RAD metodologiyası çərçivəsində həyat dövrünün mərhələləri
RAD metodologiyasından istifadə edildikdə İS-in həyat dövrü 4 mərhələdən ibarət olur: təhlil və tələblərin planlaşdırılması, layihələndirmə, hazırlama, tətbiq.
Təhlil və tələblərin planlaşdırılması mərhələsi
Bu mərhələdə aşağıdakı işlər görülür:
-sifarişin təhlili əsasında sistemin yerinə yetirməli olduğu funksiyalar təyin olunur;
-ilk növbədə yerinə yetirilməsi daha vacib olan funksiyalar müəyyənləşdirilir;
-sifarişçinin (müəssisənin) informasiya ehtiyaclarının siyahısı hazırlanır;
-layihənin miqyası məhdudlaşdırılır;
-sonrakı mərhələlərin hər biri üçün vaxt çərçivələri təyin edilir;
-nəticədə razılaşdırılmış maliyyə çərçivəsində, mövcud aparat və proqram vasitələri ilə layihənin reallaşdırılması imkanı təyin olunur.
Əgər lahiyənin reallaşdırılması prinsip etibarı ilə mümkündürsə, onda təhlil və planlaşdırma mərhələsinin nəticəsi yaradılan sistemin funksiyalarının (onların üstünlük dərəcələrini göstərməklə) siyahısı və sistemin ilkin funksional və informasiya modelləri olur.
Layihələndirmə mərhələsi
Layihələndirmə mərhələsində sistemin qısa vaxt ərzində iş qabiliyyətli prototipini almaq üçün CASE vasitələrindən istifadə olunur.
CASE (Computer Aided Software/System Engineering- kompüterin köməyilə proqram təminatının /sistemin qurulma texnikası) termini hazırda geniş mənada işlədilir. Əvvəllər bu texnologiya yalnız proqram təminatının qurulmasının avtomatlaşdırılması ilə məhdudlaşırdı. Sonradan onun əhatəsi daha da genişləndi və mürəkkəb informasiya sistemlərinin qurulma prosesinin avtomatlaşdırılmasını bütövlükdə əhatə edən texnologiya kimi qəbul olundu. Hazırda «CASE vasitələri» adı altında sifarişin təhlili və tələblərin formalaşdırılması, tətbiqi proqram təminatının və verilənlər bazasının layihələndirilməsi, proqram kodlarının generasiyası, testləmə, sənədləşdirmə, keyfiyyətin təmini, konfiqurasiyanın və layihənin idarə olunması və digər prosesləri əhatə edən İS-in qurulması və müşayiət edilməsi proseslərini dəstəkləyən proqram vəsitələri başa düşülür.
CASE vasitələri ilə yaradılan prototiplər istifadəçilər tərəfindən təhlil edilir və nəticədə sistemə qoyulan tələblər dəqiqləşdirilir və (və ya) yeni tələblər qoyulur. Beləliklə, bu mərhələdə sistemin texniki layihələndirilməsində gələcək istifadəçilərin iştirakı labüddür.
Sonra isə bu mərhələdə sistemin funksional modeli təhlil olunur və lazım gəldikdə ona düzəlişlər edilir. Sistemin hər bir prosesinə ətraflı baxılır. Lazım gəldikdə hər bir elementar proses üçün natamam prototip-ekran forması, dialoq pəncərəsi və ya hesabat-hazırlanır. Sonra isə verilənlərə müraciəti məhdudlaşdıran tələblər təyin edilir.
Proseslərə ətraflı baxıldıqdan sonra yaradılan sistemin fuksional elementlərinin sayı təyin edilir. Bu isə İS-i hər biri ayrıca komanda ilə RAD layihələri üçün qəbul olunmuş vaxtda (1-2 ay müddətində) reallaşdırılan bir neçə altsistemə ayırmağa imkan verir.
Bu mərhələdə həmçinin lazımi sənədlərin dəsti təyin edilir. Beləliklə, baxılan mərhələnin nəticələrinə aşağıdakılar daxildir:
sistemin ümumi informasiya modeli;
sistemin ümumi funksional modeli və ayrı-ayrı komandalar tərəfindən reallaşdırılan altsistemlərin funksional modelləri;
müstəqil yaradılan altsistemlər arasında CASE vasitələri ilə dəqiq təyin olunan interfeyslər;
ekran formalarının, dialoq pəncərələrinin və hesabatların prototipləri.
RAD metodologiyasının tətbiq xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, hər bir yaradılan prototip gələcək sistemin bir hissəsi kimi qəbul edilir və təkmilləşdirilir.
Hazırlama mərhələsi
Hazırlama mərhələsində bundan əvvəl qurulmuş modellər və qeyri-funksional tələblər əsasında real sistemin iterativ hazırlanması aparılır. Bu mərhələdə vizual proqramlaşdırma vasitələrindən geniş istifadə olunur. Proqram kodlarının tərtibi qismən CASE vasitələrinə daxil olan avtomatik generatorların köməyilə yerinə yetirilir.
Alınan nəticələrin qiymətləndirilməsi və lazımi düzəlişlərin aparılması üçün hazırlama mərhələsində də istifadəçilərin iştirakı tələb olunur. Sistemin testlənməsi bilavasitə hazırlanma prosesində yerinə yetirilir.
Hər bir altsistem üzərində işlər qurtardıqdan sonra həmin altsistem tədricən digər altsistemlərlə inteqrasiya olunur və testlənir. Altsistemlərin hamısı vahid sistemdə inteqrasiya olunduqdan sonra sistem bütövlükdə testlənir.
Hazırlanma mərhələsində həmçinin aşağıdakı işlər görülür:
-verilənlərin paylanmasının lazım olub-olmaması təyin edilir;
-verilənlərin istifadəsinin təhlili aparılır;
-verilənlər bazası verilənlərlə doldurulur;
-aparat resurslarına tələbatlar dəqiqləşdirilir və onlar alınıb quraşdırılır;
-məhsuldarlığın artırılması üsulları təyin edilir;
-layihənin sənədləşdirilməsi başa çatdırılır.
Bu mərhələnin nəticəsi istifadəçilərin tələblərinə cavab verən hazır informasiya sistemi olur.
Tətbiq mərhələsi
Tətbiq mərhələsində istifadəçilər qurulan informasiya sistemi ilə işləməyi öyrənirlər.
Sistemin hazırlanma mərhələsi kifayət qədər uzun olduğundan, tətbiqin planlaşdırılmasına və hazırlanmasına sistemin layihələndirilməsi mərhələsindən başlanmalıdır.
Qeyd edək ki, İS-in qurulmasının yuxarıda baxılan sxemi universal deyil. Həmin sxemdən kənara çıxma halları da ola bilər. Bu, layihənin yerinə yetirilməsinin ilkin şərtlərindən asılıdır. Ola bilər ki, «sıfırdan» başlamaqla tamamilə yeni sistem yaradılsın və ya müəssisədə hər hansı İS qismən mövcud olsun. Sonuncu halda mövcud olan sistemdən yeni sistemin prototipi kimi istifadə oluna bilər və ya o, yeni sistemə altsistem kimi inteqrasiya oluna bilər.
Dostları ilə paylaş: |