Biliyin funksiyaları. “Bilik” anlayışının formalaşmasındakı çoxşaxəlilik onun bilik vasitəsilə reallaşan funksiyalarının müxtəlifliyini şərtləndirir. Didaktikada bilik mənimsəmə formasında təlimin məqsədi kimi didaktiv fikrin reallaşmasının nəticəsi kimi, pedaqoji qarşılıqlı təsirin mahiyyəti, vasitəsi kimi çıxış edə bilər. Bilik pedaqoji qarşılıqlı təsirin vasitəsi kimi çıxış edərək şagirdin keçmiş fərdi təcrübəsinin strukturunu dəyişir və ya onu başqa şəklə salır, bununla da öyrənənin psixi inkişafın yeni mərhələsinə qaldırır.
Bilik yalnız dünyaya baxışı formalaşdırmır, həm də ona olan münasibəti dəyişir. Burada biliyin tərbiyəvi cəhəti üzə çıxır.
Şagirdlərin əqli inkişafının ilkin şərti bilik və onun düzgün mənimsənilməsi yoludur. Bilik öz – özlüyündə əqli inkişafı tam surətdə təmin etmir. Lakin onsuz əqli inkişaf mümkün deyil.
Insanın düyagörüşünün əsas hissəsini təşkil edən bilik daha çox onun gerçəkliyə münasibətini, mənəvi baxış və gözləmələrini, şəxsiyyətin iradi keyfiyyətlərini müəyyənləşdirir və insanın meyl və maraqlarının istiqamətlənməsinə, qabiliyyətlərinin inkişafına xidmət edir.
Biliyin didaktik funksiyaları müəllimin qarşısına bir neçə xüsusi vəzifə qoyur. Onları aşağıdakı kimi qruplaşdıra bilərik:
a) biliyi passiv formadan şagirdlərin fikri fəaliyyətini əks etdirən formaya salmaq;
b) biliyi insanı şəxsiyyət və fəaliyyətin subyekti kimi formalaşdıran vasitəyə çevirmək.
Biliyin növləri.Pedaqoji psixologiyada biliyin aşağıdakı növlərini fərqləndirirlər:
Təliməqədərki bilik;
Məişət bilikləri;
Bədii biliklər (fəaliyyətin estetik formada mənimsənilməsinin xüsusi üsulu);
Elmi biliklər (empirik və nəzəri).
Məişət biliyi sağlam fikir və güzəran düşüncəsinə əsaslanaraq insan davranışının gündəlik bələdçisidir. Gündəlik bilik gündəlik təcrübə nəticəsində formalaşır. Bu bilik forması elmi biliyin inkişaf dərəcəsindən asılı olaraq inkişaf edir və zənginləşir. Eyni zamanda elmi bilik də məişət təcrübəsindən faydalanır.
Elmi bilik özündə dünyanın inikas olunmuş və onun inkişaf qanunauyğunluqlarının formalaşmasında təcrübi, empirik və nəzəri formaya əsaslanan sistemləşmiş, ümumiləşmiş biliklər qrupunu birləşdirir. Adətən, elmi biliklər öz abstrakt forması ilə çox vaxt hamıya aydın olmur. Buna görə də elmi biliyin qavranılmasının, başa düşülməsinin və mənimsənilməsinin adekvatlığını təmin edən dəyişikliyin aparılması və müəllim tərəfindən şərhi zəruridir. Ümumiyyətlə, dərs bilikləri elmi biliklərdən törəmə hesab olunur və bu biliklər elmi biliklərdən fərqli olaraq artıq məlum olanın, dərk olunanın dərk olunmasıdır.
Elmi biliklər məqsədyönlü təşkil olunmuş təlim nəticəsində başqalarına ötürülə bilər. Onlar cari elmi anlayışlar sisteminin dərk olunmuş faktları ilə səciyyələnir.
Şagirdlər tərəfindən məktəbdə alınan elmi biliklərin bir qismi məişət təsəvvürlərinə və uşağın təcrübəsinə zidd xarakter daşıyır. Lakin uşaq son olaraq güzəran biliklərinə əsaslanır. Faktlar göstərir ki, şagirdlər ciddi mövqeyə malik olan elmi anlayışları mənimsəyən zaman onları güzəran səviyyəsinə uyğun qavrayırlar.
Elmi biliklərdə şagird və tələbələrin psixoloji imkanlarına uyğunlaşdırılmış, düşünülmüş dəyişikliklər, elmi biliklərin yenidən təşkili, biliklərin sadələşdirilməsi və ya ixtisarı onlarda elmi biliklər sistemini yaradır.
Təlim prosesində şagirdlərə təqdim edilən biliklər sistemləşdirilmiş, bir-biri ilə qarşılıqlı əlaqəli, öyrənilən sahədə əsas məsələləri əhatə edən, müəyyən məntiqi struktura malik və müəyyən ardıcıllıqla mənimsənilən olmalıdır.
V. İ. Ginesə görə elmi biliklərin 3 forması mövcduddur:
Təlim qaydaları formasında olan biliklər;
Təlim mətni formasında olan elmi biliklər;
Təlim tapşırıqları formasında olan biliklər.
Adaptasiya olunmuş elmi biliklər, bir tərəfdən, biliyin maddi tərəfini, digər tərəfdən, iradi fəaliyyətin qanunauyğunluqlarını, biliklərini özündə birləşdirən təlimin qayda-qanunlarını təşkil edir.
İstənilən bilik, o cümlədən, elmi biliklər öz mövcudluğuna görə subyektivdir. Buna görə də onu mexaniki olaraq “bir başdan digər başa” göndərmək, estafet çubuğu kimi əldən–ələ vermək olmaz.
Bütün bunlarla yanaşı, bilik yalnız subyektin iradi aktivliyi prosesində mənimsənilə bilər. Məhz subyektivliyə əsasən elmi və ya təlim bilikləri müxtəlif mətnlərdə əks olunmuş biliklərin obyektivləşdirilmiş formasını özündə əks etdirən elmi və ya təlim informasiyalarına ayrılır.