Spiral model
Spiral model də prototip modeli kimi informasiya sisteminin iterasiya prosesi ilə hazırlanmasını nəzərdə tutur. Bu halda həyat dövrünün ilkin mərhələlərinin (təhlil, layihələndirmə) əhəmiyyəti daha da artır. Bu mərhələlərdə texniki qərarların reallaşdırıla bilməsi yoxlanılır və əsaslandırılır. İS-in həyat dövrünün spiral modeli şəkil 3-də göstərilmişdir.
Hər bir iterasiya İS-in daxili və ya xarici variantının hazırlanması ilə nəticələnən tam dövrü əhatə edir. Sistem və ilk növbədə onun proqram təminatı iterasiyadan - iterasiyaya təkmilləşdirilərək, son mükəmməl varianta gətirilir.
Beləliklə, spiralın hər bir həlqəsi proqram məhsulunun fraqmentinin (variantının) hazırlanmasına uyğun gəlir. Həmin variantda məhsulun kefiyyəti təyin edilir, layihədəki məqsədə çatılıb-çatılmaması dəqiqləşdirilir və spiralın sonrakı həlqəsi, yəni sonrakı iterasiya üçün işlər planlaşdırılır.
Spiral modeldən istifadə olunması cari dövrdə müəyyən səbəblərə görə yarımçıq işin sonrakı iterasiyada yerinə yetirilməsinə imkan yaradır. Hər bir iterasiyada əsas məqsəd istifadəçiyə təqdim olunacaq işqabiliyyətli məhsulun mümkün qədər tez hazırlanmasıdır. Beləliklə, layihənin dəqiqləşdirilməsi və ona əlavələr edilməsi prosesi xeyli asanlaşır.
Spiral model digər modellərlə müqayisədə bir çox üstünlüklərə malikdir. Onlardan əsasları aşağıdakılardır:
-spiral modeli sifarişçinin tələblərinin dəyişdirilməsi halında layihəyə dəyişikliklər edilməsi prosesini xeyli asanlaşdırır;
-spiral modeldən istifadə edildikdə İS-in ayrı-ayrı komponentlərinin vahid sistemdə inteqrasiyası tədricən və fasiləsiz baş verir. İnteqrasiya az sayda komponentlərdən başlandığından, onun yerinə yetirilməsi üçün daha az problem yaranır (bəzi mənbələrə görə kaskad modelində layihənin sonunda aparılan inteqrasiya ümumi məsrəflərin 40%-ni təşkil edir );
-risklərin səviyyəsinin azalması. Həmin üstünlük bundan əvvəlkinin məntiqi nəticəsi kimi yaranır, çünki risklər adətən inteqrasiya ərəfəsində aşkarlanır. Riskin səviyyəsi layıhənın işlənməsinin əvvəlki mərhələlərində çox olur, işlənmənin sonuna yaxın isə azalır. Bu fakt bütün modellərdə özünü göstərir. Lakin spiral modeldə inteqrasiya hər iterasiyada aparıldığından, onun azalması daha sürətlə baş verir;
-iterasiyalı layihələndirmə hazırlanan məhsulda taktiki dəyişiliklərin aparılmasına imkan verməklə, layihənin idarə olunmasında yüksək çevikliyi təmin edir;
-spiral model komponentlərdən təkrar istifadə olunmasını sadələşdirir və proqramlaşdırmada komponent yanaşmadan istifadə olunmasına imkan yaradır. Bu onunla əlaqədardır ki, layihənin ümumi hissələrini layihələndirmənin əvvəlində aşkar etmək çətindir, lakin layihənin komponentləri qismən hazır olanda bu iş xeyli asanlaşır;
-spiral model daha etibarlı və dayanıqlı sistem yaratmağa imkan verir. Bu onunla əlaqədardır ki, sistemin inkişafı ərəfəsində hər iterasiyada səhvlər və zəif yerlər müəyyənləşdirilir və aradan qaldırılıq;
-iterasiyalı yanaşma sistemin qurulma prosesini təkmilləşdirməyə imkan verir. Hər bir iterasiyanın sonunda aparılan təhlil sistemin qurulma prosesinin təşkilində nəyin dəyişdirilməsini və sonrakı iterasiyada yaxşılaşdırmasını qiymətləndirməyə imkan yaradır.
Spiral modelin əsas çatışmazlığı ondan ibarətdir ki, növbəti mərhələyə keçid vaxtının təyin edilməsi müəyyən problem yaradır. Onun həlli üçün həyat dövrünün hər bir mərhələsinə vaxt məhdudluğu qoymaq lazımdır. Əks halda İS-in qurulma prosesi əldə olunanların sonsuz sayda təkmilləşdirilməsi prosesinə çevrilə bilər. Odur ki, hər bir iterasiya planlaşdırılmış bütün işlərin qurtarmasını gözləmədən təyin olunmuş vaxt ərzində sona çatmalıdır. İşlərin planlaşdırılması adətən əvvəlki layihələrdən alınmış statistik verilənlər və layihəçilərin şəxsi təcrübəsi əsasında aparılır.
Dostları ilə paylaş: |