Təhsil məqsədləri öyrəniləcək bilik, bacarıq və vərdişlər nəzərdə tutulur. Onların məzmunu və sistemi tədris proqramlarında əks olunur.
İnkişafetdirici təlim məqsədləri bilavasitə əqli inkişaf ölçüləri ilə araşdırılır. İdrak proseslərinin, fikri əməliyyatların və intellektual bacarıqların formalaşması inkişafetdirici təlim məqsədinin əsas istiqamətini müəyyən edir.
Tərbiyəedici təlim məqsədləri isə şagirdin bir şəxsiyyət kimi formalaşmasını nəzərdə tutur.
Təhsil, inkişafetdirici və tərbiyəedici təlim məqsədləri bir-birilə vəhdət təşkil edir və müəllim onları ayrı-ayrı deyil, vəhdətdə həyata keçirir. Təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsi müəllimin psixoloji səriştəsini göstərən başlıca göstəricilərdən biridir. Lakin müəllimlərin bir çoxu dərsi təhsil məqsədləri əsasında qurur, onun inkişafetdirici və tərbiyəedici məqsədlərini psixoloji səriştə ilə müəyyənləşdirə bilmir. Xarici ölkələrin pedaqoji psixologiyasında təlim məqsədləri sistemli şəkildə xarakterizə edilir. Bu məqsədlə taksonomiya anlamından istifadə olunur.
Təlim məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatına taksonomiya deyilir. Taksonomiya yunan sözü olub, taxus-qayda ilə yerləşdirmə, romos-qanun deməkdir. Elmi termin kimi taksonomiya ilk dəfə botanika və zoologiyada əmələ gəlmiş, heyvanların və bitki orqanizmlərinin qruplara görə bölgüsü anlamında formalaşmışdır. Psixologiyada isə taksonomiya 30-cu illərdə istifadə olunmağa başlanılmışdır. Azərbaycan psixologiyasında və pedaqogikasında taksonomiya anlamından istifadə olunmamış, təlim məqsədləri əsasən ənənəvi anlamda səciyyələndirilmiş və təsvir edilmişdir.
Təlim məqsədlərinin taksonomiyası tədris prosesini elmi-metodik səviyyədə planlaşdırmaq və onun nəticəsini ölçmək imkanı verir. Ümumiyyətlə, təhsildə taksonomiya aşağıdakı amillərə görə çox əhəmiyyətlidir.
Dostları ilə paylaş: |