Kaskad modeli
Kaskad (şəlalə) modeli istənilən tətbiq səhəsi üçün müxtəlif sistemlərin yaradılmasına klassik yanaşmanı nümayiş etdirir. İnformasiya sistemlərinin qurulması üçün bu modeldən 70-ci illərdən başlayaraq 80-cı illərin sonuna qədər istifadə olunub. Kaskad modeli ilə işlərin təşkili müxtəlif sahələrdə rəsmi olaraq tövsiyyə edilmiş və tətbiq olunmuşdur. Həm nəzəri əsasların, həm də sənaye metodlarının və standartların olması və bu metodlardan illərlə istifadə olunması kaskad modelini klassik adlandırmağa əsas verir.
Kaskad modeli ilə məhsulun hazırlanması işləri ardıcıl təşkil olunur. Bu modelin əsas xüsusiyyəti ondan ibarətdir ki, məhsulun hazırlanması mərhələlərlə aparılır və bir mərhələdən digərinə keçid yalnız əvvəlki mərhələdə bütün işlər qurtardıqdan sonra baş verir. Hər bir mərhələ, sonrakı mərhəlinin digər komanda ilə davam etdirilməsini təmin etmək üçün lazımi sənədlərin hazırlanması ilə qurtarır.
Tətbiq sahəsindən asılı olmayaraq kaskad modelində aşağıdakı mərhələləri ayırmaq olar (şəkil 1):
1-sifarişçinin tələblərinin təhlili;
2-layihələndirmə;
3- hazırlama;
4-testləmə və sınaq istismarı;
5-hazır məhsulun təhvil verilməsi.
1-ci mərhələdə həll olunası problem araşdırılır və sifarişçinin tələbləri formalaşdırılır. Bu mərhələnin nəticəsi bütün maraqlı tərəflərlə razılaşdırılmış texniki tapşırıq olur.
2-ci mərhələdə texniki tapşırıqda əks olunan bütün tələblərə cavab verən layihə yaradılır. Bu mərhələnin nəticəsi layihənin reallaşdırılması üçün lazım olan bütün məlumatları əks etdirən layihə sənədləridir.
3-cü mərhələ layihənin reallaşdırılmasını əhatə edir. Bu mərhələdə layihəyə uyğun olaraq proqram təminatı hazırlanır. Reallaşdırma üçün istifadə edilən vasitələr və metodlar prinsipial əhəmiyyət daşımırlar. Mərhələnin yerinə yetirilməsi nəticəsində hazır proqram məhsulu alınır.
4-cü mərhələdə hazırlanan proqram təminatının texniki tapşırığın tələblərinə cavab verib-verməməsi yoxlanılır. Bu mərhələyə testləmə və ya sınaq istismarı deyilir. İS-in tətbiq olunacağı real şəraitdə aparılan sınaq istismarı müxtəlif növ aşkar və qeyri-aşkar çatışmazlıqları müəyyənləşdirməyə və aradan qaldırmağa imkan verir.
Sonuncu mərhələ hazır sistemin istifadəçiyə təhvil verilməsini əhatə edir. Burada əsas məqsəd sifarişçini onun bütün tələblərinin ödənilməsinə inandırmaqdır.
Kaskad modelinin iş mərhələlərini çox vaxt sistemin «layihə dövrünün» hissələri adlandırırlar, ona görə ki, mərhələlər sistemə qoyulan tələbləri və layihənin həll variantlarını dəqiqləşdirməklə və onlara lazımi düzəlişlər verməklə yerinə yetirilən iterasiyalı proseslərdən ibarət olur. Sistemin həyat dövrü əslində kifayət qədər mürəkkəb və böyük olur. O çoxlu sayda dəqiqləşdirmə, dəyişdirmə və əlavə etmə dövrlərinə malik ola bilər. Bu dövrlərdə İS-in inkişafı və komponentlərinin yeniləşdirilməsi baş verir.
Kaskad modelinin özünə məxsus üstünlüyü və çatışmazlığı var. Onun üstünlüyü:
1-hər bir mərhədə tamlıq və uyğunluq kriterilərinə cavab verən bitmiş layihə sənədləri formalaşdırılır. Son mərhələdə isə informasiya sisteminin təminatında qəbul edilmiş standartları əhatə edən istifadəçi sənədləri hazırlanır;
2-mərhələlərin məntiqi ardıcıllıqla yerinə yetirilməsi ümumi işin bitmə vaxtını və uyğun sərfləri əvvəlcədən planlaşdırmağa imkan verir.
Kaskad modelinin əsas çatışmazlıqları aşağıdakılardır:
1-nəticələrin alınmasının kifayət qədər gecikməsi;
2-hər bir mərhələdə buraxılan səhvlər və çatışmazlıqlar, adətən, sonrakı mərhələlərdə aşkarlanır, bunun da nəticəsində əvvəlki mərhələlərə qayıtmaq lazım gəlir;
3-layihə üzrə işlərin paralel aparılmasının çətinliyi;
4-layihənin idarə olunmasının çətinliyi;
5-riskin səviyyəsinin yüksək olması və investisiyanın etibarsızlığı.
Göstərilən çatışmazlıqlar kaskad modelinin uzun illər tətbiqi nəticəsində müəyyənləşdirilmişdir. Bu çatışmazlıqlardan hər birinin ümumi layihəyə təsir dərəcəsi layihənin miqyasından, layihə üzrə işlərin təşkilindən, icraçı mütəxəssislərin təcrübəsindən və ixtisas səviyyəsindən, sifarişçilərlə icraçılar arasında qarşılıqlı işgüzar münasibətlərdən və s. asılıdır.
Dostları ilə paylaş: |