MühazirƏ 11
RAD metodologiyasının məhdudluqları
Yuxarıda göstərilən üstünlüklərinə baxmayaraq, RAD metodologiyası universal hesab edilə bilməz. Onun tətbiqi konkret müəssisə üçün çox da böyük olmayan İS-in qurulması üçün səmərəlidir.
Tam hazır olmayan tipik elementlər toplusundan ibarət olan İS-in qurulmasında layihənin idarə olunması və keyfiyyət göstəriciləri böyük əhəmiyyət kəsb edir. Bu göstəricilər layihənin sadəliyi və tez qurulması ilə ziddiyyət təşkil edirlər. Bu onunla əlaqədardır ki, tipik sistemlər adətən mərkəzləşdirilmiş şəkildə müşayiət olunur və müxtəlif aparat-proqram platformalarına, VBİS-lərə, kommunikasiya vasitələrinə uyğunlaşa bilir və həmçinin mövcud layihələrə inteqrasiya oluna bilirlər. Bu cür layihələr yüksək səviyyəli proqramlaşdırmanı, ciddi qaydalarla layihələndirməni, əvvəlcədən hazırlanmış protokollara və interfeyslərə ciddi əməl olunmasını tələb edir. Göstərilən amillər sistemin hazırlanma tezliyini azaldır.
RAD metodologiyası təkcə tipik sistemlərin deyil, həmçinin mürəkkəb hesablama proqramlarının, əməliyyat sistemlərinin, mürəkkəb mühəndis-texniki obyektlərin idarə olunması proqramlarının, bir sözlə, böyük unikal proqram vasitələrinin qurulması üçün əlverişli deyil.
RAD metodologiyasının tətbiqi həm də istifadəçi interfeysi ikinci dərəcəli olan, yəni iş məntiqinin əyani təsviri olmayan sistemlər üçün mümkün deyil. Bu cür tətbiqlərə misal olaraq real vaxt sistemlərini, drayverləri və ya müxtəlif xidmətləri göstərmək olar.
RAD metodologiyası insanların təhlükəsizliyi tələb olunan sistemlərdə, məsələn, nəqliyyatın, atom elektrik stansiyasının idarə olunması sistemlərində heç mümkün deyil. Bu onunla əlaqədardır ki, RAD iterativ yanaşmanı nəzərdə tutur. Odur ki, sistemin ilk variantları tam işqabiliyyətli olmur, bu isə ciddi qəzalara səbəb ola bilər.
İnformasiya texnologiyalarının səmərəli tətbiqinin vacib şərtlərindən biri korporativ standartlardan istifadə olunmasıdır. Korporativ standartlar dedikdə texnologiyaların və ya idarəetmənin təşkilinin vahid qaydaları haqqında razılaşmalar başa düşülür. Bu halda korporotiv standartların əsası kimi sahə, milli və hətta beynəlxalq standartlar qəbul edilə bilər.
Lakin informasiya texnologiyalarının inkişafının yüksək dinamikası informasiya sistemlərinin yaradılması üzrə mövcud standartların və metodikaların tez köhnəlməsinə səbəb olur. Kompüter texnikası vasitələri və proqram təminatı sahəsində əhəmiyyətli dərəcədə inkişafla bağlı informasiya sistemlərinin miqyasının və mürəkkəbliyinin artması müşahidə olunur. Bu halda sistemin həm əsas funksiyalarına və servis imkanlarına, həm də bu funksiyaların dəyişmə dinamikasına qoyulan tələblər dəyişilir. Bu şəraitdə informasiya sistemlərinin yaradılmasında və keyfiyyətinin təmin olunmasında klassik üsullardan istifadə olunması səmərəli olmur və real tələblərə adekvat olan keyfiyyət səviyyəsini təmin etmir.
Bu baxımdan açıq sistemlərin standartları, ilk növbədə, müxtəlif növ, o cümlədən, linqvistik interfeyslər və qarşılıqlı əlaqə protokolları üçün standartlar faydalıdır. Lakin yeni şəraitə uyğun sistemlərin yaradılması layihələndirmənin yeni metodlarını və hazırlama işlərinin yeni təşkilini tələb edir. İnformasiya sistemlərinin, o cümlədən, proqram təminatının və verilənlər bazasının layihələndirilməsi və hazırlanmasının təşkilinin metodik təminatı ənənəvi olaraq çoxlu standartlarla və metodlarla dəstəklənir. Bununla yanaşı, layihələndirmənin adaptiv planlaşdırılması və hazırlanma prosesinin dinamikliyi tələb olunur. Adaptiv layihələndirmə üsullarından biri İS-in və proqram təminatının həyat dövrünün profilinin hazırlanması və tətbiqidir.
Korporativ standartlar aşağıda göstərilən 3 cür standartı birləşdirən bütöv sistem təşkil edirlər:
məhsullar və xidmətlər üçün standartlar;
proseslər və texnologiyalar üçün standartlar;
kollektiv fəaliyyət formaları və ya idarəetmə standartları.
Dostları ilə paylaş: |