XVI fəsil SİYASİ PARTİYALARLA BAĞLI MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT Maddə 125. Siyasi partiyaların dövlət qeydiyyatı ilə bağlı işlər üzrə icraat 125.1. Siyasi partiyaların dövlət qeydiyyatı ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
125.2. İddia ərizəsi siyasi partiyanın, siyasi partiyanın nizamnaməsinə və ya adına edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınmasından imtinaya qarşı müvafiq siyasi partiya tərəfindən verilə bilər. [51] 125.3. İddia ərizəsi dövlət qeydiyyatına alınmasından imtina barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada maraqlı tərəfə məlumat verildiyi vaxtdan 10 gün müddətində verilməlidir.
125.4. Məhkəmə tərəfindən iddia ərizəsinə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.
125.5. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.
Maddə 126. Siyasi partiyaların ləğv edilməsi ilə bağlı işlər üzrə icraat 126.1. Siyasi partiyaların ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
126.2. Siyasi partiyanın ləğv edilməsi barədə ərizə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilə bilər. Bu halda siyasi partiya cavabdeh qismində icraata cəlb olunur.
126.3. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş halda, məhkəmə ərizəçinin vəsatətinə əsasən siyasi partiyanın fəaliyyətini dayandırmağa haqlıdır. Məhkəmə tərəfindən bu barədə qərardad qəbul edilir. [52] 126.4. Məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.
126.5. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.