Maliyyə bazarlarına nəzarət orqanına qarşı müvafiq iddialar və maliyyə bazarlarına nəzarət orqanının müvafiq ərizələri üzrə icraat Maddə 131. Maliyyə bazarlarına nəzarət orqanına qarşı müvafiq iddialar üzrə icraat 131.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 131.2. Məhkəmə iddia ərizəsinə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul etməlidir. Maliyyə bazarlarına nəzarət orqanının bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, eləcə də bankın lisenziyasının ləğvi ilə bağlı qəbul etdiyi inzibati aktın qanunsuz sayıldığı hallarda məhkəmə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edir. 131.3. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. 131.4. Ali Məhkəmə şikayətə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul etməlidir. Maddə 132. Maliyyə bazarlarına nəzarət orqanının müvafiq ərizələri üzrə icraat 132.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə apelyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 132.2. Məhkəmə maliyyə bazarlarına nəzarət orqanının ərizəsinə, ərizənin daxil olduğu vaxtdan aşağıdakı müddətlərdə baxıb qərar qəbul etməlidir: 132.2.1. bankın öhdəlikləri üzrə ödənişlərə moratorium tətbiq edilməsi ilə bağlı ərizələrə - 2 gün müddətində; 132.2.2. lisenziyası ləğv edilmiş bankın məcburi ləğvi və ləğvedicinin (ləğvedicilərin) təyin edilməsi ilə bağlı ərizələrə - 7 gün müddətində; 132.2.3. bankın iflas proseduruna başlanmasına və bu proses çərçivəsində digər məsələlərin həllinə dair ərizələrə - 7 gün müddətində; 132.2.4. bankın sağlamlaşdırılması və rezolyusiyası çərçivəsində verilmiş ərizələrə - 7 gün müddətində; 132.2.5. bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması ilə bağlı ərizələrə - 30 gün müddətində; 132.2.6. digər nəzarət tədbirləri ilə bağlı “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda verilən ərizələrə - 10 gün müddətində. 132.3. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Belə şikayətin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. 132.4. Ali Məhkəmə şikayətə 15 gün müddətində baxıb qərar qəbul etməlidir.