XVII fəsil KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ İLƏ BAĞLI MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT Maddə 127. Teleradio yayımına xüsusi razılığın (lisenziyanın) verilməsi ilə bağlı mübahisələrə dair işlər üzrə icraat 127.1. Teleradio yayımına xüsusi razılığın (lisenziyanın) verilməsindən və ya xüsusi razılığın (lisenziyanın) müddətinin uzadılmasından imtina olunması ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
127.2. Teleradio yayımına xüsusi razılığın (lisenziyanın) verilməsindən və ya xüsusi razılığın (lisenziyanın) müddətinin uzadılmasından imtina olunması haqqında qərara (inzibati akta) qarşı iddia ərizəsi teleradio yayımını həyata keçirmək iddiasında olan şəxs tərəfindən verilə bilər.
127.3. İddia ərizəsi imtina haqqında qərar (inzibati akt) barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada maraqlı tərəfə məlumat verildiyi vaxtdan 30 gün müddətində verilə bilər.
127.4. Məhkəmə tərəfindən iddia ərizəsinə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.
127.5. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.
Maddə 128. Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi və ya fəaliyyətinin dayandırılması ilə bağlı mübahisələrə dair işlər üzrə icraat 128.1. Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi və ya fəaliyyətinin dayandırılması ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
128.2. Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi və ya fəaliyyətinin dayandırılması barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq kütləvi informasiya vasitəsi cavabdeh qismində məhkəmə icraatına cəlb olunur.
128.3. Məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.
128.4. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.
Maddə 129 Apellyasiya instansiyası məhkəmələri tərəfindən mübahisələrə birinci instansiya üzrə baxılması zamanı qüvvədə olan prosessual qaydalar [53] Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə birinci instansiya üzrə baxılması zamanı bu Məcəllənin XV-XVII fəsillərində başqa qaydanın nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. XVIII fəsil [54]