vasitəsilə üzə çıxır.