Maddə 517. Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması
517.0. Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulmasına, yəni:
517.0.1. fövqəladə vəziyyət rejimi tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi rejiminin və bu ərazidə hərəkət sərbəstliyinin məhdudlaşdırılmasının pozulmasına;
517.0.2. yığıncaqlar, mitinqlər, küçə yürüşləri, piketlər, nümayişlər və ya digər kütləvi tədbirlər keçirilməsinin, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya başqa üsullarla dayandırılmasının qadağan edilməsinin pozulmasına;
517.0.3. nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasının pozulmasına və onların yoxlanmasına maneçilik törədilməsinə;
517.0.4. xüsusi verilmiş icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan qadağan saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olmağın qadağan edilməsinin pozulmasına;
517.0.5. mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılmasına, səsucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti alınmasına maneçilik törədilməsinə, jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasının pozulmasına;
517.0.6. sənədlərin yoxlanmasına, müstəsna hallarda isə fiziki şəxslərdə silah olması barədə məlumat olduqda, şəxsi yoxlama aparılmasına, şəxsi əşyaların, nəqliyyat vasitələrinin və mənzillərinin yoxlanmasına maneçilik törədilməsinə;
517.0.7. silah, zəhərləyici və ya partlayıcı maddələr, döyüş sursatı, xüsusi vasitələr, narkotik vasitələr, psixotrop maddələr və ya tərkibində güclü təsirə malik maddələr olan dərman preparatları, etil spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasına;
517.0.8. fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin, müəssisələrdən, idarələrdən və təşkilatlardan isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti alınmasına maneçilik törədilməsinə;
517.0.9. karantin tələblərinin, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, yaxud mülki müdafiə tədbirlərinin pozulmasına;
517.0.10. təxirəsalınmaz qəza-xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün əmək qabiliyyətli əhalinin səfərbər olunması (əməyin mühafizəsi qaydalarına tam riayət olunması şərtilə) və şəxslərin nəqliyyat vasitələrinin cəlb edilməsinə maneçilik törədilməsinə;
517.0.11. rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydaların pozulmasına;
517.0.12. ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə qoyulmuş məhdudiyyətlərin pozulmasına;
517.0.13. gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə -
fiziki şəxslər qırx manatdan səksən manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Dostları ilə paylaş: |